“Bir kitabla yazarı
tanıyırdılar”
Şahbaz Xuduoğlu: “Sabir Rüstəmxanlıdan
aylarla küsülü qaldım”
Əslində, mənə artıq aydın idi ki, nəsə
tapmağım nəticəyə təsir etməyəcəkdi,
deyək ki, gedib bir dükanda münasib bir paltar tapdım, bəs
Qağamı necə tapacaqdım? Mümkün deyildi.
İşinə getmək limitim bitmişdi, univermağa getməyi
vəd etmişdi, onu da etdi... Hər dəfə
ondan ayrılandan sonra ora dönməyəcəyimi
özümə şərt qoyurdum, amma bir müddətdən
sonra başa düşürdüm ki, yenə çarə
ondandır.
- Axır kostyumu aldı?
- Bir dəfə
“Azərnəşr”in qarşısında elmi kitabxananın
yanında telefon “butkası”ndan ona zəng etdim. Elə
oldu ki, dərhal danışa bildim. Özümü
toparlamışdım, bilirdim ki, bu mənim sonuncu müraciətimdir.
İndi nə dediyimi dəqiq xatırlamıram.
Amma bilirdim ki, çox kövrəlmişdim, ona nəsə
dedim və ağladım. O da bir az susdu, bəlkə
fikrə getdi, ya bəlkə yanında olan kiminləsə
söhbət edirdi, onu bilmirəm, sonra bir az əsəbi halda,
həm də şikayət dolu bir səslə: “Axı mən
nə edim, siz çox olmusuz, mən isə az!” - dedi.
Sonra yenə
də nəsə dedi, deyəsən uşaqların
çoxluğu ilə bağlı bir az
gileyləndi, valideynlərimizi qınadı. Elə bil ondan
sonra məndə dəyişiklik baş verdi.
Bu söhbətdən sonra xeyli müddət
onunla əlaqə saxlamadım.
- Maraqlıdır, nə qədər
çəkdi bu küskünlük?
- Aylarla. Tam xatırlamıram. Sonra
unuduldu. Ümumiyyətlə, bizdə
qardaşların bir-birinin paltarını geyinməsi ənənəsi
vardı. Qardaşım Əlövsətin
ayağı çox böyük idi, heç kimin
ayaqqabısı buna olmurdu. Bir dəfə
məktəbdən çıxıb sinif yoldaşlarımla
pilləkənləri enirdik. Aşağıda
Əlövsət dayanmışdı, məni görməyə
gəlmişdi. Əlövsəti görcək
çox sevindim. Görüşdük,
qucaqlaşdıq. Sinif yoldaşım olan
bir qız da ordaydı. Gördüm diqqətlə
Əlövsətin ayağına baxır. Sonra qəribə bir tərzdə üzümə
gülümsədi və getdi. Əlövsət
44 ölçüdə ayaqqabı geyirdi. Mədətin
- Sabirdən kiçik qardaşım – köhnə 42
ölçüdə bir ayaqqabısını geymişdi,
ayaqqabısının burnu yırtılmışdı,
üstəlik bağ yerləri sökülmüşdü...
Sonra nə o qız məni danışdırdı, nə
də mən onu. Bir sinifdə oxuduq, bir məktəbi
bitirdik, amma heç zaman bir-birimizlə danışmadıq.
Əlövsətin
çox məşhur ağ “Merkuri”
köynəyi vardı. Havalar soyuyan kimi pencəyin
altından geyərdi. Çoxları ondan
soruşurdu ki, Əlövsət bu bahalı köynəyi
hardan almısan, nə yaxşı yaraşır sənə.
Həqiqətən, Əlövsətə babat
yaraşırdı, həm də qırmızı nazik
qalstukla yaxşı tuturdu.
Novruz bayramına kəndə gedəndə anam onu yuyub həyətdə
ipdən asmışdı. Sağına gələn
inək köynəyin qollarını və arxa tərəfini
çeynəyib qoparmışdı. Xoşbəxtlikdən
ön tərəfi və yaxalığı salamat
qalmışdı. Bəzi mötəbər
tədbirlərə Əlövsət onu geyməkdə yenə
davam edirdi. Əslində, başqa
seçim də yox idi.
Bir dəfə Əlövsət tələbə
yoldaşlarından birinin ad gününə getmişdi,
BDU-nun yeni yataqxanasına. Əlövsət, Faiq
və mən BDU-nun köhnə yataqxanasında
qalırdıq, 5 saylı çörək zavodunun ... Əlövsət
evə gəlmək istəyəndə uşaqlar
buraxmırlar, getmə qalaq burda, yer də var, yemək də,
oturmuşuq da, hara tələsirsən. Əlövsət
təkidlə qalxıb otaqdan çıxanda uşaqlardan biri
yapışır onun pencəyindən ki, otur da, niyə tərslik
edirsən. Əlövsətin pencəyi əynindən
düşür...
Əlövsət bir dəfə
Sabirin pencəyini geyinib universitetdə Məmməd
İsmayılla görüşə getmişdi. Yadımdadır ki, yaxşı da görüş
olmuşdu. Bəlkə araşdırsan o
pencəyi indi kənddə, uşaqların çoxu geyinir hələ
də.
- Şahbaz bəy, Sabir
Rüstəmxanlını şair kimi nə vaxt kəşf
etdiniz?
- Bizim evdə
çox gözəl bir ənənə vardı. Hamı növbəylə kitab oxuyurdu. Sabir bəyin kitabxanası vardı, ordan kitabları
götürüb oxuyurduq. Onun yazıları
çıxanda ilk atam tanış olurdu. Gözləri görmürdü, amma uşaqlardan kiməsə
verib oxutdurur, oturub qulaq asırdı. Mən
isə uşaqlıqdan şeir sevməmişəm. Amma yenə də oxuyurdum. Qardaşım
olduğu üçün oxumalıydım. Daha yaxşı, ya pis olduğunu deyə bilmərəm
(gülür). İndi də elə hesab
edirəm ki, onun bədii yaradıcılığı haqda nəsə
deməmişəm və deyə də bilmərəm. Deyə bilərəm, ancaq hesab edirəm ki,
lüzumu yoxdu. Mənə elə gəlir,
yaradıcı adama ən yaxşı dəyəri onun
özü verir.
- Məşhurluğu sizə mane
olmayıb ki?
- Bizə Sabir böyük motivasiya idi. O vaxt kənddə iki yol
seçməliydin: ya heyvandarlıqla məşğul
olmalıydın, ya da Sabirin yolu ilə getməliydin. Yəni Sabir kimi oxumalıydın. Bu mənada onun məşhurluğu müsbət təsir
edirdi bizə. Təbii ki, hər şeyin
yaxşı və pis tərəfi var. Ancaq onun məşhurluğu
mənə mane olmayıb.
- Sizin
aranızda yaş fərqi də çoxdur. Yəqin
hansısa sirrini sizinlə bölüşməzdi...
- Mənim
bir fotom var. Sabir bəyin qucağında. O fotonu bizim gözəl
yazıçımız Fərman Kərimzadə çəkib.
Qaldı
Sabirin sirr saxlamağına... Onun sirr
saxlamağına ehtiyac da yox idi. O nə edirdi,
hamısı görünürdü, gəlib bizə
çatırdı (gülür). Bizim onunla məhrəm
söhbətlərimiz olmayıb. Sevgi-məhəbbət
mövzusu-filan.
- Sabir bəy həm də mübarizə
adamıdır. Gəncliyində dalaşqan
idimi? Necə xatırlayırsınız?
Kiminləsə davası olduğu
yadınıza düşürmü?
- Natiq Səfərov danışmışdı ki, bir dəfə
Mövlud Süleymanlıyla nə üstdəsə
davaları düşmüşdü. Ancaq davanın motivləri
haqda heç nə bilmirəm.
Yadıma düşür, Sabirin maşınında yol
gedirdik. Onun ailəsi idi, mən idim. Bir
maşın gəlib onun maşınını keçdi.
Bir neçə dəfə təkrarladı
bunu. Elə bil ki, sataşırdı.
Sabir təkid elədi ki, maşını
saxlasınlar. Düşdü
maşından. Gedib o adama çatan kimi
birini vurdu. O da cavan adam idi. Amma belə dalaşqan biri deyil, yumşaq adamdı
Sabir.
- Evdə daha çox kiminlə
ünsiyyət qurardı? Kimi öz məclislərinə
aparardı?
- Deyim ki,
bizimlə çox ünsiyyət saxlayan biri deyildi. Bircə Mədət qardaşımı özü
ilə gəzməyə aparardı,
şair-yazıçılarla görüşdürərdi.
Onlar özlərinə “A” qrupu deyirdilər
(gülür). Bizə isə öz aralarında “B”
qrupu... Sabir bəy bəzən ağsaqqalıq
missiyasından istifadə edərək hansısa “B” qrupunda
olan qardaşını “A” qrupuna keçirirdi.
- Bu gün necədi sizin münasibətiniz?
Dəyişən bir şey varmı? Sabir bəyin kitabları sizin nəşriyyatda da
çıxır. İndi iş otağı da
burdadır. Yəqin tez-tez görüşüb söhbət
edərsiniz...
- Məncə,
münasibətimizdəki ən balanslı münasibət
indidir. Mən bilirəm ki, müəyyən
şeyləri ona demək olmaz, o da eynən. Əvvəllər tək mənim yox, bütün
qardaşların həyatına daha çox müdaxilə
edirdi. İndi azalıb. Yəqin görür ki, artıq bunlar da atadırlar,
övlad sahibidirlər.
- Belə başa düşdüm
ki, münasibətiniz yenə məsafəlidir.
- Əlbəttə. Və mənə elə gəlir ki,
belə olmağının səbəbi Sabir bəydən
qaynaqlanır.
Təməli belə qoyub. Bəlkə
də bütün qardaşlarda münasibət bu
cürdür, ya da bu cür olmalıdır.
Qardaşlıq münasibətində həm doğmalıq
var, həm də çox qəribədir ki, yadlıq da var. Elə
məqamlar olur ki, sən qardaşına tamam yad bir adam kimi baxırsan.
- Sonda Sabir bəyə nəsə
demək istəyirsiniz?
- Mən
həmişə fikirləşirdim ki, “Ömür kitabı”ndan
sonra Sabir oturub ancaq yazıçılıqla məşğul
olacaq. Ümumiyyətlə, ancaq
yazıçılıqla məşğul olmalıydı.
Bu ictimai-siyasi proseslərdə iştirak etmək,
deputatlıq-filan lazım deyildi, məncə. Ancaq yaşanana bir sözə deyə bilməzsən.
Bu, bir yaşam idi. Mən Sabir
bəyi çox enerjili görürəm. Onun
enerjisi tükənməzdir. Həm
şeir yazır, həm nəsr, həm ictimai-siyasi hadisələrdə
aktivlik göstərir. Qohumlarla da
görüşür, yas-toy məclislərində də fəal
iştirak edir. Hamısına da
çatdırır. Mən birini eləyəndə,
o birisini eləyə bilmirəm (gülür). Bu mənada mən Sabir bəyin enerjisinə heyran
qalıram. Düşünürəm ki,
bütün bunlarla bərabər, qardaşlıqda da Sabir
yaxşı qardaşdır. İşə
gələndə mütləq gəlib görüşür,
gedəndə də “mən getdim” deyir. Yəni
çox diqqətlidir, qayğıkeşdir...
Bizim Yol.- 2018.- 28 iyun.- S.15.