Qazaxıstanda Azərbaycanla bağlı üç kitab çapa hazırlanır

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubiley tədbirləri çərçivəsində Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən ilk dəfə qazax dilində Cümhuriyyətlə bağlı ətraflı məlumatlar, faktlar və sənədlərin toplandığı yeni bir kitabı çapa hazırlanır.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstanın Astana şəhərində keçirdiyi mətbuat konfransında TWESCO prezidenti Darxan Kıdırali məlumat verib.

            Akademiya rəhbərinin sözlərinə görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər dövlətlərdən nüfuzlu alimlərin məqalələrinin də yer aldığı kitabda AXC-nin o dövrdə Mərkəzi Asiyada mövcud olan muxtariyyətlərlə, o cümlədən Türküstan Milli Muxtariyyəti və Alaş Orda dövləti ilə əlaqələrinə də yer veriləcək.

D.Kıdırali qeyd edib ki, qazax dilində indiyədək AXC ilə bağlı dolğun məlumatların əks olunduğu bir mənbə yox idi. Ona görə də prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini əsas götürərək, bu sahədə olan mövcud boşluğun doldurulması üçün belə bir kitabın hazırlanmasına qərar verilib.

            Bu sırada Azərbaycan alimlərinin iştirakı ilə Astanada Cümhuriyyətin 100 ilinə həsr olunan seminar da təşkil olunacaq və iyunun 18-də Qazaxıstanda keçiriləcək III “Böyük Çöl” Humanitar Forumunun bir paneli bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinə həsr ediləcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən və Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransındakı fəaliyyətini əks etdirən “Əbədi ezamiyyət” sənədli filminin də Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə subtitrlə tərcüməsi və 28 May - Respublika günü ərəfəsində Qazaxıstan televiziya kanallarında yayımlanması nəzərdə tutulur.

 

Bizim yol.-2018.-3 mart.-S.15.