Azərbaycan təhsilində tarixi uğur
Rafiq Əliyevin tədris
proqramı bütün dünyada tanınacaq
AzEDU.az Azərbaycan Dövlət
Neft və Sənaye Universitetinin BA (MBA, BBA, ZU) Proqramları
direktor müavini dosent Nailə Həsənova ilə
müsahibəni təqdim edir.
Qeyd edək ki,
bir neçə gün bundan əvvəl bu proqramlarda 5 ixtisas
Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Akkreditasiya Təşkilatı
olan FİBAA tərəfindən akkreditasiya olunub. Bu isə o
deməkdir ki, Azərbaycanda həyata keçirilən bu
proqramlar artıq bütün dünyada qəbul ediləcək.
Xatırladaq ki,
BA Proqramlarının həmtəsisçilərindən biri
dünya çapında tanınan alim, Lütfi Zadənin elmi
irsinin varisi, professor Rafiq Əliyevdir
- BA Proqramları
nə vaxt və kimlər tərəfindən yaradılıb?
Proqram dövlət hesabına, yaxud xüsusi qrantlarla maliyyələşir?
- BA
Proqramları tərkibində 3 Proqram fəaliyyət göstərir:
MBA (Master of Business Administration), BBA (Bachelor of Business
Administration), ZU(Siegen University, Bachelor
of “Business New Technologies” Program).
“Biznesin
idarəolunması üzrə magistrların hazırlanması
və professor–müəllim heyətinin təkmilləşdirilməsi”
(“Master of Business Administration”) MBA Proqramı üzrə
magistratura 1998-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti (ADNSU) və ABŞ-ın Corciya Dövlət Universiteti(CDU) tərəfindən
hazırlanmış birgə layihəyə əsasən təşkil
olunub. Proqramın həyata keçirilməsi
ABŞ Dövlət Departamentinin Milli İnformasiya Agentliyinin
qrantı sayəsində mümkün olub. 15 iyun 1999-cu ildə Proqramın əsasnaməsi Təhsil
Nazirliyi tərəfindən təsdiq edilib.
2001-ci ildə
ADNSU və ABŞ-ın Corciya Dövlət Universiteti tərəfindən
birgə hazırlanan layihəyə əsasən BBA (Bachelor of Business
Administration) Proqramı yaranıb. Bu Proqramın
da fəaliyyəti ABŞ Dövlət Departamentinin qrantı əsasında
həyata keçirilib.12 iyun 2002-ci ildə Proqramın
Əsasnaməsi Təhsil Nazirliyi tərəfindən təsdiq
edilib.
Hər
iki proqram Professor
Rafiq Əliyev və Corciya
Universitetinin professoru Bican Fəzlullahi tərəfindən
təşkil olunub.
Almaniyanın
Zigen Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin arasında “Yeni texnologiyalar üzrə bakalavr
hazırlanmasına dair əməkdaşlıq Proqramı” ZU Proqramı 2001-ci
ildən fəaliyyət göstərməyə
başladı. 01 oktyabr 2003-cü ildən
Proqramın Əsasnaməsi Təhsil Nazirliyi tərəfindən
təsdiq edilib.
- Azərbaycanda MBA və
BBA təsilinin başlanğıcı bildiyimiz qədər
sizin proqramlar vasitəsilə qoyulub. Bu barədə nə deyə bilərsiniz?
- Bəli,
dövlət universitetləri arasında həm MBA, həm BBA
təhsilinin başlağıcı bizim universitetdə olan
Proqramlar tərəfindən qoyulub. Bu yolda ilk
olmaq qarşımıza müxtəlif çətinliklər
çıxarsa da Azərbaycan təhsilinə bir yenilik gətirmək
və tələbələrimizin günü-gündən
artan uğurlarını görmək bizi həmişə
qürurlandırmış, fərqli bir stimul verib.
- Bizdə olan məlumata görə,
bu yaxınlarda sizin proqramlarda 5
ixtisas Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq
Akkreditasiya Təşkilatı olan FİBAA tərəfindən
akkreditasiya olunub. Bu böyük uğur necə əldə
edildi?
- Azərbaycan
təhsil sistemındə ilk dəfə olaraq ADNSU-nun BA
(MBA,BBA,ZU) Proqramları üzrə 5 ixtisas Beynəlxalq Akkreditasiya Agentliyi olan
FIBAA (Foundation for International Business Administration Accreditation) tərəfindən
akkreditasiya olundu. 1994-cü ildə Almaniyanın
Bonn şəhərində yaradılmış FİBAA
Almaniya Beynəlxalq Akkreditasiya Təşkilatı tərəfindən
qəbul olunan ilk akkreditasiya agentliyidir. Bu agentliyin əsas prinsipi keyfiyyətin
təkmilləşdirilməsi, təhsilin Avropa və Beynəlxalq
standardlara uyğunluğunun təmin edilməsidir. Cari ilin
24-26 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə
olaraq BA Proqramlarında
FİBAA -nın nümayəndə heyəti tərəfindən
Beynəlxalq Akkreditasiya yoxlanılması keçirildi.
Nümayəndə heyəti arasında Erfurt, Albştad –Ziqmaringen,
Osnabrük kimi
nüfuzlu universitetlərin professorları vardır.
Bu yoxlama
zamanı proqramda tədrisin bütün strukturları,
bütün tədris materialları, dərs vəsaitləri,
kurikulumlar, sillabuslar
və s. hərtərəfli yoxlanıldı. İnzibati heyət, professor-müəllim heyəti,
tələbələrlə, məzunlarla görüşlər
keçirildi, geniş müzakirələr aparıldı.
Sonrasında davam edən prosedurlar nəticəsində
BA Proqramlarında yuxarıda adları çəkilən 5
ixtisas akkreditasiya qazandı. Proqramın 20 illiyinə ən
böyük hədiyyə olan bu uğur ən yeni tədris
metodologiyaları, texniki vəsaitlər, ingilis dilində
yüksək səviyyəli təhsilə əsaslanan BA Proqramlarının təhsil
standartlarının Avropa və beynəlxalq standatlara uyğun
olmasının ən aydın göstəricisidir. Və qeyd
etməliyəm ki, akkreditasiyanı uğurla başa
vurmağımızın ən əsas səbəblərindən
biri də rektor, professor Mustafa Babanlının
universitetdə kreativ mühitin formalaşmasına imkan
yaratmasıdır.
- Tədris proqramları (kurikulumlar)
hansı prinsiplər əsasında hazırlanıb?
-
Proqramların kurikulumları Avropa standartlarına uyğun
tərtib edilib. Onlar ixtisasların məqsədlərini
kifayət qədər əks etdirir, fənnlərin məzmunu
düzgün balanslaşdırılıb, məntiqli və
bir -biri ilə əlaqəlidir və nəzərdə tutulan
öyrənmə nəticələrinə yönəldilib.
Seçmə fənnlər tələbələrə
fərdi maraqlarına uyğun əlavə bilik və
bacarıqları əldə etmələrinə imkan
yaradır.
Proqramların beynəlmiləl yönümlü struktura
malik olması kurikulumlara daxil edilmiş hər bir fənnin
modulunda aydın nəzərə çarpır.
Modullar və sillabuslar hər bir fənnin təsvirini, nəzərdə
tutulan öyrənmə nəticələrini, prirekvizitləri,
tədris metodlarını, əsas və əlavə oxu
materiallarını, yeni tədris texnologiyalarını,
simulyasiyaları və tədrisin strukturununa və məzmununa
dair məlumatların ətraflı təsvirini verir.
- Tədrisin keyfiyyəti necə
ölçülür? Müəllimlər və proqram necə qiymətləndirilir?
- Hər
semestrin sonunda həm müəllimləri, həm proqramı hərtərəfli
dəyərləndirmək üçün gizli
“Evaluation” (qiymətləndirmə) keçirilir. Tələbələrə
təhsilin keyfiyyətini ölçmək üçün
xüsusi suallardan ibarət olan blanklar təqdim olunur və
onlar həmin blankları anonim şəkildə dolduraraq təhvil
verirlər. Qeyd etmək istərdim ki, “Evaluation” BA Proqramları tərəfindən
qəbul olunmuş ən əsas keyfiyyət göstəricisidir
və onun nəticələrinə ciddi şəkildə əməl
olunur. Bundan başqa Proqram tərəfindən təşkil olunmuş komissiya
vaxtaşırı açıq dərslərdə iştirak
edir, irad və təkliflərini Proqram rəhbərliyinə
bildirirlər. Bütün qiymətləndirmələrin
nəticələrinə Proqram Şurasında baxılır
və qərarlar səs çoxluğu ilə qəbul olunur.
Qeyd etməliyəm ki, bu semestr “Evaluation” nəticələrinə
görə, Proqram Şurasının qərarı ilə 2
müəllim dərslərdən kənarlaşdırılmış,
bir neçəsinə isə xəbərdarlıq edilib.
- Tələbələrinizin bilik və
bacarığı FİBAA nümayəndə heyəti tərəfindən
necə qiymətləndirildi?
-
Ümumiyyətlə, qazandığımız bütün
uğurlar arasında bizi ən çox sevindirən tələbələrimizin
uğurlarıdır. Boloniya sisteminin tətbiqi
nəticəsində artıq çox sayda tələbələrimiz
xaricdə təhsil alır, müxtəlif elmi konfranslarda
iştirak edir, yarışlarda yüksək uğurlar
qazanırlar.
Yuxarıda
qeyd etdiyim kimi, FİBAA nümayəndə heyəti tələbələrlə və
məzunlarla görüşlər keçirdi, onların
ümumi bilik və bacarığını,intellektual səviyyələrini,
dilbilmə qabiliyyətlərini yüksək qiymətləndirdi.
- BA Proqramlarında mövcud olan Avropa və
beynəlxalq səviyyəli etik standartları necə əldə
etmisiniz?
- BA
Proqramlarını Azərbaycan təhsil sistemində fərqləndirən
xarakterik xüsusiyyəti məhz etik normaların Avropa və
beynəlxalq səviyyədə qorunmasıdır. Proqramda bu mühit illərdir qorunur. Biz bunun üçün xüsusi səy göstərmirik.
Yəni Bu artıq Proqramın üzərinə
oturmuş bir xüsusiyyətidir. Tələbələrimiz
də, müəllimlər də artıq bu mühitdə
yetişiblər. Mən inanmıram ki,
bizim tələbələr Proqramı bitirdikdən sonra
hansısa başqa mühitdə o normaları pozsunlar. Belə fikirləşirəm ki, bizim FİBAA tərəfindən
akkreditasiya əldə etməyimizin ən əsas səbəblərindən
biri budur.
- Hər bir universitetin əsas
göstəricisi onun kitabxanasıdır. Kitabxananız
beynəlxalq standartlara cavab verirmi?
-
Proqramın zəngin kitabxanası var. Elə kurslar var ki,
onların tədrisi 20-25 dərs kitabı əsaında
keçirilir. Kitabxananın
açılış saatları həm tələbə, həm
də müəllimlər üçün məqbuldur. Rəqəmsal
kitabxanaya giriş (məsələn, elektron
kitabxana, verilənlər bazası) təmin edilir. BA Proqramlarının kitabxanasında tədqiqatlar
üçün tələb olunan ədəbiyyatlar
mövcuddur. Proqram yerli kitabxanada kitab
çeşidini daima yeniləyir.
- BA Proqramlarının elmi istiqamətində
hansı nailiyyətləri var?
- BA Proqramlarının
elm yönümlü təhsil müəssisəsi olması
yenə də onun xarakterik xüsusiyyətidir. Proqram
heyətinin vaxtaşırı müxtəlif nəşriyyatlarda
(məs. Science Ctation İndex-də indeksli
nəşrlər) kitabları və məqalələri nəşr
olunur.
- Hansı tədris
texnologiyalarından istifadə edilir? Dərslər
hansı mərhələlərdən ibarətdir?
-
Bildiyiniz kimi, bütün dünyada iki tədris
texnologiyası vardır: tələbəyönümlü tədris
texnologiyası və müəllimyönümlü tədris
texnologiyası. Bizim Proqramda məhz tələbəyönülü
tədris texnologiyasından istifadə edilir.
Dərslərdə tələbələr qruplara,
komandalara bölünür, müxtəlif
tapşırıqları birgə yerinə yetirirlər. Dərslərdə
praktik hissələrin olması vacibdir.Komputer simulyasiyasına
geniş əhəmiyyət verilir.
- Tədris yalnız ingilis dilində
aparılır?
- BA Proqramları tədris tamamilə ingilis dilindədir. İngilis dilində tədris
tələbələrə müxtəlif mübadilə
proqramlarında iştirak etməyə, xaricdə təhsil
almağa, geniş ədəbiyyatlardan istifadə etmələrinə
və s. imkanlar yaradır. 90-a yaxın müəllim
əsas xarici universitetlərdə təhsil
almışdır. Həmçinin, ingilis
dilində dərslərin keyfiyyətini yüksəltmək məqsədilə
30-da çox müəllim xarici universitetlərə təcrübə
üçün göndərilmişdir. Bir
çox müəllimlər ABŞ-da staj keçmiş və
sertifikat almışlar. Proqrama mütəmadi
olaraq xarici universitetlərdən müəllimlər və
“guest lecturer”lər dəvət olunurlar.
- PhD səviyyəsi haqqında məlumat
verməyinizi istərdik.
- PhD
Proqramı Proqram Corcia Dövlət Universiteti J. Mak Robinson Kolleci (Atlanta,
ABŞ) ilə birgə əməkdaşlıq əsasında
hazırlanıb. PhD
Proqramının məqsədi tələbələrin elmi
araşdırmalar və tədqiqatların aparılması
üçün zəruri bacarıqlarının inkişaf
etdirilməsi və onlara lazımi biliklərin verilməsi sahəsində
nəzəri baza ilə təmin edir. Kredit sistemi ilə
təhsil alan tələbələr yalnız nəzəri
biliklər deyil, eyni zamanda elmi-tədqiqat və tədris
sahəsində öz karyeralarının uğurlu davamı
üçün də bacarıqlar əldə edəcəklər.
Məzunlar yeni bilik yaratmaq məqsədilə müasir tədqiqat
metodlarını tətbiq edə və mövcud
problemlər üzərində nəzarəti
yaxşılaşdırmaq üçün müasir elmi
standartlar ilə yanaşı, digərlərinin təhsili
üçün ən yaxşı mövcud tədris
metodlarından istifadə edə bilirlər. Proqramın
bir hissəsi kimi əldə edilən təhsil, doktorantlara gələcək
professional inkişaf üzrə uğur qazanmaları
üçün möhkəm təməl olacaq və onlara nəzəri
və praktiki biliklərini sintez etmələrinə imkan verir.
Ziqen Universiteti ilə ADNSU arasındakı
müqaviləyə əsasən məzunlara Ziqen Universitetinin
qoşma diplomu verilir.
Bizim Yol.- 2018.- 13 aprel.- S.15.