Bir Oğul, bir Şəhid
Bu yazını hələ iki il əvvəl yazmaq istəyirdim.
Çox
düşündüm-daşındım, amma
yaza bilmədim. Çəkindim… Çəkindim
ona görə ki, birdən
qəhrəmanımın qovuşduğu
ucalığı, həyatının tam
dəyərini əks etdirə bilmərəm. (Bu hiss hələ də canımdadı). Səbirləndim… Özümü
inandırmağa çalışdım ki,
hələ mənim bu mövzuda
yazmağımın zamanı deyil, – hələ
yara təzədi, ürək
sızıltılarının, göynərtilərinin
şiddəti fikirlərimin kəsərini dərk etməkdə
qəhrəmanımın əzizlərinə,
dostlarına, el-obasına, eləcə də özümə mane olacaq. Qoy,
yara soyusun, – dedim. Onun yoxluğunu,
aramızda olmamasını ötən aylar,
illər bəlkə daha dərindən hiss etdirər bizlərə, – deyə düşündüm… Amma
nə yara soyudu, nə
də ayların-illərin gücü
catdı Onun yoxluq yükünü azaltmağa.
Aprelin
9-u artıq iki oldu… İki ildi ki,
bir atanın donmuş
ruhunu hər gün
çəkilən “ahh!”lar
isinməyə qoymur. İki
ildı ki, bir
ananın hər gün hər köks ötürdükcə yağmur
tökən gözləri qurumur,
qubarlı ürəyi rahatlıq tapmır. İki
ildi ki, bir bacının nisgildən heykəlləşmiş
üzündən təbəssüm yoxa
çıxıb. Həm də iki ildi ki, bir
el, bir kənd qəhrəman
oğlunun ona bəxş
etdiyi qüruru, şərəfi
ürəyində bayraq tək gəzdirir…
Və yazmağa başladım, – bir həyat tarixçəsi olaraq.
Tanışlıq
üçün
İki ildi ki, adı ürəklərdə əbədiləşmiş qəhrəmanım Fərəczadə Toğrul Habil oğludu. Toğrul 1993-cü ilin oktyabr ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Atası Habil sadə və zəhmətkeş olmaqla, həm də eldə-obada ədəb-ərkanı, sakit təbiətilə seçilən bir insandı. İki il əvvələ qədər Bico kəndinin xeyir-şər məclisləri Habilsiz keçməzdi. Bu mənada ki, o, aşpazlıq sənətininin sirlərini mahircəsinə mənimsəmişdi və əlinin tamına görə az müddətdə şöhrətlənmişdi…
Toğrulun anası Bəhruzə xanım evdar qadındı. Onun ən böyük dəyəri, qiyməti Toğrul kimi bir oğulu dünyaya gətirməsi, onu vətənpərvər ruhda tərbiyələndirməsidi…
Toğrul A.Cəbiyev adına Bico kənd tam orta məktəbində orta təhsil alıb. Müəllimlərinin söyləmələrinə görə, nizam-intizamından əlavə, təhsilə, savada da aktiv münasibət göstərib. Yeniyetməlik vaxtlarında musiqiyə olan həvəsi Onu Ağsu musiqi məktəbinin nağara sinfinə aparıb çıxarıb. Bu sahədəki istedadı Toğrulun çox gənc yaşlarında el şənliklərində ritm ifaçısı kimi təmsil olunmasına da şərait yaratmışdı…
(Toğrul məndən 17 yaş kiçik olduğundan, onun məktəb və yeniyetməlik illərindəki keyfiyyətlərinə sadəcə eşitdiklərimə əsasən bələdəm. Əsas bunu bilirəm ki, O, ailəsinin adına uyğun olaraq, ədəbli, qanacaqlı, tərbiyəli və istiqanlı bir övlad olub).
Və bizim “ağ atlı oğlan” nəhayət əsgərlik yaşına catdı…
Ölümsüzlük işığına doğru
Toğrulun hərbi xidmətə yola düşməsilə bağlı atası böyük bir təmtəraq düzəltmişdi. İndiki kimi yadımdadı: böyük bir toy mağarı, seçilən və sevilən musiqicilər, kənd bozbaşı, kənd dolması, kabablar və yeyib-içən, gülüb-oynayan qohum-əqraba, kənd camaatı… Məclisin aparıcılığını mənə həvalə etmişdilər. Toğrulun davranışları – kiçiklə kiçik, böyüklə böyük, dostla dost, qohumla qohum… kimi özünü aparmağı musiqiçilərə və mənə böyük ruh yüksəkliyi gətirdi və biz də bacardığımızı onun adına qurulan məclisdən əsirgəmədik. Hələ də yaddaşlarda təzə-tər qalan o məclis bu gün də xüsusi şövqlə xatırlanır. Toğrulun həmin gün üzündən əsgilməyən sevinci, rəqsləri, hər kəsə özünü doğma göstərməsi… məclisə lazım olan bəzəyi verirdi. Gülə-gülə, oynaya-oynaya hərbi xidmət qapısını döydü Toğrul…
Və əsgərlik günləri başladı. Bu sevimli balanı camaat hər valideynlərini gördükdə, rastlaşdıqda soruşur, Onun əhvalı ilə maraqlanırdılar. Valideynlərinə komandirlərindən tez-tez minnətdarlıq məktubları gəlirdi belə oğul yetişdirdiklərinə görə. Sorağı yaxşı gəlirdi Toğrulun və bu da onun əzizlərini, yaxınlarını, camaatını hədsiz sevindirirdi…
Əsgərlik müddəti bitməmiş, Toğrul MM-in Xüsusi təyinatlılarına qoşulmaq qərarına gəldi. Qarşıdakı çətinliklər nəinki Onu qorxutmurdu, əksinə özünü göstərmək, tanıtmaq üçün Ona daha geniş meydan kimi görünürdü. Çünki bu şücayət Ona qanla, genlə gəlib çatmışdı…
Bico kəndi nəinki Şirvanda, bütün Azərbaycanda özünü hərtərəfli təsdiqləmiş bir kənddi. Elmi, mədəniyyəti, sənət peşəkarlığı, folklor yaddaşı, təsərrüfat qabiliyyəti və hərb-cəng səlnamələri ilə Bico mühiti tarixən barmaqla göstərilən Azərbaycan kəndlərindəndi. Hərb sahəsindən danışsaq, təkcə bunu xatırlatmağa dəyər ki, 1918-ci ildə Bico kişiləri kənd təsərrüfat alətlərini əldə yaraq etməklə, 400 silahlı erməni əsgərini Pirəmsaq döyüşündə məhv eləyib. Eləcə də 1941-1945 savaşında bu mücadilədə iştirak edən Bico oğulları igidlikləri ilə tarixə düşüblər. 1991-1993-cü ilin Qarabağ savaşında da Bico kəndi sinəsini önə verib, mərdliklə döyüşən onlarla övladından Rauf, Fərrux, Sənan kimi oğullarını Şəhid verib…
Bütün bu özəlliklər Toğrula da ruhla, qanla keçmişdi. Ona görə də döyüşmək üçün, qəhrəmanlığını göstərmək üçün daha böyük meydan sevdasında idi və arzusuna qovuşdu – hərbi xidmət müddətini tamamlamamış, “gizir” kimi xüsusi təyinatlıların cərgəsinə qoşuldu…
Vətən
andı – Cənnət qapısı
Toğrul düz qamətli, uca boylu, həm də yaraşıqlı bir gənc idi. Fiziki göstəricilərinə görə Onun xüsusi təyinatlı dəstəyə qoşulması çox asan oldu. Tezliklə də yeni qatıldığı hərbi dəstədə çalışqanlığı, çevikliyi, tapşırıqların öhdəsindən layiqincə gəlməsilə diqqət və hörmət qazandı. Düzdü, Toğrul xüsusi təyinatlı alayda yeganə bicolu deyildi, – Rahim, Sərvət, Sahil, Ceyhun, Mehman kimi həmkəndliləri də canları ilə bu dəstədə Vətənə xidmət göstərirdilər, – ancaq az müddətdə onlarla bərabər xidmət yolunu tuta bildi.
Haşıyə: Toğrulun məzuniyyət vaxtı kəndə gəlməkləri yaxşı yadımdadı. Ev görüşündən sonra kəndə çıxardı, qohumlarına, oxuduğu məktəbə, dostlarına baş çəkərdi. “Məhlə uşaqları” ilə hal-əhval tutardı, tay-tuşlarının qayğıları ilə maraqlanardı, onların xidmətində dayanmağa can atardı. Atasına bir quzu kəsdirib, doğmalarını, dostlarını başına yiğardı, deyib-gülüb şənlənərdi. Təlim və tapşırıqlarda yiğdığı ağırlıqları heç kimə hiss elətdirməzdi… Bir sözlə, Onda yaşamaq üçün əksər keyfiyyətlər vardı…
2016-cı ilin aprel ayının 1-də ata-anası ilə telefonla danışmışdı Toğrul. Atası Habilin dediklərindən: “Aprelin
1-i əlaqə saxladıq,
hal-əhval tutduq. Hər şeyin qaydasında olduğunu bildirdi. Bizə ürək-dirək
verdi, “Məndən
nigaran qalmayın” dedi. Dedim, “Noolub,
niyə belə danışırsan? Biz həmişə
səndən nigaranıq,
ancaq bunu heç vaxt dilinə gətirməzdin?”. Dedi, “Heç
nə olmayıb, ola bilsin, bir
həftə əlaqə
saxlaya bilmədim. Təlimə
gedirik, qayıdandan sonra özüm əlaqə saxlayacam.
Buna görə deyirəm, narahat olmayın.” Aprelin 2-də televiziyadan cəbhədəki gərginlik,
atışma barədə
xəbərləri eşidəndə,
ixtiyarsız narahat olmağa başladım.
Səhəri gün zəng
elədim, telefonuna zəng çatmadı.
Adətən, onlar tapşırıqda
olanda, telefon götürmürdülər. Buna baxmayaraq, ürəyim
dinclik tapmadı.
Ayın
4-də “itgin” xəbərini
öyrənə bildim.
Neçə gün cəbhə
bölgəsinə yaxın
hospitalları gəzdik.
Hər yerdən “əliboş” qayıtdıq…
Ayın 8-də bizə
məlumat verildi ki, Toğrul bir neçə silahdaşı ilə Şəhid olub… Ayın 9-dasa bircəcik oğlumu dəfn elədik… Elə bil, ürəyinə dammışdı “Məndən
nigaran qalmayın” deyəndə…”…
Toğrulun məlum döyüşdən
sağ qalmış silahdaşları – Qazilər
deyirlər ki, Toğrul hər tapşırıq zamanı,
düşmənin diversiya
qruplarını yerinə
oturdarkən, özünü
mərdanə, təmkinli
və döyüşkən
aparırdı. Qazilərin sözlərinə görə, son məlum döyüşdə Toğrul
yaralı silah yoldaşını qaynar xətdən uzaqlaşdırarkən
Şəhid olub.
Buna görədir ki, Toğrulun dəfnində sağ qalan komandirləri, silahdaşları
hamısı iştirak
etdilər və ildönümlərində də
Onu məzarı üstə yad edirlər…
Ondan sonra
Bəli, 2016-cı ilin 9 aprelində böyük bir izdiham – dövlət və silahlı qüvvələrin səlahiyyətli nümayəndələri, minlərlə sadə agsulu və Bico camaatı ata-ananın yeganə oğlu – Şəhid Fərəczadə Toğrul Habil oğlunu doğmalarının uyuduğu kənd qəbirstanlığında son mənzilə yola saldı. Toğrul Vətənçun ən ali zirvəyə – Şəhidlik ucalığına yüksəldi, amma həm də valideynlərinin sabit həyat nəbzini, gələcək arzularını özuylə apardı. Ata-anası, doğmaları Onun toyu üçün min xəyallar qurduğu bir vaxtda, O, özünün 22 sənəlik gənc həyatını Vətəninə, Xalqına fəda etdi…
Əlbəttə, Şəhidlər ölmür! Sözsüz ki, Şəhidlərin, mübaliğəsiz, yerləri Cənnətdir! Toğrulun haqqında kitab da yazılıb, qəzet məqalələri də dərc olunub, otağı Ev Muzeyine, məzarı ziyarətgaha çevrilib… Bununla belə, tək oğul övladı itirmiş atanın, ananın susqun, kədərli və nəmli baxışlarının qarşısında heç bir söz tapmaq olmur. Əksinə, onların “Biz, fəxr edirik ki, Toğrulun valideynləriyik!” nidası neçə-neçə Azərbaycan övladının vətənpərvər ruhda böyüməsinə zəmin yaradır. Alqış olsun Habil kimi ataya, Bəhruzə kimi anaya! Başınızı və qəddinizi həmişə və hər yerdə dik tutun. Qoy, Sizi görəndə övladlarını var-dövlət gücünə hərbi xidmətdən yayındırmaq istəyən nanəciblər, haramzadələr utanıb, başlarını yerə soxsunlar. Sizin Oğlunuz Azərbaycan hərb tarixinin bir parçasıdır artıq. Bununla öyünmək şərəfinisə məhz Toğrul kimi övladlar Valideynlərinə, Millətinə, Vətəninə verə bilər!
Toğrulun və bütün
Şəhidlərimizin ruhu
qarşısında baş əyirəm!
Seymur Əhməd
Bizim Yol.- 2018.- 25 aprel.- S.13.