"Dəb olmasaydı, həyat dayanardı"
“Bizim yol” qəzeti “Şəklinlə danış” layihəsinin qonağı tanınmış rəssam-modelyer, parfümer, Əməkdar incəsənət xadimi, Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və Dekorativ Tətbiqi Sənət kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyə Xələfovadır.
- Fəxriyə xanım, əhvalınız necədir?
- Ümumilikdə 2017-ci il mənimçün çətin il oldu, anam Rəfiqə xanim Əliyevanın yoxluğuna hələ də alışa bilmirəm. Onsuz zaman mənimçün çox çətin davam edir. Bütün işlərimi ilk onunla paylaşırdım, onun rəyindən çox şey asılı idi. Hər efir sonrası mənə zəng edib fikirlərini bildirirdi. Bu baxımdan həyatımda onun boşluğu görünür və bu boşluğu heç nəylə doldurmaq olmur.
- Müsahibələrinizin
birində demisiz ki, Rəfiqə
xanım adətən bizi -
övladlarını tərifləməzdi.
- İllərdir, dayanmadan çalışıram, bir çox nailiyyətlər əldə etmişəm, buna baxmayaraq, Rəfiqə xanım daha da çox çalışmaq lazım olduğunu deyərdi və bizdən yeni nailiyyətlər tələb edərdi. Məktəb illərimizdə də belə idi, bir an belə bizi kitabsız görsəydi, dərhal öz fikrini bildirərdi.
- İnsanı geyiminə görə
qarşılayıb, ağlına görə yola
salarlar. Bu fikirlə
razısız?
- Bu fikirlə razıyam, illərin sınağından çıxmış bir deyimdir. Geyim 21-ci əsrdə kommunikasiya vasitəsi kimi sosiologiya, psixologiya elmlərinin nəzəriyyəsi çərçivəsində öz təsdiqini tapıb. Birinin necə geyinməsi onun nə qədər dəblə ayaqlaşıb-ayaqlaşmağını, zövqünün olub-olmamağını, dünyagörüşünün və intellektinin hansı dərəcədə olmasını açıq büruzə verir. Bəlkə hamı hiss etmir bunu, amma mən işin peşəkarı olduğum üçün hiss edirəm.
- Bu məsələdə sizlə
razı deyiləm, o qədər gözəl
geyinən, müdhiş gözəlliyə
sahib olan insanlar var ki,
ağzını açıb danışanda bütün
gözəlliyini yerlə bir edir...
- Bu, artıq məsələnin digər tərəfidir. Gözəllik industriyası anlayışı var, sizin dediyiniz həmin mövzuya aiddir, insan hər hansısa bir an üçün obrazlaşdırılır, amma mümkün deyil ki, insan uzun müddət obrazda qalsın. Gec-tez onun daxili özünü önə çıxarır. Ona görə xanımlar çalışmalıdılar ki, onların daxili ilə xarici bir-birini tamamlasın.
- Dəblə
ayaqlaşmaq, ya
zövqlə geyinmək?
- Bunlar tamam fərqli anlayışlardır. Dəblə ayaqlaşmaq daha asandır, nəinki zövqlə geyinmək. Zövq hər fərdin geyimə öz şəxsi yanaşmasıdır. Burda həm fantaziya, həm elementlər, həm də düzgün rəng seçimi var. Hər şey son nöqtəyə qədər düzgün hesablananda maraqlı bir obraz alınır. O qədər xanımlar tanıyıram ki, zövqlə geyinirlər, amma son dərəcə sadə olurlar. Bir nümunə də mənim anam Rəfiqə xanım idi. Bu, özünə əminliyin göstəricisidir. Bunun əksi olaraq, özünə əmin olmayan xanımlar çox parlaq görsənməyə can atırlar. Ümumiyyətlə, müasir dəb ikinci dünya müharibəsindən dərhal sonra, Kokko Şanelin təqdimatında yaranıb. O, insanın cəmiyyətdə yeni görüntüsünü yaratdı. İkinci dünya müharibəsindən sonra insanlar həkimlərin və siyasətçilərin yox, Kokko Şanelin yaratdığı müasir dəb sayəsində depressiyadan çıxmağa başladılar. Mən düşünürəm ki, dəb mütəxəssisləri olmasaydı, dəb də olmazdı, dəb olmasaydı, həyat dayanardı.
- Səhnə
ulduzlarımız dünya səhnə
ulduzları ilə geyim rəqabətinə
qadirdilərmi?
- Şou-biznesimizin bir çox parlaq simaları ilə işləmişəm. Onların dəblə ayaqlaşmağa cəhd etdiklərini görmüşəm, ancaq bugünkü gənc nəsildə mən həmin həvəsi görmürəm. Səhnəyə, efirə gündəlik geyimdə çıxırlar, buna baxmayaraq, populyarlaşmaq istəyirlər. Mən isə məsləhət görərdim ki, onlar səhnə imiclərinə daha çox fikir versinlər və dəblə ayaqlaşmaqın vacibliyini dərk etsinlər.
- “Bu geyim Sədərəkdə
20 manatadır” - deyiminə münasibətinizi bilmək istərdim.
- Mən Sədərək ticarət mərkəzində, bəzi şirkətlərin uniforma geyimlərini seçmək üçün tez-tez oluram. Oradakı geyimlər də yaxşıdır. Lakin əl işi olan geyimlə kütləvi istehsal olunan geyimin arasında danılmaz fərq var. Bu baxımdan təbii ki, bir geyimi brendin özündən almaqla, hər hansısa bir satış mərkəzindən almaq arasında keyfiyyət fərqi çoxdur.
- Elə geyimləriniz var ki, hər hansı xatirələri olduğu üçün
onlardan vaz keçə
bilmirsiz?
- Bir neçə geyimim var, çox deyil. Ona görə ki,
mən geyinmədiyim paltarları hədiyyə
edirəm. Hətta
planımda belə bir sayt yaratmaq
var: “Hədiyyə edirəm”. Sözügedən
sayt Rusiyada artıq uzun zamandır fəaliyyət
göstərir və
düşünürəm ki, çox gözəl təşəbbüsdür.
İnsanlar özlərinə aid hər hansı bir şeyi satmaq
yox, bir-birinə hədiyyə edirlər.
- Geyim
zövqünüzün yüksək
olduğunu deyirsiz, bəs ədəbi zövqünüz var?
- Mən universitetdə oxuduğum zaman təhsilimi rus dilində aldığım
üçün rus klassiklərinin əsərlərini,
dünya ədəbiyyatı
incilərini, hətta
yapon ədəbiyyatı
nümunələrini də
oxumuşam. Mənim birinci ixtisasım
biologiya fakültəsinin
“İnsan beyninin neyrofiziologiyası”dır. Ona görə də hal-hazırda bu sahədə elmi nəzəriyyələr oxuyuram.
- Yemək
bişirə bilirsiniz?
- Məsələ bundadır
ki, illər boyu Rəfiqə xanımın bişirdiyi təamlardan zövq alırdım. Ona görə də
yemək bişirməyə
heç zaman cəhd etməmişdim.
Özüm çox az qidalanıram,
əslində bu heç az da
deyil, normadır. Düzgün
qidalanmanın sağlam
həyat tərzinə
böyük təsiri
var. Sağlam yaşamağın
açarı ilk növbədə
insanın nə dərəcədə sağlam
qidalanmasındadır. Hər bir yeməyin
ölçüdən artıq
qəbul edilməsi, təbii ki, xoşagəlməz halların
yaranmasına səbəb
ola bilər.
- İnsanlarla ünsiyyətdə
elə də aktiv deyilsiniz deyəsən?
- Burda bir məsələ
var, mən fərdi ünsiyyətə
deyil, auditoriya qarşısında, televiziya
vasitəsi ilə çıxış etməyə
üstünlük verirəm.
Yəni böyük kütlə qarşısında nitq söyləmək mənimçün
daha asandır, nəinki bir insanla oturub söhbət etmək.
Lakin artıq bir saata yaxındır ki, sizinlə söhbət edib müsahibə verirəm.
- Tədbirlərdə
fikir vermişəm, güzgüyə çox
baxırsınız, kameranı
görən kimi özünüzə müəyyən
çəki-düzəm verirsiniz.
- Güzgüyə tez-tez baxmağımın səbəbi,
daxilimdə olan məsuliyyət hissimdən
irəli gəlir. Mən istəyirəm ki, insanlar məni hər zaman ideal görsünlər. Məndən tez-tez soruşurlar ki, idealınız kimdir? Cavabım həmişə belə olur: özüm...
- Məncə, sizin idealınız Kleopatradır.
- Filmdə
Kleopatra obrazını
canlandıran aktrisa Elizabet Teylora hər zaman pərəstiş etmişəm. Hardasa gözlərimizin
ifadəsində bənzərlik
var, amma bu o demək deyil ki, özümü
ona bənzətməyə
çalışıram. Mənə xanımlar tərəfindən
makyaj üslubum və saç düzümüm barədə
çoxlu sayda suallar ünvanlanır.
Məşhur stilist Anar Ağakişiyev hələ 2005 – ci ildə mənə söyləmişdi ki, bir çox xanımlar əllərində
mənim fotolarımla
onun yanına gedib, bizə bu tərzdə makyaj et deyə
müraciət edirlər.
- Şəxsən
mən sizin illər öncəki tərzinizdən çox indiki tərzinizi bəyənirəm...
- Əgər siz
mənim bugünkü
tərzimi bəyənməsəydiniz,
bu, mənim məğlubiyyətim sayılardı.
Mən artıq dediyim kimi 2005-ci ildən indiyə qədər xanımlar tərəfindən obrazım
baxımından müsbət
rəylər alıram
və bu da mənim qalibiyyətimdir!
- Layihəmizdə
foto-sessiyanın da olacağını biləndə
çəkindiniz sanki.
Hər zaman beləsiniz fotolara qarşı?
- Çəkinmədim! Sadəcə məsuliyyətlə yanaşdım. Bu da təbiidir, axı fotoqrafiya sənəti incəsənətin çox ciddi bir sahəsidir, ona yaradıcı yanaşmaq lazımdır. Foto bizim müəyyən bir anımızı əbədiləşdirdiyi üçün mən də həmin o anda gözəl görünmək istəyirəm.
Müsahibəni onun bu sözləri ilə
bitirmək istədim: Sizinlə müsahibəyə
ona görə razılıq verdim ki, özünüzdən
əminliyiniz xoşuma gəldi, artıq telefon xəttinin bu
başından mənə müsbət aura
ötürdünüz və mən də
sizin maraqlı həmsöhbət
olacağınıza inandım. Güvənimdə
yanılmadım, çox maraqlı
söhbət alındı, qəribə olan
odur ki, mən söhbət
boyu saata baxmadım.
Bizim yol.-
2018.- 22 fevral.- S.15.