“İstəmirdi
ki, dostları onu xəstə görsünlər”
Məşhur aktyor Şahmar Ələkbərovla
bağlı maraqlı xatirələr
Bu
gün görkəmli kino aktyoru və rejissor Şahmar Ələkbərovun
anadan olmasının 75-ci ildönümü tamam olur.
Modern.az-ın
məlumatına görə, Şahmar Ələkbərov
1943-cü il avqustun 23-də Gəncədə dünyaya
göz açıb. Atası əslən cəbrayıllı
Zülfüqar kişi, anası kökü Tiflisə
bağlı İzulət xanımdır. Şahmarın 9
yaşı olanda ailəsi Gəncədən Bakıya
köçüb. Orta məktəbi 15 yaşında bitirib. O
zaman Şahmar evdə bildirir ki, sənədlərini Dövlət
Universitetinin şərqşünaslıq fakültəsinə
verəcək, amma məlum olduğu kimi belə etmir və
anası İzulət xanım buna bərk əsəbləşir,
çünki İzulət Ələkbərova Azərbaycanda
açılmış ilk pedaqoji texnikumun birinci məzunlarından
idi və oğlunu səhnədə görmək istəmirdi.
Şahmar
Ələkbərov isə tuttuğu yoldan geri dönmədi...
O, cəmi
49 il yaşadı. Amma bu müddətdə
yaratdığı obrazlarla, çəkdiyi filmlərlə
adını əbədi olaraq kino tariximizə yaza bildi.
ŞahmarAzərbaycan
İncəsənət İnstitutunun aktyorluq fakültəsində
Rza Təhmasibin kursunda təhsil alıb. Hələ
üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrına işə götürülüb.
Teatrda ilk dəfə Şekspirin "Lope de Veqa"
tamaşasında çıxış edib. "Ustalar"
tamaşasında qazandığı uğurdan sonra
böyük tamaşaçı auditoriyasının rəğbətini
qazanıb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərîv
onu kinostudiyanın nəzdində özünün
yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət
edib. Şahmar Ələkbərov "Azərbaycanfilm"
kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət
göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent
kimi institutda saxlanılıb. Şahmar Ələkbərîv
teleradio sahəsində də fəal olub. O, radioda ilk dəfə
"Ulduz" proqramının aparıcısı kimi
çıxış edib. Bundan başqa, onlarla televiziya
tamaşasında yaddaqalan obrazlar yaradıb, "Molla Nəsrəddin"
radio verilişinin aparıcısı olub, bir çox filmlərin
dublyajında iştirak edib.
Şahmar
Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə
filmlər var ki, onlar milli mənəvi dəyərlərimizin
ən qiymətli nümunələri sırasındadır.
Bunun səbəbi isə bu filmlərin milli mənəvi dəyərlərimizə
söykənərək tariximizin müəyyən
dövrünün real ab-havasını canlı əks etdirməsidir.
Ümumiyyətlə,
20 illik yaradıcılığı dövründə
müxtəlif rejissorlarla işləmişdi Şahmar Ələkbərov.
“Dağlarda döyüş”dən başlamışdı onun
ilk aktyor karyerası. Şahmar Ələkbərovun
yaratdığı Qəzənfər ("Yeddi oğul istərəm"),
Oğul ("İntizar"), İman ("Axırıncı
aşırım"), Arif ("Həyat bizi
sınayır"), Azad ("Bakıda küləklər əsir"),
Qatır Məmməd ("Gəncəbasarlı
qisasçı"), Feyzi ("Firəngiz"), Gündüz
Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək"),
Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"),
Xaliq ("Qocalar, qocalar..."), Cümşüd ("Avqust gələndə"),
İbrahim ("Atları yəhərləyin") kimi obrazlar
bir-birindən fərqli, xarakter və dünyagörüşcə
müxtəlif insanlardır. Ancaq onları birləşdirən
Şahmar Ələkbərovun aktyor istedadı, gözəl
ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbətidir.
Şahmar
Ələkbərovun elə qəhrəmanları var ki,
onları xatırlamamaq mümkünsüzdür. "Yeddi
oğul istərəm" filminə tamaşa edəndə
hamımız Qəqəninin "Ölmə, Qəzənfər
dayı, ölmə!" deyə onu yaralı halda
qucaqladığı səhnəni səbirsizliklə gözləyirik.
Bu çox nadir səhnələrdəndir ki, hətta
ölüm anında aktyor tamaşaçını faciənin
içərisindən qoparıb təbəssümə
qovuşdurur. O, bunu bacarırdı və bu, hər aktyora xas
olan keyfiyyət deyildi.
Şahmar
Ələkbərov kinoda rejissor kimi də sözünü
deyib. Onun bu sahədə ilk işi Gülbəniz Əzimzadə
ilə birgə çəkdiyi "İmtahan" filmi olub.
Sonra "Sahilsiz gecə"ni çəkib. Şahmar Ələkbərovun
ssenarisi əsasında ekranlaşdırılan "Qəzəlxan"
filmi də uğurlu alınıb. Bu film Azərbaycanın
görkəmli şairi Ə.Vahidin həyat və
yaradıcılığının müxtəlif
anlarını canlandırır.
Xalq
artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərov
1992-ci il avqustun 12-də vəfat edib.
O, yeddi il əzab-əziyyətli xəstəliklə
mübarizə aparıb. Stomatoloqda dili zədələnmişdi,
çəkilişlərdə soyuqladığı
üçün zədə xoraya çevrilmişdi.
Şahmar Ələkbərov mürəkkəb müalicə
terapiyalarına, xəstəliyinin fəsadlarına mətinliklə
dözürdü. Çox möhkəm iradəli adam idi. 1992-ci
ilin qışında ailəsi tərəfindən
Almaniyanın Hamburq şəhərinə aparılıb, amma
orda da xəstəliyinə bir çarə tapılmayıb.
Bakıya
qayıdanda Şahmar Ələkbərov xəstəxanaya yerləşdirilib.
Uzun sürən əzab-əziyyətdən sonra görkəmli
kino xadimi, xalq artisti və əməkdar artist, dövlət
mükafatı laureatı Şahmar Ələkbərov 49
yaşında dil xərçəngindən vəfat edib.
Onun əkiz
qızları – Ləman və İzulət yadigar qalıb.
Şahmar
Ələkbərovun həyat yoldaşı Kamilla Ələkbərova
və qızı Ləman Ələkbərova Bakıda
yaşayır. Ləman xanım ixtisasca pediatrdır (uşaq həkimi).
Bakıda yerləşən xəstəxanalardan birində
çalışır. Kamilla xanım təqaüddədir.
Aktyorun
digər qızı İzulət xanım xaricdə
yaşayır. Onun həyat yoldaşı Fuad İsgəndərov
Azərbaycanın Belçika krallığındakı
fövqəladə və səlahiyyətli səfiridir.
Təəssüf
ki, Ələkbərovlar nəslində yeganə aktyor
Şahmar Ələkbərov olub. Nəsildə onun yolunu davam
etdirən kimsə yoxdur. Kamilla xanım çox istərdi ki,
nəvələrindən hansısa biri həyat
yoldaşının yolunu davam etdirsin. Lakin bu, Kamilla xanım
üçün arzu olaraq qalır.
Şahmar
Ələkbərov haqqında onun dostu, tələbə
yoldaşı, teatr və kino aktyoru Tariyel Qasımov
danışır:
“Dost
olduğumuza görə üçümüz də
sənədlərimizi
İncəsənət İnstitutuna verdik”
“1963-cü
ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və
kino aktyorluğu fakültəsini qəbul olunmuşam. Bir
kursda 20 nəfər – 10 qız, 10 oğlan olmuşuq.
Şahmar Ələkəbərov, Həsən Əbluc, Səfurə
İbrahimova, Nurəngiz Gün, Bayram Hacıyev,
Yalçın Rzazadə ilə bir kursda oxumuşuq.
İçimizdə ən istedadlımız Şahmar Ələkbərov
olub, yəni bütüm müəllimlər inanırdılar
ki, o gələcəkdə böyük bir aktyor olacaq. Amma həmin
kursdan Yalçın Rzazadə kimi müğənni, Həsən
Əbluc kimi gözəl aktyor, Səfurə İbrahimova kimi
gözəl aktrisa çıxıb. Mən də onların
içində olmuşam.
Şahmar,
mən, Həsən (Həsən Əbluc) dost olmuşuq. Biz
tanış olanda hələ İncəsənət
İnstitutunda oxumurduq. Mən Bədən Tərbiyəsi
İnstitutunda, Həsən Politexnik İnstitutunda, Şahmar isə
10-cu sinifdə oxuya-oxuya Lütfi Məmmədbəyovun dram dərnəyinə
gəlirdik, sonra ora xalq teatrı oldu. Orada tanış
olmuşuq və dost olduğumuza görə qərara gəldik
ki, aktyorluğa gedək. Üçümüz də sənədlərimizi
Teatr İnstitutuna verdik və qəbul olduq. Dostluğumuz oradan
başlayıb.
İkinci
kursu qurtarıb, üçüncü kursa keçmişdik.
Hamı tətilə çıxmışdı. Mən
Ağstafa rayonundan olduğum üçün rayona, kəndimizə
gəlmişdim. Biz yay vaxtı yaylağa gedirdik, anam,
uşaqlar yaylaqda idi. Amma mən nədənsə kənddə
qalmışdım. Aradan bir 10 gün keçmişdi ki, bir də
gördüm, Həsən Əbluc, Şahmar Ələkbərov
və müəllimimiz Məlik Dadaşov bizim kəndə gəldilər.
Atam onları qarşıladı, hamımızı yaylağa
göndərdi. Yaylaqda dincələn vaxtı meşədə
bir erməni dəlləyinə rast gəldik və Şahmar, Həsən, mən qərara
gəldik ki, başımızı keçəl
qırxdıraq.
İstəyirdik
instituta gələndə uşaqlardan fərqlənək ki,
biz kənddə, yaylaqda olmuşuq, başımız da
keçəldi. Mən onların ikisindən də yaşda
böyük idim. Bizdə ən kiçiyi Şahmar idi. Yəni
Şahmar Həsəndən bir-iki yaş, Həsən də məndən
bir dörd yaş kiçik idi. Ən böyüyü mən
idim. Dedim ki, ən kiçiyimiz kimdirsə, o
qırxdırsın başını. Şahmar dedi: “Niyə,
yol böyüyündür. Əvvəlcə böyük
qırxıdırsın”. Yəni mən
qırxdırmalıyam da. Mən də oturdum
başımı keçəl qırxdırdım. Məndən
sonra Həsən gəlirdi, Həsən də
başını keçəl qırxdırdı. Növbə
Şahmara çatanda bir də gördük Şahmar meşəliyə
doğru qaçır. “Adə, hara qaçırsan?”. O
başını qırxdırmaq istəmədi və
qırxdırmadı da. Yəni məni də, Həsəni də
aldatmışdı. Sonra bizim yanımıza gəlib dedi, “ayə,
sizi instituta qəbul etməyəcəklər. İnstitut
keçəl-küçəl yeri deyil”. Yəni mən
saçlı oğlanam, siz keçəlsiniz. Şahmar o vaxt
belə bir zarafat etmişdi”.
“Atam
aktyorluğa getdiyimi biləndə mənimlə əlaqəni
kəsdi”
“Şahmar
Ələkbərov çox sakit, mədəni oğlan idi.
Özü də çox yaxşı oxuyurdu. Eyni zamanda
böyük sənətkar idi. Aktyorluqda heç kim ona
çata bilmirdi. Aktyor var, teatrda yaxşı rollar
oynaya bilər, amma kinoda çəkilə bilmir. Aktyor var,
kinoda şedevr yaradır, teatrda iki addım yeriyə bilmir.
Amma Şahmar həm teatr, həm kino aktyoru kimi
dahi bir insan idi, vəssalam. Mən onu deyə
bilərəm. O, adi bir insan, sadə bir aktyor, amma
istedadlı bir aktyor idi. Həm də yaxşı dost idi. Atam biləndə ki, mən Bədən Tərbiyəsi
İnstitutunu atıb aktyorluğa gəlmişəm, Teatr
İnstitutuna girmişəm, mənimlə əlaqəni kəsdi.
Yəni mənə pul göndərmədi.
Şahmar gördü ki, rayondan gəlmişəm, vəziyyətim
ağırdır, götürdü məni evlərinə
apardı, anasına dedi, Tariyelin atası ondan küsüb, pul
göndərmir, yəni bunun imkanı yoxdu və 4 il mən onların evində qalaraq institutu
oxuyub qurtarmışam.
Şahmar institutu qurtaran kimi hərbi xidmətə getdi. Getməmişdən
əvvəl anasına demişdi ki, “mama, mən əsgər
gedirəm, qoy Tariyel evdə qalsın ha”. Anası
da məni buraxmadı. Yəni mamaşa
(Şahmarın anası olduğuna görə ona mamaşa
deyirdim) tək qaldığına görə mən orada
qaldım. Hətta evləndim və
Şahmar əsgərlikdən qayıdana qədər ailəmlə
o evdə yaşadım. Şahmar gələndən
sonra isə başqa yerə kirayə keçdim”.
““Sahilsiz
gecə” filminə görə onu qınadılar”
“Həqiqətən, Şahmar xəstə olandan sonra
daha çox işləyirdi, elə bil hiss edirdi ki, gedəcək. İstəyirdi
ki, xalqına, tamaşaçılarına yadigar nəsə
qoysun. O, rejissorluq etdiyi “Sahilsiz gecə”, “Qəzəlxan”
filmləri üçün məni çağırıb,
deyib ki, “Qasımov, (Şahmar həmişə məni
soyadımla çağırırdı. Çünki
mən yaşda ondan böyük idim) bax, bu ssenaridir, oxu, hansı
rolu ürəyin istəyir götür, oyna”. Və mən hər iki filmdə oynamışam.
Şahmar o filmləri çəkərkən xərçəng
xəstəliyinə yoluxmuşdu və ağrılarla,
müalicə ala-ala filmlər üzərində işləyirdi.
“Sahilsiz gecə” filminə görə onu
qınadılar. (“Sahilsiz gecə” filmi Zibeydə adlı
bir əxlaqsız qadının həyatından bəhs edir).
Ancaq “Sahilsiz gecə”ni Şahmar yazmamışdı ki, onu
(“Toyuğun Diri Qalması” povesti )
Elçin Əfəndiyev kimi tanınmış bir
yazıçı yazmışdı. Şahmar
Elçin Əfəndiyevin yazdığı ssenari əsasında
kino çəkmişdi. Quruluşçu
rejissor Şahmar idi deyə, ona irad tuturdular ki, bu nə
mövzudur, fahişədən kino çəkirsən? Amma sonra məlum oldu ki, çox aktual bir mövzudur,
həyatda belə şeylər var. Biz indi yalandan nəyisə
gizlədirik, istəmirik, amma belə şeylər var. Əksinə,
o ibrət dərsi olmalıdır. Şahmarın
çəkdiyi film tamaşaçıya çox şey deyə
bilərdi ki, belə olma, vəssəlam. O filmin çəkilişləri
vaxtı Şahmara baxa bilmirdim, xəstəydi, ürəyim
ağrıyırdı. Yəni demək istəyirəm,
“Sahilsiz gecə”ni çox əziyyət çəkə-çəkə
çəkib, amma həqiqətən gözəl film
alınıb”.
“Şahmarla
dostluğumuz o vəfat edənə qədər davam etdi”
“Şahmar çox ailəcanlı idi, ailəsini o qədər
sevirdi. Həmişə ailənin başında idi. Əkiz qızlarını həyatı qədər
sevirdi. Çünki o iki qızın ikisi
də gözəl idi. Şahmar o vaxtkı
“Abşeron” mehmanxanasının restoranında əkizlərin
ikisinin də toyunu bir gündə etmişdi. Özü elə etmişdi. Ola
bilərdi biri gec ərə gedərdi, toyunu görməzdi.
Amma o elə etdi ki, ikisi də eyni gündə
ailə həyatı qurdular.
Şahmarla olan dostluğumuz o vəfat edənə qədər
davam etdi. Şahmar da, Həsən də dostlarına çox
sadiq adamlar idi. Şahmar istəmirdi ki, hətta
ən yaxın dostları olan biz onu xəstə vəziyyətdə
görək, yaxşı deyildi. Dostları
onun elə tez getməyinə yanır, tökülür.
Heç kim istəməzdi, hətta
tamaşaçıları danışdıranda, Şahmar
haqqında söhbət gedəndə, onların üzündəki
ifadədən kədərləri hiss olunur ki, yəni heyf elə
bir sənətkardan tez gedib. Biz də ürəkdən
yanırıq, heyf belə bir dostumuz həyatdan çox tez
getdi. Şahmar kimi gözəl insan, gözəl dost... Allah rəhmət etsin.
Məncə, Şahmar sağlığında yetərincə
qiymətləndirildi. Çünki çox vaxtında həm əməkdar
artist, həm xalq artisti adını alıb. Baxmayaraq ki, müəyyən səbəblərə
görə “Azdrama” dan çıxıb kinostudiyaya getdi, amma o
böyük istedad idi. Mən o səbəbləri
açıb deməyəcəm. Demək istəyirəm
ki, Şahmar teatrda çox işlər görə bilərdi,
amma teatrda az oldu.
Şahmar
Ələkbərov unudulmazdır. Çünki onun çəkildiyi
filmlər ekranda gedir. Mən də müsahibələrimdə
demişəm ki, Şahmarla, Həsənlə dost olmuşuq.
Hətta bizim gənc tamaşaçılar da onu həyatda, ya
canlı səhnədə görməsələr də, mənə
rast gələn kimi o saat Şahmarı da yada salırlar ki,
Şahmar Ələkbərov kimi böyük aktyorla dost
olmusuz. Yəni Şahmar həmişə xatırlanır. O
heç vaxt yaddan çıxmayacaq. Nə qədər ki, Azərbaycan
kinoları ekranda gedəcək, Şahmar da həmişə
yaşayacaq.
Onun
ölüm xəbərini eşidəndə maşınla gəlirdim.
Həyəcanlı olduğumdan maşını vurdum.
Çox böyük qəza olmadı, sonra özüm
maşını təmir etməyə apardım. Yas yerinə
gəldim, Şahmarın evi kinostudiyanın yanında idi. Oradan
da qəbiristanlığa gedib dəfn etmişik. Bizim
yarımız getmişdi... Mənim yaxşı
yadımdadır, Şahmarı qəbrə qoyub
üstünü örtəndə Həsən Əbluc onun qəbri
üstündə möhkəm ağladı və dedi ki,
“darıxma, qardaşım, mən də tezliklə gələcəm”.
Və iki ildən sonra Həsən Əbluc rəhmətə
getdi”.
Bizim Yol.- 2018.- 25 avqust.- S.15.