“Azərbaycan kinosu 120: tarixi, bu günü

və gələcək inkişaf perspektivləri”

 

“Ögey ana”

 

Uşaq idik o vaxtlar. Qonşuluğumuzda Kamran adlı 9-10 yaşlarında bir oğlan yaşayırdı. Anası o hələ lap balaca olanda rəhmətə getmişdi. Atası ikinci dəfə evlənmiş, lakin evləndiyi qadın heç cür Kamrana isinə bilməmişdi. Heç zaman ana olmadığı üçünmüydü, inadcıl, soyuq, sərt xarakterindənmiydi bilmirəm, ögey ana Kamrana heç şəfqət göstərmir, varlığını yoxluğunu hiss etmirdi. Kamran balaca uşaq həssaslığıyla onun gözlərinə baxıb bir tumarının, bir xoş sözünün həsrətini çəkərdi. Başqa uşaqları anaları yeməyə, yuyunmağa səsləyəndə, “üstünü geyin, üşüyəcəksən, yoruldun, dincəl” deyəndə bu balaca oğlanın üzündən keçən hüzünlü buludu görməmək mümkün deyildi.

Bir isti yay axşamında Kamran analığıyla birlikdə bizim həyətə keçmişdi. Hər kəs samovar ətrafında toplaşıb eyvana qoyulmuş televizorda “Ögey ana” filminə tamaşa edirdi. Bir neçə dəfə baxmış olsaq da, yenə eyni maraq və həyəcanla filmi izləyirdik. Kamran hamıdan arxada stulda əyləşmişdi, gözlərindən gizlicə yaş süzülürdü. Filmin finalında İsmayıl Dilarəyə ana deyib səsləndiyi o möhtəşəm səhnədə körpə ürəyi içinə axıtdığı göz yaşlarına, qəhərə dözmədi, donmuş quş balası budaqdan necə qopub düşərsə, Kamran da o halda ürəyi gedib stoldan yerə yıxıldı. Hamı başına toplandı. Analığı çaşqın idi.Anam möhkəm kövrəlmişdi. “Ay gəlin, ürəyin daşdandımı, görmürsənmi uşağın ana sevgisinə ehtiyacı var?”- dedi. Qadın yaxınlaşıb diz çökdü, Kamranın başını sinəsinə sıxdı. Daş qəlbi yumşalmış, buzları ərimişdi. O gündən bu gözəl filmin təsiri ilə Kamranın da, ögey anasının da taleyi dəyişdi, biri ana, digəri övlad sevgisini daddı. Bu kimi nümunələr əminəm ki, Azərbaycanda çox olub. Bu incəsənətin, daha dəqiq desək kino sənətinin yaratdığı bir möcüzəydi. Birbaşa insanın ruhuna, ürəyinə xitab etmişdi. Elə əsl məqsəd də bu deyildimi?

 

Ulduzlar sönmür

 

Kino təbliğat, maarifləndirmə, əyləncə, yaddaş, xronika kimi funksiyaları eyni anda daşıyan, “Bəyin oğurlanması” filmində Səməndər Rzayevin oynadığı obrazın diliylə desək “həm mürəkkəb, həm də ki, vacib” sənət növüdür. Bu gün 120 illik tarixini qeyd etdiyimiz Azərbaycan kinosu dünya film tarixinə layiqli incilər bəxş edib. Düzdür, bu günə qədər “Oskar” kimi nüfuzlu mükafat almasa da bəlkə bir zamanlar təqdim olunsaydı Həsən Turabovun Gəray bəy, Adil İskəndərovun Kərbəlayi İsmayılı, Məlik Dadaşovun Qəmlosu, Rasim Balayevin Babəki, Yusif Vəliyevin Qurd Cəbrayılı, Topal Teymuru, Ələsgər Ələkbərovun Rüstəm kişisi, Ələddin Abbasovun Cahandar Ağası, Nəsibə Zeynalovanın qaynanası mütləq şəkildə mükafatlanardı. Çünki, bu rollar bu günə qədər mükafat almış obrazlardan daha kaloritli, daha canlı yaradılıb. Azərbaycan kinosunda bu kimi mükəmməl ifa olunmuş obrazların sayı yüzlərlədir və bu azərbaycanlı kino xadimlərinin böyük sənətkarlığının, sənət fədaisi olmalarının nişanəsidir.

 

Zamanda yolçuluq

 

1895-ci il dekabrın 28-də Lumyer qardaşları tərəfindən Parisin Kaputsina bulvarındakı “Qran kafe”də hərəkət edən şəkillər nümayiş etdirildi. Bununla da bəşər tarixində çox vacib bir kəşfə imza atıldı, yeni dünyanın qapıları aralandı.

Bir il sonra bu möcüzə Azərbaycan torpaqlarına da ayaq açdı.

Uzun illər Azərbaycan kinosunun tarixi İbrahim bəy Musabəyovun əsəri əsasında rus rejissoru Boris Svetlovun ekranlaşdırdığı “Neft və milyonlar səltənətində” əsəri hesab olunurdu. Lakin kinoşünas Aydın Kazımov apardığı araşdırmalar kino tariximizin qeyd ediləndən 17 il öncəyə aid olduğunu sübut etdi.

1898-ci ilin may ayında fotoqraf və naşir Aleksandr Mişon tərəfindən Bakıdakı kişi gimnaziyasında lentə alınmış xronika Azərbaycan kinosunun ilk nümunəsidir.

Bundan sonra A.Mişon “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s. xronika süjetləri və “İlişdim” adlı bədii süjeti lentə aldı.

Aydın Kazımovun əldə etdiyi qədim kinoafişa ilə (afişada 1898-ci il avqustun 2-də ilk kinosujetlərin göstəriləcəyi elan olunurdu) Azərbaycan kino tarixinin yaranması günü kimi qeyd olunmağa başladı. Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust “Azərbaycan Kinosu Günü” kimi tarixə düşdü.

Kino sənəti hər zaman tarixi hadisələri əks etdirib, öz yaddaşına yazıb. Maraqlı faktdır ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti kino işçilərini dövlət himayəsinə götürmüşdü. Bakıdakı Ekspress” və “Rekord”, “Forum” adlı kinoteatrlarda Azərbaycan Milli Ordusunun yaranmasını, türk ordusunun Azərbaycana köməyə gəlməsini, hökumətin dinc quruculuq işlərini əks etdirən xronikal-sənədli filmlər nümayiş olunurdu.

1915-ci ildə “Neft və milyonlar səltənətində” adlı ilk Azərbaycan bədii filminin çəkilişi başlayır. 1916-cı ildə “Arşın mal alan” operettası əsasında eyni adlı kinokomediya, 1919-cu ildə isə “Təntənə” adlı tammetrajlı film həyata vəsiqə qazanır.

1923-cü ildə təsis olunmuş Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. Qeyd etmək lazımdır ki, AFKİ-nin nəzdində Bakıda “Təyyarə”, “Edison”, “Milyon”, “Ladya”, “Mədənçi” və s. kinoteatrlar fəaliyyət göstərirdi.

1925-ci ildə Şamil Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. Bu studiyada Azərbaycanda milli rejissor və aktyor kadrlarının hazırlanırdı. Azərbaycan kinosunun inkişaf tarixində mühüm rol oynamış C.Cabbarlı da məhz bu studiyada təhsil almışdı. Çox sonralar AFKİ C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adlanacaqdı.

Azərbaycan filmləri hər zaman baxımlı olub, əsl Azərbaycan reallıqlarını əks etdirib, milli xarakterlərlə, obrazlarla fərqlənib, maraqlı süjet xətti ilə tamaşaçını ekrana bağlayıb. Ən maraqlısı da budur ki, bu filmlərə dönə- dönə baxsan da, hər kəlməsini əzbər bilsən də yenə yorulmursan baxmaq istəyirsən .

50-ci illərdən etibarən Azərbaycan kinosu öz intibah dövrünə qədəm basdı desək yanılmarıq. Müxtəlif illərdə çəkilmiş ”O olmasın, bu olsun”, Qızmar günəş altında”, “Nəsimi”, “Şərikli çörək”, “Axırıncı aşırım”, “7 oğul istərəm”, “Böyük dayaq”, “Ögey ana”, “Ulduz”, “Əhməd hardadır?”, “Dağlarda döyüş”, “Mənki gözəl deyildim”, “Qaynana”, kimi sənət inciləri neçə-neçə nəsillərə örnək olub, tərbiyə edib. İctimai siyasi həyatımızda baş verən heç bir hadisə kino sənətindən kənarda qalmayıb. Bu günkü nəsil II dünya müharibəsinin amansız simasını da filmlərdə gördü, quruculuq illərinin zəhmətkeş insanlarını da. Bəlkə yüzlərlə oğlan Mixaylodan, Babəkdən, Qaçaq Nəbidən vətən sevgisini, qəhrəmanlığı öyrənib, yüzlərlə qız “Onun böyük ürəyi”, “Dədə Qorqud”, “Ögey ana” filmlərindən örnək alaraq fədakarlığı bacarıb, həyatına fərqli bir yön verib.

Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan kinosuna diqqəti yüksək səviyyədə olub. O, cəmiyyətimizin qüsurlarını çəkib göstərən “Mozalan kinojurnalının müntəzəm şəkildə efirə çıxmasına xüsusi diqqət yetirirdi. Onun xüsusi tapşırığı ilə 1985-ci ildə ekranlara çıxan, azadlıq uğrunda, xalq uğrunda canından keçən igid Qaçaq Nəbi filminin çəkilməsi üçün ayrılan qonorar Sovet İttifaqı məkanında rekord sayıla bilərdi. Aktrisa Firəngiz Mütəllibovanın dediyinə görə, nə ondan öncə, nə də sonra heç bir filmdə aktyorlara 20 min manat həcmində qonorar yazılmamışdı. “7 oğul istərəm” filminin çəkilişləri ilə bağlı xatirələrini danışan Rafiq Əzimov məzəli bir nüansı xatırladır. Filmin çəkilişləri zamanı atlara mehtərləri ilə bağlı yazılan qonorar o qədər yüksək idi ki, filmdə epizodik rolda çəkilən Eldəniz Zeynalov rejissora yaxınlaşaraq zarafatla “məni bu filmdə at roluna çəkin, ya da at ştatına yazın” demişdi.

 

Kino ən təsirli təbliğat maşınıdır

 

Sovetlər dönəmi başa çatdıqdan sonra müstəqil Azərbaycanın qarşılaşdığı erməni terroru da Azəracan filmlərinin vasitəsi ilə dünyaya yayıldı. Bu dövrdə çox kiçik imkanlarla çəkilmiş atlı oğlan”, “Fəryad”, “Dolu”, “Qala kimi filmlər işğal altında olan vətənin haray səsinə çevrildi.

90-cı illərin ikinci yarısından etibarən Azərbaycan filmləri beynəlxalq film festivallarına ayaq açdı. 1996-cı ildə Beynəlxalq Madrid KinofestivalındaÖzgə vaxtıfilmi, 2000-ci ildə İsveçdə Geteborq Ekzaye film festivalında, “Girovfilmi 2005-ci ildə rejissor Kazanda keçirilənQızıl minbər” I Beynəlxalq İslam KinofestivalındaOvsunçufilmi nümayiş etdirilərək tamaşaçı rəğbəti qazandı. 2014-cü ildəNabatfilmi 63-cü Manheym-Heldelberq Beynəlxalq Film festivalında 3-cü mükafata layiq görüldü.

 

Kinomuzda defekt kadrlar

 

Bu gün Azərbaycan kinosunda qüsurlar yoxdur desək yalan olar. Bəzi rejissor aktyorlar sırf qazanca xidmət edən, ucuz kassa filmləri çəkərək müəyyən gəlir əldə etsələr bu filmlər təssüf ki, yadda qalmır, nəm çəkmiş fişəng kimi tez sönür. Bu gün kinoteatrlarımıza böyük diqqət yetirilir. Dünya standartlarına uyğun səviyyəli kino salonlarında çox təəssüf ki, fundamental əsərlərlə yanaşı sponsor dəstəyi ilə çəkilmiş yeri gəldi gəlmədi reklam elementlərinə yer verilən bəsit komediya filmləri ekranlara çıxarılır.

Bir faktı yada salmaq istəyirəm. Türkiyə istehsalı olanMöhtəşəm yüz yıladlı serial həm böyük kommersiya mənbəyinə çevrildi, həm ölkə tarixinin öyrənilməsində mühüm rol oynadı. Eyni keyfiyyətlə Məmməd Səid OrdubadininQılınc qələmadlı tarixi romanını ekranlaşdırılsa həm şanlı tariximizi tanıtmış, həm keyfiyyətli sanballı ekran işi ortaya qoyulmuş olar.

Kino yaddaşdır, kino tarixdir. 200 il sonra bu günkü tariximiz haqqında hansı filmlər danışacaq, onu bilmirik. Çox arzu edərdik ki , bu günün reallığını gələcək nəsillərə Azərbaycanı sevən bir rejissorun filmi çatdıraydı, Rüstəm İbrahimbəyov kimi xalqına dönük çıxanların deyil.

Kinorejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyev: “Bizim yolqəzetinə verdiyi müsahibədə onun fəaliyyətindən narazılığını belə dilə gətirib:

Rüstəm İbrahimbəyov 2009-cu ildən başlayaraq öz filmlərində Azərbaycan xalqına qarşı bir nifrət duyğusu əks etdirməyə başlayıb. Onun çəkdiyiQafqaz üçlüyüfilmi heç bir bədii keyfiyyəti olmayan bir filmidr. Zəif dramaturgiya, zəif aktyor oyunu, zəif operator işi. O sadəcə erməni lobbisinin ayırdığı pullar qarşısında tələm- tələsik bu filmi çəkib, öz borcunu bitmiş hesab edib. Bu film başdan ayağa bizim əleyhimizə çəkilmiş, tanımayan insanlarda azərbaycanlılara nifrət oyandıran bir filmdir. Filmin ssenarisinə əsasən, azərbaycanlılar yığışıb qoca bir gürcünü öldürürlər. Hansı tariximizdə azərbaycanlıların gürcülərə qarşı qəddarlığı barədə fakt görmüsünüz? Onun təqdimatında azərbaycanlılar qorxaq, qəddar vəhşi bir millətdir. Xalqa qarşı belə addım atmaq olarmı?

Bu sualın cavabını yəqin hər kəs öz əxlaqından, öz vicdanından keçirərək verəcək.

Bu gün Azərbaycan kinosu Prezident İlham ƏliyevinAzərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamından təkan alaraq yenidən zirvələrə doğru yol alıb. İldə 5-8 bədii film istehsal olunur. Başda Azərbaycan Dövlət İncəsənət Universiteti olmaqla ali məktəblərimizdə yeni kino xadimləri nəsli yetişir.

Yeni aktyorlar, yeni rejissorlar 120 yaşlı Azərbaycan kinosuna yeni nəfəs, yeni görkəm verəcək.

Gələcək nəsillərimizə bu günümüzdən söz açacaq yeni filmlərin insanlara humanist ideyalar aşılayacağına inanırıq. Heç sirr deyil ki, bir zamanlar həyatımız üçün yolverilməz olan bir çox ideyalar bu gün müəyyən qüvvələr tərəfindən zorla bizə sırınır. Bu qarmaqarışıq dünyada Azərbaycan kinosu yolumuza işıq tutacaq, xanıım-xatın Azərbaycan qadınını, mərd, çörəkli Azərbaycan kişisinin obrazını yaşadacaq, unutdurmayacaq, milli mənliyimizi dünyaya layiqincə təqdim edəcək ən yüksək kino mükafatlarını qazanacaq.

 

 

İlhamə Rəsulova

 

Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqə üçün

 

Bizim Yol.- 2018.- 21 iyun.- S.13.