“Bu işi mən
axtarmadım, iş özü məni tapdı”
Omanda işləyən azərbaycanlı
musiqiçi: “Məktəb dərsləri səhrada,
palmaların altında keçirilir”
Mətanət
Azmanlı Avropa musiqisi üzrə yüksək səviyyəli
mütəxəssisdir. O, 7 ildir Oman sultanlığında ərəblərə
klassik musiqidən dərs deyir.
“Report”
Mətanət Azmanlının müsahibəsini təqdim edir.
- Azərbaycandan gedib xaricdə işləmək və musiqini tədris etmək ideyası necə
yarandı?
- Bakıda anadan olmuşam. Bülbül adına Musiqi Məktəbində təhsil almışam. 1993-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını, yəni indiki Musiqi Akademiyasını bitirmişəm. İxtisasım fortepianodur. Bir müddət sonra 11 illik musiqi məktəbində də çalışmışam.
Dünyaya çıxış haqqında hər zaman fikirləşmişəm, çünki, alətim elə alətdir ki, hər yanda istifadə edilir. Antarktidaya da getsəm, orada alət tapib musiqini öyrədəcəyəm, çünki onu tədris, təbliğ etməyi çox sevirəm. Ali məktəbi yeni bitirən vaxtlarım idi. O zaman xaricə axın çox idi. Hətta olub bir-iki dəfə aeroportun yanından keçəndə səmaya baxıb düşünmüşəm ki, təkcə bu təyyarəyə minib xaricə elə-belə getmək istəmərəm. Nə vaxtsa getsəm, yalnız iş təklifi ilə, bir ixtisas sahibi kimi gedərəm.
- Bu
işi necə tapdınız?
- Bu işi mən axtarmadım, iş özü məni tapdı. Qohumumuzun biri yas yerində olub. Eşidib bir nəfər qadın deyir biz Oman sultanlığında Sultan Qabus Universitetinə pianoçu axtarırıq. O da məni təklif edib. Axşam da zəng gəldi, Oman Sultanlığında işləmək təklifi olundu. Nömrəni dedilər, yazdım. Dəstəyi qoyduqda yoldaşıma dedim, biz Oman Sultanlığına işləməyə getsək, buna necə baxarsan? O, da dedi özün bilərsən. Qohumlar da gülə-gülə “səni Oman Sultanlığına göndəririk” dedilər. Mən də zarafatyana soruşdum o ölkə haradadır? Dedilər, biz bilmirik, aç xəritədə bax, internetdə maraqlan. Sonra nəsə nömrəni yığdım. Dəstəyi götürən insan dedi, xanım siz işləməyə gedirsiniz Omana, ya yox. Bu zarafat deyil, çox gözəl imkandır. Müqaviləni əldə etmək üçün əsər çalmalısan, göndərməliyik, sənədləri hazırlamalısan. Sonda soruşdum, mən hansı dildən istifadə edəcəyəm. Cavab verdi, sözsüz, ingilis dilindən. Soruşdu, siz ingiliscə danışırsınız? Dedim yox. Sabahdan kursa yazılın, ingilis dilini öyrənin, söylədi. Qardaşımın yanına getdim. Onun ingilis dili çox yaxşı idi. 3 ay özüm ilk müsahibəyə qədər məşğul oldum. Bu müddətdə özümü təqdim etmək səviyyəsinə qədər öyrəndim. Müsahibəyə həmin universitetin musiqi departamentinin müdiri və bir qrup insan gəlmişdi. Səhnədə ifa etdim, sonra özüm haqqında danışdım. Onlar üçün müsəlman mütəxəssis olmağım çox vacib məsələ idi. Məndən fərqli şəkildə soruşdular, siz ərəbcə nə danışa bilirsiniz? Dedim ərəbcə bilmirəm. 3 dəfə “siz niyə ölkəyə gəlmək istəyirsiniz” sualını verdilər. 2 dəfə “işləməyə gedirəm” cavabını verdim. 3-cü də artıq CV-yə baxanda soruşdum “bu insan məndən nə istəyir”. Onda musiqi departamentinin nümayəndəsi təzədən soruşdu “siz müsəlmansınız”. Dedim bəli. Soruşdular nə bilirsiniz? Cavab verdim fatihə surəsi, ixlas surəsi və sair surələri. Onda gülümsəməyə başladılar.
- Bu
müsahibə neçənci ildə baş
tutub?
- 2011-ci ilin mart
ayında. 5 azərbaycanlı müsahibədən keçdi. Sənədləşmə bir qədər vaxt
apardı. Həmin ilin oktyabrında Omana getdim.
- Ora getdikdə nə baş verdi?
- Musiqi departamentinin müdiri çox dindar adam
idi və Oman sultanlığı haqqında
bizə bir qədər yanlış məlumat vermişdi. Deyirdi, çox bağlı geyinməlisiniz. Yola çıxmağıma 1 həftə
qalmış artıq
hiss etdim getmək istəmirəm. Uyğunlaşmaq məsələsində qorxu yarandı. 1 ildən sonra
gördüm heç
də təsvir edilən kimi deyil. Ölkənin insanları çox
mehribandırlar. Artıq 7 ildir
Omandayam. Müxtəlif ərəb ölkərindən
- İordaniya, Qətər,
Əlcəzair, Bəhreyndən
tələbələrim olub.
Dövlət çox gəncdir.
45 ildir Sultan Qabus
hakimiyyətə gəlib
və orada islahatlar keçirilir.
Bizim indiki tələbələrimizin valideynlərinin
doğum şəhadətnamələrində
doğum ili
hələ də düzgün yazılmayıb.
Məktəb dərsləri səhrada,
palmaların altında
tədris olunur. Amma Sultan Qabus Universitetinin çox gözəl binası var. Musiqi təhsil sistemi qətiyyən yoxdur.
Ora bundan illər öncə əvvəl ingilislər ABRCM, TRİNİTİ sistemini gətiriblər.
Səyyar bir sistemdir.
Hazırda ondan istifadə
edilir.
- İqlim
mühiti nə dərəcədə problem doğurdu?
- İqlim mühitinə
hələ də uyğunlaşmamışam və
çətin uyğunlaşım. İstini sevməmişəm
indiyə qədər.
Bayırda 15 dəqiqə dayandıqda
halın dəyişir.
İnsanlar səhər
dörd beş
arası oyanıb işlərini görür.
Universitetdə tədris günorta
birə qədərdir.
Ümumiyyətlə səhər dörddən
oyanıb aktiv həyata başlayan, artıq saat on birdə yorulur. Ramazan ayında çox passiv həyat tərzi keçirirlər.
Qışda təxminən müsbət
25-26, yayda 50-60 dərəcə
isti olur. Kondisionersiz həyat mümkün deyil. Su məsələsi
çox maraqlıdır.
Səhra
olsa da, hər yan gül-çiçəkdir.
Çünki okean suyunu təmizləyib suvarmada istifadə edirlər.
Amma içməli suyu hər kəs alır.
- Hazırda ingilis dili sizdə
nə səviyyədədir?
- “Intermediate” imtahanının sertifikatını hələ
Omana təzə işə gedəndə almışdım. Tələbələrimlə ingilis və
ərəb dillərinin
qatışığı bir
dildən istifadə edirəm. Ərəb dilində artıq
tam anlayıram.
- Ora gedəndə, deyəsən,
heç maşın sürməyi belə bacarmırdınız...
- Mən özümü tanıyandan demişdim ki, həyatımda bir şey olacaq,
onu mən heç zaman etməyəcəyəm. O da
maşın sürmək
idi. Bu işi
sevməmişəm heç
vaxt. Orada nəqliyyat demək
olar yoxdur, indi-indi inkişaf edir. Hər kəsin maşını
var. Bunsuz mümkün
deyil.
- Sultan Qabus islahat etdikdən sonra ölkədə nə dəyişikliklər
oldu?
- Sultan Qabus gələnə
qədər hakimiyyətdə
atası olub. Ölkə kasıb yaşayırdı.
İnsanlar ayaqyalın, geyimləri
çox kasıb idi. Sultan Qabus
İngiltərədə təhsil
alıb. O, hakimiyyətə
gəldikdən sonra təhsilə böyük
yatırım edir. Tələbələri xaricə göndərir.
- Həyatınızın
bir dövrünü bir cür yaşamısınız,
sonra ömür tamam başqa bir axarla gedib.
Bu sizin üçün
uğurlu bir gediş oldumu?
- Mən uğurlu hesab edirəm. Necə arzulamışdımsa, elə
də oldu. İstədiyim kimi müqavilə
ilə başqa bir ölkəyə dəvət etdilər.
Müqaviləmə əsasən yaşayış
yeri ilə təmin etdilər, tibbi sığortam var. Lakin tibb sahəsi
Sultan Qabus gələndən
sonra inkişaf edib. Əsasən hindistanlılar tibb
sahəsində çalışır,
yerli mütəxəssislər
hələ tam yetişməyib.
Çünki az vaxt keçib.
- Hazırda gənclərin xaricə getmək həvəsi çoxdur. Onlara nə məsləhət
verərdiniz?
- İlk öncə
ünsiyyət qurmaq bacarığını mənimsəsinlər. Təhsil məqsədi
ilə, müqavilə
ilə mütəxəssis
kimi gedənləri dəstəkləyirəm. Lakin, mütəxəssislərin ölkəmizdən
getməsi də yaxşı bir hal deyil. Mən də o arzu ilə yaşayıram ki, bəlkə nə vaxtsa Azərbaycanda elə bir tədris yeri olar, mən
qayıdaram, orada çalışaram, öyrəndiklərimi
öz övladlarımıza
öyrədərəm.
Bizim Yol.- 2018.- 21 avqust.- S.15.