“Elə kəsin ki,
bir də gələ bilməsin”
Kamran Yunis: “Yaxşı aktyor
reklama çəkilməz, tamadalıq etməz”
"Azərbaycan
Televiziya və Radio Verilişləri" QSC-nin dublyaj
studiyasının aktyoru Kamran Yunisin "Report"a müsahibəsi.
- Səhnəyə
ilk gəlişiniz nə vaxta təsadüf edir?
- Bakıda ziyalı ailəsində anadan
olmuşam. Xətai
rayon 63 saylı məktəbi bitirmişəm. Aktyor olmaq həvəsi
5-6 yaşında yaranıb. Akademik Milli
Dram Teatrında Mikayıl Mirzənin bir tamaşasına
getmişdim. O vaxt bir ənənə vardı, teatra gedən
hər kəsin əlində gül dəstəsi olardı. Bu
ənənə bu gün bir az səngiyib.
Mikayıl Mirzə şeiri deyib qurtardı.
Anam gül dəstəsini verdi mənə,
mən də asta-asta çıxdım səhnəyə,
gülü verdim Mikayıl müəllimə. Məni
qucağına aldı. Çox həyəcanlı idim,
səhnəyə düşən o işıqlar,
alaqaranlıq, dumanlı görünən auditoriya,
tamaşaçılar... Necə təsirləndimsə,
elə həmin gündən o səhnədə qaldım.
Həmkarlar İttifaqının Mədəniyyət
Evində Aqşin Vəlixanlının dərnəyi
vardı.
Üç il orda çalışdım
məktəbi bitirənə kimi. Sonra Mədəniyyət
və İncəsənət Universitetinə qəbul oldum.
Bir gün gəldim dayım şair Xəlil Rza
Ulutürkün yanına. O, məndən soruşdu “hara
qəbul olmaq istəyirsən”. Aktyorluğa deyəndə
fikrimdən daşındırmaq istəsə də, mən
razı olmadım. Həmin vaxt bir tamaşam
vardı. Dayımı dəvət elədim.
Dedim, əgər rəva bilsən mən bu sənətə
layiqəm, bu yolda kömək edərsən. Xəlil Rza
tamaşaya baxdı və çıxanda dedi, şəngülüm,
gələrsən gedərik İncəsənət
Universitetinə. Mənə ya şəngülüm
deyərdi, ya da igid. Birgə getdik universitetə.
Dayım orda dedi ki, əgər bura uyğun deyilsə, elə
kəsin ki, bir də gələ bilməsin. Universitetə
qəbul olub Vaqif İbrahimoğlunun kursuna düşdüm.
- Yəqin həyatdakı uğurunuz
həm də Vaqif İbrahimoğluna bağlıdır...
- Ən böyük xoşbəxtliyim buradan başladı. Vaqif
İbrahimoğlu, sözün əsl mənasında, məni
döyə-döyə gətirib bu yola çıxartdı.
Həmişə deyərdi mənim tələbim
çoxdur, amma şagirdim barmaqla sayılacaq qədər
azdır. Xəstə yatanda yanına getmək
istəmirdim. Onu elə görmək mənə
ağır gəlirdi. Xəbər göndərmişdi
ki, o eşşəyə deyin, gəlsin yanıma. Kövrək
adam olduğum üçün
özümü güclə toplayıb keçdim yanına. Məni
görəndə dedi ki, hamıya görüş
üçün iki dəqiqə vaxt verirəm, sənə
dörd dəqiqə. Haradasa beş-altı dəqiqə
oradan-buradan söhbət etdik. Həmişə
deyərdi Kamran Yunis mənim ərköyünümdür, ona
icazə vermişəm istədiyi zarafatı istədiyi formada
etsin. Sağollaşıb çıxanda məni səsləyib
dedi ki, mən xoşbəxt insanam sənin kimi bir aktyor
yetişdirmişəm. Mən deyəndə ki,
sənin gözəl aktyorların var, qayıtdı cəhənnəm
ol bayıra. Qapıdan çıxan kimi
özümü saxlaya bilmədim, o, bizim axırıncı
görüşümüz idi. Həmin
gündən hər dəfə çəkildiyim
tamaşalarda, seriallarda onun dəstəyini sanki arxamda hiss edirəm.
Mən, ümumiyyətlə, iki insanın, Vaqif
İbrahimoğlu və Həsənağa Turabovun ruhunu həmişə
duyuram. Onlar mənim yol göstərənim
olublar, əlimdən tutub irəli aparıblar. Vaqif İbrahimoğlu tələbəsi olduğuma
görə elə universitetdən sonra da onun teatrında
işləməyə başladım. Vaqif
müəllim, əslində, orada işləməyimi istəmirdi.
Hansı teatra istəsən səni düzəldərəm
desə də, mən onun yanında, YUĞ Teatrında
çalışmağı seçdim. Vaqif
İbrahimoğlu dünyasını dəyişənə
kimi oranın işçisi idim. O rəhmətə gedəndən
sonra teatrla olan bağlarım qırıldı. Orada maaş faciəvi şəkildə az
olduğuna görə axır vaxtlar heç teatra gedə
bilmirdim. Cəmi 150 manat alırdım. Bu, mənə bir ay bəs eləmirdi. Ona görə də mən 2008-ci ildən Azərbaycan
Televiziyasının dublyaj redaksiyasında
çalışmağa başladım.
- Teatrdan ayrı necə
yaşayırsınız? Bəlkə kimdənsə
küsmüsünüz?
- Teatrdan
ayrı qalmaq çətindir. Teatr mənim
üçün sevgidir. Sevgidən
küsmək olmaz. Bəlkə də küsdüyüm
aktyorlarımıza dəyər verməyən hər hansı
bir qurum, təşkilat ola bilər. Həqiqəti görmək çətindir bir az.
Reallığa baxsaq, 170 manatla aktyor necə dolansın? Heç gününə bir manat da
düşmür. Atatürkün bir misalı
var: “hər bir dövlət mənsub olduğu mədəniyyətin
güzgüsüdür”. Əcəba, mənmi
bu halımla aynayam və ya bizim mədəniyyətimiz bu
halıyla aynadır? Yəni belə ayna
olmaq olmur. Hər bir teatr mənsub
olduğu cəmiyyətin kiçik modelidir. Aktyor normal dolanmalıdır. Başqa
ölkələrdə olduğu kimi. Heç
olmasa əla olmasa da, normal olmalıdır. Mənə çox deyirlər niyə
çıxıb getmirsən Türkiyəyə? Çıxıb getsəm, bəs sonra nə olar?
Məgər anam məni bu dünyaya Türkiyə
mədəniyyətinə qulluq eləməyəmi gətirib?
Bu məmləkətin övladıyam. Bu məmləkətin mədəniyyətinin zərrə
qədər də olsa, bir məsuliyyəti var üzərimdə.
Axı nəyisə bilirəm. Vaqif İbrahimoğlu mənə nəyisə verib
ki, bunu ötür gələcəyə. Gənclərə
nəyisə öyrədəndə çox sevinirəm.
Aktyor var öyrətmir, paxıllıq edir.
- İndiki gənc aktyorlar
reytinq yığıb reklamdan qazanırlar. Bunu necə qiymətləndirirsiniz?
- Mən
aktyorlardan danışıram. Mən təlxəklərdən,
toya gedib tamadalıq edənlərdən danışmıram.
Hindistanda olanda onların bizim fəxri
adlarımıza təəccüb etdiklərinin şahidi
oldum. Bu gün əməkdar artist, xalq
artisti kimi kəlmələr öz dəyərini itirib. Fazil Salayev kimi dəyərli aktyorumuz heç bir fəxri
ad almadan köçdü dünyadan. Fazil
Salayev tarixdə qalacaq. Ad dəyərini
itirib artıq. Bir dəfə Rac Kapur Azərbaycana
gələndə Rəşid Behbudov üçün şərait
yaratdılar ki, onu qarşılasın. Rac
təyyarədən düşəndə Rəşid əl
uzadıb deyir SSRİ xalq artisti, Azərbaycan xalq artisti,
dövlət mükafatı laureatı. Rac
isə özünü təqdim edəndə milyarder Rac deyə
bildirir. Yaxşı yaşamaq asan bir
şeydir. Mən heç vaxt hansısa
toya gedib tamadalıq etmərəm. Sözümün
dəyəri itər. Gözlərimdəki
ləyaqət hissi azalar. Yaxşı aktyor
reklama çəkilməz, yaxşı aktyor klipə çəkilməz.
Yaxşı aktyorun yeri yaxşı kinodur.
Rasim Balayev, Fuad Poladov, Fəxrəddin Manafov kimi şəxsiyyətləri
heç vaxt belə çəkilişlərdə görə
bilməzsiniz. İnsan keçmişdə
oynadıqlarına dəyər verməlidir. Mənim dünyamda ustadımdan öyrəndiyim budur
ki, yaxşı aktyor tamadalıq eləməz. Yaxşı aktyor özünə hörmət edən
aktyordur.
- Sizcə aktyor necə
dolanmalıdır?
-
Başqa ölkələrdə bir və ya iki dövlət
teatrı olur. Qalanları kommersiya fəaliyyəti
ilə dolanırlar. Hollivud aktyorları sənəti
anasının qarnında öyrənməyib ki? Sadəcə, iş düzgün qurulub. Əgər
bizdə də özünü maliyyələşdirən
teatrlar olsa, rəqabət artacaq, aktyorun dəyəri də
bilinəcək, yaxşı da maaş
alacaq. Dövlət teatrına sponsor tapmaq olmur. Çünki
adı üstündə qeyd olunduğu kimi dövlət
teatrıdır. Türkiyədə dövlət
teatrında aktyor bir il işləyəndən
sonra özünə ev ala bilir. Mən 25 il
dövlət teatrında işləyib 170 manat maaş
almışam. Bir neçə aydır “Vicdan
haqqı” serialının çəkilişləri bitib.
Nə bir seriala dəvət, nə bir teatrda rol
almışam. Niyə? Çünki doğru sistemlə
çalışmırıq. Bəzi
haqsızlıqlar var ki, onları qəbul eləmək olmur.
Niyə İlham Hüseynov, Ayşad Məmmədov,
Qurban İsmayılov kimi dəyərli aktyorlar milli dram
teatrından uzaqlaşdırılır? Ola
bilər teatrın belə aktyorlara ehtiyacı yoxdur, amma cəmiyyətin
onlara ehtiyacı var. O sənətkarlar tapıntıdır.
Görəsən, bizim mədəniyyətimizə
belə aktyorlar çoxmu gəlir ki, onlara ehtiyac qalmır?
Qoruya bilmirik sənət adamlarını. Niyə? Bilmirəm. Bəlkə də bilirəm, demək istəmirəm.
Qoy bunu lazım olan qurumlar fikirləşsin.
Bizdə bir problem də var ki, sənətçilər
bir-birinə hörmət edə bilmirlər. Üzdə gülür, amma daxilən bir-birini
sevmirlər.
- Yeni teatr klassik ənənəni
inkar edir. Artıq yarıçılpaq, erotik səhnələrin
şahidi oluruq.
- Mənim
sənət düşüncəmdə olmaz deyiləcək
bir şey yoxdur. Bir dəfə bir tamaşa
oynadım, erotik səhnə vardı. Rolu
Vaqif İbrahimoğlu təklif etmişdi. Tamaşanı
sonra sildilər, qadağan elədilər. Bunu
mən eləmişəm, əgər kimsə desəydi, bunu
eləməzlər. Deyərdim, harada
yazılıb ki, eləmək olmaz? Amma mənəvi
dəyərlər deyilən bir şey var. Əcəba,
yarıçılpaq deyiriksə, onda küçədə nə
qədər insan elə yarıçılpaq gəzir. Ya televiziyanı açırıq, orada da eyni mənzərədir.
Teatr insan ruhunun sərbəst
yaradıcılıq məqamıdır. Nəyisə
qadağa eləmək olmaz. Oyunçu gəlir
ruhuna azadlıq verir, yaradır. Ruhuna şərik
olmaq istəyən gəlir onunla bu azadlığı
paylaşır. Bir neçə saatlıq
insanlar bu azad məkanda ruh paylaşmasına qoşulurlar.
- Bu halda rejissora da ehtiyac yoxdur yəqin...
- Rejissor
kimdir bəyəm? Rejissor rejimi yaradır. Bir məqamda o da əlini çəkir. Rejissor ağacları bir yerə toplayıb
üstünə neft töküb yandıran adamdır. Sonra biz saatlarla oturub ocağa baxırıq. Biri birdən qayıdıb deyir “rəhmətlik nənəm
deyərdi ki, ocağın üstünə neft tökməzlər”.
Bu ocaq nə mahiyyət kəsb edir nənə
üçün? Nənə yoxdur axı
onun içində. Nənəni
yandırmadıq axı biz. O ocağın alovu nənəni
də, babanı da yada salır. Ölənimizi
də, qalanımızı da. Sevgimizi də.
- On ildir dublyaj sahəsində
çalışırsınız. Dublyaj nədir?
Orada proseslər necə gedir?
- Dublyaj
prosesi dörd iri zalda baş verir. Zalın o
başında televizor var. Zalın tən ortasında uzun bir
masadır. Masanın üstündə 4
arakəsmə var. Hərəsində bir aktyor oturur, bir
mikrofon olur. Qulaqlarında qulaqcıq olur.
Qulaqcıq vasitəsilə televizordan bizə
görüntü ötürürlər və biz filmi
eşidirik. Ona baxaraq
qarşımızdakı filmin mətnindən səsləndiririk.
İngiliscə eşidirik, amma əlimizdə Azərbaycan
tərcüməsi olur. Proses bu ardıcıllıqda
davam edir. Azərbaycanda dublyaj eləmək
üçün mükəmməl aktyor olmalısan. Yəni qaçaraq, müharibənin içində
olaraq, uzanaraq, uçaraq və sair prosesləri dublyajda oturaraq
səsləndirməlisən. Ölkədə
bu işi yerinə yetirəcək aktyor barmaqla sayılacaq qədər
azdır. Çox kanallarda dublyaj bərbad
vəziyyətdədir. Az TV-də isə
həqiqətən dublyaj yüksək səviyyədə həyata
keçirilir. Vüsal Murtuzəliyev, Ədalət Məmmədov,
Eldəniz Rəsulov master dublyorlardı. Sadəcə
problem yenə də maliyyə məsələsidir. Dublyaj olunması üçün dünyanın ən
böyük telekanalları bir filmi göstərmək
üçün həmin filmin diskini gedib həmin
“prodakşn”dan alır. Orijinal diskdə 12,16,32
zolaq olur. O zolaqdan biri aktyorların səsidir. Həmin
zolaq silinir, ora Azərbaycan aktyorların səsi qoyulur. Bu halda sistem mükəmməl birləşir. Bizdə həmin diski 70 minə almaq imkanı
olmadığına görə bu prosesi adi disk almaqla həyata
keçiririk. O diskdə də cəmi bir zolaq olur. Təsəvvür edin 32 zolaq sıxışıb
birində cəmləşib. Biz istəsək
də, bundan artıq möhtəşəm dublyaj edə bilmərik.
Televiziyalar maliyyələşib elə bir səviyyəyə
çatmalıdır ki, həmin filmi “prodakşn”ın
özündən ala bilsin. TRT kanalı həftədə
bir dəfə xarici kino verir. Niyə?
Çünki həftədə bir dəfə
70 min ödəyib xarici filmi alır. Ona
görə də xaricdə televiziyalar hamısı serial
çəkir, nəinki dublyaj, çünki daha ucuz başa gəlir.
Bizdə dublyaj edəndə önəmli
saymırlar o filmə baxıldı ya yox. Amma
xaricdə dublyaj olunan filmə bir ayrı maraq var ki, mütləq
baxmalıdırlar. Xaricdə dublyaja
yaxşıda pul verirlər. Bizdə isə bu proses
“edirsən et, etmirsən xoş getdin” kimi
dəyərləndirilir. Nə olsun ki,
yaxşı yazırsan, nə olsun ki yaxşı aktyorsan.
Bir dəfə dublyaj prosesində idim. Həyəcanla
mətni səsləndirirəm birdən yanımdakı aktyor
sual verdi ki, boğazını niyə
yorursan, buna görə sənə əlavə pul verəcəklər?
Bir az utandım ki, özümü niyə
belə həlak edirəm. Sonra anladım ki, gələcəkdə
bu dünyada olmayanda məndən kimsə danışsa, o
dünyada olsam belə səsimə görə xəcalət
çəkməyəcəyəm. Əgər
bir dəfə bu prosesdə xalturaya öyrəşdinsə,
elə bu ardıcıllıqda gedəcəksən. Azərbaycan dublyajında dəyərli uşaqlar
var. Çox istərdim o uşaqlara işlədikləri
televiziya rəhbərliyi dəyər verə bilsin. Həm də bu dəyəri maddi tərəflə
ödəyə bilsinlər.
- Dublyajda mətnlərin özündə
problem az deyil...
- Bəli,
bəzən belə hallar olur. Amma yaxşı
aktyor onu düzəldir. Bu problemin
qaynağı universitetdən gəlir. Çünki
Azərbaycanda heç bir universitetdə kinossenari, kino tərcüməsi
fakültəsi yoxdur. Dilçilərimiz
bu sözlərin qarşılığını tapıblar
ki, biz bilmirik? Məsələn bizim
dublyajda ən çox səhv tutulan söz “lənətə
gələsən” kəlməsidir. Bəs
necə tərcümə edək? İngiliscə deyir
“fuck you”, yəni söyüş kimi. Bu
sözü necə tərcümə edək? Qarşılığı varsa, desinlər, elə səsləndirək.
Dublyajda önəmli məqamlardan biri də
kinodakı səsə uyğun səs tapmalısan. Bu çox vacib bir məsələdir. Onda dublyajda gözəl alınır.
- Dublyajda nə dəyişməlidir?
- İlk növbədə Azərbaycan mədəniyyətinin,
insanların düşüncəsi dəyişməlidir. Düşüncə
dəyişməsə, lap yarım milyonluq kameranı gətirsələr
belə, onunla toy çəkəcəklər. Amma Rasim Ocağova mən əlimdəki telefonu versəydim,
deyərdi a, bu nə qəşəng çəkir və o
telefonla bədii film çəkərdi. Çünki
Rasim Ocağovun düşüncəsi kino düşüncəsi
idi. Amma həqiqətən
xalqımızın dəyərli sənətkarları
çoxdur. Sadəcə onlara qiymət
vermək lazımdır. Onları qorumaq isə
Azərbaycan mədəniyyətinin üstünə
düşür.
Bizim Yol.- 2018.- 18
avqust.- S.15.