Azərbaycan – Böyük Britaniya
münasibətləri
Coğrafi
mövqeyi
Böyük Britaniya şimal-qərbi Avropada,
Britaniya adalarında yerləşir. Britaniya adalarını
(İngiltərə, Şotlandiya, Uels) və İrlandiya
adasının şimal-şərq hissəsini, habelə
müstəqil inzibati vahidlər olan Men və Normand
adalrını tutur. Britaniya sahillərini Atlantik okeanı və
onun dənizləri yuyur. Belə ki, şimalda və
qərbdə Atlantik okeanı, şərqdə Şimal dənizi,
qərbdə İrland dənizi ilə əhatə
olunmuşdur. Ölkənin cənubunda La-Manş və
Pa-de-Kale boğazları onu Avropa materikindən ayırır.
Şimalda və qərbdə dağ relyefi – Şimali
Şotlandiya yaylası (1 344 m), Penin və Kembri dağları,
cənubda və cənub-şərqdə isə təpəli
düzınliklər üstünlük təşkil edir.
İqlimi mülayim okean iqlimidir, nəmişlikdir. Ölkənin
iqlimi əsasən isti Qolfstrim cərəyanının təsiri
altında formalaşır. Əsas çayları Temza, Severn, Trent, Mersi,
Klayddır. Meşələr Britaniya ərazisinin
9%-ni tutur.
İnzibati ərazi bölgüsü
Britaniya dörd inzibati-siyasi hissədən (tarixi əyalətdən)
ibarətdir. İngiltərə (otuz doqquz qraflıq, altı
metropol qraflıq və Böyük London), Uels (doqquz
qraflıq, üç şəhər və on şəhər-qraflıq),
Şotlandiya (otuz iki vilayət) və Şimali İrlandiya (26
rayon).
Əhali və din
Əhalinin
etnik tərkibi: ingilislər – 80%, şotlandlar – 15%, uelslilər
(və ya valliyalılar) və irlandlar. Bundan əlavə,
ölkədə Mərkəzi və Cənub-Şərqi
Asiya ölkələrindən gəlmiş mühacirlər, ərəblər
və afrikalılar yaşayır. Xristianlar
– 87% təşkil edir ki, onlardan 57%-i anqlikan kilsəsinə
tabedir.
Siyasi quruluşu
Böyük
Britaniya – kraliçanın başçılıq etdiyi
konstitusiyalı monarxiyadır. Qanunverici orqan –
ikipalatalı parlamentdir (İcmalar Palatası və Lordlar
Palatası). Hökumətə baş nazir
rəhbərlik edir. Nazirlər Kabineti (icra
hakimiyyəti) baş nazir tərəfindən
formalaşdırılır.
Böyük Britaniyanın nəzarəti altında on
üç müstəqil ərazi vardır. Bunlar Cəbəllütariq,
Anqilya, Bermud, Kayman, Terks, Kaykos, Montserrat, Folklend (Malvin) və
Britaniya Virgin adaları və başqa digər ərazilərdir.
Böyük Britaniya Böyük Səkkizliyə daxildir. O, həmçinin BMT,
ATƏT, NATO, BVF, Avropa Şurası və s. nüfuzlu beynəlxalq
təşkilatların aparıcı üzvüdür.
İqtisadiyyat
Böyük Britaniya yüksək inkişaf etmiş sənaye
ölkəsidir. Neft və təbii qaz, daş kömür
çıxarılır. Maşınqayırma
sahəsi, elektrotexnika, nəqliyyat, kənd təsərrüfatı,
sənaye avadanlığı istehsalı,
qaldırıcı-nəqliyyat texnikası, kimya və
neft-kimyası, əczaçılıq, neft emalı sənayesi,
qara və əlvan metallurgiya sahələri daha geniş
inkişaf etmişdir. İxrac: buğda, yun, cihaz və
avadanlıqlar. İdxal: təbii qaz, neft, çay və s.
Əsas xarici ticarət tərəfdaşları: Avropa Birliyi
ölkələri, ABŞ və Yaponiyadır.
Tarix
B.e.-nın 43 – 410-cu illərində Britaniya Roma
imperiyasının tərkibində olmuşdur. 1338-ci ildə
İngiltərə və Fransa arasında Yüzillik
müharibə başlamışdır (1338-1453). Müharibə başa çatan kimi isə İngiltərə
taxt-tacı uğrunda Ağ Qızıl Gül – Al
Qızıl Gül müharibələri başlamış və
1485-ci ildə Tüdorlar sülaləsinin qələbəsi
ilə başa çatmışdır. Kraliça
I Yelizavetanın hakimiyyəti illərində Britaniya
güclü donanması sayəsində ən qüdrətli dəniz
dövlətinə çevrilmiş və “Dənizlər
hökmdarı” adlandırılmağa
başlamışdır. 1642-1649-cu illərdə
Stüartlar hakimiyyəti ilə parlament arasındakı
münaqişə qanlı vətəndaş müharibələrinə
gətirib çıxarmış, nəticədə Oliver
Kromvelin başçılığı altında respublika
yaradıldığı bəyan edilmişdir. Monarxiya üsul-idarəsi yenidən bərpa edilsə
də, lakin kral hakimiyyəti xeyli məhdudlaşdırılmışdır.
1801-ci ildə İrlandiya krallığa birləşdirilmişdir.
1815-ci ildə Böyük Britaniya Napoleonun
avropadakı işğallarının qarşısının
alınmasında xüsusi rol oynamışdır. Birinci Dünya müharibəsindən sonra
Böyük Britaniyanın iqtisadi cəhətdən xeyli zəifləməsi
nəticəsində İrlandiya 1921-ci ildə öz müstəqilliyini
bəyan etmişdir. 1939-1945-ci illərdə
o, Antihitler koalisiyasının tərkibində Almaniyaya
qarşı fəal iştirak etmişdir. 1994-cü
ildə İrlandiya Respublika Ordusu (İRO) birtərəfli atəşkəs
elan etmiş və sülh danışıqlarına
başlanılmışdır. Lakin
1996-cı ilin əvvəllərində İRO öz
terrorçu fəaliyyətini yenidən davam etdirməyə
başlamışdır.
Böyük Britaniya Avropanın və dünyanın əsas
güc mərkələrindən biri, dünya siyasətində
öncül yer tutan ölkədir. Dünya siyasətinə
yön verən İngiltərə kimi bir dövlətlə
Azərbaycanın yaxın münasibətlərinin olması
ölkəmizin beynəlxalq münasibətlər sistemində
möhkəmlənməsinə yardım etmişdir.
Lakin bütün güclü dövlətlər kimi
İngiltərənin də zəif tərəfi enerjidir. Enerji məsələsi
Britaniya xarici siyasətinin aparıcı istiqamətlərindən
biridir.
İki ölkə arasında diplomatik əlaqələr
parlamentin üzvü, Britaniya Xarici İşlər Nazirliyinin
Dövlət Naziri Hon Duqlas Hoqqun 1992-ci ilin mart ayında
Bakıya səfərindən sonra yenidən quruldu. Bakıda
kiçik ofislə kifayətlənməli olan Ser Brayn Fol
Britaniyanın Azərbaycandakı ilk səfiri olmuşdur.
1993-cu ildə təyin edilən Tom Yan isə
Britaniyanın Azərbaycanda daimi nümayəndəliyində
ilk səfir olmuşdur. Səfirlik 2003-cü ilin may
ayından Landmark 2 ünvanında yerləşir. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi
1994-cü ilin yanvar ayında açılıb.
Birləşmiş
Krallığın adından Bakıdakı Britaniya
Şurası Azərbaycanın silahlı qüvvələrinə
ingilis dilinin tədrisi üçün NATO ilə sıx əməkdaşlıq
çərçivəsində sülhməramli ingilis dili
layihələrini, həmçinin Azərbaycanlı gənc
mütəxəssislərə Britaniyada təhsillərini
davam etdirmək məqsədi ilə Çivininq təqaud
proqramını həyata keçirir.Britaniya Şurası
Bakıda 1993-cü ildən fəaliyyət göstərir. 1994-cü ilin fevral ayında sabiq Prezident Heydər
Əliyevin Londona səfəri çərçivəsində
iki ölkə arasında təhsil, elm və mədəniyyət
sahəsində əməkdaşlığa dair saziş
imzalanmışdır. Britaniya
Şurasının məqsədi islahatlarda Britaniyanın
rolunu önə çəkmək, ingilis dilinin tədrisini və
istifadə olunmasını genişləndirmək, mədəniyyət
və incəsənət vasitəsiylə Britaniya
yaradıcılığını və fərqliliyini
nümayiş etdirmək və Britaniya təhsil təcrübəsini
təbliğ etməkdir. Onun proqramları
ilk olaraq 35 yaşından aşağı gənclər
üçün nəzərdə tutulmuş və fərdi,
həmçinin çoxtərəfli əməkdaşlıq
yollu ilə həyata keçirilir. 1918-ci
ilin yanvar ayında ingilis ekspedisiyası Azərbaycanın neft
mədənlərinin Birləşmiş qüvvələrin
(Almaniya və Osmanlı imperiyası) təsiri altına
düşməsinin qarşısını almaq məqsədilə
Bağdaddan Bakıya göndərildi. “Dunsterforce”
adlandırılan əməliyyata general Lioner Danstervil
başçılıq edirdi. Dunsterforce
Bakıya 1918-ci ilin avqust ayında çatdı və qısa
müddətli gərgin döyüşlərin ardınca (əsasən
“Bakı naminə döyüşlər”
adlandırılır) sentyabr ayında İrana geri
qayıtdı. Osmanlı imperiyası və
onu tərəfdaşları arasında Mudros sülh
müqaviləsindən sonra ikinci britaniya döyüş
bölməsi Osmanlı qoşunlarının Türkiyəyə
geri dönməsinə əmin olmaq məqsədi ilə təkrar
Bakıya gəldi və 1920-ci ilə qədər burda
qaldı.
Bu müddət ərzində Böyük Britaniya ilə
Azərbaycan Xalq Cümhuriyyəti arasında mərkəzi
Tiflisdə yerləşən Britaniyanın Qafqaz üzrə
Ali Komissarı Oliver Uoldrop vasitəsilə de fakto diplomatik əlaqələr
quruldu. Bu çətin dövrdə general Tompsonun
başçılığı altında Britaniya hərbi
missiyası Azərbaycanda stabilliyin əldə olunmasında
mühüm rol oynamışdır.
Azərbaycan
Respublikasının Milli Məclisində Azərbaycan-Böyük
Britaniya parlamentlərarası əlaqələr üzrə
işçi qrupu fəaliyyət göstərir[2]. Bu
işçi qrupu 7 mart 1997-ci il tarixində
yaradılmış və ilk rəhbəri Mahmud Məmmədquliyev
olmuşdur[3]. 4 mart 2016-cı il tarixindən Cavanşir Feyziyev işçi
qrupunun rəhbəridir.
Yüksək rütbəli dövlət rəsmilərinin
qarşılıqlı səfərləri iki dövlət
arasında əməkdaşlığın inkişafına təkan
vermişdir.
1992 –ci ildə Britaniya Parlamentinin üzvü cənab Hon Duqlas
Hoqqun Azərbaycana ilk səfərinin ardınca Xarici
İşlər üzrə Dövlət Katibi, Parlamentinin
üzvü cənab Malkolm Rifkind 1996 – cı ildə Bakıda
səfərdə olmuşdur. Britaniya nazirləri mütəmadi
olaraq Xəzər Neft və Qaz sərgisində iştirak ediblər.[4]
2003,
2004-ci illərdə “Xəzər Neft və Qaz-2003” və
“Neft-Qaz 2004” sərgilərində iştirak etmək məqsədilə
Britaniya Parlamentinin üzvü, Sənaye və Energetika məsələləri
üzrə Dövlət Naziri cənab Brian Vilson Azərbaycanda
səfərdə olmuşdur.Əlahəzrət York Hersoqu Azərbaycanda
bir neçə dəfə səfərdə olub. O, 25 may
2005-ci ildə Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərinin
rəsmi açılış mərasimində iştirak
etmiş, 2006- cı ildə kəmərin inşasının
başa çatması ilə əlaqədar keçirilən
tədbirlərə qatılmış və nəhayət
2007-ci ilin sentyabrında təkrar Bakıya səfər
etmişdir. Britaniya parlamentinin üzvü, Sənaye
və Energetika məsələləri üzrə Dövlət
Naziri Malkolm Viks 2007-ci ilin sentyabrda Azərbaycana səfər
etmişdir. Avropa məsələləri üzrə
Nazir Cim Mörfi isə Azərbaycanda 2008-ci ilin may ayında
olmuşdur. Britaniyanın ticarət məsələləri
üzrə Naziri Lord Diqbi Cons Azərbaycana ən son səfər
etmiş Britaniya rəsmisidir. O, Bakıya 2008-ci ilin iyun
ayında gəlmışdir
1998-ci il 19-24 iyul tarixində sabiq Prezident Heydər
Əliyevin Böyük Britaniyaya rəsmi səfəri
olmuşdur. Səfər çərçivəsində
siyasi bəyanat imzalandıqdan sonra Prezident Britaniya
Kraliçasının rəsmi qəbulunda olmuş və
Dauninqstritdə Baş Nazirlə
görüşmüşdür. Görüşün
yekununda Baş Nazir və Heydər Əliyevin
iştirakıyla ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti ) ilə BP, RAMCO və Monument Oil
şirkətləri arasında üç mühüm
saziş imzalanmışdır.
2004-cü ilin 13-14 dekabr tarixində Azərbaycan Prezidenti
İlham Əliyev Böyük Britaniyada rəsmi səfərdə
olmuşdur.
O, Britaniyanın Baş naziri, Xarici İşlər və
Müdafiə üzrə Dövlət Katibləri ilə
görüşmüşdür. Baş Nazir və
Prezident 1998-ci ildə iki ölkə arasında
imzalanmış Dostluq və Əməkdaşlığa dair
Birgə Bəyannaməni bir daha təsdiqləmişlər.
Onlar insan haqqları, azadlıqlar və qanunun
aliliyinə söykənən demokratiyanın və bazar
iqtisadiyyatının hərtərəfli inkişaf etməsi
üçün ikitərəfli münasibətlərin inkişafına
bir daha dəstək ifadə etmişlər. Səfər zamanı Azərbaycan Prezidenti və
Britaniya Baş Naziri tərəfindən ikitərəfli
münasibətlərin ilkin və gələcək inkişaf
perspektivləri istiqamətində Birgə Komunike qəbul
edilmişdir.
Azərbaycan Dövlət Neft Fondunun Prezidenti Samir Şərifov
(2006- ci ildən maliyyə naziri vəzifəsində
çalışır) 2005 – cil ilin 17 mart tarixində Londonda
keçirilən mineral ehtiyatların hasilati ilə məşğul
olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsü
(MHŞT) üzrə 2-ci beynəlxalq konfransda iştirak
etmişdir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
2007- ci ilin oktyabr ayında Londona rəsmi səfər
etmişdir. Mədəniyyət və
turizm naziri Əbülfəz Qarayevin Londona səfəri 2008-ci
ilin fevral ayında baş tutmuşdur.
Gülnarə Əmirqızı
Bizim Yol.- 2018.- 16 avqust.- S.13.