"Ürəyimdə yalvarırdım ki, kaş
heç kim görməsin"
Xalq artsti Rafiq Əzimov: "Anam onu
görən kimi ürəyi getdi"
“Bizim Yol” qəzeti Xalq artisti Rafiq
Əzimovun APA-ya müsahibəsini təqdim edir
- 80 il yaşayıb-yaratmaq mənim üçün həm qürurdur, həm şərəf. Cavanlıqda 80 yaşdan söhbət düşəndə, elə bilirdim əldən düşən qoca əlində əsas ilə Akademik Milli Dram Teatrının qarşısında dayanacaq, o əzəmətli binaya həsrətlə baxacaq. O əzəmətli teatr ki, 56 ildir fasiləsiz olaraq onun qapısını açıram, səhnəsinə çıxıram. İndi öz-özümə deyirəm: ay Rafiq, 80 il yaşamaq, işləmək sənə təəccüblü görünmür? Sevinirəm ki, dövlətimiz tərəfindən hər zaman qiymətləndirilmişəm. Hərdən deyirlər, teatr aləmində bu yaşda təkcə Əzimovdur ki, səhnədə də var, televiziya kanallarında da. İndi Ağasadıq Gəraybəylini xatırlayıram. 90 yaşında “Natəvan” tamaşasında qoca knyaz rolunda çıxış edirdi. Gözləri də görmürdü. O, səhnəyə çıxanda tamaşaçılar gurultu ilə alqışladılar ki, belə böyük sənətkar 90 yaşında gözləri görməyə-görməyə bütün mizanları dəqiq yerinə yetirir. Allah Yaşar Nuriyə rəhmət eləsin, həmin gün Ağasadıq Gəraybəylini bir yerdə qapıya qədər ötürdük. Teatrın qarşısından fotoqraf keçirdi, şəklimizi çəkdi ki, bunu tarixə çevirmək lazımdır. Bir də Sona Hacıyeva xatirimdədir. Lap yaşlı vaxtında səhnəyə çıxıb rol oynayırdı. 56 il ərzində teatrda hamını dişimə vurmuşam. Onlar da məni dişlərinə vurublar. Atam həmişə deyərdi, oğlum, bir adam sənə pislik etsə, sən ona yaxşılıq elə. Əvvəl bunu qəbul etmək istəmirdim. Amma bir müddət keçdi və gəncliyimdən bu sözü yaddaşıma yazdım, əməl etməyə çalışdım. Nə gözəldir... Sən heç kimə pislik etmirsən və ömrün boyu rahat yaşayırsan.
- Sizə pislik edənlər
necə, olubmu?
- Desəm olmayıb, yalan olar. Pislik necə olur? Məsələn,
əsər bölünür, sən orda özünü
görürsən, amma rejissorun səndən xoşu gəlmir
deyə, qat-qat aşağı səviyyəli aktyora rol verir,
sən qalırsan kənarda. Belə
şeylər mənim həyatımda çox olub. Haqqımda yazılan bəzi yazılarda da belə
şeylərə yol verilib. İndiki gənclər
bilməlidirlər ki, insana hər şey “padnos”da hazır gəlmir.
Amma çox aktyor tanıyıram ki, hər
şey onlar üçün “padnos”da gəlib. Bilirsən ki, yaşıl işıq onlar
üçün hər zaman var. Ancaq mənim həyatımda tez-tez
baryerlər olub, qırmızı işıqların sayı
çox olub. Bundan küsməmişəm.
Cavanlığımda çətin, pulsuz-parasız günlərim
sayı da az olmayıb. 1972-ci
ildə məni Rumıniya səfirliyindən Moskvaya dəvət
etmişdilər.
Səfərə geyməyə
kostyumum yox idi.
“Qəribə adam” tamaşası
üçün kostyum tikilmişdi, səhnəyə
çıxanda geyinirdim. Teatrdan həmin kostyumu
mənə verdilər, geyinib getdim. Qonaqlıqda
bir də gördüm, kostyumun ətəyi düşüb
dizimin üstünə, içindəki teatr nömrəsi
görünür. Sən demə,
teatrın bütün kostyumlarına iri hərflərlə
nömrə vururmuşlar. Elə bil,
başıma qaynar su tökdülər. Sonra
məni soyuq tər basdı. Ürəyimdə
yalvarırdım ki, kaş heç kim
görməsin...
- Deyirsiniz,
cavanlıqda çətin, pulsuz-parasız günlərinizin
sayı az olmayıb. Necə
ailədə böyümüsünüz? İstəyirəm,
bir az bu haqda danışaq...
- Üç yaşım olanda atam
müharibəyə getdi. Uşaqlıq illərim
çox ağır keçib. Anam evdar
qadın idi, çarşab bağlayırdı. Atamdan sonra işləməyə məcbur oldu.
Xalamın yoldaşının balaca vəzifəsi
vardı, dolanışıqları yaxşı idi. Ona görə çox vaxt onlarda olardıq. Özümüz isə Vidadi küçəsində
yaşayırdıq.
Vaxtilə atam deyərdi ki, Təzəpirdən
Vidadi küçəsinə qədər olan ərazi
onların ata-baba məhəlləsi olub. Atamın gənclik
illəri İranda keçib. 18 il
İranda yaşayıb, ticarətlə məşğul olub. Nənəmin qəbri də Xorasandadır. 1933-cü ildə atam Bakıda olanda yenidən
İrana qayıtmaq istəyirmiş. Böyük
qardaşı deyib, qal Bakıda. Qardaşının
sözü onun üçün qanun imiş. Ona görə də Bakıda evlənib. 1938-ci ildə mən doğulmuşam. Atam müharibəyə gedəndən sonra ürəyimiz
istəyəni yeyə bilmir, ürəyimiz istəyəni
geyinə bilmirdik. Bizim yarımzirzəmi
evimiz vardı. 1947-ci ildə hamı
müharibədən qayıtmışdı, biz atamı
gözləyirdik. Məktublarının da
arası kəsilmişdi. Həmişə
məktublarda məni xəbər alıb yazardı ki,
almagöz oğlum necədir? Yadımdan
çıxmaz, bir falçı qadın var idi. Noxudla fala baxırdı. Anam onu
çağırdı. Qadın
çarşabını saldı çiyninə, yerə
döşəkcə atıb, oturdu. Boyundakı
torbadan noxudları tökdü yerə,
bölüşdürdü. Gözümün
qabağından getmir o mənzərə. Birdən
qayıtdı ki, bir həftədən sonra sizin evinizdə
böyük şadyanalıq olacaq. Həmin
dediyi vaxtda atam əsgər paltarında, çiynində
“veş-meşok” pilləkənləri düşürdü.
Anam onu görən kimi ürəyi getdi. Sonra biz İçərişəhərə
köçməli olduq. 1958-ci ildə
instituta daxil oldum. Amma atam da, anam da etiraz
edirdilər. Mənim
böyüdüyüm məhəllə şuluq məhəllə
idi. Atam işdə olanda anam nadinc
uşaqlarla oturub-durmağıma icazə vermirdi. Həmin uşaqlardan uzaq olmaq üçün xora,
dram dərnəyinə, tar, qarmon sinfinə gedirdim.
- Sənət
dostlarınız kimlər olub? Yaşın bu
vaxtında kimlər üçün
darıxırsınız?
- Bu sual həmişə mənim
yaralı yerimə toxunur. Mənim indi
oturduğum otaqda Səməndər Rzayev, Kamal Xudaverdiyev,
Hamlet Xanızadə, Yaşar Nuri oturub. Bu
adamlardan ötrü necə darıxmamaq olar? Elə vaxt gəldi ki, biz bir binada yaşamalı
olduq. 90-cı illərdə dövlətimizin
başçısı Heydər Əliyev cənabları bizə
eyni binada ev verdi. Səməndər,
Əlabbas Qədirov, Yaşar, mən... qonşu idik.
Ondan xeyli əvvəl isə teatrın müraciəti əsasında
mənə ev vermişdilər. Təzə
evlənmişdim, ev veriləndə
uçmağa qanadım yox idi.
- Səhv etmirəmsə,
xanımınızla institutda bir yerdə oxumusunuz...
- Mən aktyorluqda oxuyanda o, mədəni-maarif
fakültəsində oxuyurdu. Xoşuma gəlirdi,
ona görə dəvətnamə verdim ki, gəlib
tamaşamıza baxsın. Toyumuz Səadət
Sarayında oldu. Bizim teatrdan Əliağa
Ağayev, Barat Şəkinskaya, Lütfü Məmmədbəyov,
Həsən Məmmədov iştirak edirdi. Barat xanımın toyda bizə
bağışladığı büllur vaza indi də evimizdədir.
O gün tamaşada gül verdilər, aparıb qoydum həmin
vazaya. Sözüm bunda yox... Toyumda masabəyi Həsən
Seyidbəyli idi. Məclisi də
Gülağa Məmmədov aparırdı. Mən Gülağagilin evində də olmuşam.
Həmişə sənət adamlarının içində
deyərdi ki, toyda Əzimov Rafiq mənə 250 manat pul verdi. (Gülür). Bu da o vaxt üçün böyük pul idi. Mənim həyatımda unudulmaz adamlar çox olub.
Soruşdun ki, kimlər üçün darıxıram... Təzə
ev veriləndə Yaşar Nuri məndən
bir neçə ay qabaq köçdü. Mənim evimdə
işləyən usta suyu açıq qoyub getmişdi,
hamısı tökülüb Yaşargilin başına. Rəhimə xanım zəng etdi, yoldaşımla
dördüncü mikrorayondan doqquzuncu mikrorayona qədər
qaça-qaça getdik. Kim qapını döyür,
açmırıq... Gecə saat 12-dir, yenə
qapı döyüldü. Gözlükdən
baxdım ki, Yaşar dayanıb.
Neyləyim, açmalıyam
də. Qapını açdım ki, Yaşar əlində
“padnos”, içi dolu meyvə, yanında da konyak, gülür.
Soruşdum ki, Yaşar, söyməyə gəlmisən?
Dedi, nə söyməyə, söymək nədir? Vurmağa gəlmişəm
e, vurmağa. Qonşu qonşunun başına su tökmədi,
nə ləzzəti?..
- Amma deyəsən,
yeyib-içən adam deyilsiniz...
- Biz cavan vaxtı arağın nə
olduğunu bilməzdik. Tələbəlik illərində
bizim içdiyimiz kəmşirin çaxır idi. O da
yüngülvarı. Mənə ilk dəfə
araq içirdən Həsən Məmmədov olub. Tələbə olanda bərk xəstələnmişdim.
Qızdırmam 40-a qalxmışdı. Tələbə yoldaşlarım Nazim Yüzbaşovla
Həsən Məmmədov gəldilər yanıma. Gördüm, Həsən gizlincə araq
çıxardı, süzdü nazik stəkana, içinə
də qara istiot tökdü. Mənə dedi, bunu
iç, sabah ayağa duracaqsan. Dedim, Həsən,
sən dəlisən? İnad elədi,
içdim. Sağalmaq əvəzinə,
üç gün də yatdım. (Gülür).
- Həsən Məmmədov işsiz olduğu dövrlərdə
sizin məsləhətinizlə teatra qayıdıb. Bu hadisə necə olub?
- Bu sualı unutma, indi yadıma
düşdü, sənə yoldaşımla bağlı bir
şeyi danışım. Çünki bu, daha
çox teatrımızın tarixi haqqındadır. Mən nişanlanandan sonra Gəncəyə qastrola
getmişdik. Yoldaşımın da
kökü Goranboydandır. Qastrolda Məmmədrza
Şeyxzamanovla gəzirdik. Birdən sual verdi
ki, Əzimov, sən bilirsən kimlərlə qohum olmusan? Dedim, yox. Apardı məni kitab
mağazasına. Oradan bir monoqrafiya aldı, verdi mənə. Mehmanxanada oxudum
ki, teatrımızın tarixi dərya imiş. Həsən bəy Zərdabi 1873-cü ildə
Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
və “Hacı Qara” komediyalarını ilk dəfə tələbələri
ilə tamaşaya hazırlayıb. Başda
da Əsgər ağa Gorani olmaqla. Sən
demə, Gorani də mənim yoldaşımın doğma
babasıdır. Nəcəf bəy Vəzirov,
Əliqulu Qəmküsar və başqaları həmin
tamaşada çıxış ediblər. Nişanlım rus məktəbini bitirmişdi. Həmin kitabı gətirib verdim ki, siz öz
tarixinizi bilmirsiniz. Tələbəlikdə bu məsələni
bir az da araşdırdım. Keçən
il Əsgər ağa Goraninin 160 illiyi ilə
əlaqədar Gülhüseyn Kazımı “Qaranlıqdan
işığa” adlı gözəl bir kitab nəşr
etdirdi. Biz neçə illər idi Əsgər
ağa Goraninin məqbərəsini Gəncədə
axtarırdıq. Üç dörd il
əvvəl Gəncədə “Səbzkar” qəbiristanlığında
olduq. İçəri girən kimi böyük
bir məqbərə var. Bəzi yaşlı adamlar deyirdi, həmin
məqbərə Cavad xanın, bəziləri də deyirdi,
Əsgər ağa Goraninindir. Qəbiristanlığın
müdirini çağırdıq. Dedi, bəli, bu məqbərə
Əsgər ağa Goraninindir. Keçən il
biz həmin məqbərəni bərpa etdik. İndi gələk
sənin sualına...
- Həsən Məmmədov
haqqında...
- Hə. Əvvəla, onu deyim ki, biz
Həsən Məmmədovla çox yaxın dost idik. 1962-ci ildə Eldəniz Zeynalov, Həsən Məmmədov
və mənim təyinatımı eyni vaxtda Dram Teatrına
verdilər. Eldəniz Zeynalov bizdən iki il
əvvəl instituta daxil olmuşdu. Özü də
Mehdi Məmmədovun kursuna. Amma şuluqluq
saldığına görə onu bir-iki dəfə institutdan
çıxarmışdılar. Axırda
diplomu bizim kursla bərabər aldı. Həsən
Məmmədov kino ilə əlaqədar teatra bir neçə
dəfə gedib-gəlib.
Kinolara çox çəkilirdi. Dövr dəyişdi,
vəziyyət pisləşdi, artıq kinolar çəkilmirdi.
Gəldi ki, ay Əzimov, kino yoxdur, istəyirəm, teatra
qayıdıb, heç olmasa, maaş
alaram. Onda da teatrın direktoru Həsənağa
Turabov idi. Dedim, yaxınlaş, sözünü de. Qayıtdı ki, yox, utanıram, birdən
götürməz.
- Utanmaq nə mənada?
İki böyük aktyor arasında ərkyana münasibət
yox idi ki, bir-birinə sözlərini rahat deyə bilsinlər?
- Əgər hissim məni
aldatmırsa, qısqanclıq var idi. Niyə? Çünki Həsən Məmmədov qədər
kinoda baş rollar oynayan ikinci aktyor tanımıram. Ona
görə bəlkə kiçik də olsa, qısqanclıq ola bilərdi. Bir gün Səttar Bəhlulzadə
adına sərgi salonunda tədbirdə
idik. Nazir Polad Bülbüloğlu da orda idi.
Dedim, Həsən, məqamdır, yaxınlaş, Polad səni
eşidəcək. Yenə qayıtdı ki, utanıram e... Aktyor kimi Həsənin içi həmişə dolu
olub. Amma insan kimi hədindən artıq
utancaq idi. Hələ lap tələbəlik illərindən.
Bunu güc-bəla ilə göndərdim
Poladın yanına. Təsəvvür elə, dərsə
hazır gəlməyən uşaqlar kimi dayanıb Poladın
yanında... Elə ağzını açmışdı,
Polad Bülbüloğlu Turabovu çağırdı ki, sabah Həsənin əmrini ver, teatrda işə
başlasın.
- Bir də sizdən
içkinin yaşamağa qoymadığı aktyorlar
haqqında soruşmaq istəyirəm...
- Səməndər Rzayev, Yaşar
Nuri, Kamal Xudaverdiyev, Eldəniz Zeynalov... onlar indi də səhnədə
olardılar, oynayardılar. Yaşayıb
oynamalı idilər də. Siyavuş Aslan
da əvvəllər çox içirdi. Sonra
Həcc ziyarətinə getdi. Ziyarətdən
qayıdandan sonra teatrın bufetində onun ətəyindən
öpürdük. Üstündən
bir-iki gün keçdi, gördük ki, Siyavuş bir yeşik
pivə ilə gəldi teatra. Hamımız
mat-məəttəl qalmışıq. Dedim, həci,
biz iki gün əvvəl sənin ətəyindən
öpürdük, indi sən bir yeşik pivə alıbsan. Qayıtdı ki, Əzimov, bu həci pivəsidir, gəldiyim
yerdə də bundan içirlər. Butulkanı
açdı, çəkdi başına (Gülür).
Bizim yol.- 2018.- 7 fevral.- S.15.