Cümhuriyyəti
devirənlərin aqibəti
Əvvəli ötən sayda
Parlamentə qərar qəbul etmək üçün gecə saat 12 tamama qədər vaxt verildiyini, əks təqdirdə parlamentin top atəşinə tutulacağı bildirilirdi. Parlamentin təslim olmaq haqqında iclası 2 saat 40 dəqiqə sürdü və axşam saat 11.25 dəqiqədə başa çatdı. Son iclas başlamazdan öncə hərbi nazir S. Mehmandarov bolşeviklərə silahlı müqavimət göstərməyin mümkünsüzlüyünü bildirmişdi. Məhəmməd Əmin Rəsulzadənin təkidi ilə parlamentin son iclası açıq keçirildi: “ hansı vəziyyətdə qərar qəbul etdiyimizi xalq bilsin”. Baş nazir M. Hacinski, “Hümmət” fraksiyasının təmsilçisi S. Ağamalıoğlu, “İttihad” fraksiyasının təmsilçisi K. Qarabəyov, “Sosialist bloku” fraksiyası təmsilçisi A. Səfikürdski, “Əhrar” fraksiyası təmsilçisi A. Qardaşov və başqaları müqavimətin mənasız olduğunu bildirdilər. Parlament 7 şərt daxilində hakimiyyəti bolşeviklərə təhvil verməyə razı olmuşdu. Bu şərtlər arasında Azərbaycanın müstəqilliyinin qorunması, kommunistlərin təşkil edəcəkləri hökumətin müvəqqəti olacağı, milli hökumət üzvlərinə toxunulmazlıq statusu verilməsi vardı. Təslim aktını Azərbaycan Cümhuriyyəti hökuməti adından parlament sədrinin müavini ( vitse spiker) Məmməd Yusif Cəfərov və kanselyariya müdiri M. Vəkilov imzaladı. 1 nəfər Parlamentin təslim qərarının əleyhinə səs vermiş, 3 nəfər bitərf qalmış, 3 nəfər isə səsverməyə qatılmamışdı. Gecə saat 2-də Azərbaycan Cümhuriyyəti Parlamenti de-yure və de-fakto öz işinə xitam verincə yenicə yaradılmış Azərbaycan İnqilab Komitəsi İsmailiyyə binasına sahib oldu. Qeyri-məhdud səlahiyyət sahibi olan inqilab komitəsi – “revkom” – 6 nəfərdən ibarət idi: N. Nərimanov ( sədr), M. D. Hüseynov, Q. Musabəyov, H. Sultanov, A. Alimov və Ə. Qarayev.
28 aprel 1920-ci ildə XI Ordunun “III İnternasional” zirehli qatarı müqavimətlə qarşılaşmadan Biləcərə çatanda Azrevkomun ( Azərbaycan İnqilab Komitəsi ) sədri Nəriman Nərimanov Moskvaya- V. Leninə teleqram vurdu:
“Íå èìåÿ âîçìîæíîñòè ñîáñòâåííûìè ñèëàìè óäåðæàòü íàòèñê ñîåäèí¸ííûõ áàíä âíåøíåé è âíóòðåííåé êîíòððåâîëþöèè, Âðåìåííûé Ðåâîëþöèîííûé Êîìèòåò Àçåðáàéäæàíà ïðåäëàãàåò ïðàâèòåëüñòâó Ðîññèéñêîé Ñîâåòñêîé Ðåñïóáëèêè âñòóïèòü â áðàòñêèé ñîþç äëÿ ñîâìåñòíîé áîðüáû ñ ìèðîâûì èìïåðèàëèçìîì è ïðîñèò íåìåäëåííî îêàçàòü ðåàëüíóþ ïîìîùü ïóò¸ì ïðèñûëêè îòðÿäîâ Êðàñíîé Àðìèè”
“Azərbaycan Müvəqqəti İnqilab Komitəsi xarici və daxili əksinqilabi quldurların birgə təzyiqinin qarşısını öz gücü ilə almaq imkanına malik olmadığından Rusiya Sovet Respublikası hökumətinə dünya imperalizminə qarşı birgə mübarizə aparmaq üçün qardaşlıq ittifaqına girməyi təklif edir və dərhal Qızıl Ordu dəstələri göndəməklə real yardım göstərməyi xahiş edir” ( Bax: Èñòîðèÿ ãðàæäàíñêîé âîéíû â ÑÑÑÐ, Ì., 1960, c. 5, s.225)
Moskvada nəşr olunan “Pravda” qəzeti 1920-ci ilin 29 aprel tarixli sayında öz oxucularını Bakıda sovet hakimiyyətinin qələbə qazanması münasibəti ilə təbrik edirdi. Elə həmin gün Türküstan cəbhəsinin komandanı M. Frunzenin əmri ilə “Avstraliya” hərbi kreyseri “sosialict Bakısının qəhrəman bolşeviklərinə” yardım üçün yola çıxdı. Onun göyərtəsindəki 24-cü atıcı diviziyasının 244-cü alayı “azərbaycanlı qardaşları”na yardıma çox tələsirdi. Petrovsk ( indiki Mahaçqala) limanından hərəkətə keçən F. Raskolnikovun tabeliyində olan Volqa-Xəzər donanmasının hərbi gəmiləri də “Avstraliya” kreyserindən geri qalmamağa çalışırdı.
Eyforiyada olan bolşeviklər iqtidara gəldikləri ilk andan başlayaraq Milli Parlamentin irəli sürdüyü 7 şərtin hamısından imtina etdilər. Onların “müvəqqəti iqtidar”larının sonunun gəlməsini Azərbaycan vətəndaşları 72 il gözlədilər. Bolşeviklər müsəlman şərqinin ilk demokratik cümhuriyyətini qurmuş şəxslərin hamısına qarşı xüsusi qısqanclıq, ədavət və sayqısızlıq göstərdilər. Milli hökumət üzvlərinin nəinki özləri, ailə üzvləri, hətta qohumları da təqiblərdən, repressiyalardan qurtula bilmədilər. Milli hökumətə lazımı dəstək verməyən, Bakıya “Şura hökuməti gətirən” XI ordunu seyirci nəzərlərlə izləyən, 1918-1919 cu illərdə tez-tez küçələrə çıxıb milli hökuməti hər şeyə görə suçlayan xalqa da bolşeviklər dərs verdilər, bu gün dünənkindən, sabah bu günkündən çox işləməyi “öyrətdilər”, səsini çıxarmağa cəsarət edənlərin sorağı Maqadandan, Kolımadan, Kamçatkadan gəldi; fəhlə-kəndli hökumətinin ideologiyasının təməlini “bizim kimi düşünməyənlər bizim düşmənimizdir” prinsipi oldu. Milli hökumətin pluarist, liberal siyasətini bolşeviklərin imperativ düşüncə tərzi əvəzlədi: “dediyimiz dedikdir”. Yox, Azərbaycanda sovet hökuməti qurulan kimi krantlardan süd, bal axmadı, ərzaq bolluğu da yaranmadı. Adamların xüsusi mülklərini, mallarını zorla əllərindən alıb onları artellərə, kolxozlara üzv yazdılar, üç növbəli məcburi iş sistemi tətbiq etdilər, məscidləri kluba, anbara çevirdilər, müxalif düşünənlər xalq düşməni adlandırıb cəzalandırdılar.
Uzun müddət mətbuatda, elmi araşdırmalarda, rəsmi sənədlərdə, dərsliklərdə, radio və televiziyada, bədii əsərlərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, lideri, hökumət üzvləri xalqa mənfi planda çatdırıldi, bizi ciddi cəhdlə inandırmağa çalışdilar ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları “millət xainləri”dirlər. “Yalan ayaq tutar, yeriməz”. Tarixin acımasız küləkləri hamının əsl iç üzünü müəyyən müddətdən sonra açdı, kimin kim olduğu bəlli oldu. İbrətamiz gerçəklikdir ki, Azərbaycan Xalq Cümhuriyyətinə qənim kəsilənlərin özləri də məfkurə yoldaşları tərəfindən məhv edilmişlər. Azərbaycanın başkəndinin işğalını gerçəkləşdirən M. Tuxaçevski, S. Orconikidzə və Azərbaycan İnqilab Komitəsinin üzvlərinin hamısının həyatı az sonra faciəvi sonluqla tamamlandı. Məsələn:
Azərbaycan İnqilab Komitəsinin sədri N. Nərimanov 1925-ci ildə Moskvada zəhərlənib öldürüldü ( rəsmi məlumata görə ürək tutmasından vəfat etmişdir); Azərbaycanı işğal edənlərə bir müddət siyasi rəhbərlik etmiş, 1921-1926-cı illərdə Azərbaycan SSR KP Mk-nın birinci katibi olmuş S.M. Kirov 1 dekabr 1934-cü ildə öldürüldü; Bakını işğal əməliyyatının ümumi komandanı marşal M. Tuxaçevski 1937-ci ilin iyun ayının 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası binasının zirzəmisində güllələndi; Bakını işğal edənlərə Rusiya bolşevikləri adından siyasi dəstək vermiş S. Orconikidze 18 fevral 1937-ci ildə öz mənzilində intihar etdi (oxu: öldürüldü); Azərbaycan Xalq Cümhuriyyətini hərbi yolla devirmiş işğalçı XI Ordunun komandanı M. Levandovski 29 iyul 1938-ci ildə güllələndi; Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində, Azərbaycanda sovet hökumətinin qurulmasında müstəsna xidmətləri olmuş, Azərbaycan SSR Hərbi Dəniz İşləri, Xalq Yollar Komissarı, Sənaye vergisi yığımı üzrə fövqəladə səlahiyyətli sədr Çingiz İdırım – Sultanov- 1937-ci ildə həbs olunaraq 27 aprel ( bəzi qaynaqlara görə, 25 sentyabr) 1938-ci ildə güllələndi;
Azərbaycan İnqilab Komitəsinin üzvü, Azərbaycan SSR-in Xarici İşlər Naziri, Tacikistan SSR Mərkəzi Komitəsinin birinci katibi Mirzə Davud Hüseynov ( Fətəli xan Xoyskinin kürəkəni ) 21 mart 1938-ci ildə güllələndi; Azərbaycan İnqilab Komitəsinin üzvü, Azərbaycan milli hökumətinin devrilməsində fəal təşkilatçı, sonralar Azərbaycan SSR Xalq Komissarlar Sovetinin və Mərkəzi İcraiyyə Komtəsinin sədri Qəzənfər Musabəyov 12 yanvar 1938-ci ildə güllələndi; Azərbaycan İnqilab Komitəsinin üzvü, Azərbaycan SSR Daxili İşlər Naziri Həmid Sultanov 3 iyul 1938-ci ildə güllələndi; Azərbaycan Xalq Cümhuriyyətini yıxanların ən fəallarından, Azərbaycan İnqilab Komitəsinin üzvü, Azərbaycan SSR Xalq Hərbi Dəniz İşləri komissarı, Bakı Sovetinin başçısı Əliheydər Qarayev 24 aprel 1938-ci ildə güllələndi…
Rənglərini
göy qurşağından almış üçrəngli
bayrağımızın, gerbində ALLAH adı
yazılmış dövlət rəmzimizin daim uca
tutulması naminə mübarizədə həlak olanlara rəhmət,
şanlı sələflərinin yolunu əzmlə davam etdirənlərə,
bu amal uğrunda bütün çətinliklərə mətanətlə
sinə gərənlərə, torpaqlarımızın
bütünlüyü naminə səy göstərənlərin
hamısına uğur diləkləriylə…
Ramazan Siracoğlu
Bizim Yol.- 2018.- 28 aprel.- S.15.