Əməkdar artist: "O səhnəyə
çəkilmək üçün
içki içdim"
Kulis.az bu günlərdə 60
yaşı tamam olan Əməkdar artist, teatr və kino aktyoru,
ssenarist, rejissor Vidadi Həsənovla müsahibəni təqdim
edir.
-
Vidadi müəllim, sərt görkəminiz var. Amma bu, ilkin təəssüratdır.
Mənə elə gəlir ki, siz sevgi dolu insansız və
sevginizi xəsisliklə verirsiz. Sərt görünməyəniz
kompleksdir, ilk tanışlıqda etibar etmirsiz, yoxsa xarakter
olaraq beləsiz?
- Bunların hamısı var, həm
də bu, bir növ qalxandır. İnsan gərək sevgini də,
nifrəti də qənaətlə isitifadə eləsin. Biz
çox vaxt həddindən artıq sevirik. Həddən də
artıq nifrət edirik. Nə elə sevmək lazımdır
ki, tələblərin çox olsun, nə də elə nifrət
eləmək lazımdır ki, qəddarlığın son həddinə
çatasan. Yaxşısı budur, bu hisslərdən qənaətlə
istifadə edəsən.
- Sevgi idarəolunmaz hissdir, onu tənzimləmək
çətindir bir az.
-
Amma mənim yaşımda hissini cilovlaya bilməmək, idarə
edə bilməmək ayıbdır. Mənim yaşımda
yeniyetməlik eləmək olmaz. Gərək adam
özünü idarə etməyi bacarsın.
- Bu yaxınlarda 60
yaşınız tamamlandı. Necə
düşünürsüz, sənətdə hədəflərinizə
çatdınızmı?
- 40
yaşınadək ozümə söz vermişdim ki, bu sənətdə
nəsə eləsəm qalıb işləyəcəm.
Görsəm ki, nəsə edə bilməmişəm, gedəcəm.
Amma 40-dan sonra qərara gəldim ki, elə bu işlə məşğul
olum. Sənət adamının həmişə iddiası
olmalıdır. Olmalıdır ki, işləsin. Başqa
iddialar mənlik deyil. Biz öz işimizlə məşğul
olmalıyıq. Bunun da müqabilində nəyisə gözləməli
deyilik. Çəkməçi ayaqqabı tikib gözləməlidir
ki, ona “əməkdar çəkməçi” adı verəcəklər?!
İnsan öz işindən zövq almalıdır. Bizim
işimizin bir dəyəri var, pul. Bax, bu, normal
olmalıdır. Xüsusən də sənətkar müəyyən
bir mərhələyə gəlib çatanda. Çünki
sən illər uzunu öz peşəni öyrənmisən,
çalışmısan ki, yaxşı pul qazanasan.
İşləyən adamın zəhmətinin haqqı
olmalıdır.
- Layiq
oldiğunuz o haqqı, pul mənasında ala bilirsiz?
- On-on beş il bundan əvvəl
Bollivud aktyorları çəkilməkdən imtina eləmişdilər.
Niyə Hollivudda
15-20 milyon pul alırlar, biz isə 10 milyon. Cavab verə bildim?
-
Bildiyim qədərilə peşəkar aktyorlara seriallarda
qaneedici qonorar verilir, yoxsa?
- Vermirlər.
Yəni, bizim şəraitə uyğun ödəyirlər, təbii.
Amma belə baxanda...
- Siz ona görəmi imtina etdiniz
seriallardan, yoxsa peşəkarlıq baxımdan qane etmədi?
- Hər
iki mənada. Cəmisi üç seriala çəkilmişəm.
Adam istəyir ki, bu işi görən peşəkarların
sayı çox olsun. Amma başadüşüləndir, bu
industriya bizdə təzə başlayıb. O biri tərəfdən
də maddi imkanlar olsa əlbəttə, onlar da ödəyərlər.
Ödəmirlərsə, biz də gərək
özümüzə hörmət qoyaq. Amma elə məqamlar
olur ki, sən gedib çəkilməli olursan. Bu da peşəkar
məsələ olduğu üçün demək istəmirəm.
- Çəkildiyiniz seriallar peşəkarlıq
baxımdan nəsə verdi sizə? Aktyorun formada qalması üçün
çəkilməsi də lazımdır.
- Aktyorun
formada olması üçün onun daim çəkilməsinə
ehtiyac yoxdur. Mən düşünmürəm ki, “Azərbaycanfilm”
20 film çəkirsə, hamısında oynayan aktyor
yaxşı aktyordur. Nə gəldi oynayan aktyor hələ
yaxşı aktyor deyil. Gərək aktyorun seçimi olsun. Gərək
aktyor da ozünü hərdən camaatdan
uzaqlaşdırsın, onları bezdirməsin. Hər dəfə
eyni simaları görmək adamları darıxdırır.
Amma aktyor çəkilməlidir və gördüyü
işi keyfiyyətli görməlidir.
- Dünyaca məşhur aktyorlar var
ki, az çəkilir, çəkilməyəndə insanlarla
söhbət edir, mütaliə edir, bazasına daim nələrsə
əlavə edir. “Hazırlıqlı olmalıdır” deyəndə
bunu nəzərdə tutursunuz yəqin.
- Əlbəttə.
Firdovsidən oğlu soruşur ki, necə oldu ki, ağıllı oldun? Dedi dəlilərə
baxıb tərsini elədim. İnsan atdan da, itdən də,
otdan da öyrənir. Teatrda da hər tamaşada oynamaq vacib
deyil. Bizim seriallarda çəkilən aktyorlar var ki, bəlkə
də insanlar onlardan beziblər. Hansı seriala baxırlar, eyni
adamı görürlər, eyni simada görürlər, eyni
paltarda görürlər. Bu cür sənətçi
dostlarımız ehtiyatlı olmalıdırlar.
- “Təklif”
tamaşasında gənc rejissorlar Günay Səttar,
“İkinci güllə” filmində Natiq Rəsulovla işləmisiz.
Peşəkar aktyor olmaqdan savayı, ssenari kursunu bitirmisiz,
tamaşalar da qoyursuz. Gənclərlə
iş prosesində eqonuz üzə çıxırmı,
irad bildirirsizmi, əməkdaşlığı necə
qurursuz?
-
Yaşından asılı olmayaraq, kimləsə işləməyə
razılıq verirəmsə, qarşımdakı adama öz
müəllimim kimi baxıram. Mən pis rejissorlarla işləyə
bilmirəm. Yaxşı rejissor hazırlayacağı
tamaşanı, çəkəcəyi filmi məndən
yaxşı bilir. “Təklif”də utanmadan, çəkinmədən
Günaya “sən mənim müəllimimsən” demişəm.
Günayla işlədiyim ilk tamaşadır. Elə məsələlər
var ki, anlaşmaq lazımdır, elə məsələlər
olur ki, özümü haqlı sayıram. Yaradıcılıq
prosesi hamar proses deyil ki... Mübahisələr işin xeyrinədir.
Yaxşı rejissorla yaşından asılı olmayaraq
işləyəndə nə edirsənsə
qarşısındakı insan da bilir ki, sən bunu işin
naminə edirsən. Burda yaş o qədər də önəmli
deyil.
- “Bəyin oğurlanması” yəqin,
yeganə filmdir ki, demək olar ki, dövrünün
bütün ulduz aktyorları
orada oynayıb. Film çox personajlıdır, bir
neçə süjet xətti var, montaj baxımından da asan
film deyil. Kinomuzda da “kult film” haqqını da qazandı.
Çəkiliş prosesini necə xatırlayırsız?
- “Bəyin oğurlanması” ilk dəfə
nümayiş olunanda onun rejissorlarını tənqid atəşinı
tutdular. Tənqid edirdilər ki, Ceyhun Mirzəyev, Vaqif Mustafayev
“Mozalan” çəkib, bir az geniş formatda. Amma zaman əksini
göstərdi. Azərbaycanda
çocuğu də dindirsən, o filmdən sitat gətirir.
Filmin dəyər qazanması zamanın məsələsidir.
Onda cavan idim, kamera qarşısında neyləyirdim,
özüm də anlamırdım. Heç bir təcrübəm
yox idi. Sadəcə olaraq elədiklərim intuitiv, təbiətən
gələn bir şey idi. Təbii ki, rejissorlar da tapşırıqlar
verirdi. Bir məsələyə toxunmaq istəyirəm.
Görürsüz ki, filmdə nə böyük aktyor heyəti
var. Bizim filmlərimizdə, serillarımızda bədii keyfiyyətin
aşağı olmasının bir səbəbi bəzən
qeyri-peşəkar aktyorların çəkilməsidir. “Bəyin
oğurlanması”nda hətta kinostudiyanın elə aktyoru
iştirak edib ki, söz danışmayıb, sözü
olmayıb. Amma rolunu oynamaq üçün Bakıdan gəlirdi.
“Bəyin oğurlanması”nın üstün cəhətlərindən
biri budur. Orda qeyri-peşəkar adam görünmür. Bircə
orda toy səhnəsində balaca qız var, rəqs edir. O, kənddəndir,
iri planda qeyri-peşəkar təkcə odur. Bütün epizodik rollarda
kinostudiyadan gəlib oynayıb qayıdırdılar. Filmdə məşhur bir yer var, “sən
istəmirsən uzaq Liviya səhrasında səni
görsünlər”, o da deyir “yox”. Həmin adam da
kinostudiyanın işçisidir. Kiçik səhnələrdə
belə mütləq işi bilən adamlardan istifadə edirdilər.
Tələb belə idi o vaxt.
Amma indiki
gənclərin çoxu elə bilir ki, küçədən
tutub gətirdiyi adam onun dediyini edə biləcək.
Yanlış fikirdir. Onda belə çıxır ki, təhsilə
ehtiyac yoxdur. Düzdür,
dünyada da elə rejissorlar var ki,
öz filmlərində peşəkar aktyorları çəkmirlər.
Onların yanaşma tərzi fərqlidir.
- Bu filmdən sonra sizi görüb
Eldar Quliyevin “Burulğan” filminə dəvət etdilər?
- “Bəyin
oğurlanması”ndan sonra eyni zamanda iki filmə çəkildim.
Ceyhun Mirzəyevin “İşarəni dənizdən gözləyin”
və “Burulğan”. Mənim “Burulğan”a çəkilməyim maraqlı
oldu. Çox böyük rəqabət var idi. Mən də
çox cavan idim. Amma personaj kimi Adil müəyyən təcrübəsi
olan insan idi. Məni ikinci rejissor Akif Rüstəmov sınaq
çəkilişlərinə dəvət elədi. Hər dəfə sınaq çəkilişlərinə
gedirdim, amma məni çəkmirdilər. Akif müəllim mənə
təsəlli verirdi ki, tələsmə. Yalan olmasın, 10-15
dəfə getdim. Sonuncu sınaq günü idi. Üç
aktyor qalmışdıq. Yenə Eldar müəllim onları
çəkdi. Və dedi, vəssalam.
Gördüm Akif müəllim mənə baxdı,
yaxınlaşdı Eldar müəllimə nəsə dedi.
Eldar müəllim də dedi ki, yaxşı onda çəkin.
Eldar müəllimsiz sınaq çəkilişləri oldu.
Bir gün Akif müəllim zəng elədi ki, mən təsdiq
olunmuşam.
- “Burulğan” milli kinomuzda sevdiyim
filmlərdəndir. Müəllif filmidir. Əhvalatın
özü, özəlliklə də sizin
oynadığınız Adil obrazı psixoloji baxımdan
çətindir. Aktyor seçimi də maraqlı və orqanik
idi...
- Məmməd
Məmmədov Şəfiqə Məmmədovanın
qardaşıdır. Belorusda yaşayır, aktyordur. Eldar
rolunun ifaçısı Moskvada “Moskonsert”də aktyor işləyirdi.
Onun atası sirk artisti olub. “Uşağlığın son gecəsi”
filmində də bir epizodda çəkilib. Latış aktrisa
Eqle Qabrenayte, Bakıdan isə mən və Həmidə
Ömərova idik.
Çəkilişlər
Xəzərdə bir adada keçdi. Adada bir biz idik, bir də
siçovullar. On gündən bir vertolyot ya gəmi bizi
aparıb gətirirdi. Maraqlı bir şey deyim. Rolum filmdəki
süjet xəttinə görə digər personajlara kənar,
yad adamdır. Mənim
çadırımı hamıdan aralıda qurdular, dedilər
ki, tək qalacaqsan. Anlayırdım nəyə görə belə
edirlər. Sonra Eldar müəllim də dedi ki, bu, qəsdən
edilmişdi, çünki personaj özü də eləydi,
digərləri tərəfindən yaxşı qəbul
olunmurdu. Maraqlı çəkiliş prosesi oldu. Yadıma gəlir
ki, onda adaya Müslüm Maqomayev gəlmişdi. Eldar müəllimin
yaxın dostu idi. O boyda sənətkarı canlı
gördüm, xoşbəxtlik idi. Filmdə bir
döyüş səhnəsi var, Eldar Adili döyür.
Sabahı çəkiliş olmalıydı, Eldar müəllim
yanımdan keçəndə dedi ki, “Xaç atası” filminə
baxmısan? Dedim yox. Çünki onda video nadir adamlarda
olardı. Eldar müəllim dedi ki, orda bir epizod var, aktyoru
vururlar, üç metr süzür, yıxılır. Söz
məni tutdu. Getdim çadırıma, yatdığım
döşəyi götürdüm, gəldim adanın
heç görünməyən tərəfinə. Qayalıq
idi ora. Başladım tullanmağa. Yıxılmağın
özünü də gərək düzgün edəsən.
İndi döşək var, sabah o da olmayacaqdı. Adada isə
da qum yox idi, balıqqulağıydı. Xeyli məşğul
oldum. Səhər açıldı, gəldik çəkilişə.
Eldar müəllimə yaxınlaşdım ki, bacaracam, dedi nəyi,
dedim, dünən belə şey demişdiz. Bu epizodu 18 dubla
çəkdilər. Hündürdən atırdılar məni,
yumarlanıb bəzən kameranın qarşısına
düşə bilmirdim və sair çətinliklər
oldu. Ondan sonra hər gün səhər
axşam dənizdə üzürdüm. Çünki çəkilişdən
sonra bir qolum və bir
ayağım yaxşı işləmirdi.
- Əsas tərəf müqabillərinzidən
biri Eqle idi. Onunla yaxınlıq
səhnəsi var. Çətin səhnə oldu?
- Eldar
müəllim indiyədək zarafat edir ki, sevirdin hə, onu? Mən
də həmişə pauza verib deyirəm ki, Eldar müəllim
biz hamımız onu sevirdik. (gülür) O səhnə
qürub çağında çəkilməliydi, qürub
da cəmi 15-20 dəqiqə çəkir. Akif müəllim
doğrudan da sonuncu mogikandır. Fenomenal adamdır. Çəkiliş
meydançasına çatanda mənimlə Eqleyə dedi ki,
bura gəlin. O, başa düşürdü ki, mən gəncəm.
Eqle isə təcrübəli idi. Bizi xəlvət yerə
apardı, hərəmizə 100 qram verdi ki, cəsarətli
olun. Amma arağı orda necə saxlamışdı, bilmirəm.
Çünki orda içki aparsan da isti olduğuna görə
saxlamaq çətin idi. Biz 8 gün idi ordaydıq, peşəkarlığa
baxın, onu harada necə qoruyub saxlayıb bu epizod
üçün. Səhv eləmirəmsə üç dubla
çəkdik. O epizodu çəkmək üçün bizə
eyni paltardan üç dəst tikmişdilər.
Yıxılırıq suya, növbəti dublda
islanmışı çıxarıb, yenisini geyirdik, növbəti
dublu çəkirdik. Akif müəllimin yüz qramı
olmasaydı bu epizod o qədər yaxşı alınmazdı.
- Bəzi aktyorlar gileylənir ki,
rejissorlar aktyorla işləyə, maksimal nəticə ala
bilmir. Siz də narazısız?
-
İşlədiyim rejissorların heç biri ilə belə
problemim olmayıb. Çünki məsələləri
iş prosesində həll edirik. Yaradıcılıq da elə
mübahisələri ilə gözəldir. Mən qabaqcadan
rejissorla işləmək istəmirəmsə, işləmirəm.
- Məşq prosesində
gördüm ki, siz gənc həmkarlarınıza nə qədər
sayğıyla yanaşırsız.
Bu, artıq peşəkarlıq məsələsidir.
Halbuki, bəzən tanınmış aktyorlar başqa cür
davranır.
- Neçə illərdi müəllim
işləyirəm. Cavanlara hörmət edib sevmək birincisi
pedaqoq kimi borcumdur. Digər tərəfdən
düşünürəm ki, onların hər biri məndən
daha bacarıqlıdır. Bəzi məsələlərdə
görürəm ki, mühafizəkar yanaşıram.
Onların yanaşması isə daha yenidir. Dünya kinosunu,
teatrını, çağdaş aktyorluq ifa tərzlərini
bilirlər, mütaliə edirlər, məlumatlıdırılar,
dünyagörüşləri çoxdur, kurslara, konfranslara
gedirlər. Hamısı yox əlbəttə ki, kim öz
üzərində işləyirsə. Bundan sonra beş ya altı il işləyəcəm,
cavanlar isə hələ uzun müddət mədəniyyəti
təmsil edəcəklər. İmkan vermək lazımdır
ki, özlərini realizə eləsinlər. Onların dəyərini
bilmək lazımdır.
- Yeni yaranan teatrlara gedirsiz?
-
Özümün də teatrım var. Bəlkə kimlərsə
düşünür ki, Bakıda teatrların sayı
çoxdur, amma olduqca azdır. Müqayisə
üçün, Tiflisdəki teatrların sayını
göz önünə gətirin. Bizim
qürurlanmağımız üçün teatrların
sayı çox olmamalıdır. İnsanların
zövqü müxtəlifdir. Marionet teatrına baxıb
zövq alan insanlar var. Desən ki, YUĞa, operaya get, getməz,
bəlkə də darıxar. Hər teatrın öz
publikası var. İnsanları məhkum edirik ki, Günəşlidən
gəlib şəhərin mərkəzinə teatra
baxsınlar. Niyə? Zirzəmidə kafe, masaj salonu aça
bilirik, teatr yox. Nə çətin şeydir orda teatr
açmaq? Rusiyada bir çox məşhur aktyorlar kiçik
teatlardan çıxıblar.
- Siz Tiflisdə, Moskvada ssenari kursunu
bitirmisiz. Nədən ssenarist kimi fəaliyyətə ehtiyac
duyduz?
-
İTV-də dublyaja gedirdim, bir cavan rejissor vardı, Ruslan
Hüseynli, dedi ki, ssenari yazın, nazirlik müsabiqə elan
edib. Mən də ssenari yazmamışdım. Nəsə
yazdım, təbii ki, nazirlikdən keçmədi. Amma Vaqif müəllimə (Vaqif
İbrahimoğluya-red.) göstərdim.
Dedi ki, sən bununla məşğul ol. Bir gün də
ssenari yazıb Tiflisə göndərdim, qəbul olundu. Şərt
belə idi ki, öz imkanlarımla getməliyəm. Mən də
yazdım ki, ancaq öz imkanlarımla gəlməmək şərtiylə
gələ bilərəm. Düşündüm ki, daha
çağırmazlar. Amma dəvət elədilər. Orada
Avropadan, Amerikadan böyük mütəxəssislər
vardı. Onlar bizə kinoindustriya haqda, ssenarinin
yazılması, texnologiyası, sxemi haqda geniş məlumat
verdilər. O layihədə “Mələklər də
ölür” ssenarisi ilə iştirak edirdim. Nazirlik də
yaxşı qəbul etdi, rus, ingilis dilinə çevirməsinə
maddi yardım göstərdilər. Ukraynadan prodüserlər
də maraqlandılar, müzakirə olundu. Amma müəyyən
səbəblərdən çəkilmədi. Səbəbini
bilirəm.
- Amma demirsiz.
- Demirəm.
Sonra “Çölçü”nü yazdım, nazirlik qəbul
etdi və çəkildi.
- Razı qaldınız Şamil
Əliyevin yozumundan?
- İlk
dəfə filmə baxanda Şamili təbrik elədim,
qucaqladım ki, bu, sənin filmindir, qəbul edirəm. Amma mənim
ssenarim başqa idi. Baxın, film indi öz həyatını
yaşayır. Festivallara gedir, mükafatlar alır. Təbii
ki, istərdim bəzi şeylər ssenaridə olduğu kimi
qalsın. Bir çoxu da deyir ki, o cür olmalı idi. Amma film
rejissorundur. Hər dəfə film mükafat alanda mən də
sevinirəm.
- YUĞ teatrında psixosof
estetikası ilə işləyirsiz. Ənənəvi təhkiyə
üçün darıxırsız?
-
YUĞda məşhur zarafatım var. Deyirəm ki, biz də
aktyoruq da, imkan verin biz də dayanaq, qəşəng-qəşəng
monoloq tolazlayaq. Bu, bizim zarafatdır. Neçə ildir bu
poetika ilə işləyirik. Bakıda müxtəlif
estetikaları nümayiş etdirən, düşüncəni,
fərqli aktyor ifasını ortalığa qoyan teatrların
sayının çox olmasını istəyirəm. Bir
vaxtlar Bəxtiyar Xanızadə, Hüseynağa Atakişiyev,
Vaqif İbrahimoğlunun tamaşalarında fərqli
dramaturgiyalar, fərqli aktyor oyunu, poetika vardı. Bizim peşənin
inkişafı da ancaq bu cür rəngarənglikdə
mümkün olacaq.
Bizim Yol.- 2018.- 1 avqust.- S.15.