“9 yaşlı Nəsibə
özü- özünə elçi gəlib”
Əfsanəvi aktrisamız
haqqında heç yerdə eşitmədiyimiz qeyri adi faktlar
Son
vaxtlar gündəmi Kraliça II Yelizavetanın
qayınanalıq macəraları zəbt edib. Britaniyanın
kraliça qayınanasından yazandan sonra qərara gəldim ki,
kinomuzun kraliçasını, sevimli qayınanasını, əfsanəvi
aktrisamız Nəsibə Zeynalovanı da yad edim. Özü də
II Nəsibə ilə birgə...
- Nəsibə xanım, Cahangir
Novruzovun həm qızı, həm də bacısı olmaq necə
hissdir?
-
(Gülürük) Bilirsiniz, nənəm həmişə
qız övladı arzulayıb. Amma qismət elə gətirib
ki, aman-zaman bir oğlu olub. Atam da evlənəndən sonra mən
və bacım doğulmuşuq. Nəsibə xanımın ilk
nəvəsiyəm. Dünyaya gələn kimi nənəm
deyib ki, bu mənim qızımdır. Əvvəlcə
adımı Bahar qoymaq istəyiblər. Çünki Novruz bayramında
doğulmuşam. Nənəm deyib, Bahar nədir?! Nəsibə,
vəssalam! Üstündən bir neçə il sonra isə Nəsibə
xanım məni övladlığa götürüb. Deyib ki,
mənim qızımdırsa, rəsmi sənədlərdə
də qızım olmalıdır. Atam da heç vaxt etiraz etməyib.
- Atanızın reaksiyasını
anlamaq olar. Təbii ki, anasına etiraz etməyə bilərdi.
Bəs ananız?
- Anam da həmçinin.
Anam Elnarə xanımla nənəmin münasibəti
ana-qız münasibəti idi. Nəsibə xanım həmişə
deyirdi ki, Elnarənin simasında mənim qızım var. Anam
heç vaxt nənəmin sözünün üstünə
söz deməzdi, mübahisələri olmazdı. Atamla bəzən
sözləri çəp gələrdi. Oğludur, bu da təbii
haldır, amma Elnarə xanımla əsla... Anamı
dünyalar qədər sevirdi, güldən ağır söz
deməzdi.
- Demək Nəsibə xanım filmdəki
qaynana stereotipini həyatda qırıb, gəlininə ana
olmuşdu?
-
Düzdür, sərt adam idi. Onu da qeyd etməliyik. Amma anam da
bir o qədər həlim xasiyyətə malikdir. Ailədə
loyallıq vardı. Ümumiyyətlə, istər ər-arvad,
istər valideyn-övlad, ümumiyyətlə insanlar
arasında olan münasibət bir tərəfli qurulmur. Əgər
bir tərəfin digərinə aqressiyası varsa, bilmək
lazımdır ki, bu öz-özündən baş verməyib.
Bu hisslərə təhrik edən nə isə bir hadisə
baş verib. Yox, ailədə sakitçilik, əmin-amanlıqdırsa,
bu hər iki tərəfin müdrikliyinə dəlalət
edir.
- Nəsibə xanım çox varlı
ailədə doğulmuşdu. Atası Cahangir bəy
ömrü boyu xeyriyyəçiliklə məşğul
olub. Hətta bildiyimə görə, valideynləri arasında
böyük yaş fərqi də varmış.
- Bəli,
Nəsibə xanımın atası Cahangir Zeynalov çox
varlı tacir idi. Öz üzərində işləyən
adam olub. Rus, fransız, ərəb və sözsüz ki Azərbaycan
dillərində danışıb. Nənəmin valideynləri
arasında 25 yaş fərq vardı. Anası Hüsniyyə
xanım Cahangir bəyin evinə gəlin köçəndə
cəmi 15 yaşı varmış. Danışırdı ki,
atasının çox zəngin kitabxanası olub. O
kitabların içərisində elə dəyərliləri
vardı ki, onlara toxunmağa heç kimə icazə verməzmiş.
Çünki içərisindəki şəkillər
fosforlu imiş. İnsan baxanda qəribə vahimə
dolurmuş içinə. Sonradan məlum olub ki, həmin
kitablardan Sankt-Peterburqun muzeylərində qorunur və "Qəzaların
böyük kitabları" silsiləsindəndir. Bundan əlavə,
Cahangir bəyin 250 nəfərlik salonu olan 40 otaqlı evi
vardı. Yerə də salonun uzunluğu boyda böyük
xalça sərilmişdi. Cahangir bəy həmin salonun
başında səhnə tikdirmişdi. Tamaşanın məşqlərini
də nahar vaxtına salardı. Çünki çox çətin
dövr idi. Gənc aktyorlar da həmişə kasıb olub. Həm
də bütün günlərini teatrda, məşqlərdə
keçirərmişlər. Hüsniyyə xanıma deyərmiş
ki, onların xörəyini sən hazırla, savabı sənə
də yazılsın.
Köhnə
Bakı haqda bir kitab var. Müəllif Hüseynqulu Sarabskidir.
Orada müəllif qeyd edir ki, Mirmahmud Kazımovski ilə
gedirdik. Qarşımıza Kərbəlayi Cahangir
çıxdı. Soruşdu niyə keyfiniz yoxdur? Dedik
"Şah Qacar" tamaşasını səhnəyə
qoyacağıq, amma onun libasını tikdirməyə pulumuz
çatmır. Cahangir bəy hövlənk əlini cibinə
aparır və o vaxt üçün çox böyük məbləğ
olan 600 manatı çıxarıb, aktyorlara verir. Bir
maraqlı fakt da odur ki, hazırki Musiqili Komediya
Teatrının binasında əvvəllər dəyirman olub.
O binanı sonradan teatra çeviriblər. Səhnəsindən
böyük qıfıl asılarmış ki, truppa
tamaşadan öncə icarə pulunu ödəsin. Bir gün
Cahangir bəy qızıl saatını qolundan
çıxardıb, həmin məbləğı
qarşılayır. Amma ən dəhşətlisi odur ki,
Üzeyir Hacıbəyovdan bəhs edən filmdə tamamilə
başqa kasıb bir insan üzüyünü
çıxardıb, icarə pulunu ödəyir. Bu məlumat
tam yanlışdır.
- Nəsibə xanım, bəs filmdəki
yanlışla bağlı məsələnin
kökünü araşdırmadınız?
- Bunu indi
açıqlaya bilərəm. O vaxt uşaq idim. Bəlkə
də araşdırılıb, amma hansısa səbəbdən
məsələyə müdaxilə olunmayıb. Lakin mən sizə
dəqiq deyə bilmərəm ki, Cahangir Zeynalovun adı filmdə
niyə çəkilmir. Ümumiyyətlə, onun haqda
çox az mənbə var. O, bütün ömrünü, həyatını
teatra həsr edib. Çox hörmət etdiyim teatrşünas
İlham Rəhimlinin həm Cahangir bəy, həm də Nəsibə
xanım haqda yazdığı kitablarda bu haqda kifayət qədər
məlumat var. Qulam Məmmədlinin kitabında göstərilir
ki, Azərbaycan teatr səhnəsində ilk dəfə Cahangir
Zeynalovun yubileyi qeyd edilib. Lakin, sanki onu tarixdən silməyə
can atıblar. Haqqında olan bir çox sənədlər
yandırılıb, külə çevrilib. Nənəm
danışardı ki, bayramlarda insanlar
yığışıb onun əlini öpməyə gələrdilər.
O isə yalnız anası Əsli xanımın və Hacı
Zeynalabdin Tağıyevin əlini öpməyə gedərdi.
Cahangir bəyin Zal adında bir nökəri varmış. Ətrafdakı
dul qadınlara, kasıb ailələrə nökəri ilə
sovqat göndərərmiş. Nökər boxçaları
qapının kənarına qoyub qayıdanda, ev yiyəsi
arxasınca çağırırmış ki, "Ay
oğul, bu pay kimdəndir?" . Deyərmiş ki, göndərdilər.
Yəni Cahangir bəy xeyirxahlığı da,
yaxşılığı da aləmə car çəkmədən,
heç kimə bildirmədən edərdi. Bəzən ona
sual verərdilər ki, bu qədər var-dövlətin var,
varisin kim olacaq? Cavab verərdi ki, varisim teatrımdır.
Cahangir bəylə Hüsniyyə xanımın 12 il sonra
qızları doğulur. Bunnun da maraqlı tarixçəsi
var. Bir gün Hüsniyyə xanımın bacısı
yanına gəlir və söyləyir ki, İrana İmam
Rzanın ziyarətgahına getmək istəyir. Xahiş edir
ki, bacısı da gəlsin. Allahın evində dua etsin, bəlkə
övlad payı ilə sevinər. Hüsniyyə xanım
gedir, və niyyət edir ki, oğlu olsa adını İmam
Rzanın şərəfinə Rza, qızı olsa onun
xanımınn şərəfinə Nəsibə qoyacaq. Bir
ildən sonra nənəm doğulur. Doğuş çox
çətin keçir. Körpənin çəkisi 5
kiloqram olur. Cahangir bəyə deyirlər ki. ya ananı, yada
körpəni seç. O da təbii ki, ananı seçir. Amma
Allahın qismətindən hər ikisi təhlükədən
sovuşurlar. Hüsniyyə xanım andına sadiq qalıb,
körpənin adını Nəsibə qoyur. Nənəm
körpə ikən Cahangir bəy səfərlərin birindən
qayıdanda 6 gün su üzündə qalır və yatalaq xəstəliyinə
düçar olur. Bakıya dönəndə Nəriman Nərimanov
ona şəhəri gəzdirir. Ermənilərin azərbaycanlıların
başına gətirdikləri müsibətlərin şahidi
olur. Doğma anasının vəhşicəsinə
öldürüldüyündən xəbər tutur, halı
lap pisləşir. Bu hadisədən bir neçə gündən
sonra dünyasını dəyişir.
- Bəs yeganə övladı Nəsibəyə
vəsiyyəti nə olur?
-
Ölüm ayağında olanda Hüsniyyə xanımı
yanına çağırır. Onda Nəsibə
xanımın 2 yaşı vardı. Deyir, mən artıq
köçüb gedirəm, sən Nəsibəyə mütləq
təhsil ver, mənim tam boyum olan şəklimi saxla ki, tez-tez
baxıb, atasını xatırlasın. Sonda isə deyir ki,
qızlar gimnaziyasının pulunu kəsmə. Onlar gələcəyin
analarıdır, mütləq oxumalıdırlar. Geyimlərini,
yeməklərini əskik etmə. Bilirsiniz, Cahangir bəy
sağlığında hər Novruz bayramı Hüsniyyə
xanıma məxmərdən torbalar tikdirərmiş ki, ona da
savab yazılsın. İçərisinə bir cüt
ayaqqabı, bir biçim parça, bir qızıl onluq və
sözsüz ki, şəkərbura, paxlava dolu xonça qoyub,
bütün qızlara paylayarmış. 1918-ci ildə
çar dövrü devrilir, Sovet hakimiyyəti Nəsibə
xanımla anasını həmin o 40 otaqlı imarətdən
qaranlıq zirzəmiyə atır. O səfil həyata,
bütün çətinliklərə rəğmən,
Hüsniyyə xanım qızını böyüdür. Nənəm
də düz 14 yaşından etibarən müxtəlif yerlərdə
işləməyə başlayır.
- Məncə, Nəsibə
xanımın qanındakı sonsuz teatr sevgisi onu başqa sahəyə
getməyə də qoymazdı.
- Əlbəttə...
Nənəmin 100 illik yubileyində onun həyatından olan bir
maraqlı əhvalat səhnələşdirilmişdi.
İndi sizə həmin fraqmenti söyləyəcəm. Deməli,
Novruz bayramı imiş. Nəsibə xanımın da cəmi
9 yaşı varmış. Bütün xalaları, qohumlar
bayramı qeyd etmək üçün bir yerə
toplaşırlar. Nənəm gizlincə anasının uzun
tumanını geyinir, kəlağayısını
başına örtüb, arxa qapıdan çıxır.
Üzünü kömürlə bir az dəyişib, gəlib
qapını döyür. Qapını Sona xalası
açır. Deyir, filankəsin külfətindənəm, sizə
elçiliyə gəlmişəm. Onlar da donub qalırlar,
axı bizdə ərə getməli qız yoxdur. Deyir ki, Nəsibə
üçün gəlmişəm. Hüsniyyə xanım
heyrətlənir ki, mənim qızım 9
yaşındadır, sənin oğlunun neçə
yaşı var? Cavab verir ki, uşaqdır, cəmi 40
yaşı var. Elə qarının üstünə hücum
çəkib, qovmaq istəyəndə kəlağayı başından
düşür. Görürlər ki, 9 yaşlı Nəsibə
özü-özünə elçi gəlib. Yəni deməyim
odur ki, uşaqlıqdan teatra, aktyorluğa meyl edib.
- Nəsibə xanım, Hüsniyyə
xanım haqda ümumiyyətlə, mənbələrdə məlumat
yoxdur.
-
Hüsniyyə xanımın gözəl dəf, qarmon ifa etmək
qabiliyyəti varmış. Bir də gözəl səsi olub.
Bəzən oturub, qara bəxtinə şikəstə
oxuyarmış. Hətta Nəsibə xanımın
"Qayınana" filmində oxuduğu yanıqlı
bayatı anasına məxsusdur. Bu hüzünlü
bayatını həmişə anasının dilindən
eşidərmiş.
- Çox maraqlı faktdır. Filmin
bu hissəsində həmişə kövrəlirdim. Bundan
sonra kədərim 5 qat artacaq. Bəs Hüsniyyə xanım
ikinci dəfə ailə qurmur?
- Qurur.
Bilirsiniz də, o vaxtlar qadın başsız, sahibsiz
qalmamalı idi. Ancaq Hüsniyyə xanımın ikinci həyat
yoldaşı fərsiz insan olur. Onun Cahangir bəylə
bağlı bır sıra sənədləri
yandırmağı da ehtimal olunur. Çünki Cahangir bəy
teatr fəaliyyətindən əlavə cümhuriyyətin
qurucuları ilə də sıx münasibətdə idi. Sənədlərin
məhv olunmasında bu faktın da rolu ola bilər. Amma dəqiq
mənbə qalmadığına görə fikrimi tam təsdiqləyə
bilmərəm.
- Hüsniyyə xanımın ikinci
nikahdan övladları doğulur?
- Bu
nikahdan Nəsibə xanımın bir bacısı və bir
qardaşı doğulur. Hər ikisinə Hüsniyyə
xanımın valideynlərinin adı qoyulur - Əbdüldayan
və Nurcahan. Amma nökərlər birini Böyükağa,
digərini Böyükxanım
çağırdığı üçün adları da
belə qalır.
- Əlaqəniz varmı onlarla?
- Nənəmin
bacısını yox, qardaşını
görmüşdüm. Onların övladları ilə
sıx əlaqəmiz var. Amma hərəmiz dünyanın bir
yerinə səpələnmişik. Tale elə gətirib ki, hərəmiz
bir ölkədə yaşayırıq. Zəmanə belədir,
kim səadətini, çörəyini harada tapırsa, orada
da məskən salır.
- Nəsibə xanımın
ömür-gün yoldaşı haqda da
danışmağınızı istəyirəm. Bildiyimə
görə, babanız onu hər addımında dəstəkləyib.
- Nəsibə
xanımın Nəsibə xanım olmağında öncə
öz əzmini, güclü xarakterini, sonra isə Mütəllib
babamın əməyini danmaq olmaz. Bizim mentalitetimizi nəzərə
alsaq, Mütəllib müəllimin yerində başqa adam
olsaydı, bəlkə də Nəsibə xanım sənətindəki
o uca zirvəyə qalxmazdı. Babam da kamança ustası idi,
incəsənətlə nəfəs alırdı. Onların
arasında 11 yaş fərq vardı, amma Mütəllib bəy
Nəsibə xanımdan kiçik idi. Ümumiyyətlə,
insan öz canparəsini, yarını tapandan sonra yaş fərqinin
əhəmiyyəti qalmır. Onlar 40 il bir yastığa
baş qoydular. Bir-birini ani göz qırpımından, tək
him-cimdən anlayırdılar.
- Nəsibə xanım, siz də həmişə
nənənizin yanında olmusunuz.
- Buna
görə mən öz həyat yoldaşıma da sonsuz minnətdaram.
Biz nənəmin son illərində də ona birgə
baxmışıq, nazı ilə oynamışıq.
Başqa adam olsaydı, bəlkə də Nəsibə
xanıma olan bağlılığımı bu qədər dəstəkləməzdi,
amma həyat yoldaşım Camal onun son nəfəsinədək
yanımızda oldu. Hər evə gələndə əlində
gül alıb, gətirərdi. Nənəmin üzünü
güldürərdi. Son illərində də
çalışardıq, onu hər gün evdən
çıxardaq, gəzdirək. Dünyasını dəyişənədək
saçı da, dırnağı da, libası da gözəl
və səliqəli idi. Çünki insanı yaşadan
stimuldur.
- Nəsibə xanım
ömrünün son aylarınadək filmlərdə yaddaqalan
obrazlar yaratdı. Hətta "Məhəllə" filmində
çəkildiyi çox kiçik epizod belə filmə
böyük sənət eşqi qatdı.
- "Məhəllə"
filmindən 6 ay sonra nənəm rəhmətə getdi. Cabir və
Tahir İmanovlar da şahid oldular ki, Nəsibə xanım
çox ağır xəstə idi. Amma içində o qədər
böyük sənət sevgisi vardı ki, kameranın
önünə keçən kimi ona sonsuz enerji gəlirdi.
Ümumiyyətlə, çox güclü insan idi. Buna görə
də Nəsibə xanımı həmişə çox
seviblər. Çünki heç kimə boyun əyməyib.
Elə adi "Qayınana" tamaşası 3000 dəfə rəsmi
qeydiyyatdan keçib. Hələ mən sizə rəsmi rəqəmi
söyləyirəm. Yəqin ki, tamaşa bu rəqəmdən
qat-qat çox oynanılmışdır. O, çox
güclü aktrisa idi. Hər dəfə
tamaşaçısına böyük enerji ötürərdi.
Bax elə bu enerji də özünə qayıdardı ki,
növbəti çıxışına gücü, qüvvəti
qalsın.
- Ölməz sənətkarımız
Lütfəli Abdullayevin qızı Xurşid xanımla
müsahibədə ona bir sual verdim ki, ananız atanızı
Nəsibə xanıma qısqanırdımı. Cavab verdi ki, əsla
yox. Bəs Mütəllib bəy necə, Nəsibə
xanımı duet ortağına qısqanırdı?
- Qətiyyən.
Çünki Nəsibə xanımla Lütfəli Abdullayevin
tanışlığı Mütəllib müəllimlə
ailə qurmazdan illər öncə başlamışdı.
Onlar bacı-qardaş idilər. Jmıx yeyə-yeyə,
soyuqdan bir-birinə sığına-sığına, qatar
gözləyər, hərbi hissələrə, əsgərlər
qarşısında çıxış etməyə gedərdilər.
Lütfəli əmi nənəmə həmişə
"Züleyxa qardaş" deyərdi. Onların arasında
çox saf sevgi, doğmalıq vardı. İndinin
özünədək Lütfəli bəyin qızları ilə
çox gözəl münasibətimiz var.
- Maraqlıdır, Nəsibə
xanımın evdarlığı da sənəti kimi zirvədə
idi?
- Nənəm
çox gözəl xörəklər hazırlayardı,
süfrələr açardı. Mənə toxumağı
da o öyrədib. Özü də dəfələrlə
sökdürüb, yenidən toxutdurardı ki, sən bunu
bitirib, qoyacaqsan bir kənara. Bir müddət sonra yenidən
baxacaqsan, qüsurlarını görüb, bəyənməyəcəksən.
Ona görə də indidən işini gözəl görməyi
öyrənməlisən.
- Nəsibə xanım, nənənizin
ömür yolundan bəhs edən film çəkilsə, onun
obrazını canlandırmağa razılaşardınız?
- Belə
bir layihə hazırlansa, məmnuniyyətlə
razılaşardım. Bir ara fikir vardı, amma gerçəkləşmədi.
Özü də hiss edirəm ki, yaşımın
üstünə yaş gəldikcə ona daha çox bənzəməyə
başlamışam. Sözsüz ki, belə təklif alsam,
çox sevinərəm.
- Çox maraqlı məqamlara
toxundunuz, Nəsibə Zeynalovanın həyatından bilmədiyimiz
faktları açıqladınız. Buna görə sizə
minnətdaram.
- Mən
sizə təşəkkür edirəm. (publika.az)
Bizim yol.- 2018.- 30 iyun.- S.15.