Hətta su ilə çörək də yesəm, o
seriallara çəkilmərəm
Səidə
Quliyeva: "Ailəsini sənətinə qurban verən
adamları heç cür qəbul
etmirəm"
Akademik Milli Dram Teatrının
aparıcı səhnə ustası, xalq artisti Səidə
Quliyevanın APA-ya müsahibəsi
- Səidə
xanım, dediniz, radioda “Bulaq” verilişinin səsyazmasından
gəlirsiniz. Vaxtilə populyar olan bu
verilişə indi qulaq asanların sayı çoxdurmu, reaksiyalar
olurmu?
- Artıq 15 ildir, “Bulaq” verişi ilə
əməkdaşlıq edirəm. Məhluqə
Sadıqova dünyasını dəyişəndən sonra
çox böyük müsabiqə oldu. Təsəvvür
edin, radio və televiziyanın diktorları da həmin
müsabiqəyə qatılıbmış. Mənim də xəbərim yox. Elə
oldu, məni də dəvət etdilər və İlham
Əsgərovla bir yerdə mətn oxumağımız qəbul
olundu. Bu veriliş mənim
üçün çox doğmadır. İstərdim,
məşqlərə, çəkilişlərə də
eyni həvəslə gedim. Özü də
reaksiyalar həddən artıq çoxdur. Xaricdən o qədər
adamlar zəng edir ki... Kanadadan, Finlandiyadan, İsveçdən,
İrandan azərbaycanlılar zəng edir, xoş sözlər
deyirlər. Hətta İlham Əsgərovla bizə
şeirlər də yazırdılar. İlhamdan
sonra on gün verilişi ağlaya-ağlaya yazdım.
- Verilişin mətnlərini
əvvəllər Mövlud Süleymanlı yazıb. İndi kimlər yazır?
- Tahir Talıblı radioda
xalq yaradıcılığının baş redaktorudur. Həm də
“Bulaq” yazır. Ondan başqa Əhməd
Oğuz, Ənvər Çingizoğlu çox gözəl
yazırlar. Biz indi də Mövlud
Süleymanlını yad edirik, ondan sitatlar çəkirik.
Mənim üçün böyük məktəb
olan “Bulaq”ın təməlini Mövlud Süleymanlı qoyub.
- Yolda məşhurluqla
bağlı söhbətimiz oldu. Bəzən məşhur
aktyorlar da deyir ki, artıq bizi tanımayan nəsil yetişir. Sizi də tanımayanlar çoxdur?
- Şükürlər
olsun, bu gün şəhərdə olanda, məclisə gedəndə
hətta uşaqlar da məni tanıyır.
- Seriallar
tanıdıb...
- Əlbəttə. Məni
indiki nəslə teatr tanıtmayıb. Teatrla gəncliyimdə
öz yaşıdlarıma, orta yaşlı insanlara
tanınmışam. Çünki cavan
vaxtı çox məhsuldar, ardıcıl işləyirdim.
Amma mənə elə gəlir yenə az
iş görmüşəm. İndi gənclər teatra az gəlirlər. Onları cəlb
etmək lazımdır. Ailədə
valideynin teatra marağı yoxdursa, uşağın da
olmayacaq. Mənim oğlum Mədəniyyət
və İncəsənət Universitetinin operatorluq kursunda
oxuyur. Ondan yaxşı həkim olardı.
“Cavan vaxtı çox məhsuldar
işləyirdim. Amma yenə az iş
görmüşəm”
Amma həmişə çəkilişlərdə
yanımda olub deyə, kinoya həvəsi böyükdür.
Həmişə deyirəm, Fərhadın
operatoru olduğu filmdə rol alsam, xoşbəxt olaram. Aydın məsələdir ki, bizim evdə yalnız
sənət söhbətləri gedir. Mənim atam o qədər
teatr həvəskarı olub ki, Ələsgər Ələkbərov
rəhmətə gedəndə dedi ki, bir də o teatra gedə
bilməz. Yəni Ələsgər Ələkbərova
matəm saxlayırdı. Mənim ürəyimdə
teatr sevgisini valideynlərim yaradıb.
- Amma sənədlərinizi
universitetə verəndə razı olmayıblar...
- Atamın yanında söhbət gedə
bilməzdi ki, qız uşağı aktrisa olsun. Anam mənə kömək etdi. Ona
çox minnətdaram. İnstituta girəndə
dayağım o idi. İnstitutda Ədil
İsgəndərovun kursunu bitirdim. Ədil müəllim
üç il məni aktrisa kimi qəbul
etmədi. Çünki utancaq və gərgin
idim. İndi də mənim sinif
yoldaşlarım deyir ki, Səidə, sən necə aktrisa
oldun? Çox məşhur insanlarla bir yerdə
oxumuşam. Ramiz Novruz, Nurəddin Mehdixanlı, Bəxtiyar
Xanızadə, Rafiq İbrahimov, Şəfəq Əliyeva ilə
tələbə yoldaşı olmuşuq. Mən
Akademik Milli Dram Teatrına Nurəddin Mehdixanlı ilə bir
gündə işə qəbul edilmişik. O vaxt gur
saçlarım, hündür boyum var idi.
“Ailəsini sənətinə
qurban verən adamları heç cür qəbul etmirəm”
“Milli bomba” filminə çəkiləndə
Vaqif Mustafayev təklif etdi, mən də onun sözü ilə
saçlarımı kəsməyə məcbur oldum. Anam görəndə
ağladı. Evlənən gündən
yoldaşım deyib ki, saçını uzun-qısa kəs, mənim
üçün fərqi yoxdur, amma rəngini dəyişmə.
Mən də saçımın rəngini dəyişmirəm,
ona verdiyim sözə sadiqəm. (Gülür).
Həmişə demişəm ki, ailəsini sənətinə
qurban verən adamları heç cür qəbul etmirəm.
- Sizi Vaqif
Mustafayevin filmlərindən sonra kəşf edənlər də
olub...
- Vaqif Mustafayev “Space”yə prezident gedəndə
onu təbrik etmədim. Bir dəfə dedi, hamı məni təbrik
elədi, səndən başqa. Dedim, hə, etmədim. İstəmirdim Vaqif Mustafayev “Space”yə rəhbər
getsin. Çünki o, dünya səviyyəsində
olan, dünya kino standartına uyğun gələn rejissordur.
“Vaqif Mustafayev “Space”yə
prezident gedəndə onu təbrik etmədim”
Mən onun aktrisasıyamsa, istərdim, onun filmlərində
yenə çəkilim, daha məşhur olum. Amma Vaqif
müəllim gedib oturdu “Space”də...
- ... ziyanı da sizə dəydi?
- Nəinki mənə, bütün Azərbaycana dəydi. Televiziya onun vaxtını çox alır, oturub orda, film çəkmir-eləmir. O vaxt deyirdi, filmlər çəkəcəm, narahat olma. İndinin özündə də deyir, dörd filmim var, Səidə, dördündə də varsan. Allah ömür versin, təki istədiyi filmləri çəksin. Bircə onu bilirəm, məni kino tərəfdən Vaqif Mustafayev kəşf edib.
- Özünü təsdiq edən aktyorların epizodik
rollarda çıxış etməsi məsələsinə
toxunmaq istəyirəm. Aktyorlar arasında belə bir
yazılmayan qanun varmı ki, müəyyən yaşa və
titula sahib olandan sonra epizodlarda görünmək ayıb
sayılsın...
- Əksinə. Şəxsən mən tamam fərqli düşünürəm. Bunu bəyan edirəm ki, bu gündən sonra epizod oynayacam.
“Baş rol oynamaq istəmirəm”
“Xanuma” tamaşasında mənim rolum balacadır. Amma yaddaqalan obrazdır. Demirəm ki “salam-sağ ol” kimi epizodlarda çıxış edəcəm. Yox! Xarakteri olan epizodlarda görünmək istəyirəm. Baş rol oynamaq istəmirəm.
- İnanım səmimiyyətinizə?
- İnanın!
- Niyə, imkanlarınız tükənib, yoxsa
özünüzə əmin deyilsiniz?
- Bəli, mən bu gün teatrda özümə əmin deyiləm. Çünki problemlərim var. Məsələn, təzyiqim olur. Şəkərəm. Bir dəfə “Anamın kitabı” tamaşasında oynayırdım, təzyiqim çox qalxdı. Onundan sonra məndə fobiya yarandı. Amma mənim bu etirafım tükənmək kimi anlaşılmasın.
- Tükənmək nədir sizin üçün?
- Tükənmək səhnədə yükü çəkə bilməməkdir. Sürünə-sürünə, nəfəsim darala-darala baş rolda oynamağı özümə rəva bilmərəm.
- Sənətdə sizi tənqid edənlər çox
olub?
- Daha çox tərifləyiblər məni. İnanın səmimiyyətimə. Bütün rejissorlarla işləmişəm. Deməli, inanıb dəvət ediblər.
- Akademik Milli Dram Teatrında xasiyyətcə çətin,
“kapriz”li aktrisalar kimlər olub?
- Hökumə Qurbanova. Çox “kapriz”li idi. O qədər ki, arxivində
bu günə qədər materialı yoxdur. Jurnalistlərə
müsahibə vermirdi, çəkilişlərə getmirdi.
Hamısını başından edirdi. Onun kimi böyük sənətkar haqqında normal
materiallar yoxdur ki, adamlar daha yaxından tanısınlar.
Yaxud Nəcibə Məlikova. O da “kapriz”li aktrisa idi. Rahat insan idi Ətayə Əliyeva. Azərbaycan
teatrının ana simvolu... Bilirsiniz, necə
gözəl aktrisa idi? Vaqif Səmədoğlunun
“Yayda qartopu oyunu” tamaşasında onunla bir yerdə oynadıq,
mən bildim tərəf müqabili olmaq nə deməkdir.
- Sirr deyilsə,
maddi vəziyyətinizdən
danışmağınızı istərdim...
- Hamı necə, mən də elə.
Şikayət etməyi sevmirəm, qənaətlə
yaşamağı bacarıram. Azərbaycan
aktrisası necə dolanırsa, mən də elə
dolanıram. Bilirsiniz ki, Azərbaycanda
qonorar çox aşağı səviyyədədir. Son vaxtlar çəkilən serialların heç
birində yoxam. Heç çəkilmək
fikrində də deyiləm. Hətta su ilə
çörək də yesəm, o seriallara çəkilmərəm.
Bax, bunu birinci dəfədir deyirəm: ayaqqabım su çəkib,
pulum olmayıb, amma o səviyyəsiz filmlərə getməmişəm.
“Hətta su ilə çörək
də yesəm, o seriallara çəkilmərəm”
Təkliflər də olub. Niyə getməmişəm? Birində rejissor xoşuma gəlməyib, o birində ssenari. Maddi tərəf də bizdə heç vaxt yaxşı olmayıb. Elə başa düşməyin ki, çox pula yıxılanam. Amma zəhmətinin haqqını istəyən insanları hər zaman yüksək qiymətləndirmişəm. Olub ki, tələbə rejissorun filmində pulsuz çəkilmişəm. Bu gün məni seriala dəvət etsələr və rejissordan, ssenaridən razı olsam, ayı 1500-2000 min manatdan aşağı çəkilmərəm. Çünki “Aramızda qalsın” serialından bu məbləği almışam. Bəlkə ondan da çox. Elə onunla da getdi. Çünki biz onda türklərlə işləyirdik. Sonra elə oldu ki, onlar getdilər, azərbaycanlılar gəldi, pul qıtlığı oldu, böhran yarandı, serial bağlandı. O gündən sonra heç bir serialda çəkilməmişəm.
- Yəni təkliflər gəlib, imtina etmisiniz...
- Bəli, təkliflər gəlib. Hətta “Space”də 6-7 seriyalı filmə çəkildim. Normal qonorara danışmışdım, bu günə qədər həmin pulu verməyiblər. Mən də dayandırdım. Vaqif müəllimin adı var idi deyə, razılıq vermişdim. Amma pul məsələsi Vaqif müəllimlik yox, sponsorluq idi. Günü iki yüz manata danışmışdıq, bu günə qədər 140 manatımı verməyiblər. Hələ pulları az idi, Vaqif müəllimin adına görə güzəşt elədim.
- İntriqalardan qorunmağın resepti necədir? Yəqin
bildiniz bu sualı nəyə görə verdim...
- Bildim. Bir dəfə də intriqaya düşməmişəm. Mənim öz fikrim var. Məni öldürsələr də ki, filan şeyə qol çək, çəkmərəm. Kampaniyaçılığı sevmirəm. İnsanları sevirəm, onlarla ortaq məxrəcə gəlməyi bacarıram. Ailədə də beləyəm. İntriqa təkcə teatrda deyil. İntriqa hər yerdə var. Həkimlərin də arasında var, jurnalistlərin də, müəllimlərin də. İntriqa olmasa, o həyat, yaşayış tərzi deyil ki. (Gülür).
- Nuriyyə Əhmədova ilə bir çox filmlərdə
tərəf müqabili olmusunuz. Necə
xatırlayırsınız onu?
- Nuriyyə haqqında danışmaq mənim üçün o qədər çətindir ki... (Sükut). Onun başına gələn bütün hadisələrin içində olmuşam. Heyf, çox heyf... Nuriyyə çox böyük sənətkar idi. Nuriyyə ailəsinin qurbanı oldu. İki bala itirən ana idi. Qızı öldürüləndə biz “Yerlə göy arasında” filminə çəkilirdik. O film onu xilas etdi. Nuriyyə deyirdi, qızımın əri narkoman idi, ona görə öldürmüşdü. Amma yox... Orda ad məsələsi olub. Qız uşağın adını Faiq qoymaq istəyib. Oğlan da başqa ad istəyirmiş. Qısqanclıq olub. Deyib ki, sən niyə Faiq adını qoymaq istəyirsən, qız da cavab verib ki, xoşum gəlir. İndi bəlkə biz bunu adi sözlərlə, adi dillə danışırıq. Bəlkə başqa səbəblər olub, deyə bilmərəm.
- Bir az da kitabdan, ədəbiyyatdan danışaq. Nə
oxuyursunuz?
- Hər şeyi oxuyuram. Akademik Güllü Əlibəyli iki-üç il əvvəl mənə kitab bağışlamışdı. Bu yaxınlarda əlimə keçdi, çox böyük maraqla oxudum. Dünya və Azərbaycan ədəbiyyatını vaxtilə çox oxumuşam. Mən ikinci sinifdə “Koroğlu” dastanını oxumuşam. Atam kitabı çox sevirdi, ona görə biz kitab içində böyümüşük. 5-ci sinifdə Maksim Qorkinin bütün külliyyatını oxumuşdum. Sonra atam dedi, Maksim Qorkinin həyatı haqqında gözəl film çəkilib, ona da bax. Başqa nə deyim? Məsələn, Çexovu çox sevirəm. Azərbaycan ədəbiyyatından isə ağlınıza gələn bütün müəllifləri oxumuşam.
- Sonda nə sözünüz var?
- Allah oğlumu mənə
gec verib. Anaların istəyi ancaq övladla
bağlıdır. Həm də o arzular tükənmir.
Allahımdan möhlət istəyirəm ki, oğlumun toyunu
görüm, nəvəm olsun.
Bizim yol.-
2018.- 13 fevral.- S.15.