Xocalı
soyqırımı üzrə beynəlxalq tribunal
yaradılmalıdır!
"Xocalı soyqırımı
cinayətini törədən şəxslərin cinayət məsuliyyətinə
cəlb edilməsi üçün bir sıra mexanizmlər
mövcuddur. Bunlardan biri
Xocalı soyqırımı
cinayətinin araşdırılması
və bu cinayəti törədənlərin
cinayət məsuliyyətinə
cəlb edilməsi üçün Xocalı
soyqırımı üzrə
beynəlxalq tribunalın yaradılmasıdır".
Bunu Trend-ə Ombudsman
Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə
doktoru Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə,
beynəlxalq tribunallar beynəlxalq cinayətlərin törədilməsində
ittiham olunan fiziki şəxslər və dövlətlər
üzərində ədalət mühakiməsinin həyata
keçirilməsi üçün yaradılan bir mexanizmdir.
A.Səfixanlı qeyd edib ki, tarixdə
müxtəlif vaxtlarda müxtəlif hadisələrlə
bağlı beynəlxalq tribunallar yaradılıb. İlk dəfə
ikinci dünya müharibəsindən sonra, sülh və bəşəriyyət
əleyhinə cinayətlərdə təqsirləndirilən
şəxslərin cəzalandırılması
üçün Nürnberq və Tokio tribunalları təsis
olunmuş, daha sonra keçmiş Yuqoslaviya və Ruanda ərazisində
baş vermiş genosid, sülh və bəşəriyyət əleyhinə
olan cinayətləri törətmiş şəxslər
üzərində ədalət mühakiməsinin həyata
keçirilməsi üçün beynəlxalq cinayət
tribunalları yaradılıb:
"Hesab edirəm ki, Xocalı faciəsi
zamanı törədilən əməllər genosid və
insanlıq əleyhinə cinayətlərin tərkib hissəsini
yaratdığından Xocalı soyqırımı üzrə
beynəlxalq tribunal yaradılmalıdır. Xüsusi olaraq
vurğulamaq istərdim ki, “Müddətin hərbi cinayətlərə
və bəşəriyyətə qarşı cinayətlərə
tətbiq edilməməsi haqqında” 26 noyabr 1968-ci il tarixli
Konvensiyanın tələblərinə əsasən, törədilmə
vaxtından asılı olmayaraq, genosid cinayətini törətmiş
şəxslərin istənilən vaxt cinayət məsuliyyətinə
cəlb oluna bilməsi tələbi də məsələnin
aktuallığını daim saxlamış olur. Xocalı
soyqırımı cinayətinin törədilməsində məsuliyyət
daşıyan şəxslərin cəzalandırılması
istiqamətində atılacaq digər addım isə bu cinayətin
törədilməsində iştirakı sübuta
yetirilmiş şəxslərin beynəlxalq axtarışa
verilərək Azərbaycana gətirilməsinə nail olmaq və
barələrində cinayət təqibini həyata keçirməkdir".
Aparat rəhbəri əlavə
edib ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu
tərəfindən Xocalı soyqırımı ilə
bağlı başlanmış cinayət işi çərçivəsində
7500-dən artıq istintaq hərəkəti aparılıb və
39 nəfərin Xocalın soyqırımında
iştirakı tam sübuta yetirilib.
BMT Baş Məclisinin 3 dekabr
1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş “Hərbi
cinayətlərdə, bəşəriyyətə
qarşı cinayətlərdə müqəssir olan şəxslərin
aşkara çıxarılması, həbs edilməsi, təhvil
verilməsi və cəzalandırılmasına dair belnəlxalq
əməkdaşlıq prinsipləri”nə müvafiq olaraq, hərbi
cinayətlərdə və bəşəriyyətə
qarşı cinayətlərdə təqsirkar olan şəxslərin
məhkəmə təqibinin və cəzalandırılmasının
təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin
görülməsinə xüsusi zərurət var.
A.Səfixanlı qeyd edib ki, hərbi
cinayətlər və bəşəriyyətə
qarşı cinayətlər nə vaxt və harada törədilməsindən
asılı olmayaraq araşdırılmalı, belə cinayətlərin
törədilməsində təqsirləndirilən şəxslər
barəsində axtarış elan olunmalı, tutularaq ədalət
mühakiməsinə təhvil verilməlidir.
O hesab edir ki, AzərbaycanRespublikasının
dövlət sərhədlərini qanunsuz olaraq
keçmiş, Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinə hörmətsizlik
nümayiş etdirən şəxslərin Azərbaycana gətirilməsi
ilə bağlı təcrübəni Xocalı
soyqırımı cinayətinin törədilməsində məsuliyyət
daşıyan şəxslərə münasibətdə də
davam etdirmək olar.
26 il bundan əvvəl, fevralın
25-dən 26-na keçən gecə erməni təcavüzkarları
keçmiş sovet ordusunun 366-cı motoatıcı
alayının köməyi ilə Xocalı şəhərinə
hücum edərək xalqımıza qarşı törətdiyi
soyqırım aktı nəticəsində bəzi ailələrin
bütünlüklə məhv edildiyini, mülki əhalinin
görünməmiş qəddarlıqla qətlə
yetirildiyini, əsir götürülənlərə
amansız işgəncə verildiyini xatırladan A.Səfixanlı
hesab edir ki, Xocalı soyqırımı zamanı baş
vermiş cinayət əməllərinin qabaqcadan
düşünülmüş qaydada, milli əlamətinə
görə insanların kütləvi şəkildə məhv
edilməsi niyyəti ilə törədilməsi beynəlxalq,
həmçinin, dövlətdaxili hüquqa əsasən məhz
genosid kimi tövsif edilməlidir.
A. Səfixanlı bildirib ki, beynəlxalq
hüquqa görə, genosid sülh və bəşəriyyət
əleyhinə yönələn əməldir və ən
ağır beynəlxalq cinayətlərdən hesab olunur. BMT
Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində
qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu
pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti
insanlar tərəfindən yaradılan maddi və mənəvi
dəyərlərdən məhrum edir. Genosid cinayətinin
hüquqi əsası, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il
tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş,
“Genosid cinayətinin qarşısının alınması və
cəzalandırılması haqqında” Konvensiyada müəyyən
edilib. Həmin Konvensiyaya görə, hər hansı milli,
etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə
və ya qismən məhv etmək məqsədilə qrup
üzvlərini öldürmə, qrup üzvlərinin
sağlamlığına ağır zərər vurma və
ya onların əqli qabiliyyətinə ciddi zərər vurma,
qrupun bütövlükdə və ya qismən fiziki məhvinə
yönəlmiş yaşayış şəraiti yaratma, qrup
daxilində doğumların qarşısını almağa
yönəlmiş tədbirləri həyata keçirmə,
bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa
keçirmə genosid sayılır. Analoji normalar Yuqoslaviya
beynəlxalq cinayət tribunalının Nizamnaməsində,
Ruanda beynəlxalq cinayət tribunalının Nizamnaməsində
və bir sıra dövlətlərin cinayət qanunvericiliyində,
o cümlədən, Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin 103-cü maddəsində təsbit
olunub. Xocalı soyqırımı zamanı ermənilər
tərəfindən adı çəkilən beynəlxalq sənədlərdə
və cinayət qanunvericiliyimizdə
təsbit olunmuş genosid cinayətinin tərkibini təşkil edən bütün əməllər törədilib:
"Təəssüf ki, insan
hüquqlarının kütləvi və kobud şəkildə
pozulması ilə nəticələnmiş Xocalı
soyqırımının beynəlxalq miqyasda hüquqi qiymətini
almaması, bu cinayəti törədənlərin cəzalandırılmaması,
günahkarların özlərini cəzasızlıq
mühitində hiss edərək kütləvi insan
qırğınları ilə müşayiət olunan yeni
cinayətlər törətməsinə rəvac verib ki, bu da
sülhə və bəşəriyyətə açıq təhdiddir.
Ümummilli liderimiz Heydər Əliyev Xocalı
soyqırımının əsl mahiyyətini
açıqlayıb, bununla bağlı BMT-nin Təhlükəsizlik
Şurasına müraciət edərək, bu cinayəti
törədənlərin cəzalandırılmasını tələb
edib. Ümummilli liderin müraciəti əsasında
1994-cü ilin fevralında ilk dəfə olaraq Azərbaycanın
Milli Məclisi tərəfindən Xocalı
soyqırımına hüquqi-siyasi qiymət verilib.
Azərbaycan Prezidenti İlham
Əliyev mötəbər beynəlxalq tədbirlərdə
etdiyi çıxışlarda hər zaman Azərbaycan
xalqına qarşı soyqırımı cinayətlərini
törətmiş şəxslərin məsuliyyətə cəlb
olunmasının vacibliyini bəyan edərək, beynəlxalq
təşkilatların bu məsələdə qətiyyətli
mövqe nümayiş etdirməsini, nüfuzlu beynəlxalq təsisatlar
tərəfindən qəbul edilmiş qətnamələrin həyata
keçirilməsi mexanizminin olmasını, ikili standartlara yol
vermədən beynəlxalq hüquq və normalara uyğun fəaliyyət
göstərməsini qətiyyətlə tələb edib.
Dövlət başçımız BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxışda qətiyyətlə vurğulayıb ki, ermənilər Xocalıda 613 dinc sakini, o cümlədən, 106 qadın və 63 uşağı qətlə yetirərək hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi cinayətkarlardan biri Ermənistanın hazırki prezidentidir.
Prezident, eyni zamanda, BMT rəsmilərinə, müxtəlif dövlətlərin başçılarına sualla müraciət edərək deyib: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır.
Bizim yol.-2018.-27
fevral.-S.13.