“Azərbaycan üçün yeni
perspektivlər açıldı”
Fikrət Yusifov:
“Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya
ABŞ-ın və Avropanın da maraqlarına uyğundur”
“Ölkəmiz
regionun yükdaşıma mərkəzinə çevrilir”
Son günlər
ölkəmizdə, regionda və dünyada mühüm hadisələr
baş verir. Azərbaycanın da iştirakı ilə beş
Xəzəryanı dövlətin birgə Konvensiyaya imza
atması, Rusiya, Türkiyə, İran və başqa ölkələrlə
ABŞ arasında gərginləşən münasibətlər,
qonşu ölkələrdə milli valyutalarda dəyişən
konyuktura, xüsusilə, Türkiyə iqtisadiyyatında gedən
mürəkkəb proseslər haqqında Bizim Yol-un
suallarını iqtisad elmləri doktoru, professor, “Ekonomiks”Beynəlxalq
İiqtisadi Araşdırmalar Birliyinin sədri, Azərbaycanın
keçmiş maliyyə naziri Fikrət Yusifov
cavablandırır.
– Xəzərin
hüquqi statusu haqqında avqustun 12-də Qazaxıstanın
Aktau şəhərində imzalanmış Konvensiyanın Azərbaycan
üçün, Azərbaycanın regional və qlobal proseslərə
və layihələrə inteqrasiyası baxımından əhəmiyyəti
nədir?
– Təməli hələ XVIII əsrin iyirminci illərində qoyulmuş Xəzərin hüquqi statusu nəhayət ki, bu günlərdə öz həllini tapdı. Buna qədər xəzəryanı ölkələr Sovetlər Birliyinin süqutundan sonra 1990-ci illərin əvvəllərindən başlayaraq müxtəlif səviyyələrdə müzakirələr aparırdılar. Təbi ki, ölkələr arasında çoxsaylı fikir ayrılıqları mıvcud idi. Bu uzun müzakirələr nəhayətki, hövzə ölkələrini fikir birliyinə gəlib Xəzərin hüquqi statusunu müəyyən edən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə yekunlaşdı. Məsələnin həllində Azərbaycan hökumətinin və şəxsən Prezident İlham Əliyevin xidmətləri xüsusi qeyd olunmalıdır. Azərbaycan regionda reallaşdırılan qlobal layihəlıərin ən öncül təşəbbüskarı və aparıcı icraçısı kimi bu məsələnin də həllində öz sözünü dedi. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi sahil ölkələrinin hər birinə böyük dvidentlər gətirəcək. İmzalanmış Konvensiya çərçivəsində Xəzərdə təhlükəsizlik və sabitlik təmin ediləcək, Xəzəryanı ölkələrin daha sıx qarşılıqlı iqtisadi, ticarət və nəqliyyat əlaqələri qurulacaq.
– Konvensiyada prinsipial məqamlardan biri Xəzərin dibindən qaz kəmərlərinin və başqa kommunikasiya xətlərinin çəkilməsinə dair razılaşma idi. Bu məsələ uzun müddət idi ki mübahisə doğururdu. Bu razılaşma Azərbaycanın təşəbbüskarlarından və fəal iştirakçılarından biri olduğu Cənub Qaz dəhlizi layihəsi baxımından necə əhəmiyyət daşıyacaq?
– Konvesiyanın imzalanması ilə bu məsələnin də həlli üçün yaşıl işıq yandırılmış oldu. Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Türkmənistan qazının Avropaya çıxışı Xəzərin dibindən çəkilə biləcək qaz kəməri vasitəsilə mümkün idi. Bu isə həm Avropanın və həm də Avropanın qaz təchizatının şaxələndirilməsini çox istəyən Amerika Birləşmiş Ştatlarının marağında olan məsələdir. Təbi ki, Türkmənistan qazının CQD vasitəsilə Avropaya daşınması ölkəmizin tranzit yükdaşımalar baxımından əhəmiyyətini bir qədər də artıracaq və Azərbaycanın boru kəməri vasitəsilə nəql edilən qaz valyuta gəlirlərimizin artırılmasını təmin edəcəkdir.
– Azərbaycan
Prezidenti İlham Əliyev imzalanma mərasimindən sonra mətbuat
üçün açıqlamasında bəzi rəqəmlər
söylədi. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat
dəhlizləri vasitəsilə yükdaşımaların
100 dəfədən çox artdığını dedi. Bu
göstəricilərin daha arta biləcəyini bildirdi. Bunu necə
şərh edərdiniz? Bu nəqliyyat arteriyaları Azərbaycana
nə qazandıracaq?
– Azərbaycanın bu gün bölgənin ən aparıcı tranzit yükdaşımalar mərkəzinə çevrildiyi bir dönəmdə Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə əldə edilən üstünlüklər misilsizdir. Biz bununla da tranzit yükdaşımalar sahəsində başladığımız qlobal işlərin hüquqi cəhətdən etibarlılığını daha da möhkəmləndirdik. Azərbaycan artıq tranzit yükdaşımalar məqsədilə yaratdığı dəhlizlər vasitəsilə daşınan yüklərin həcminin sürətlə artmasına rəvac verib. Xəzərin hüquqi statusunun müəyyən edildiyi Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında ölkə Prezidenti İlham Əliyev Azərbaycanın bu gün Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirildiyini xarakterizə edən faktları səsləndirdi: “2017-ci ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Bu layihə Asiya ilə Avropanın dəmir yollarını birləşdirir. Ötən il bu marşrutla 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək 4 minə yaxın konteynerin daşınması planlaşdırılır…. Ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınmışdır. Bu isə yükdaşıma həcminin ötən illə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir”. Növbəti illərdə bu yüklərin həcminin dəfələrlə artımı gözlənilir. Nəqliyyat arteriyalarının bu qədər yüksək bir səviyyədə qurulması Azərbaycanı regionun ən mühüm tranzit yükdaşımalar mərkəzinə çevirir. Şərqlə qərb, şimalla cənub arasında daşınacaq yüz milyonlarla ton yüklərin Azərbaycan iqtisadiyyatına verə biləcəyi dvidentlər kifayət qədər böyük olacaqdır.
– Tərəflər Xəzərdə müvafiq blokların birgə işlənməsi haqqında razılığa gəlmişlər. Bu, İranla və Türkmənistanla Xəzərin karbohidrogen ehtiyatları ilə bağlı məsələdə mübahisəli məqamları aradan qaldırdımı?
– Xəzərin hüquqi statusunun müəyyən edilməsi Xəzər dənizinin dərinliklərində yerləşən və indiyə qədər mübahisəli hesab olunan neft və qaz yataqlarının bundan sonra normal şəkildə işlənməsinə yaşıl işıq yandırdı. Bəlli məsələdir ki, bir neçə illər idi ki, Azərbaycanla İran və Türkmənistan arasında dənizin dibində sərhəddə yerləşən belə yataqlarla bağlı mübahisələr davam edirdi. Xəzərin hüquqi stausunun müəyyən edilməməsi səbəbindən onların işlənməsi ilərlə idi ki, problemə çevrilmişdi. İmzalanan Konvensiya bu mübahisəli məsələlərin həllində öz sözünü deyəcək. Bir sözlə, Xəzərin hüquqi statusunun müəyyən edilməsi Xəzər sahilində yerləşən ölkələrdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşmasına aid məsələlərin həlli üçün də geniş perspektivlər açır.
– Xəzərin
hüquqi statusuna dair Konvensiyayabeynəlxalq səviyyədə
reaksiya necə oldu? Sizcə, bu, Azərbaycanın ən
böyük ticarət tərəfdaşlarından olan Avropa
İttifaqı və eləcə də, ABŞ-la münasibətlərə
ciddi anlamda mənfi təsir edəcək, yoxsa əksinə?
– Əvvəldə qeyd etdiyimiz kimi Konvensiya başlanğıcda Xəzərin dibi ilə Türkmən qazının CQD vasitəsilə Avropaya çatdırılmasına imkan yaradacaq. Bu isə Avropanın və ABŞ-ın maraqlarına tam cavab verir. Xəzərin hüquqi statusunun müəyyən edilməsi bizim tərəfdaşlarımız olan ABŞ və Avropa İttifaqı ilə münasibətlərimizə heç bir mənfi təsir göstərməyəcək. ABŞ və Avropanın bu məsələnin həllində başqa maraqları olsaydı onu çoxdan ortaya qoyardılar. İllərlə davam edən bu mübahisəli məsələnin uğurla həllini Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi də yüksək qiymətləndirdi. Ümumiyyətlə isə Xəzərin hüquqi statusunun necə müəyyən edilməsi səlahiyyəti müstəsna olaraq Xəzəryanı ölkələrə məxsusdur və onlar da uzun müzakirələrdən sonra bu problemi Konvensiyada əks etdirilmiş şərtlər çərçivəsində çözdülər.
– Azərbaycanın
ən böyük ticarət tərəfdaşlarlndan biri olan
qardaş Türkiyə Cümhuriyyətinə qarşı
ABŞ-ın başlatdığı iqtisadi müharibənin
Türkiyənin və eləcə də, Azərbaycanın
iqtisadiyyatına, xüsusilə də Azərbaycan-Türkyə
münasibətlərinə təsiri necə oldu? Azərbaycan
şirkətlərinin Türkiyədəki, Türkiyə
şirkətlərinin Azərbaycandakı fəaliyyətinə
hər hansı maneə ola bilərmi?
– Hər üç qonşu ölkədə milli valyutaların ətrafında baş verən hadisələr siyasi müstəvidə Amerika Birləşmiş Ştatları ilə bu ölkələr arasında yaranmış gərginliyin bilavasitə məntiqi nəticəsidir. Rusiyaya və Türkiyəyə qarşı yeni sanksiyaların tətbiqi, İrana qarşı köhnə sanksiyaların bərpa edilməsi və ilin sonuna döğru daha sərt sanksiyaların tətbiqinin nəzərdə tutulması, hər üç ölkədə təlaş yaratdı. Milli valyutalar ucuzlaşması uzun müddət davam edərsə, bu qonşu ölkələrin ixrac potensialının azalması və bütövlükdə iqtisadiyyatının zəifləməsinə gətirib çıxaracaqdır. Bir sözlə bu təlaşın milli valyutalar ətrafında yaratdığı zəncirvari reaksiya qonşu ölkələrin iqtisadiyyatını və maliyyə sistemlərini çökdürə biləcək qədər təhlükəlidir. Ona görə də yaranmış şəraitdə daha təmkinli davranmaq vəziyyətdən çıxışın əsas yolu hesab olunmalıdır. Bəs qonşu ölkələrin milli valyutaları ətrafında baş verən hadisələrin bizim ölkənin maliyyə sisteminə və bütövlükdə iqtisadiyyatımıza hansı təsirləri ola bilər?
İlk öncə milli valyutaların kəskin ucuzlaşdığı qonşu ölkələrdən idxalın daha sərfəli olacağı diqqət çəksə də belə idxalın bir başqa çatışmayan cəhəti ondan ibarətdir ki, əvvəlkindən daha ucuz idxal daxili bazarda yerli istehsalımızın rəqabət qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Digər tərəfdən, qeyri-neft sektorundan ixrac etdiyimiz məhsullar ixrac ölkələrindəki yerli məhsullarla rəqabət aparmaq imkanlarını itirə bilər. Çünki bu ölkələrdə istehsal olunan məhsulların milli valyutaların ucuzlaşması səviyyəsində bahalanması mümkün deyil. Bu səbəbdən biz ixrac etdiyimiz məhsulların ziyanla başa gəlməsi ilə üz-üzə qala bilərik. Bu səbəbdən də yaranməş vəziyyətlə bağlı müəyyən addımlar atmağımız gərəkdir.
– Regionumuzun
üç böyük ölkəsinə Rusiyaya, Türkiyəyə
və İrana ABŞ-ın tətbiq etdiyi sanksiyalar Azərbaycanın
bu dövlətlərlə iqtisadi-ticarət əlaqələrində
hansı nəticələr doğura bilər?
– Nəzərə alaq ki, qeyri-neft ixracımızın böyük iki bazarından biri Rusiya, digəri Türkiyədir. Bu ölkələrin milli valyutaları davamlı şəkildə ucuzlaşarsa biz artıq gözləmə mövqeyi tutub dayanmamalıyıq. Yəni həmin ölkələrin milli valyutalarının davamlı ucuzlaşacağı tədqirdə manatın məzənnəsinin tədricən yumşaldılması baş verməlidir. Əks halda nə daxili bazarda nə də xarici bazarda yerli məhsullarımızın rəqabət qabiliyyətli olmasını təmin edə bilmərik. Bu isə yerli istehsala böyük zərbə olar. Müəssisələr bağlanar, iş yerləri itirilər və ümumi iqtisadiyyatımız itkilərə məruz qalar. Qeyri-neft sektorunun indiki sürətli inkişafı mərhəlləsində buna yol vermək olmaz. Qonşu ölkələrin maliyyə sistemində baş verən hadisələr onların iqtisadiyatına da ciddi ziyan yetirəcək. Bu isə öz növbəsində bu ölkələrlə ticarət əlaqəsi olan bütün ölkələrə o cümlədən Azərbaycana öz təsirini göstərəcək. Azərbaycanın xarici ticarət dövriyyəsinin dörddən biri Rusiya ilə Türkiyənin payına düşür. Bu kifayət qədər böyük bir rəqəmdir. Digər tərəfdən bizim qeyri-neft ixracımızın da əsas bazarı bu iki ölkədədir. On görə də indidən qabaqlayıcı tədbirlər görməyə başlamalıyıq.
– Region ölkələri
ilə, o cümlədən Türkiyə ilə Azərbaycanın
milli valyutalarla ticarət etməsinin müsbət və mənfi
tərəfləri hansılar ola bilər?
– Bu məsələdə bir qədər zamana ehtiyac olacaq. Bunu tək Türkiyə istəmir. Rusiya, Çin, Hindistan, Braziliya kimi nəhəng dövlətlər və digər başqa ölkələr də dollar asılılığından qurtulmaq yolu seçiblər. Problem ondadır ki, dollar dünyada rəsmi etolon valyuta rolunu 1946-cı ildən daşıyır və bu səbəbdən də onun valyuta bazarlarında, hesablaşmaların aparılmasında, ölkələrin valyuta ehtiyatlarının formalaşmasında rolu hələlik aparıcıdır. Bu asılılıqdan dolların etalon rolunun alternativ variantını işləyib hazırlmaqla tədricən qurtulmaq mümkündür.
Gülnarə
ƏMİRQIZI
Bizim Yol.- 2018.- 18 avqust.- S.11.