Fəxri xiyabanda Qara
Qarayevin xatirəsi anılıb
Fevralın 5-də dahi Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti, Sosialist Əməyi
Qəhrəmanı Qara Qarayevin
xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə, anadan
olmasının 100 illiyinə həsr olunub. Tanınmış
incəsənət və mədəniyyət xadimləri,
ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək
Qara Qarayevin məzarı önünə əklil qoyub, tər
çiçəklər düzüblər.
Anım mərasimində çıxış
edən Bəstəkarlar İttifaqının sədri, Xalq
Artisti, professor Firəngiz Əlizadə vurğulayıb ki,
yaradıcılığı zəngin milli köklərə əsaslanan
Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə
inkişafını təmin edən şəxsiyyətlərdəndir.
Qara Qarayev yaradıcılığının
böyük məktəb olduğunu vurğulayan F.Əlizadə
dahi bəstəkarın yaratdığı musiqi ənənələrindən
söz açıb.
Tədbirdə Xalq Artisti Fərhad Bədəlbəyli Qara Qarayevin Azərbaycan musiqisi tarixinə verdiyi töhfələrdən danışıb: “Düşünürəm ki, Qara Qarayev az yaşayıb. 63 yaş nədir ki? Amma buna baxmayaraq o, bizə zəngin musiqi əsərləri miras qoyub. Əgər ömür vəfa etsəydi Qara Qarayev daha da gözəl əsərlər yarada bilərdi. Görkəmli bəstəkarın əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir. O, bir çox filmlərə, tamaşalara musiqi bəstələyib. Qara Qarayev Azərbaycan musiqisinə böyük töhfələr vermiş dahidir”.
Bizim yol.-
2018.- 6 fevral.- S.15.