“Bir kitabla yazarı
tanıyırdılar”
Şahbaz Xuduoğlu: “Sabir Rüstəmxanlıdan
aylarla küsülü qaldım”
Kulis.az “Qardaşımın
üzü köməyim olsun” layihəsindən Xalq şairi
Sabir Rüstəmxanlının qardaşı,
tanınmış naşir Şahbaz Xuduoğlu ilə
müsahibəni təqdim edir.
- Şahbaz bəy, evdə neçə
uşaq olmusunuz?
- Biz
çox olmuşuq. 15 uşaq. Uşaqlıqda erkən
yaşlarında bir bacım rəhmətə gedib. On
dördümüz qalmışıq. 5 bacı, 9
qardaşıq.
- Siz neçə yaş
kiçiksiniz Sabir bəydən?
- 22
yaş. Sabir bəy ən birinci qardaşdı.
Mən isə uşaqlardan 11-ciyəm.
- Şahbaz bəy, Sabir Rüstəmxanlıyla bir
yerdə videonuzu paylaşmışdınız. Diqqət
etdim ki, Sabir bəyə “siz” deyə müraciət edirsiniz. Həmişə
belə olub, yoxsa videoda eləydi?
- Bizə
uşaq vaxtı deyirdilər ki, Sabirin canına and iç ki o
hərəkəti eləməmisən. Yalandan
Qurana, Allaha and içə bilərdik. O zaman
inanmırdılar. Amma gəlib o yerə, Sabirə
and içməyə çıxanda, artıq hamı
inanırdı. Ona görə də biz həmişə
onun adına and içmişik.
Böyük qardaş kimi...
- Aha...
- Tək
biz yox, hətta anam da ona böyük qardaş kimi
baxırdı. Buna görə də
özümdən asılı olmur, həmişə ona “siz”
deyə müraciət edirəm. Heç
vaxt yanında siqaret çəkmirəm. Elə
şeylər var ki, orda sərhədi keçmirəm.
- Xüsusi bir müraciətiniz olubmu
Sabir bəyə?
- Qağa
deyərdik çox vaxt...
- Şahbaz bəy, siz
yeniyetmə olanda Sabir bəy artıq populyar şair idi?
- Hə,
çox populyar... Hamı tanıyırdı.
70-ci ildə ilk kitabı
çıxmışdı. O vaxt bir kitabla yazarı
tanıyırdılar. “Gəncə
qapısı” onu daha da məşhurlaşdırdı. 90-ci illərdə gənclər arasında artıq
məşhur imzaydı. Nüsrət Kəsəmənliydi,
Sabir Rüstəmxanlıydı, Çingiz Əlioğluydu –
bunlar çox məşhur idilər.
- Sabir Rüstəmxanlının
o dönəmdəki məşhurluğu evdə necə
qarşılanmışdı? Necə
bir münasibət vardı ona? Təbii ki, məşhur
bir qardaşla eyni evdə yaşamaq fərqli hissdir...
-
Xatırlayıram ki, Sabirin kəndə gəlişi həmişə
bayram olardı. Əvvəlcədən kəndə
xəbəri gəlirdi. Özü də gələndə
tək gəlmirdi, dostlarıyla gəlirdi. İllər boyu bizim üçün qəhət
olan yeməklər onun və dostlarının qabağına
düzülərdi. Əslində, yeməklər
deyəndə heyvan kəsib kabab bişirərdilər. Bir də qatıq, səhərlər içməyə
süd xoşlayardı. O da gələndə limon və bəzən alma alardı. Anam o almaları hardasa gizlədərdi. Deyərdi ki, toxunmayın Sabirin Qağası (atam) xəstə
yanına gedəndə aparacaq. Limon isə
heç bizlik deyildi. Dağ adamı
şirniyyat xoşlayar.
Bir dəfə onların kababından – deyəsən ciyər
idi - mənə də verdilər. O vaxta qədər heç ət yeməmişdim.
Ürəyim bulandı və qusdum. Biz tərə, kartof pendir, soğansu, belə yeməklərə
öyrəşmişdik. Ət qəhət
idi. Anam yeməyi həmişə bir əllə
bişirərdi, o biri əli mütləq başqa bir ev işilə məşğul olardı. Hər dəfə onun həyatını
xatırlayanda dəhşətə gəlirəm. Həyatının 14 ilini bətnində uşaq gəzdirib.
Bu başqa mövzudu...
Nədənsə, həmişə böyük
qardaşın gəlişini hamı bir gün əvvəldən
bilərdi. Ev onu qarşılamağa hazırlaşardı.
Atam soruşmazdı kimlə gəlirsən, amma
bilərdi ki, mütləq qonaqları olacaq. Qapısındakı heyvanı dəyişərdi.
Onun gəlişinə kəsməyə heyvan
alardı. Atam heç zaman qapısında
saxladığı heyvanı kəsməzdi. Mütləq başqa birisini tapardı. Qulluq etdiyi, bəslədiyi heyvana bıçaq
qaldırmazdı.
- Əməlli-başlı
dəm-dəsgah olurmuş ki...
- Hə... Evin baş
otağı hazırlanardı. Təmizlənərdi.
Qorunub saxlanılan yorğan-döşəyin
üstü açılardı. Anam
sandığından təzə süfrə
çıxarardı. Qağamız həmişə
ya tək, ya da qonalarıyla ayrı otaqda qalardı. Biz isə döşəyi eninə sərib kollektiv
şəkildə yatardıq. Qışda
sərçə balaları kimi yorğanın altından
yalnız başımız görünərdi.
Həyətimizdə su yox idi, bulaqlardan
daşıyardıq. Hamı durmamış gedib su gətirərdik.
Qardaş duranda onun əlinə su tökək
deyə arada dava düşərdi. Kim onun əlinə
su tökəcək deyə. Bir dəfə
Vladimir adlı dostu ilə gəlmişdi. O, Moskvadan gəlmişdi,
Sabir bəyin ruscaya tərcüməçisi idi. Mənə onun əlinə su tökməyə icazə
verdilər. Yadımdadır, təbiətin
oyanan vaxtıydı, günəş hələ tam
qızmamış Vladimirin əlinə su tökürdüm.
Ondan sabun iyi gəlirdi. Nədənsə
o vaxtlar şəhərdən gələn hər kəsdən
sabun iyi gəlirdi.
- Şahbaz bəy, Sabir
Rüstəmxanlının evi idarə etməsi olurdumu? Ağsaqqallıq missiyası...
- O təbiətən
ağsaqqal idi. Nadir hallarda bütün
qardaş-bacılar bir araya yığışırdıq.
Onda Sabir deyirdi ki, ağsaqqal mənəm, amma məndən
sonrakı ağsaqqalı öz aranızdan seçin. Doğrudan da çox ciddi şəkildə
seçki keçirilirdi və aramızdan bir ağsaqqal
seçilirdi. Bu yarışlarda həmişə
ya Əlövsət qalib gələrdi, ya da mən.
Ümumiyyətlə, sizə deyim ki, Sabir bizə həmişə
əlçatmaz olub. Onu gec-gec görmüşük. Bizdən uzaqda olub həmişə. Yadıma gəlir ki, 4-cü sinifdə oxuyanda
Bakıya yarışa gətirmişdilər məni. Kirov prospektində Həmkarlar İttifaqının rəngli
balkonları olan binasında qalırdıq. Atam demişdi ki, Qağana zəng edərsən, bilsə
ki, ordasan mütləq gəlib səni görəcək.
Mən 15-20 gün, bəlkə daha çox orda
qaldım. Hər dəfə Sabirə zəng
edirdim. Deyirdi, işdən çıxandan
sonra gəlib səni görəcəm, icazə versələr,
bəlkə səni evə apardım. Onda
“Yazıçı” nəşriyyatında işləyirdi.
Öyrəndim ki, iş saatı 6-da bitir. 9-cu mərtəbədə qalırdım. Mən 6-dan sonra qaranlıq düşənə qədər
balkonda gözləyirdim, Karl Marks heykəlinin yanından hər
qırmızı maşın bizə tərəf gələndə
qaça-qaça pilləkənləri enib
çıxırdım yolun qırağına. Lifti gözləməyə səbrim
çatmırdı, həm də liftdən daha sürətli
idim. Beləcə qırmızı
maşınlar gəlib keçirdi yanımdan, amma Qağam gəlmirdi.
Heç sona qədər də gəlmədi.
- Dediniz ki, gec-gec görürdük
Sabir bəyi. Qardaş kimi necə biri idi?
Xasiyyəti tünd idi, yoxsa mülayim? Uzaqlığı
sizi soyutmurdu ki?
-
Ümumiyyətlə, Sabir bizi həmişə özünə
lazım olanda axtarıb. Nəsə bir işi
aşırmaq üçün. Məsələn,
stolu daşımağa (gülür). Belə
hallara görə bizi axtarırdı və ona lazım olurduq.
“Qardaş, gəl söhbət edək, bir
çay içib dərdimizi danışaq” – bu cür hal
olmayıb. Təbii ki, biz də bunu normal
qarşılamışıq. O, böyük
qardaşdı və bizi müəyyən buyruğa
çağıra bilər.
- Maraqlıdır, bəs onunla
dostlaşa bildinizmi?
-
Heç zaman. Biz Sabirlə dost deyilik. Sabir bəylə
bizim dostluğumuz olmayıb, elə indinin özündə də
yoxdur. Çünki dostluq mümkün
deyil. Hansısa səfərə bir yerdə
getmək, söhbətləşmək dostluq sayılmaz.
- Yəqin düşüncə fərqlərinə
görədir. Siz modern, Sabir bəy mühafizəkar biridir...
-
Bilirsiniz, bu dostluq bir az başqa şeydir.
Natiq Səfərovla da aramızda 20 yaş fərqi vardı,
ancaq biz dost idik. Onu özümə dost hesab edə bilirdim.
Sabirə isə dost kimi baxa bilmirəm. Düşünürəm
ki, qardaşla elə qardaş olmaq lazımdır. Dost olmaq gərək deyil. Qaldı
düşüncə fərqimizə, o cür deməzdim.
Sabir bəy sadəcə məsələlərə
başqa istiqamətdən baxır, mən başqa. Sabirin yolu həddindən artıq düz yoldur.
Yazdıqları çox səliqəli,
danışığı çox məntiqlidir. Heç zaman yazanda, yaxud danışanda səhv
etmir. Məsələn, mən bu şeyləri
o qədər də bəyənmirəm. Adam
bu qədər düz olmamalıdır. Həmişə
səliqə-sahmanla yazmamalıdır, hərdən səhvlər
də buraxmalıdır. Bu baxımdan Sabir
bəydə həddindən artıq mühafizəkarlıq
var.
- İmzalarınız da fərqlidir. Sabir Rüstəmxanlı - Şahbaz Xuduğolu...
- Mənim
içimdə xüsusi bir qardaşlıq missiyası yoxdu. Bilmirəm, bu nə ilə bağlıdır.
- Heç Sabir bəydən
küsdüyünüz, incidiyiniz olub?
- Hə,
çox olub. Məktəbi bitirmişdim,
universitetə qəbul olunmuşdum, təzə kostyum almaq
lazım idi. Ancaq evdəkilərə bunu
deyə bilmirdim. Çünki o boyda
uşağa baxırdılar, onlara çətin idi. Sabirin yanına getdim. Hər dəfə
gedəndə deyirdi filan vaxtı gəl. Daha
qapısına getməkdən və orda, qəbul
otağında oturub gözləməkdən yoruldum, daha
doğrusu utanırdım. Elə bilirdim
artıq o nəşriyyatda hamı bilir ki, mənim paltar
almağa ehtiyacım var, ona görə Sabir müəllimin
“qanını qaraldıram”. Bəzən həqiqətən
də belə olurdu, dostları ya bəlkə də iş
yoldaşları ilə zarafat edə-edə gələndə
birdən məni görürdü və sifəti dərhal dəyişirdi.
Elə həmin günlərin birində mənə dedi ki, gələrsən,
gedərik sənə kostyum alarıq. Mən dedim,
yox, kostyum istəmirəm, elə bir şalvar, bir köynək
olsun yetər. İnternat paltarını geri
qaytarmalı idim. Dövlətin idi əynimdəki
paltar. Dedi, sən indi get, 25-dən sonra gəl - yəqin
maaş alacaqdı – univermaqdan sənə
yaxşı kostyum alaq. Günləri qova-qova
dediyi vaxtda gəldim. Təbii ki, o yox idi.
Üstündən bir neçə gün
keçdi, təkrar işində yaxaladım. Dedi, sənə
nə lazımdır? Unutmuşdu... Təzədən
vəziyyəti ona danışdım. Dedi, gedək
univermağa, otağına keçib nəsə
götürdü – yəqin maaşını – və tələsik
univermağa getdik. İkinci mərtəbədə
başda uşaq şöbəsi idi, ora girib paltarları
sınadıq, birini götürüb boyuma tutdu. Birdən
dedi ki, sən ki, böyümüsən. Əynimə uyğun paltar olmadı. Sonra böyüklər şöbəsinə
keçdik. Deyəsən, bir kostyum boyuma
uyğun gəlirdi. Onun qiymətinə
baxdı, satıcı ilə nəsə danışdı.
Sonra mənə dedi, gedək. Elə başa
düşdüm ki, cibindəki pul paltarın qiymətinə
yetmədi. O, işinə qalxdı, dedi, axtar bir şey
tapsan mənə xəbər edərsən.
Ardı var
Bizim Yol.- 2018.- 26
iyun.- S.15.