Barış
Manço əfsanəsi...
1 fevral Onun
anım günüdür...
O, türk rok musiqisinin ən sevilən
və məşhur müğənnisi idi. Ölümündən
sonra belə sevilir, musiqiləri dinlənilir və unudulmur.
Kulis Barış Manço haqıqnda
yazını təqdim edir.
Uşaqlığı
Rok, pop və müasir
türk sənət musiqisi sənətçisi, televiziya
aparıcısı Barış Manço 2 yanvar 1943-cü ildə
Üsküdarda dünyaya göz açıb. Riqqət
Yanık və İsmayıl Haqqı Manço
cütlüyünün dörd uşağından ikincisidir.
O, doğulanda ölkəsi İkinci Dünya Müharibəsi
dövründə olduğu üçün ailəsi ona Məhməd
Barış adını qoyur. Anadolu rok və
pop musiqisinin qurucularından sayılan, uşaq
yaşlarından musiqi təhsili ilə böyüyən
Mançonun anası Riqqət xanım, Türk Sənət
Musiqisinin sənətkarlarından biri idi. O, hətta Zəki
Mürənin də müəllimi olub.
Manço, üç yaşına
çatanda ailəsində problemlər yaranmağa
başlayır. Atası ilə anasının
ayrılığından sonra Barış atası ilə
yaşamağa başlayır. Atası ilə
birgə bir neçə dəfə yer dəyişən
Manço qısa müddət Ankarada da yaşayır. Ailədən gələn musiqi təhsili ilə məktəb
həyatı boyunca həmişə hobbi olaraq bu işlə məşğul
olur və öz-özünə gitara çalmağı
öyrənir. İstedadlı Barış
anasından da piano dərsləri alır.
Karyerası
Barış mahnı bəstələməyə
ilk dəfə “Qalatasaray Liseyi”ndə oxuyan zaman
başlayıb. İki həvəskar qrup yaradan
Manço, onları elə ilk dəfə “Qalatasaray Liseyi”ndə
səhnəyə çıxarır. Qurduğu
qruplardan birinin adı “Kafadarlar”, digəri isə “Harmoniler”
adlanırdı. O, 1959-cu ildə atasının vəfatından
sonra “Qalatasaray Liseyi”ndən ayrılaraq “Şişli Tərəqqi
Liseyi”nə keçir. Liseyi burada tamamlayan
Manço, daha sonra Belçikada universitet təhsili alır.
Buranı birinciliklə bitirən Manço medal
da qazanır.
Daha sonra Almaniyada fransız
komediyaçı Henri Salvadorla tanış
olsa da, onunla razılığa gələ bilmir. Almaniyada böyük qardaşı Savaş
Manço ilə yaşamağa başlayan Barış bir
müddət avtomobil gözətçisi və ofisiant işləyir.
Bu arada mahnı bəsətələməyə
davam edirdi. Almaniyada belçikalı şair Andrea Soulacla
tanış olduqdan sonra, o, Mançonun
sözsüz bəstələrinə söz yazır.
1964-cü ildəki bəstələrindən
sonra tanınan Manço, Türkiyəyə gələndə
buradakı radio işçiləri onun fransız olduğunu
güman edirdi.
1967-ci ildə Barış, Fuad Gülər və
Mazhar Alanson ilə birgə “Kaygısızlar” qrupunu
yaradır. Amma 1970-ci ildə qrup üzvləri
yollarını ayırır. Elə həmin il o, Fransada yeni adsız qrup yaradır. Bu qrupla birgə uzun turneyə çıxaraq 52
konsert verir. Turne zamanı Antalyada konsert verən
Manço qrupundakı xarici əsilli musiqiçiyə görə
həbs edilir. Ertəsi gün məhkəməyə
çıxarılan Manço sərbəst buraxılır və
qrupu ilə birgə Belçikaya dönməli olur.
1972-ci ildə “Kurtalan
Ekspress”i qurduqdan sonra “Gamzedeyim” və “Ölüm Allahın əmri”
mahnılarının yer aldığı ilk valını
çıxarır. İlk valını
çıxardıqdan sonra isə o, əsgərliyə gedir.
Əsgərlikdən gəldikdən sonra işlərinə
daha da sürətlə davam edən sənətçi
1974-cü ildə “Hey” jurnalı tərəfindən “İlin
kişi sənətçisi” seçilir.
1979-cu ildə
çıxdığı Anadolu turnesinin bütün gəlirini
kar və lal uşaqların müalicə və təhsilinə
xərcləyir.
1988-ci ildən Manço
aparıcılıq karyerasına da start
verir. 8 oktyabrdan etibarən “7-dən 77-yə”
proqramı ilə ilk efir günü başlayır. Ailə, uşaq və əyləncə proqramı
olan “7-dən 77-yə” yalnız bazar günlər efirdə
olurdu. Uzun müddət nümayiş olunan
veriliş 378 proqramdan sonra 6 dekabr 1998-ci ildə sona
çatır. Proqramın məşhur
şüarı isə “Adam olacaq uşaq” idi.
Barış 1990-ci ildə
türk-yapon dostluğu fəaliyyətləri
üçün Yaponiyaya gedir və orada ilk konsertini verir. O, 5 Fevral 1992-ci ildə
anası Riqqət xanımı itirdikdən sonra çox kədərli
dövr yaşayır. Ancaq həmin il zirvəyə
çatan pop musiqi bazarında Barış da, “Mega Manço”
albomu ilə böyük uğur qazanır.
1994-cü ildə
Barış Manço o dövrdə Türkiyənin ilk
qadın baş naziri olan Tansu Çillərin “Doğru Yol
Partiyası”ndan Kadıköy Bələdiyyə
Başçılığına namizəd olur. Amma səhhətindəki
problemlərə görə namizədliyini geri çəkməli
olur. Bir il sonra sənətçi
“Müsaadenizle Çocuklar” albomunu çıxarır. Konsert təklifi gəldikdən sonra 1995-ci ildə
Barış Yaponiyaya çox uğurlu turneye
çıxır. 1996-cı ildə konsert
albomu “Live in Japan”da nəşr olunur.
Musiqiləri ilə yanaşı
televiziyada da uğura imza Barışın “7-dən 77-yə”
verilişdən başqa "Ekvatordan qütblərə"
adlı proqramı da sevildi. Öz qrupu ilə birlikdə beş qitədə 100-dən çox müxtəlif
bölgəyə gedən Barış ümumilikdə 600.000
km-ə yaxın yol qət edib.
200-dən çox mahnı bəstələyən
Barış Manço ingilis və fransız dillərini də
mükəmməl bilib. Həyatı boyunca 300-dən çox
mükafata layiq görülən sənətkar Azərbaycanı
da ürəkdən sevib və dəfələrlə ölkəmizdə
konsert verib.
Onun mahnılarının bəziləri
yunan, çex, ərəb, fars, kürt, yəhudi,
ingilis, fransız və s. dillərə çevrilərək
başqa sənətçilər tərəfindən də səsləndirilib.
Şəxsi həyatı
Barış Mançonun ilk
evliliyi uzun illərdən sonra ortaya çıxıb. 1970-ci il
31 yanvar günü Belçikanın Lyej şəhərində
maraqlı nikah mərasimi keçirilib. Nikahda
Barış Mançonun əynində babasından qalan üzəri
gümüş işləməli, bənövşəyi rəngli
175 illik tarixi olan köynək var idi. Gəlin,
belçikalı fotomodel Mariye Klaude isə ağ
gəlinlik əvəzinə qara rəngli geyimdə olub.
Ancaq bu evliliyin ömrü 40
günlük oldu desək yanılmarıq. Nikahdan 40 gün
keçmiş Barış Manço həyat
yoldaşından boşanmaq üçün məhkəməyə
müraciət edir və bunu belə açıqlayır:
“Bir-birimizi anlaya bilmədik. Düşünürəm
ki, ayrılmağımız ikimiz üçün də daha
yaxşı olacaq”.
Ayrılığın əsl
səbəbi isə o zaman “Kayqısızlar” qrupu ilə
çalışan Barış Mançonu gitarada
müşayiət edən dostu Fikrət Kızılok ilə
Mariye Klaudenin bir-birinə aşiq olması idi. Mariye hələ
evli ikən Fikrət Kızılokla birlikdə olmağa
başlamışdı. Bu vəziyyəti
öyrənən Barış Manço da evliliyə heç
bir şey demədən sakitcə nöqtə qoymuşdu.
Barış Mançonun ikinci evliliyi
isə 1975-ci ildə tanış olduğu
Lale Çağlar ilə olub. Cütlük
1978-ci ildə ailə həyatı qurub. Onların
Doğukan və Batıkan adlı iki oğlu var.
Barış Mançonun vəfatından
sonra ölümünə viaqranın səbəb olduğu ilə
bağlı fikirlər yayıldı. Şayiələrə
görə, Barış Manço adı eşq
dedi-qodularına qarışdığı Sevil Demir ilə
birlikdəykən viaqra istifadə etdiyi üçün vəfat
edib. Viaqranın ürək xəstələrində
ölüm riskini artırması məlumatı isə, onun
ani vəfatında daha çox şübhə yaratdı.
Ancaq bu söz-söhbət şayiə olaraq
qalıb və sənətçinin xəstəxana qeydlərinə
görə, onun ölüm səbəbi yüksək təzyiq
olub.
Bu xəbərə ayrı
yaşadıqları iddia olunan həyat yoldaşı Lalə
Manço da münasibət bildirib: “Barış təzyiq xəstəsi
idi. Viaqra qəbul edəcək qədər
şüursuz insan deyildi. Barış belə
bir şeyi əsla istifadə etməzdi. Bu
dedi-qoduları əsla qəbul etmirəm. Ayrılacağımıza
dair söz-söhbətlər yalandı. Uşaqlarım
və evdə çalışanlar da şahiddir. İnsanlar bunu eşitmək istəmir, amma biz həqiqətən
də xoşbəxt idik və ayrılmaq fikrimiz yox idi”.
Barış Mançonun
ölümündən 6 il sonra, sənətçinin 19 il
menecerliyini edən Tamer Şahin, Barış Manço ilə
bağlı “Hələ yazıb çəkəcək bir
neçə satira qaldı” adlı kitabını nəşr
etdirib. Kitabın ön sözünü isə
Barış Mançonun həyat yoldaşı Lalə
Manço yazıb. Tamer Şahin
kitabında Barış Mançonun viaqradan ölməyini qətiyyətlə
inkar edir. Onun iddialarına görə,
Mançonun ölümünə onun şəriki
Sülhü Aksüt və böyük qardaşı Savaş
səbəbindən yaşadığı stress olub.
Tamer Şahin bildirib ki,
böyük qardaşı Savaş Manço ondan xəbərsiz
pullarını öz borclarına ödəyib. Bu məlumatı öyrəndikdən
sonra Barış çox stress yaşayır. Kitabda
Mançonun Sülhü Aksüt ilə şərik olmaqdan da
çox peşman olduğu bildirilir. Xəsisliyi ilə
seçilən müğənninin şəriklik səbəbindən
xeyli pulunu itirməsi də onun stress keçirməsinə səbəb
olub.
O, Barış Mançonun xəsisliyi
ilə bağlı da maraqlı fikirlər səsləndirib:
“Barış Abi heç vaxt özü ilə pul
götürməzdi. Harasa gedəndə də
ödənişi yanındakılar edirdi. Bir
dəfə Mersində konsert üçün getdiyimiz 5 ulduzlu
otelin mağazasından aldığı çimərlik
geyiminə ödədiyi pula çox heyfslənirdi. Hovuza girib çıxdı, baxdım ki, çimərlik
geyiminin etiketi hələ də üzərindədir. Bunu
ona deyəndə mənə cavabı bu oldu: “O qədər
pul vermişəm, bir az qalsın etiket. Bir
çimərlik geyiminə o qədər pul ödədim,
gözlə mənə xəsis deyən hamı
görsün”.
Barış Mançonun həyatı ilə bağlı digər maraqlı xəbər isə Cem Karaca ilə qardaş olması idi. Anadolu rokunun iki nəhəng və sevimli sənətkarı Cem Karaca ilə Barış Mançonun ata bir, ana ayrı qardaş olduğu deyilirdi. Sənətçilərin qardaş olması xəbəri Almaniyada Cem Karacanı öz evində saxlayan yaxın dostu İbrahim Hızlının 2007-ci il fevralın 15-də Köln şəhərindən göndərdiyi 6 səhifəlik məktubla ortaya çıxıb. O, iddia edir ki, Cem Karacanın özündən 2 yaş böyük bir qardaşı var idi və onu bütün Türkiyə tanıyırdı. "Habertürk" qəzetinin müxbiri Cem Karacanın həyat yoldaşı İlkim Karacayla söhbətləşib və Cemin böyük qardaşının Barış Manço olduğunu bildirib. Bu sirri Cemin anası Toto Karaca da bilirmiş. Hətta Məhməd Karaca ölüm ayağında həyat yoldaşına Barış Mançonu görmək istədiyini bildirib. Amma bu son istəyi gerçəkləşdirmək mümkün olmayıb.
Ölümü
Barış Mançonun
ürəyində ilk problem 1983-cü ildə
yaranmışdı. O, 1999-cu il yanvarın 31-də gecə
saat 23:30-da İstanbulun Moda səmtindəki evində infarkt
keçirir və xəstəxanaya aparılır. Ancaq həmin
gecə aparıldığı Siyami Ersek Ürək-Damar Cərrahiyyəsi
Xəstəxanasında gecə saat 01:30-da vəfat etdi.
Bizim yol.- 2018.- 2 fevral.- S.15.