“Dünyada əslində
faciə deyilən
şey yoxdur”
Rejissor Günay Səttar: “Mənim
bütün tamaşalarımda erotizm var”
Bu günlərdə “YUĞ” teatrında Çexovun “Təklif” pyesinin premyerası oldu. Tamaşa üç nəfərin uyğunsuz şəraitdə izdivac aktını gerçəkləşdiməsi haqdadır. Baş rolları Vidadi Həsənov, Zümrüd Qasımova və Elgün Həmidov ifa edir. Müsahibimiz tamaşanın rejissoru Günay Səttardır.
- Günay, “Təklif”ə teatrda çox müraciət olunur. Bunu səhnələşdirmək riskli deyildi?
- “Təklif” əsəri doğrudan da, Çexovun ən çox səhnəyə qoyulan əsərlərindən biridir. Universitetdə demək olar ki, hər
beş müəllimdən
üçü “Təklif”i qoyur. Həm onun
lakonikliyi baxımından, həm də cəmi üç
personajın olması işlək prinsipə daha rahat gəlir.
Sözsüz ki, burada Çexovun dahiliyi amili də var.
Aktyorlarla danışanda, ilk növbədə onu müzakirə
etdik ki, bizim “Təklif” nə ilə fərqlənəcək,
hansı yeniliyi edəcək, necə bir formada qurulacaq. Biz elə tamaşa qoymaq istəyirdik ki, digərlərinə
bənzəməsin.
Deyirlər ki, Çexov ənənəvi prinsiplərlə
yazır, amma mənə elə gəlir ki, o ənənəvi
prinsiplərlə daha çox oynayırdı. O, öz mesajlarını
yumorla, alt qatda incə toxunuşlarla təqdim edirdi. Çexov
bu pyesini hamının rahat anlayacağı formada təqdim edir, amma onun ilk
baxışda sadə görünən mətninin altında
başqa mətləblər də var. Mən məhz o mətləblərdən
yola çıxaraq alternativlər axtarmağa başladım
ki, tamaşanı necə təqdim edim. “Təklif”
komediyadır, müəllifin özü də həyatı
anekdota bənzədirdi. Ümumiyyətlə,
çox ağıllı adamlar faciəni faciə kimi
yaşamırlar. Yəni dünyada əslində
faciə deyilən şey yoxdur. İnsanların
özünün faciə kimi qəbul etdiyi şeylər var.
Tutaq ki, mənim üçün faciəvi bir şey sənin
üçün elə deyil.
Duyğular genişləndikcə,
düşüncə genişləndikcə Allaha
çatır. O qatda faciə yox, ruh var. Mən faciə
kimi qəbul edilən şeyi narahatlıq adlandırıram,
onsuz da bunun keçiləcək nöqtəsi olacaq. Çexovun da yanaşmalarında faciə yox, yumor
var. Bəlkə də kimsə düşünər ki,
Çexovun adı arxasında gizlənirik. Düşünə bilərlər ki, brend müəllifləri
işləmək daha rahatdır.
- Əksinə, brenddirsə,
daha çətindir, çünki mövcud olanlardan fərqli
nəsə eləməlisən.
- Mən
də elə düşünürəm. Doğrudan
da dahi adamın əsərində yenilik etməsən,
özünəməxsus ştirxlər etməsən irəliyə
yox, arxaya getmiş olarsan. Mənim işimdə
özümə sığışdırmadığım
şeylər var. Böyük müəllifin adının
altında gizlənmək mənə görə deyil. Amma təsadüflərə, rəqəmlərin
mistikasına inanıram. Birinci məşqə
bu ilin yanvarın 29-da başlamışıq, Çexovun
doğum günündə, mövsüm də iyulun 15-i bu
tamaşayla bağlanır. Həmin gün
onun ölüm günüdür. “YUĞ”un
metodikasına uyğun olaraq, bu tamaşa ruhi aktdır.
- Çexova ilk müraciətindir?
- İkinci rejissor kimi Vaqif İbrahimoğlu ilə
“Albalı bağı”nda işləmişik. Əslində
Çexovun pyeslərini Vaqif müəllim sevdirib. Amma buna kimi hekayələrini sevirdim. Hətta
yadımdadır ki, “Albalı bağı”nın
kriptoqramlarını izah edəndə belə bir şey dedi
ki, yaponlar onun əsərlərinin paradiqmatik qatını
müqəddəs yazılarına, ayinlərinə
bağlayırdılar. Yaponlarda albalı
ağacının çiçəklənməsi müqəddəs
hadisədir.
- Biz bunu mütləq həqiqət
kimi qəbul etməliyik ki, Çexov doğrudan da o müqəddəs
yazıları nəzərdə tutub?
- Mütləq
qəbul etməməliyik, sadəcə yaponlar Çexovu
anlamaq üçün buna istinad ediblər. Mən
kodlara inanıram, onlar sənə nəyisə anlamaqda kömək
edir.
- Tamaşaya hazırlıq prosesi necə
oldu, bu pyesin başqa səhnə versiyalarına
baxmışdın? Məsələn, internetdə
Rusiya teatrlarının tamaşaları var.
- Birinci onu deyim ki, “Təklif”in bir
versiyasına belə baxmadım. Bu mənada qorxum var.
Çünki istər-istəməz təsirlənmənin izləri
ola bilər. Əvvəlcə
velosiped düşünmüşdüm ki, ata və qız
işdən velosipedlə gəlir. Dedilər
ki, Rusiyada hansısa rejissor Çexovun “Qağayı” əsərində
bundan istifadə edib. Həmən qorxuya
düşdüm. Bu internetdə varsa, onda
mənim bu tamaşadan nəyisə götürdüyümü
düşünəcəklər. Amma mən
o tamaşanı görməmişdim. Bu
velosiped məsələsi içimdə sual kimi qaldı.
- Ona görə araba ilə əvəzlədin?
- Aha. Bəlkə də təsirlənmək qorxusu
kompleksdir. Mənə narahatlıq gətirir,
xırda bir detalın hansısa tamaşada eynilə olmasını
deyəndə də. Amma artıq tamaşa
təhvil verilib, bundan sonra baxacam. Bir də
internetə, İnstaqrama filana maraqlı deyiləm. Virtual dünya mənə çəkici gəlmir.
Özümün yapmaq istədiyim şeylər
var ki, onları dünyaya gətirmək, onlarla məşğul
olmağı sevirəm. Ona görə
Çexovun əsərlərinin tamaşasına baxmadım.
Amma təbii ki, Çexovdan xeyli şey oxudum.
Niyə
“Təklif”? Məndə hazırlamaq
üçün üç əsər vardı, Xətainin
“Dəhnamə”si, Qoqolun “Burun”u və “Təklif”. Direktor və baş rejissora təqdim etdim. Belə qərara gəldik ki, çevik, tez
hazırlana biləcək variantı seçək. “Burun”u pyes halına gətirmək lazım idi.
Ona vaxt lazım idi, mən isə tez
başlamalıydım. “Dəhnamə” isə
kütləvi idi, 10-15 nəfərin məhsulu
olmalıydı, zaman alardı. Ona görə
“Təklif”də qaldıq. Vidadi müəllim
tərcümə elədi. Yeni versiyada tərcümədə
qoymuşuq tamaşanı.
- Əsasən pyesdə səni
nə çəkdi, nələrə vurğu eləmək
istəmişdin və bu alndımı?
- Əsas çəkən
bu oldu ki, bir kişi bir qadınla evlənmək
istəyir, amma bir yerə vura bilmirlər. Əsas
məqama çatanda dalaşıb ayrılırlar. Söhbət nədən gedir? Çexov
həkim idi, pul qazanmaq üçün yazmağa
başlayıb, həkimlər də psixologiyanı,
anatomiyanı yaxşı bilirlər, insanı,
düşüncəni fizioloji baxımdan daha rahat analiz edirlər.
Və bu əsərdə o, qadın kişi
münasibətlərini analiz edir. Çexov
Stanislavski ilə eyni dövrün adamlarıdır. Hətta bir-birini inkar edən adamlar olub. O Stanislavski ilə mübahisə edirdi ki, pyesim
doğru qoyulmayıb. Pyesə quruluş
verəndə birbaşa həkimlik baxış bucağı məni
maraqlandırdı. Həkim baxışından
çıxış edəndə gördüm ki, o bir kişi ilə qadını bir şeydə birləşdirir.
Seksual həyatda bunlar birləşirlər, amma
məişətdə fikir ayrılıqları olur, bu
gerçəkdə də belədir. İnsanlar
məhz orda birləşirlər, dil tapırlar. Evlənəndən sonra qadınla kişinin mübahisələri
olur, söhbət yatağa gələndə orda bəlkə
də danışmırlar, ikisi də bir-birini razı
salmalıdır.
- Ümumiyyətlə, tamaşada
yüngül, incə erotizm vardı,
düşünülmüş idi yoxsa sponatan
yaranırdı?
- Orda
erotizmi göstərən bir səhnə var. Qadınla kişi ikinci dəfə görüşəndə.
-
Misalçün, ilk səhnədə işdən gələn
qadının yorğunluğunu ifadə etməsindəki
erotizm aktrisadan qaynaqlanır?
- Ola bilər.
Niyəsə mənim bütün
tamaşalarımda erotizmin olduğunu qeyd edirlər. Bilmirəm, bəlkə bu məndən gələn
bir şeydir.
- “Təklif” “YUĞ”un
estetikasında yox, ənənəvi təhkiyə kimi
qurulmuşdu. Nədən?
- Əslində göstərmək istədim ki, ənənəvi
prinsipi də psixosof metodkası ilə işləmək olar. Çünki
fikirləşirlər ki, psixosofla daha rahatdır işləmək.
Əslində isə ənənəvi prinsiplərin
özü də psixosof metodikasına girir. Göstərdim ki, bunu da bacarıram.
- Yəni
iddialı rejissorsan.
- İddialı adamam həyatda. Və mən bir
şeyin iddiasına girmişəmsə, onu bacarmasam belə,
bacarmalıyam. Məsuliyyətin altına
girirəmsə, onun iddiamdan yüksək səviyyədə təqdim
edəcəm. Uduzmağı sevmirəm.
- Tamaşa boyu kilsə zəngləri
səslənir, amma Çexov kilsə zəngini sevmirdi.
- Mən
onu kriptoməqam kimi nəzərdə tutmuşam. Çexovu atası məcbur edirdi ki, kilsəyə
getsin, kilsə zəngləri ona uşaqlıq
travmalarını xatırladırdı. Amma
dediyim kimi, bunu kriptoməqam kimi götürdüm, Çexova
zidd nəsə yoxdur, kilsə zəngindən sonra saat vurur.
Bu zamansızlığı ifadə edir. Çexovun qısa ömründə 90 ilə
sığa bilən yaradıcılığı olub. Bu boyda külliyatı yazmaq üçün
zamanı necə adlayıb, hansı enerjiylə yazıb, ən
azı bir yazı prosesi var axı, vaxtın olmalıdır.
- Bu müddətdə Çexovdan
yeni nə öyrəndin?
-
Çexov deyəndə göz önünə kübar
görkəmli biri gəlir. O, heç də elə
olmayıb. Qadınlarla münasibətində məsələn,
arvadbaz olub. Bəlkə də erotizm də
ordan gəlir tamaşada. Qadınlara məktublarında
elə sözlər yazırdı ki, ilk baxışda mədəni
görünə bilər, amma onun altında qadına
ağrı gətirən bir şeylər var. Çexov
özü yüksək təbəqəyə istehza edib.
Bunu da tamaşada göstərməyə cəhd
etdim. Hamısını kübar, mədəni
də göstərmək olardı.
- Yeri gəlmişkən, Youtube-da “Təklif”
pyesinin Rusiyadakı teatrların qoyduğu iki tamaşasına
baxdım. Sənin quruluşun, mizanların, aktyor oyunu fərqlənirdi.
Məsələn, Zümrüdün Natalya Stepanovnası
kobud, yonulmamışdı. Onların Natalyası nisbətən
soyuq, kübardır. Bunu akyorlardan
aldığın yüksək nəticəyə bağlamaq
olar?
-
Aktyorları fərqli eləməyi sevirəm. Bizim
çox məşhur aktyorlar var ki, onların ənənəvi
obrazı var. Şablon kimi təqdim olunur. Əminəm
ki, onlarla işləyib, ənənəvilikdən
çıxara bilərəm.
Zümrüdlə
bu obrazı işləyəndə düşündük ki,
bu personaj necə ola bilər? Qadın
taxıl zəmisində işləyir, işgüzardır,
ona görə sərt ola bilər. Amma sevgi məsələsinə gələndə təbii
ki, o dəyişir. İstənilən
insan elədir, ortamdan asılı olaraq kimlikləri, məninin
forması dəyişir. Tutaq ki, mən bir
kişiylə başqayam, dostumla başqa cür, ictimai yerdə
başqa. Natalya ona elçi gəldiyini
bilməyənədək davranışında, kobudluq deməyək,
rahatıq vardı. Amma elçi gəldiyini
biləndə, o, dəyişir, qadınlaşır. Bu, mənim yozumumdur. Razılaşmamaq
da olar.
- Mizanların maraqlı olur.
- Mizanlar
rejssorun dilidir, onlar əvvəlcə beynimdə hazır olur
ki, kim harda dayanacaq, kim harda
yıxılacaq, səhnə üçkünc olacaq. Mərkəzdə daha çox qadın olacaq. Hər şeyi masa arxasında
danışırıq. Musiqi, rəssam,
işıq tərtibatına uyğun korrektlər edilir.
- Aktrisalar
kaprizli olurlar. Onlarla işləmək problem
yaradır?
- Ümumiyyətlə, dil yapa bilirəm. İki aktrisa vardı, bir səhnədə olmaq istəmirdilər. Öz teatrlarının fədaisi, korifeyi sayılırdılar. Mənə dedilər ki, bu iki aktrisanı eyni tamaşada oynada bilməzsən. Amma ikisi də oyandılar. Özümü elə aparırdım ki, guya bunların mübahisəsindən xəbərsizəm. Biri deyirdi ki, o filan səhnədə irəli gəlib mizanımı pozur. Mən də o aktrisaya demirəm ki, niyə mizanı pozursan. Sadəcə mizanı dəyişirdim. Münasibətim də korlanmadı.
Sevda Sultanova
Bizim Yol.- 2018.- 13 iyul.- S.15.