O mələksimalı, pak insana borcum çoxdur

 

Kulis.az Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovun APA-ya müsahibəsini təqdim edir.

 

 Bu müsahibəni ötən ilin avqustunda – Azər Paşa Nemətovun 70 illik yubileyi münasibəti ilə hazırlamışdım. Söhbətimizin bir ilə yaxın işıq üzü görməməsinin səbəbkarı mən yox, müsahibim özüdür. Bir gün zəng vurdu:

- Gəl, bu müsahibəni indi yaymayaq. Mənə elə gəlir, hər şeyi bu qədər xırdalığına qədər danışmaq, şəxsi məsələlərdə bu qədər səmimi olmaq lazım deyil. Saxla, mən bu dünyada olmayanda yayarsan.

O gündən az qala bir il keçdi. Nəhayət, Azər Paşa Nemətovu razı salmaq mümkün oldu. Və əlbəttə, teatr dili ilə desəm, bu müsahibəni iki nəfərlik söz oyunu kimi qəbul edə bilərsiniz.

 

* * *

 

Məkan Teatr Xadimləri İttifaqı. Pəncərədən o tərəfdə avqust istisi. Geniş olmayan iş kabinetini gözümüzün qabağına gətirək. Ona görə yox ki, ittifaq sədrinin şəraiti yoxdur. Qətiyyən! Azər Paşa Nemətov sədr üçün nəzərdə tutulan ger-geniş kabineti konfrans otağı edib. Hə, bir də indi oturduğu kabinetdə atasının izi, nəfəsi, həniri var...

Mən diktofonu qoşuram və ilk sual: “Yubiley yaşına çatanlar geriyə baxıb özlərinə üçcə sözlük sual-hesabat verirlər: mən necə yaşadım?! Soruşmaq istəyirəm: Sizi də bu insanlardan saymaq olarmı? Yoxsa əksinə, hesabat gündəlik veriləndə yaşamaq daha rahat olur?”.

 Cavabdan əvvəl xatırlamıram siqaret yandırır, ya yox. Bu detalı yadımızda saxlayaq, lazım olacaq:

“Əlbəttə, hesabatı gündəlik vermək daha yaxşıdır. Çünki insana rahatlıq, xoşbəxtlik gətirir. Bir də hər gün özü ilə baş-başa qalmağı bacaran adamlar məsuliyyətli, ədalətli olurlar. İnsanın məsuliyyəti və ədaləti varsa, deməli, bütün ömrü boyu könül rahatlığı da olacaq.

Bizim üçün vacib olan könül rahatlığı deyilmi? Mən adi insanam. Tək qalanda düşünürəm ki, sabah, biri gün nə etmək istəyirəm? Və Allaha dua edirəm: arzularımı, planlarımı həyata keçirmək üçün mənə sağlamlıq, güc, ömür ver! Etiraf edim, ömrü boyu tələsən adam olmuşam. Həmişə mənə elə gəlib, nəyisə çatdıra bilməyəcəyəm.

- Tanıdığım bütün yaradıcı adamları narahat və tələskən görmüşəm...

- Yaradıcı adam doğulanda bu cür doğulur. Daha doğrusu, onu Allah bu cür yaradır: hər şeylə razılaşmayan, hər şeyi qəbul etməyən... Bu, tale məsələsidir və bizim iradəmizdən kənardadır. Sadə şəkildə desəm, yaratmağı bacaran adamlar xaraktercə qəliz olurlar. Cavan olanda düşünürdüm ki, daha çox işləməliyəm, özümə qarşı bir az da tələbkar olmalıyam. Sonra yaş üstünə yaş gəldi və anladım ki, bunun üçün Allah insana imkan yaratmalıdır.

- Sizin yaradıcı və narahat təbiətiniz ətrafınızdakı insanlara qayğı, problem yaradıbmı?

- Məncə, yox. Əgər məsələni iş və təmənna müstəvisinə gətirsək, heç kimdən heç nə istəməmişəm. Qürurlu olmuşam, dolayı, əyri yollarla getməmişəm. Eşitdiyimə görə mənimlə işləmək həm asandır, həm çətin. Haqqımda kimsə deyir ki, sərt, zəhmli adamdır. Başqası deyir, yox, siz tanımırsınız, ürəyiyumşaqdır. Bütün bunlar haqqında heç vaxt düşünməmişəm.

Sadəcə, normal insanam və bütün insani normaları gözləməyə çalışıram. Tutduğum vəzifələrin imkanlarından, səlahiyyətimdən istifadə edib insanlara kömək etmək istəyirəm. Çünki atam Zəfər Nemətovdan, İsmayıl Dağıstanlıdan, Ələsgər Ələkbərovdan, Lütfəli Abdullayevdən belə şeyləri götürmüşəm. Həmişə görmüşəm ki, bu adamlar ətraflarında olanlar üçün kimlərinsə qapısını döyüb, xahiş ediblər.

- Teatr Xadimləri İttifaqının sədri və ölkənin ən böyük teatrının rəhbərisiniz. Deməli, başqaları üçün xahiş edəndə qürur məsələsini gözləmirsiniz...

- Hesab edirəm, bu mənim borcumdur. Üzərimə götürdüyüm məsuliyyəti başa düşürəm. Ona görə məni seçiblər ki, ehtiyacları olanda gücüm çatan qədər bütün teatr xadimlərinə köməklik göstərim. Əlim və səlahiyyətim çatan qədər də köməklik göstərmişəm. Mənə deyirlər, etdiklərinizə görə cənnətin qapısı sizin üzünüzə həmişə açıqdır. Mən isə demişəm, bunu biz yox, Allah bilər.

- Stolunuzun üstündə “Qurani-Kərim” görürəm...

- Mənə görə inamsız insan normal insan deyil. Təkcə Allaha inamı nəzərdə tutmuram. İnsanın insana inanmamağından böyük faciə varmı? Buddizm təlimini də oxumuşam, “İncil” və “Tövrat”ı da, “Quran”ı da. Bütün ilahi təlimlər inam təlqin edir. Bəli, “Qurani-Kərim” stolumun üstündədir. Mənim üçün “Qurani-Kərim” kitabların, İslam dinlərin ən mükəmməlidir. Kimlərsə İslamı məqsədli şəkildə gözdən salmaq, inanclı insanların səhv olaraq radikal obrazlarını yaratmağa çalışırlar. Amma bütün çirkin cəhdlər boşa gedəcək, İslam yenə hər zaman olduğu kimi qalib olacaq. Çünki bizim dinimiz sevgi, məhəbbət, sülh və əmin-amanlıq dinidir.

Haşiyə: Tərtib etdiyim sual siyahısına baxıram. Keçmişə qayıtmalıyıq. O vaxtlara ki, 15 yaşlı Azər Paşa Qara Qarayevdən musiqi dərsi alırdı. Bir də o vaxtlara ki, rejissor olmağını istəməyən atasına acıq edib evdən getmişdi. Öz sözünü özünə xatırladıram: “Hər şeyi təzədən başlasaydım, rejissor olmazdım. Rejissor hər tamaşa hazırlayanda yeni həyat yaşayıb ürəyinin bir hissəsini əridir”.

Və soruşuram ki, peşə seçimində “səhvə” yol verdiyiniz rejissor ömrü hardan başladı, necə başladı?

- Bu peşəni seçməyimdə atamın rejissor olmağının rolu böyük olub. Atama rejissor kimi də, insan kimi də qibtə edirdim. Sonuncu dəfə onunla xəstəxanada görüşmüşdüm. Evə gedəndə dedi, Azər, yox, bağışla, Azər Paşa, mən həyatım boyu nəyə nail olmuşamsa, sənin ananın hesabına olub. Bütün ömrün boyu ananın qayğısını çək və yadından saxla: o mələk simalı pak insana mənim borcum çoxdur. Əslində atam bu sözlərlə mənimlə vidalaşırdı. Bu vəsiyyəti heç vaxt unutmadım. Anam üçün nə bacardımsa, yaxşı olmağı üçün əlimdən nə gəldisə, etdim. Atam rejissor olmağımı istəmirdi. Mən də inciyib evdən getdim. Musiqi məktəbində oxuyanda Qara Qarayev yazdığım əsəri eşidib soruşmuşdu ki, bunu kim yazıb? Biləndə ki, Zəfər Nemətovun oğluyam, yanına çağırdı və təklif elədi, Konservatoriyada onun sinfində azad dinləyici olum. Belə də oldu və mən bir il ərzində qeyri-adi insan olan Qara müəllimdən çox şey öyrəndim. Amma rejissorluq məni daha çox cəlb edirdi. Diplom tamaşama Qara Qarayev gəlib baxdı, mənə hədiyyə verdi. Və qayıtdı ki, səndən çox böyük rejissor olacaq, amma bəstəkar kimi ondan da böyük olacaqdın, axmaq (Gülür). Bəxtim ondan gətirib ki, Qara Qarayevi, Tofiq Quliyevi, Mehdi Məmmədovu, İlyas Əfəndiyevi, Cahangir Cahangirovu, Salam Qədirzadəni, Mustafa Mərdanovu, Tələt Eyyubovu, Yusif Vəliyevi, Seyfəddin Dağlını, Tofiq Kazımovu, Səttar Bəhlulzadəni şəxsən tanımışam. Tofiq Quliyevi biz əmi çağırırdıq. Tofiq Quliyev də mənə oğlum, anama bacı deyirdi. Anam evimizdə bu insanlar üçün süfrə açıb, atam onların hər birini dostu, qardaşı bilib. Məsələn, Cahangir Cahangirov “Füzuli” kantatasını ilk dəfə bizim evdə ifa edib və özü də oxuyub. Kantata bitəndən sonra Qara müəllim dedi, Cahangir, sən həyatda heç nə yazmasan da, bu musiqi ilə Azərbaycan tarixinə adını yazdırmısan. Yadıma gəlir, Mehdi Məmmədovla Tofiq Kazımov bir-biri ilə küsülü idilər. Atam onları bizə çağırıb barışdırmışdı.

- Rejissor istedadınızı atanıza nə vaxt sübut elədiniz?

 - 1971-ci ildə atam diplom tamaşama baxmışdı. Mənə heç nə demədi. Evə gəldim, anam qayıtdı ki, Azər, Zəfər sənin tamaşana baxıb, mənə dedi, sənin bu oğlun var ha, bunun dili də var, dilçəyi də, o çox böyük rejissor olacaq. Mənim üçün bu sözləri atam, Qara Qarayev və Ədil İsgəndərov deyib. Və əlbəttə, onların mənim haqqımda dediyi bu sözlər böyük qiymətdir. Tələbəlik illərim də çox maraqlı keçib. Tələbə yoldaşlarımdan Mikayıl Mirzəni, Əlabbas Qədirovu, Pərviz Cəfərovu, Azər Süleymanovu itirmişəm. Rasim Balayevə, Vaqif Əsədova, Məhərrəm Bədirzadəyə Allah cansağlığı versin, onlar bu gün də mənim əziz dostlarımdır.

- Siz gəncliyinizdə boksla da məşğul olmusunuz?

- Bəli. Soruşa bilərsən ki, niyə məhz boksla? Çünki hamı məni döyürdü, ona görə də ən sərt idman növü olan boksa getdim. Sonralar SSRİ idman ustası adını qazandım. Çoxlu yarışlarda iştirak etmişəm. Cəmi iki dəfə məğlub olmuşam. Bunun da səbəbi belə olub ki, həkimlər yarışa buraxmayıblar. Birində zədəyə görə, o birində qızdırmam olub, yarış qadağan edilib. Mən zəifləri həmişə müdafiə etmişəm. O zaman yumruğumla, indi qabiliyyətimlə.

- Sankt-Peterburqa niyə getdiniz? Vaxtilə Zəfər Nemətovun təcrübə keçdiyi bu şəhərə sizi çəkib aparan nə idi? Deyəsən, atanıza qarşı olan qruplaşmaların əziyyətini oğul kimi siz çəkməli idiniz?

- Atam 1930-cu ildə Milli Dram Teatrına işə qəbul edilib. Teatrda Cəfər Cabbarlının seminarlarında iştirak edib, püxtələşməyində bu seminarların böyük rolu olub. Bir il sonra isə teatrın göndərişi ilə Teatr Məktəbinə qəbul olunub. Atamdan imtahanı Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə, Hacıağa Abbasov və Rza Darablı götürüb. Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə atamı öz doğmaları kimi çox istəyiblər.

1933-cü ildə babam Əli Paşa Nemətov işlədiyi mədəndə cərəyan vurmasından vəfat edib. Ona görə də ailənin bütün çətinliyi atamın üstünə düşüb. Atamı Gənc Tamaşaçılar Teatrında çox incitmişdilər. Məcbur olub teatrdan çıxmışdı. Ondan sonra cəmi iki il yaşadı. Gənc tamaşaçılar Teatrında işləyəndə mənə qarşı da eyni hərəkəti etdilər. Bir qrup adam imza atmışdılar ki, bu rejissoru istəmirik. Sonra qaytarmaq istədilər, dedim, mən əşya deyiləm, getdiyim yerə bir də qayıtmıram. O vaxtkı Leninqrad Gənc Tamaşaçılar Teatrına gedəndə orda dedilər, sən Azərbaycandan gəlmisən, ona görə hər şeyi təzədən başlamalısan. Mən etiraz elədim ki, Mehdi Məmmədovun tələbəsiyəm. Bir müddət Georgi Taratorkin, Lev Dodinlə bir yerdə çalışdım.

Teatrın rəhbəri mənim haqqımda soruşanda hamısı dedi, çox maraqlı rejissordur və bizim məktəbimizlə işləyir. Sonra məni ştata qəbul etdilər və Leninqrad həyatım başladı. Xaricə qastrollara getdim, teatrın rəhbəri xaricə gedəndə məni öz yerinə təyin edirdi.

- Bakıya qayıtmağa məcbur idiniz?

- Məcburiyyət məsələsi deyildi. Ulu öndərimiz Heydər Əliyevi minnətdarlıq hissi ilə xatırlayıram. O, kənarda olan və özünü təsdiq etmiş insanları Azərbaycana dəvət edirdi ki, yaradıcı potensiallarını öz ölkəmizə sərf etsinlər. Bakıya qayıdandan sonra Mədəniyyət Nazirliyi mənimlə bağlı məsələlərə soyuq yanaşdı. Ev söz vermişdilər, alınmadı. Bir müddət işsiz qaldım. Mənə evi 35 il sonra prezidentimiz İlham Əliyev verdi. Ulu Öndərimiz “Hamlet”, “Ah, Paris, Paris...” və başqa tamaşalarıma gəlib baxmışdı, uğurlu tamaşalar münasibəti ilə məni təbrik etmişdi. Hər dəfə soruşurdu ki, işlərin necədir, həyatından razısanmı? Mən hər şeyin qaydasında olduğunu deyirdim. Evimin olmadığını bir dəfə də açıb demədim.

- Aktyor kimi özünüzü sınamaq istəyiniz olubmu? İstəyirəm, bu haqda danışaq...

 - Ömrüm boyu istəmişəm məşhur aktyor olum. Amma aktyor olmaq üçün öz tələblərimə uyğun olmamışam. Mənim aləmimdə aktyor hündürboy və bariton səsli olmalıdır. Aktyorluğu bir dəfə multfilmdə etmişəm. Ağadadaş Qurbanovun qızı Firəngiz Qurbanova multfilm çəkirdi. Biz ailəvi dost idik və həmin filmdə çəkildim. Məktəbdə nə şuluqluq salırdımsa, atamın əvəzinə Ağadadaş əmini məktəbə aparırdım. Direktor da deyirdi ki, görə sən nə boyda nəhəngi mənim yanıma gətirmisən? (Gülür).

- Özünüz kino çəkmək həvəsində olmamısınız?

- Cavan vaxtı çəkmək istəyirdim. “Debüt” studiyasının rəhbəri, mənim əziz dostum, canım-gözüm Eldar Quliyev dedi, 39 yaşında məşhur rejissorsan, əməkdar incəsənət xadimisən, sənin nəyinə lazımdır debüt film çəkmək? Qoymadı. Mən də acıq elədim, bir də ona demədim film çəkmək istəyirəm.

-1978-ci ildə Bakıda “Zirzəmi” teatrı yaratmısınız. O günləri necə xatırlayırsınız?

 - Düzü, həmin teatrı hansı ildə yaratdığımı dəqiq bilmirəm. Tarixini unutmuşam. Yadıma gəlir ki, həmin vaxtlarda işsiz idim. Ona görə də aktyor olmayan tələbələri institutlardan seçdim və tamaşalar hazırlamağa başladıq. Teatrı gəmiçilik idarəsinin evlərindən birinin zirzəmisində yaratmışdıq. Çox böyük maraqla qarşılanmışdı. Hətta oturmağa yer tapmaq olmurdu.

 Sonra təmir etdiyimiz həmin zirzəmi kiminsə xoşuna gəlmişdi, ona görə də bizi ordan çıxardılar. Sonralar yenə o cür teatr yaratmaq istəyirdim, alınmadı. İndiki İçərişəhər metrosu ilə üzbəüz bina var, onun çardağında teatr yaratmaq istəyirdim. Sonra dedilər, divarda çat var, buranın təmiri çox vəsait aparacaq.

Üç il sonra rəssamlara emalatxana kimi verdilər. Necə olur, emalatxana ola bilirdi, teatr yox? Həmişə özümə teatr yaratmaq istəmişəm, imkan verməyiblər.

- Həsən Turabov və Vaqif İbrahimoğlu ilə dostluğunuz haqqında çox eşitmişəm...

- Ümumiyyətlə, dostlarım çox olub. Elçin Məmmədov, Həsən Turabov, Fuad Poladov, Mikayıl Mirzə, Vaqif İbrahimoğlu yaxın dostlarım olublar. Rasim Balayev, Altay Hacıyev, Məhərrəm Bədirzadə, Vaqif Əsədov, Elmi Mirzəyev indi də yaxın dostlarımdır. Elmi indi Ucarda, Altay Bakıda yaşayır. Vaqif İbrahimoğlu Gənc Tamaşaçılar Teatrına aktyor kimi gəlmişdi, bir yerdə işləyirdik. Sonra mehribançılıq, dostluq yarandı. Mən Vaqif haqqında necə yüksək fikirdə idimsə, o da eyni şeyi mənim haqqımda deyirdi. Vaqiflə danışmaq mənə çox maraqlı gəlirdi. Bir-birimizi başa düşürdük. Vacib olan budur. Həsən Turabov da az danışan adam idi, mən də. Bir dəfə gedib yeyib-içdik. Sonra məlum oldu ki, beş cümlə o danışıb, beş cümlə mən, vəssalam. Həsənağa səhəri zəng etdi ki, Azər, biz məclisə gedəndə mütləq üçüncü adam lazımdır ki, söhbət eləsin.

- Səhv etmirəmsə, Həsənağa Turabov ürək tutmasından, Vaqif İbrahimoğlu xərçəngdən dünyasını dəyişib...

- Bəli. Vaqif Ankarada xəstə yatanda İsrafil İsrafilovla gedib ona baş çəkdik. Daha doğrusu, əvvəl İstanbulda Yaşar Nuriyə baş çəkdik, sonra Ankaraya getdik.

                

 

Ardı var

 

Bizim yol.- 2018.- 13 iyun.- S.15.