“O mələksimalı, pak insana borcum çoxdur”

 

əvvəli ötən sayda

 

Kulis.az Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovun APA-ya müsahibəsini təqdim edir.

 

- Düzü, həmin teatrı hansı ildə yaratdığımı dəqiq bilmirəm. Tarixini unutmuşam. Yadıma gəlir ki, həmin vaxtlarda işsiz idim. Ona görə də aktyor olmayan tələbələri institutlardan seçdim və tamaşalar hazırlamağa başladıq. Teatrı gəmiçilik idarəsinin evlərindən birinin zirzəmisində yaratmışdıq. Çox böyük maraqla qarşılanmışdı. Hətta oturmağa yer tapmaq olmurdu.

Sonra təmir etdiyimiz həmin zirzəmi kiminsə xoşuna gəlmişdi, ona görə də bizi ordan çıxardılar. Sonralar yenə o cür teatr yaratmaq istəyirdim, alınmadı. İndiki İçərişəhər metrosu ilə üzbəüz bina var, onun çardağında teatr yaratmaq istəyirdim. Sonra dedilər, divarda çat var, buranın təmiri çox vəsait aparacaq.

 Üç il sonra rəssamlara emalatxana kimi verdilər. Necə olur, emalatxana ola bilirdi, teatr yox? Həmişə özümə teatr yaratmaq istəmişəm, imkan verməyiblər.

- Həsən Turabov və Vaqif İbrahimoğlu ilə dostluğunuz haqqında çox eşitmişəm...

- Ümumiyyətlə, dostlarım çox olub. Elçin Məmmədov, Həsən Turabov, Fuad Poladov, Mikayıl Mirzə, Vaqif İbrahimoğlu yaxın dostlarım olublar. Rasim Balayev, Altay Hacıyev, Məhərrəm Bədirzadə, Vaqif Əsədov, Elmi Mirzəyev indi də yaxın dostlarımdır. Elmi indi Ucarda, Altay Bakıda yaşayır. Vaqif İbrahimoğlu Gənc Tamaşaçılar Teatrına aktyor kimi gəlmişdi, bir yerdə işləyirdik. Sonra mehribançılıq, dostluq yarandı. Mən Vaqif haqqında necə yüksək fikirdə idimsə, o da eyni şeyi mənim haqqımda deyirdi. Vaqiflə danışmaq mənə çox maraqlı gəlirdi. Bir-birimizi başa düşürdük. Vacib olan budur. Həsən Turabov da az danışan adam idi, mən də. Bir dəfə gedib yeyib-içdik. Sonra məlum oldu ki, beş cümlə o danışıb, beş cümlə mən, vəssalam. Həsənağa səhəri zəng etdi ki, Azər, biz məclisə gedəndə mütləq üçüncü adam lazımdır ki, söhbət eləsin.

- Səhv etmirəmsə, Həsənağa Turabov ürək tutmasından, Vaqif İbrahimoğlu xərçəngdən dünyasını dəyişib...

- Bəli. Vaqif Ankarada xəstə yatanda İsrafil İsrafilovla gedib ona baş çəkdik. Daha doğrusu, əvvəl İstanbulda Yaşar Nuriyə baş çəkdik, sonra Ankaraya getdik.

Sual: Turabov və İbrahimoğlunun ölüm xəbərini necə, hansı vəziyyətdə eşitdiniz?

Cavab: Bu haqda danışmaq mənim üçün çətindir. Həqiqətən çətindir. Həsən Turabovun qızı zəng vurdu ki, atamın vəziyyəti pisdir. Həkim götürüb getdim. Çox keçmədi, həkim otaqdan çıxdı ki, ürəyi işə salmaq mümkün oldu, amma beyin dayanıb. Ölümü necə olub?! Nəvəsi Həsənağadan nə isə istəmişdi. Bu da ayağa qalxıb ki, qonşu otağa keçib nəvəsinin istədiyini gətirsin, otağa çatmamış yıxılmışdı. Bax, belə. (Uzun sükut). Vaqifin vəziyyəti tamam pis idi. Hamı evinə qalxırdı ki, vidalaşsın. Düşənlər də deyirdi, çox arıqlayıb, tanımaq olmur. Mən qalxmadım. İstəmirdim, Vaqif yaddaşımda o cür qalsın.

Yuxarı qalxanlara da tapşırdım ki, Vaqifə deyin, Azər Paşa burdadır, o biləcək niyə yuxarı qalxmamışam. Səməndər Rzayev mənim yaddaşımda bax o cür xəstə vəziyyətdə qalıb. Palatanın qapısını açdım, gördüm, bir nəfər tanımadığım adam uzanıb. Qapını örtdüm ki, səhv gəlmişəm. Səsi hələ də qulaqlarımdadır. Qışqırdı ki, Azər Paşa, Azər Paşa... Tanımadın məni?! Çox dəyişmişəm?! Mən də yalan danışdım. Dedim, Səməndər, yatmışdın, istəmədim oyadam səni.

- Başa düşürəm, danışmaq çətindir. Ona görə söhbəti dəyişirəm. Xalq diplomatiyası çərçivəsində Kamal Abdulla, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli ilə Qarabağ və Ermənistana səfər edən ziyalılardan biri də siz olmusunuz. Bəlkə o səfər haqqında danışaq?

 - Polad Bülbüloğlu nazir olanda mən teatrın bədii rəhbəri idim. Bizim sözümüz düz gəlmirdi. Ona görə də mən teatrı tərk elədim. Poladın bunda günahı var idi. Özümə də bəraət qazandırmıram.

 Mənim xasiyyətim də şəkər deyil, amma istiot da deyiləm. Yəni dil tapmaq olardı. Uzun illər keçdi və bir gün Polad Bülbüloğlundan mənə zəng gəldi. Dedi, Azər, telefon söhbəti deyil, Bülbül Fonduna gələ bilərsən? Getdim, görüşdük. Polad dedi, kiçik nümayəndə heyətidir, istəyirik sən də bizimlə Şuşaya gedəsən. Hətta soruşdu ki, qorxmursan? Dedim, Polad, sən məni yaxşı tanıyırsan. Belimə dinamit bağlasanız, Qarabağdan ötrü gedib özümü partladaram. Bu ölüm mənim üçün şərəfli ölüm olar. Evdən rayona ezamiyyət adı ilə çıxdım. Bizə güllə keçirməyən jilet və kaska verdilər. Dedim, geyinmirəm. Mən öz torpağıma gəlmişəm, niyə bunu geyinməliyəm? Eyni sözü Kamal Abdulla da dedi, Fərhad da, Polad da. Heç birimiz nə kaska, nə jilet geyinmədik. Bizə köhnə bir “Volqa” ayırmışdılar. Yollar bərbad, yaşayış çox aşağı səviyyəli idi. Xankəndində çay, kofe təklif etdilər, biz yubanmayıb Şuşaya qalxdıq.

- Səhv etmirəmdə, siz vaxtilə Xankəndidə tamaşa hazırlamısınız...

- Bəli, hazırlamışam. Şuşada Bülbülün evinə getdik. Hamımız sarsılmışdıq, ağlayırdıq. Bülbülün evində yaşlı arvad yaşayırdı. Poladdan icazə istədi ki, olar yenə burda yaşayım? Polad da dedi, qal, amma həyət-bacaya da bax, dağılmasın. Qadın yenə soruşdu ki, siz nə vaxt qayıdacaqsınız? Çox təsirli idi. Küçələrdə camaat bir-birinə deyirdilər ki, azərbaycanlılar öz evlərinə qayıdıblar. Hətta biri Qarabağ ləhcəsi ilə qayıtdı ki, gəlin çıxın də, harda qalmısınız?! Yerevanda Köçəryanla görüşəndə Kamal Abdulla çox yaxşı bir fikir dedi: “Yaxşı olar, Şuşa məscidini bərpa edək. Siz qərar çıxarın, təmirini biz özümüz edərik”.

Köçəryanı lap cavanlıq vaxtlarımdan tanıyırdım. Xankəndində tamaşa hazırlayanda Köçəryan avtoparkda işləyirdi. Xidməti maşın ayırmışdılar, naharı hər gün Şuşada edirdim. Cıdır düzünə gedəndə Köçəryan mənə ayrılan xidməti maşının qapısını açıb-bağlayırdı. Yerevanda görüşəndə soruşdum ki, məni tanıdın? Qayıtdı ki, yox, hardan tanımalıyam? Dedim, mən Xankəndində tamaşa hazırlayanda sən məni müşayiət edirdin. Əlbəttə, tanımışdı. Mən onda çox dəyişməmişdim. Saçım da, bığım da qara idi. Sadəcə, özünü sındırmaq istəmədi. İrəvanda hamımız çox sərt danışdıq. Geri qayıdanda erməni ziyalılar bizimlə Bakıya gəldilər. Cənab prezident bizi qəbul etdi. Mən prezidentimizi onsuz da sevirdim, amma o görüşdən sonra onun mərdliyinə, iradəsinə bir daha heyran oldum.

- Azər müəllim, biz niyə teatral deyilik?

- Biz incəsənəti çox sevən xalqıq. Eyni zamanda bizim xalqımız istedadlı və həssasdır. Sadəcə, cəmiyyət çox dəyişib. Mədəni tərbiyə insanda uşaq yaşlarından başlamalıdır. Adamlar var, ömrünün yarısını yaşayıb, amma teatrda olmayıblar.

Deyirəm, gəl səni teatra aparım, cavab verir ki, vaxtım yoxdur. Ömür gedir, amma kinoya, teatra, konsertə getməyib. Ayda, iki ayda bir dəfə vaxt tapmaq çətin olmamalıdır. Yaxud soruşanda ki, teatra niyə gəlmirsiniz, deyir, dəvət etmirsiniz, axı. Mən heç kimi tamaşalarıma dəvət etmirəm. Ona görə də tamaşalarımın çoxu televiziyaya çəkilməyib. Teatra ailəni dəvət edərlər, hamını yox. Sosial problemlərə görə teatra gələ bilməyənlər var, amma bu, bəraət yeri deyil.

- Altı-səkkiz manata bilet almaq sosial problem üçün bəhanə olmamalıdır...

- Ümumiyyətlə, teatrın qiyməti bu cür olmalı deyil. Müasir teatr sovet-bolşevik teatrı deyil. Rusiyada bilet 100 dollardır. Bizdə isə pulsuz bilet istəyirlər. Bu yaxınlarda Moskvada iki-üç tamaşaya baxdım. Bilet satılıb qurtarmışdı, insanlar yaxınlaşırdı ki, artıq biletiniz olmaz? Bu cür mənzərəyə vaxtilə biz də şahid olmuşuq. İndi qayğılar çoxdur. Teatr tox adam üçündür. Güzəranı çətin olan adamların yadına teatr düşə bilməz.

- Ayda on min manat qazanan adamlar da teatra gəlmir, axı. Buna nə deyirsiniz?

- Bu da uşaq vaxtlarından tərbiyə ilə bağlıdır. O adamların anlayışı ancaq puldur, yeyib-içməkdir, gəzməkdir.

- Siz müəllimsiniz, gənc rejissorlar yetişdirirsiniz. İstərdim, bir qədər də bu haqda danışaq...

- 70-ci ildən institutda dərs demişəm. Yaşar Nuri, Zərnigar Ağakişiyeva, Azər Zeynalov mənim məşhur tələbələrim olub. Heç bir tələbəmə təmənnalı münasibətim, pis niyyətim olmayıb. Əksinə, əllərindən tutub kömək etmişəm. Maddi gücüm çatıbsa, etmişəm, olmayıbsa, mənəvi dəstək durmuşam. Tələbənin həmişə pula ehtiyacı olub. Kiçik qayğılara görə onların sənətdən uzaqlaşmasına yol vermək olmaz. Mənim tələbələrim Anar Sadıqov və Əlif Cahangirli bizim teatrda çalışırlar. Onlara çox böyük ümidim var. Məqsədim bu iki gənci teatrda işə düzəltmək olmayıb. Onlarla bağlı ali məqsədlərim var. İstəyirəm, bu peşədə gələcəyə hazır olsunlar, bütün çətinlikləri görsünlər. Ola bilər, tələbə institutda ümumi nəzəri bilikləri öyrənsin, amma teatrda bunu tətbiq edə bilməsin. Vacib olan aktyorlarla işləmək, teatrın yazılmayan qanunlarını öyrənməkdir. Teatr rejissoru kərpic kimi olmalıdır: yandırdıqca, bərkiməlidir. Bax, bu mənim həyatımın devizi olub.

Epiloq və ya söhbətin diktofona düşməyən hissəsi. Bunu mənə Azər Paşa Nemətov müsahibədən iki gün qabaq danışıb:

 “İlk maaşıma atam üçün şərf almışdım. Çox xoşuna gəlmişdi. Təsirlənmişdi. Uzun illər həmin şərfi taxdı. Boynunda hər görəndə qürur hissi keçirirdim ki, bunu atama mən almışam. Sonra atam dünyasını dəyişdi. Həmin qırmızı, üstü butalı şərfi indi  mən taxıram”.

Bu, təkcə sənətə, dost-doğmaya yox, əşyalara da sədaqət deməkdir. Yubiley yaşın mübarək, sədaqətli adam...

 

 

Bizim Yol.- 2018.- 14 iyun.- S.15.