“Gələcək məchuldur,
amma ümidlərlə
doludur
Sevgini ölçən cihaz
hələ icad olunmayıb, lakin feysbuk və instaqramda istifadəçilərin
yazdığı səmimi status və rəyləri
imkan verir ki, hər hansı sənətkara olan münasibət və sevgini
bütünlüklə hiss edəsən...
Bu gün Feysbuk
yoldaşlarımın əksəriyyətinin Flora
Kərimovanın nəğmələrini paylaşıb onu doğum günü münasibətiylə təbrik etməsi
bir daha sübut edir ki, o, Azərbaycan mədəniyyətinin
və musiqisinin əvəzolunmaz xəzinəsidir.
Əgər mələklərin səsi olsaydı,
şübhəsiz ki, bu,
Flora Kərimovanın doya
bilmədiyiniz məlahətli ifaları olardı. Əvəzolunmaz
sənətkarın bu gün
77 yaşı tamam olur.
Publika.az əlamətdar günlə əlaqədar olaraq Xalq artisti ilə söhbət edib.
- Əlamətdar
gündə sizinlə danışırıq. 77
yaşınız tamam olur.
Bu gün münasibətilə
sizi ürəkdən təbrik edir, sağlam və mənalı
ömür arzu edirəm.
- Minnətdaram, əzizim.
- Flora xanım, təvəllüdünüzü
bilməsəydiniz, özünüzə neçə yaş verərdiniz?
- Realistəm, yaşımın həmişə fərqində olmuşam. Odur ki, indi də yaşımın əhval-ruhiyyəsini hiss edərək yaşayıram.
- Yaşa dolmaq sizi kədərləndirir, ya
bunu müdriklik əlaməti
kimi qəbul edirsiniz?
- Bunu mütləq bir tale kimi və təbiətin qoymuş olduğu hədəfə doğru uzanan yol kimi qəbul edirəm.
- Öz
doğum gününüzdə keçmiş və ya gələcək
üçün daha çox darıxırsınız?
- Arxaya baxan deyiləm, keçmişə də ümidim yoxdur. Gələcək isə həmişə müəmmalı, amma ümidlərlə doludur.
- Belə bir deyim var:
“Yeni yaşa öyrəşmək
asan olardı. Əgər o,
heç vaxt dəyişməsəydi”.
Sizcə, insanlar qocalmaq
qorxusuna necə qalib gələ
bilər?
- Yaşa dolmaq, qocalmaq əksər insanın, xüsusən də qadınların qorxulu kabusudur. Xoşbəxtlikdən bu hiss mənə həmişə yad olub. Nə də ki, Allahdan qorxmamışam. Çünki bilirəm ki, təbiətin əleyhinə getmək və yaradanın göndərdiyi qədərin ağırlığından can qurtarmaq mümkün deyil. Heç nəyə heyfsilənməmişəm.
- Sevilən
qadınların həm ruhən, həm də zahirən gənc
qaldığını deyirlər. Siz bu fikir haqqında hansı
qənaətdəsiniz?
- Mənə deyilən komplimentlərin arasında yeganə fikirdir ki, onunla razılaşıram. Yaradan məni belə yaradıb. Həmçinin genetikanın da rolu böyükdür. Anam bir qədər dolu bədənli olsa da, yaşından gənc görünürdü.
- Bu
günlə bağlı hansısa ənənəniz
varmı? Övladlarınızdan gözlədiyiniz xüsusi hədiyyə necə?
- 23 iyul Ağdamın işğal günüdür. 1993-cü ildən bəri mənim üçün doğum günü yoxdur. Bu gün həyatımda göz yaşı, həsrət və bədbəxt olduğumuz gün kimi yadda qalıb. Hər il torpaqlarımızın işğal günlərində ölüb-dirilirəm... Niyə dirilirəm? Nə etmək olar, görünür ki, bu dünyadakı işgəncə payımı hələ bitməyib.
- Belə bir fikir var
ki, hər insan layiq olduğu ömrü yaşayır. Bu
baxımdan qismətinizə hansı ömrü
yaşamaq nəsib olub?
- Heç vaxt öz həyatımı yaşamamışam, millətimin, torpağımın və Vətənimin aldığı yaraları onunla birlikdə yaşamışam. Və bu xüsusiyyətimə görə həmişə düşmən qazanmışam. Məni heç vaxt başa düşməyiblər. Bununla belə millətim məni sevir və çalışır ki, bütövlüklə anlasın. Ancaq alınmır... Qəlbimdəki qəlbimdədir... Millətimin o ağrıdan xəbəri olsaydı, bəlkə də mənə haqq qazandırardı. Hərdən deyirəm ki, bu dünyanın dərdi sənə qalıb? Təəssüflər olsun ki, mənim üçün dünyanın dərdi Azərbaycan adlı məmləkətdə yerləşir. Və onun dərdi hər birimizə aiddir. Bu ağrını çox dərində, şüurumda, bütün ruhumda hiss edib yaşayıram.
- Böyük həyat təcrübəsi olan xanımsınız. Maraqlıdır ki, bu yaşa
qədər yaxşı və pis
insanı bir-birindən fərqləndirməyi öyrənə
bilmisiniz? Yoxsa, həyat
sizi təəccübləndirməyə davam edir...
- Təəccübləndirir. Sözümə görə oxucular məni bağışlasın: müəyyən insanlar var ki, onların qanmazlığı məni heyrətə gətirir. Çirkin addımlara üz tutaraq mənsub olduğu millətə dağ çəkdirən adamları indiyə qədər görəndə təəccüblənir və təəssüflənirəm. Bu insanlar düşünmür ki, öz əməlləri ilə özünə qarşı necə böyük nifrət qazanır...
- İstəsək
də, istəməsək də,
yaşadıqlarımızdan dolayı bəzən həyat eşqimiz azalır və sönməyə
başlayır. Belə anlarda sizə güc verən kim və ya nə olur?
- Realistəm, xəyallara qapılmıram. Bilirəm ki, bir gün qapım döyüləcək... Böyük oğlumun yaşı 50-ni haqlasa da, yeganə nigarançılığım övladlarımla bağlıdır. Nigarançılıq qoymur ki, rahat yaşayım. Əgər şəhidlərimizin ruhu məni yandırıb cızdağımı çıxartmasaydı, bəlkə də övladlarımdan nigaran getməzdim. Ancaq indi çox nigaranam...
- Müasir qadınlar otuz
yaşa qədər sübut
edir ki, artıq böyüyüb, otuzdan sonra isə hələ də gənc olduğunu göstərməyə
çalışır. Sizcə, bu, nədən
irəli gəlir?
- Qocalıq qorxusundan. Elə müğənnilər tanıyıram ki, orta yaşından sinə səsi ilə oxuyurdular, indi isə səslərini nazikləşdirib yaşlarını kiçik göstərməyə çalışırlar. Vallah ayıbdır. Sən səsinlə və ifanla da yaşadığın illərin bioqrafiyasını yazırsan. İnsanlar səni o səslə sevibsə, indi incə səslə “myau-myau” etməyin nə mənası? Bu, kimə xoş gələr? Adamlar o qədər korlanıb ki, hətta bəzi hallar bir çoxunun mənliyini də əlindən alıb.
- Remark deyirdi ki, bizi qocaldan
xatirələrimizdir. Əbədi
gəncliyin sirri odur ki, unutmağı
bacarasan. Həqiqətənmi unutqanlıq cavan
qalmağa kömək
edir?
- Elə bir adam yoxdur ki, keçmişinin ağrısını yüngül
formada hiss etməsin. Keçmişin gözlərini əbədi
yumana qədər sənin yol yoldaşındır. Biz keçmişin
ağrısını çiyinlərimizdə
həmişə hiss edirik.
- Uşaqlıqda itməkdən
çox qorxurduq. Böyüyəndən sonra isə
itmək və mümkün qədər uzağa getmək istəyirik. Niyə illər
keçdikcə arzularımız
bir-birini inkar edir?
- Müharibə dövrünün
övladıyam və
bu günə qədər müharibə
içindəyəm. Nə indi,
nə də uşaqlıqda qorxaq olmuşam. Çünki anamın sevgisi
və qayğısı
ilə böyümüşəm.
Bilirdim ki, iki dünya bir olsa, lap quyunun
dibinə düşsəm
də, anam mütləq gəlib məni ordan çıxaracaq. Ana münasibətinə və
ana məhəbbətinə
inam var idi. Mən anama inanırdım,
odur ki, itki qorxusu məndən
yan keçmişdi.
Sonrakı illərdə mübarizə
əzmi ilə seçilən xanım olmuşam. Kimsə bir küncdə
oturub ağlayanda və ya dərdini
kimləsə bölüşəndə,
qollarımı çırmalayıb
özümdən çox-çox
güclü insanlarla mübarizə aparmışam.
Odur ki, həyatımda qorxuya yer yox
idi.
Sənət adamı üçün gözdən düşüb
unudulmaq daha dəhşətli itkidir. Allaha qurban
olum ki, bunu mənə qıymadı. Nə
gözdən düşməyə,
nə də ki, unudulmağa imkan verdi.
- Flora xanım, bu səsi unutmaq
mümkün deyil...
- İsti sözləriniz
üçün minnətdaram.
- Doğum günündə Flora xanımın
özünə olan arzularını eşitmək
istərdik.
- Bütün hərfləri
böyük yazılan
BÜTÖV AZƏRBAYCANIMI və
VƏTƏNİMİ arzu edirəm!
Torpaq itkisini yaşamaqdansa, Allah canımı
alsa yaxşıdır...
- Flora xanım,
belə kədərli
sözləri dilinizə
gətirməyin. Allah sizi
də, vətənimizi
də daim qorusun! Doğum gününüzdə bizə vaxt ayırdığınız üçün
xüsusilə minnətdaram.
Dərin
və dəyərli söhbətinizi dinləmək
çox xoş oldu. Özünüzə
yaxşı baxın və sevildiyinizi heç zaman unutmayın!
- Siz məni bu
gün çox-çox
təəccübləndirdiniz. Həyat fəlsəfəsinin dərinliklə
varan sualları bir müddətdir ki, eşitmirdim. Siz mənim ürəyimdən
keçənləri soruşdunuz.
Belə mənalı suallar üçün təşəkkür
edirəm. Və qeyd
etmək istəyirəm
ki, jurnalistlərdən
həmişə belə
münasibət və
söhbət gözləyirəm.
Bizim Yol.- 2018.- 25 iyul.- S.15.