“Vətənində
bir dalana da adı
verilməyən
Böyük
Azərbaycanlı…”
Bir insana ən dəqiq
dəyəri öz evinin içində yox, kənarda verirlər.
Evin içində verilən dəyər subyektiv yanaşmadan
doğduğundan bir çox hallarda həqiqəti ifadə
etmir, hər kəs öz ayranına turş deməməyə
çalışır. Evdən kənarda, xüsusilə
qürbət ölkələrdə verilən qiymət isə
subyektivlikdən uzaq olduğundan insanın əsl ləyaqət
göstəricisi sayıla bilər.
Bu mənada
azərbaycanlı geoloq alim Fərman Salmanovun
ölümündən sonra belə Rusiya tərəfindən
yüksək qiymətləndirilməsi, ölkəmizdən
min km-lərlə uzaqda yerləşən Surqut aeroportuna onun
adının verilməsi hörmətli alimin hələ də
unudulmayan nüfuzunu göstərir.
Mən bu böyük insanı şəxsən tanımış, onunla dostluq etmiş biriyəm. Bizim dostluğumuzun yaranmasının isə çox maraqlı bir tarixçəsi var. 1990-cı ildə SSRİ Prokurorluğunda işə dəvət olunanda bir müddət “Moskva” mehxanasında yaşayırdım. Bir gün işdən mehmanxanaya qayıdanda Fərman Salmanovla foyedə qarşılaşdım. O zaman Fərman Salmanov bütün SSRİ miqyasında şöhrət qazanan, qəhrəman adı alan, haqqında televiziyalarda, mətbuat orqanlarında geniş informasiyalar yazılan şəxs idi və bu səbəbdən həmyerlimizi tanımaq mənim üçün çətin olmadı. Fərman Salmanov isə uzun illərdən bəri Rusiyada yaşadığından, təbii ki, məni tanımırdı. Mən mehmanxananın foyesində qarşılaşdığım bu qürur mənbəyimizə yaxınlaşıb salamlaşdım və kimi gözlədiyini soruşdum. O da öz cavabında “İlyas İsmayılovu” deyəndə, gözlədiyi şəxsin qarşısında dayandığını bildirdim. Beləcə, bizim bu ilk tanışlığımız başladı və qısa zaman ərzində əsl dostluğa çevrildi.
Fərman Salmanovu SSRİ Prokurorluğunun şöbə rəisi işlədiyim illərdə daha yaxından tanımaq fürsətim oldu. Həmyerlimizin o zamanlarda bütün SSRİ miqyasında, o cümlədən Moskvada böyük nüfuzu vardı. Mən bunu şəxsən görür və sevinirdim. Təsəvvür edin ki, Sovet İttifaqının dağılma prosesi yaşadığı o illərdə SSRİ Baş Prokurorluğunun məsul şəxslərindən biri olmağıma baxmayaraq, ev ala bilməmişdim. Mehmanxanada yaşayırdım. Fərman Salmanov bir gün bunun səbəbini məndən soruşdu, olduqca mühüm vəzifə daşıyan həmyerlisinə paytaxtda ev verilmədiyini eşidincə qəzəbləndi və Moskva şəhər hökumətinin müavininə (milliyyətcə tatar idi) zəng edib, xeyli ötkəm və tələbkar şəkildə “niyə İlyas İsmayılova ev vermirsiniz? Bu, milli ayrıseçkilik deyilmi?” deyə soruşdu. Onun Moskvada səlahiyyətli şəxslərlə bu tərzdə danışması məni daxilən sevindirirdi. Bir neçə gündən sonra məni Moskva şəhər Sovetinə çağırıb adımı ev növbəsində ən yuxarı siyahıya yazdılar. Bir neçə aydan sonra isə 3-otaqlı evlə təmin etdilər. Bir sözlə, mənə Moskvada ev verilməsi Fərman Salmanovun xidmətinin nəticəsi idi.
Fərman Salmanov özü barədə bir
çox əhvalatları da mənə
danışmışdı. Onun barədə yazılan
bioqrafik məlumatlarda qeyd olunur ki, həmyerlimiz Şəmkir
rayonun Morul kəndində anadan olub. Amma əslində o, Qazax
rayonundandır. Sadəcə ailəsinin
qarışdığı bir qan davasına görə öz
yerlərindən didərgin düşüblər. Səhv
etmirəmsə, atasının əmisi oğlu bir adam
öldürmüş və bundan sonra Salamanovlar ailəsi
Qazaxı tərk etməli olmuşdur. Qətldə iştirak
edən şəxs Rusiyanın Başqırtıstan vilayətinə
qaçıb, orada ailə həyatı qurubmuş. Həmin
qohumunun bir oğlu o zaman Rusiya ordusunda general-polkovnik vəzifəsinə
qədər yüksəlmişdi. Adını indi xatırlamasam da,
hamı onu general Salmanov kimi tanıyırdı.
Fərmanın atası isə Şəmkirə
köçmüş, rayonun Morul kəndində məskunlaşmışdı. Fərman da bu kənddə
böyüyüb boya-başa çatıb, ali
məktəbə girmişdi. Sonra tale onu uzaq
Tumenə aparmışdı.
Bir ailədən özü də belə qürbət
ellərdə iki böyük şəxsiyyətin
çıxması Salmanovlar ailəsinin genetik olaraq qabiliyyətindən
xəbər verirdi.
Sözsüz ki, Fərman Salmanov bu nüfuzunu elə-belə
qazanmamışdı. Özünün etirafına görə,
indiki Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən
sonra həmyerlimiz neft axtarmaq üçün Kuzbasa göndərilir.
Kuzbasın relyefini incələrkən, bu ərazilərdə
neft ola bilməyəcəyini anlayır və
qənaətini rəhbər şəxslərlə
bölüşür. Onun fikrincə, neft və qaz kimi maddələr
əraziləri geniş yerlərdə ola
bilərdi. Kuzbasın relyefi isə bu standartlara
cavab vermirdi.
Bütün israrlarına baxmayaraq, səsinin eşidilmədiyini
görən Fərman Salmanov rəhbərliyin
razılığını almadan öz briqadası ilə
Surquta yollanır. Onun bu cəsarətli qərarı rəsmi
dairələri qəzəbləndirir. Haqqında
cinayət işi qaldırmaq istəyirlər. Fərman Salmanovu və daha sonra isə Rusiyanı rəhbərlik
etdiyi kəşfiyyat qrupunun cəsarətli addımları
xilas edir. İşçiləri Fərman
Salmanovun həbs olunacağı təqdirdə tətilə
çıxmaq barədə qərar qəbul edirlər. SSRİ rəhbərliyi kollektivin bu
addımının öz beynəlxalq imicinə zərbə
vuracağından çəkinir və geri addım atmalı
olur. Beləcə, Fərman Salmanovun
qarşısında öz neft möcüzəsini
reallaşdırmaq üçün əlverişli fürsət
yaranır. O, 1961-ci ilin 21 mart tarixində “Megiyon”
yatağını kəşf edir. Həmin
yataqda qazılmış ilk kəşfiyyat quyusu neft
fontanı verir. Salmanov əleyhdarlarına belə bir məktub
yazır: “Möhtərəm yoldaşlar, Megiyonda 2180 metr dərinlikdən
neft fışqırır. Aydındırmı?”
Salmanovun SSRİ Geologiya Nazirliyindəki əleyhdarları
onun bu uğuruna kölgə salmağa
çalışır, kəşfin adi bir təsadüfün
nəticəsi olduğunu vurğulayırlar. Əleyhdarlarının
fikrincə, təbii anomaliya olan bu fantan tezliklə tükənəcək
və çəkilən əziyyətlər heçə gedəcək.
Halbuki, Fərman Salmanovun o zaman
qazdığı quyu indi də Rusiyanın ən böyük
neft yatağı sayılır. Həmin quyudan gündə
200 min barrel “qara qızıl” çıxarılır ki, bu da
bəzi ölkələrin gündəlik neft
hasilatının yarısına bərabərdir.
Bütün dedi-qodulara, maneələrə baxmayaraq, həmyerlilimiz
öz elmi metodlarını tətbiq etməkdən çəkinmir,
qısa müddətdə növbəti uğuruna imza
atır. O,
Üst-Balıqda ikinci neft-qaz quyusunun kəşfindən sonra
zəhmətinin bəhrəsini özünəməxsus
qürur və qələbə sevinci ilə qeyd edir. Sov. İKP-nin 22-ci qurultayına və şəxsən
sovet lideri Nikita Xruşova ünvanladığı iki cümləlik
teleqram da Salmanovun həm sevincinin, həm də rəhbərlik
qarşısında əzmli duruşunun ifadəsi idi: “Mən
neft kəşf etmişəm. Bax belə!”
Sovet geoloqları Salmanovun bu kəşfindən sonra
onunla hesablaşmalı olurlar və və Sibir qısa müddət
ərzində ölkə iqtisadiyyatının aparıcı
qüvvəsinə çevrilir.
Barəsində
müasir dövrümüzün ensiklopediyası sayılan Wikipediada
yazılmış aşağıdakı sözlər də
həmyerlimizin Rusiya iqtisadiyyatına qazandırdığı
gücün qısa ifadəsidir:
“Fərman
Salmanov ömrünün 50 ilini Sovet İttifaqı vı Rusiya Federasiyasının neft-qaz sənayesinə
həsr etmiş, 100-dən artıq nəhəng neft-qaz
yatağını kəşf və ya onların kəşfində
iştirak etmişdir. Belə nəhəng yataqlardan Mamontov,
Megiyon, Pravdinsk, Üst-Balıq, Surgut, Urengoy, Yamburq və s.
misal göstərmək olar. 1978-ci ildən
1987-ci ilə qədər Salmanov Tümen vilayətinin neft-qaz
kəşfiyyatı idarəsi “Qlavtumengeologiyaya” rəhbərlik
etmişdir. 1987-1991-ci illərdə
SSRİ Geologiya nazirinin birinci müavini işləmişdir.
Ölümünə qədərki dövrdə
isə Rusiyanın “İtera Qaz Şirkəti” prezidentinin məsləhətçisi
kimi çalışmışdır.
Fərman Salmanov eyni zamanda geologiya-minerologiya elmləri
doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü
olmuşdur. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və
elmi əsərlərin müəllifidir. O
Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri
və Texas ştatının fəxri vətəndaşı
seçilmişdir. 2018-ci ilin dekabrından
Rusiyanın Surqut şəhərinin hava limanı Salmanovun
şərəfinə adlanacaq. Bu ölkə
daxilində hava limanlarının adlandırılmasına dair
ümumxalq səsverməsinin nəticəsidir”.
Bu sətirlərdən də göründüyü
kimi, Surqut hava limanının Fərman Salmanov adını
daşıması hansısa siyasi qərarın deyil, Rusiya
xalqının ümumxalq səsverməsinin nəticəsidir. Elə bu
faktın özü də həmyerlimizə Rusiyada bəslənən
hörməti, sayqını göstərir. Onun öz məmləkətindən
uzaqlarda, həm də ölümündən 11 il sonra rus
xalqının yaddaşında yaşaması, böyük
ehtiramla yad edilməsi Fərman Salmanov şəxsiyyətinə
və dühasına verilmiş ən böyük qiymət
olmaqla yanaşı, təsadüfi deyil. Həmyerlimiz
böyük uğurlara imza atdığı illərdə
SSRİ-nin Baş naziri olmuş, ittifaq iqtisadiyyatının
böyüməsində, bir çox mühüm
islahatların həyata keçirilməsində önəmli
rol oynamış Aleksey Kosiginin Fərman Salmanov barədə
dediyi bir cümlə onun Rusiya üçün nə dərəcədə
qiymətli olduğunu gözlər önünə sərir:
“Salmanov olmasaydı, Rusiya xalqı Böyük vətən
müharibəsi illərindəki kimi indi də çörək
talonları ilə yaşayacaqdı”.
Doğrudan da bu fikirlərin altında böyük həqiqətlər
gizlənir. Son zamanlar ABŞ-ın böyük basqılarına
Rusiyanın sinə gərə bilməsi Fərman Salmanovun bu
ölkəyə bəxş etdiyi neft və qaz yataqları ilə
əlaqədardır. Rusiya həmin
quyuların hesabına dünyanın ən böyük “qara
qızıl” hasilatçısına və Avropanın faktiki
qaz inhisarçısına çevrilib. Bu
sərvətdən əldə edilən gəlirlərin
hesabına Rusiya öz hərbi qüdrətini gücləndirib,
dünyanın super gücləriylə ölüm-dirim
savaşına girməyi bacarır.
Fərman Salmanovun Azərbaycan xalqına da böyük
xidmətləri olmuşdur. Öz timsalımda
yuxarıda da qeyd etdiyim kimi, o, Rusiyanın müxtəlif dairələrində
həmişə Azərbaycan və azərbaycanlıların
hüquqlarını qorumağa çalışıb,
ölkəmizin neft və qaz sektorunun inkişafında əlindən
gələni əsirgəməyib, ölkəmizin
adını bütün beynəlxalq qurumlarda uca tutub. Təsadüfi deyil ki, onun neft-qaz geologiyasına
verdiyi töhfələr hətta Rusiyanın düşmənləri
tərəfindən də etiraf olunur. Bircə
onu demək kifayətdir ki, Fərman Salmanov öz intellektual
gücü nəticəsində ABŞ-ın əsas neft
bölgəsi kimi tanınan Texas ştatının fəxri
üzvü adını qazanmışdı.
Di gəl
ki, Rusiyanın Surqut şəhərinin hava limanına öz
adını verməyi bacaran, ABŞ-ın Texas ştatının
fəxrü üzvü statusunu qazanan Fərman Salmanovun
adına öz vətənində isə bir dalan belə
yoxdur. Bunun əvəzində eyni rayon ərazisində
yerləşən iki parka belə bir adamın adını
veriblər.
Mən istərdim ki, Bakının görkəmli yerlərindən
birində bu böyük insana əzəmətli bir heykəl
qoyulsun.
İlyas İSMAYILOV
Hüquq elmləri doktoru,
Ədalət Partiyasının sədri
Bizim Yol.- 2018.- 26
dekabr.- S.13.