“O pula ehtiyacım olsa da...

 

 Xanım xanəndəmizdən maraqlı açıqlamalar

 

Onunla illərdir dərs dediyi Mədəniyyət və İncəsənət Universitetində görüşdük. Tələbələri o gün son imtahanı da verib, dərs otağını tərk etmişdilər artıq. Universitetə binanın gündəlik həyatına xas olmayan və yaraşmayan, qəribə bir səssizlik hakim kəsilmişdi. Bu səssizliyi ara-bir eşidilən piano sədaları və bir də, deyəsən, elə bizim söhbətimiz pozurdu. Dünya şöhrətli xanəndə, xalq artisti, professor, “Şöhrət” ordenli Səkinə İsmayılova Lent.az-a müsahibəsini də elə tələbələri haqda fikirlərilə başladı.

 - Tələbələrin hamısından razı da ola bilməzsən, narazı da. Razı olduğum tələbələrim çoxdu, narazı olduqlarım da az deyil. Evdə, ailədə uşaqlar da belə olur. Eləsi var, ərköyündü, şıltaqdı, eləsi də var, sözəbaxandı. Çalışırsan hamısını yola verəsən, axı sənin övladlarındı. Amma ümidverici gənclərimiz var. O gənclər olmasa, işləməyə stimul da olmaz. Sevinirəm ki, muğam sənətinə gənclərin axını çoxalıb. Bu da ondan irəli gəlir ki, muğamın gündən-günə inkişaf etdiyini, sənətə xalqın sevgisini və dövlətin qayğısını görürlər. 2005-ci ildən bəri Heydər Əliyev Fondunun layihəsi olan televiziya muğam müsabiqəsinin keçirilməsinin də muğamın təbliğində rolu əvəzsizdir. Müsabiqənin dinləmələri keçiriləndə münsiflər heyəti olaraq müxtəlif regionlara gedirik. Bölgələrdə o qədər istedadlı gənclərimiz var. Bir də görürsən 7-8 yaşlı uşaq elə gözəl oxuyur ki... Məəttəl qalırsan ki, bu uşaq muğamı nə vaxtdan sevdi axı?! Bu, məhz bizim xalqa məxsus xoşbəxtlik, bəxşişdir.

 - Xanəndələrdən bu fikirləri eşitmək xoşdur. Çünki vaxt vardı, sənət adamları muğama olan laqeydlikdən, gənclərin estradaya üstünlük vermələrindən gileylənirdilər.

- Elə indi də bəzi gənclər var ki, muğam sinfini bitirir, amma rahatlığı – estrada, mahnı janrını seçir. Axı muğam çətindi, o yükün altına hamı girə bilməz. Gərək içində, ürəyində muğama o qədər böyük sevgi ola ki, çətinliyə, əziyyətə qatlaşa biləsən. Biz də sənətə hamar yolla gəlməmişik. Xüsusən bizim dövrümüzdə muğamla tanınmaq lap çətin idi. O çətinliyin altına girəndə bilmirdik bizi qarşıda nə gözləyir. Amma dövlətin diqqəti, üstəlik muğamın dünyaya çıxışı, əlbəttə, sənəti daha da yüksəklərə qaldırdı.

- Çətinlik demişkən, Bakıda mühafizəkar ailədə böyümüsünüz. O dövrdə qızların ali təhsil alması belə çətin idi, o ki qala musiqiylə məşğul olsun. Siz o baryerləri necə keçdiniz?

- Mən bakılıyam. Təbii ki, hər regiondan böyük sənətkarlarımız var. Amma Bakı bir məktəb olub həmişə. Elə bir yer olub ki, sənətkarlar Bakı kəndlərinin məclislərindən gəlib keçiblər, o toylarda yetişiblər. Söz, qəzəl meydanında yarışıblar. İndi də Bakı kəndlərdə o adət var. 5-6 xanəndə yan-yana əyləşir, muğam oxuyur. Elə bu özü də bir məktəbdi, muğamın inkişafıdı. Mən o ənənəni uşaqlıqdan görmüşəm. Qadın məclislərində dövrün tanınmış xanım xanəndələri oxuyurdular. Mən də heyranlıqla onları dinləyirdim. O vaxtlar valideynlər qızlarının musiqiçi olmasına yaxşı baxmırdılar. Mənim də ailəm müğənni olmaq istəyimi heç qəbul etmirdi. Ona görə də hüquqşünas olmağı düşünürdüm. Amma qismətim başqa imiş. Məni Əbilov adına mədəniyyət evində qarmon sinfinə yazdırdılar. Musiqi dünyası ilə tanışlığım, muğama marağım elə ordan yarandı. 6-cı sinifdə oxuyanda tanınmış pedaqoq, professor Vidadi Xəlilov oxuduğum 70 saylı məktəbə gəlmişdi. İstedadlı uşaqları seçirdilər. İndi də hərdən Vidadi müəllimə zarafatla deyirəm ki, məni bu odun-alovun içinə siz atdız (gülür). Sinif yoldaşlarım Vidadi müəllimə dedilər, Səkinənin gözəl səsi var, amma hüquqşünas olmaq istəyir. Mənə bəstəkar mahnıları oxutdu. Səsim xoşuna gəldi. Dedi, hüquqşünas da ola bilərsən, həkim də, amma bu səsi Allah hamıya vermir. Şansım onda gətirdi ki, məni düzgün istiqamətləndirən müəllimlərin əhatəsində oldum. Orta məktəbi bitirib, Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə tanınmış ustad, pedaqoq Nəriman Əliyevin sinfinə daxil oldum. Orda mən bütün muğamların sirlərini öyrəndim. İfamı eşidənlərin hamısı deyirdi ki, bu səs opera səsidi. Odur ki, musiqi məktəbini bitirəndə Opera və Balet Teatrındakı dinləmələrə qatıldım. Gülxar Həsənova, Bəhram Mansurov, Rauf Abdullayev, Kazım Əliverdibəyov kimi sənətkarlar dinləmələrdə əyləşmişdilər. Onlar səsimi eşidəndən sonra məni teatra qəbul etdilər. Beləliklə, səhnə fəaliyyətim başladı.

- İlk dəfə səhnəyə çıxdığınız günü, keçirdiyiniz hissləri, həyəcanı xatırlayırsınız?

- İlk dəfə 1981-ci il mayın 24-də “Leyli və Məcnun” operasında Leyli kimi səhnəyə çıxmışam. Tərəf müqabilim Canəli Əkbərov idi. Unudulmaz tarixdi. Həyəcanlı idim, əlbəttə. Amma özümü itirəcək qədər yox. Bu da mənə olan diqqətdən irəli gəlirdi. İnsanı dəstəkləyəndə, qol-qanad verəndə həvəslənir, rahat olur. Rübabə Muradova, Zeynəb Xanlarova və Nəzakət Məmmədovadan sonra teatrda uzun müddət yeni Leyli olmamışdı. O baxımdan, teatr ictimaiyyəti tərəfindən diqqət gördüm.

- Əvvəlki Leylilər tamaşanın məşqləri zamanı səhnənin yeni Leylisinə kömək edirdilərmi?

- Məşq, hazırlıq daha çox rejissor, komanda işidi. Amma düzünü deyim ki, rəhmətlik Nəzakət Məmmədova daha səmimi idi. Premyera tamaşama da o gəlmişdi. Birinci pərdədən sonra səhnə arxasına gəlib, məni təbrik etdi. Yadımdadı, ağ kala güllərindən ibarət dəstə gətirmişdi. Hətta özünü narahat hiss edirdi. Dedim, əziyyət çəkib gəlmisiz, çox sağ olun. Amma özünüzü yaxşı hiss eləmirsiz, gedib dincəlin. Dedi yox, burda olmaq mənim borcumdu, istəmirəm deyəsən ki, teatrdan heç bir Leyli məni təbrik etmədi. Çox böyük ürəyi vardı. Bir neçə ildən sonra Nəzakət xanım və Rübabə Muradova dünyasını dəyişdi. Opera teatrının səhnəsi boşaldı. 2 il bütün repertuarı çiynimdə tək daşıdım. Aya 15-20 muğam tamaşası oynayırdım. Özü də əsas partiyaları. Belə gərgin iş rejimi məni həm teatr səhnəsinə alışdırdı, həm də dünya səhnələrinə. 40-dan çox dövlətdə çıxış etmişəm. Asan deyil - mikrofonsuz, canlı-canlı 3 saat yarım tamaşaçı ilə ünsiyyətdə olursan. Birinci sıradan axırıncıya kimi hamı səni eşitməlidi. Gərək ona səsin çata axı. Ona görə də hər səs opera teatrında davam gətirə bilmir. Hər səs də o teatrda illər uzunu işləyə bilməz. Ola bilər bir dəfə özünü məsələn, Leyli kimi sınasın. Amma solist kimi daimi çalışmaq çətindir.

 - Yəqin ki, tamaşa zamanı səhnədə gözlənilməz hadisələrlə rastlaşırdınız. İndi onlardan hansınısa xatırlayırsınızmı?

- Əlbəttə, çox olurdu belə hallar. Bu da səhnə təcrübəsindən asılıdır. Təcrübə topladıqca problemi replikalarla aradan qaldıra bilirsən. Məsələn, bir hadisə yadıma düşdü. “Leyli və Məcnuntamaşasının birinci pərdəsində Leyli ilə anasının görüş səhnəsi var. O səhnədə mizan vardı. Anası rəfiqələriylə əyləşib söhbət edir. Bu zaman Leyli dərsdən gəlib içəri daxil olur. Orda anası “ey şux, nədir bu göftu-kulər...” deyib məni saxlamalıdı. Səhnəyə çıxdım, gördüm replika yoxdu, anam heç nə demədi. Özümü itirmədim, ayaq saxlamadan getdim səhnənin o başına fırlandım, təzədən qayıtdım. Guya gördüm anamın başı qarışıqdı, evdən çıxmaq istəyirəm. Bu zaman anamınrəhmətlik Rəsmiyyə Sadıqovannın birdən yadına düşdü ki, məni saxlamalıdı. “Ey şux...” dedi və mən dayandım, beləcə, səhnə davam etdi. Belə detallar çox olurdu. Əgər obrazı hiss edirsənsə, həqiqətən yaşayırsansa, o məqamda nə etmək lazım olduğunu da biləcəksən. Gərək gözünün qabağında o dövr, o həyat, o obraz olsun yalnız. Mən səhnəyə çıxanda Səkinə yox, oynadığım obraz olurdum tamamən. Bir hadisə də yadıma düşdü. Şəfiqə AxundovanınGəlin qayası” operasında Gülbahar partiyası mənə verilmişdi. Orda Gülbahar özünü qayadan atır və Camal onu əllərinin üzərində səhnəyə gətirir. Rejissor Hüseynağa müəllimdən xahiş etdim ki, o səhnəni dəyişsin. Dedim, bu qız düşüb yaralanıb, vacibdir ki, bunu səhnəyə əl üzərində gətirsinlər? Sürünə-sürünə gəlsin səhnəyə. Dedi, hə, düzü, heç mən belə düşünməmişəm, amma sən deyirsənsə, olsun. Dedim, belə olsa, mən tamaşanı oynayacam. Belə də oldu. Düz 30 il teatrda işlədim. Opera və Balet Teatrının salnaməsində 30 illik xidmətim var. Mənim üçün böyük tarixdi. Bununla fəxr edirəm. O illərdə yeganə solist idim ki, bütün tamaşaların baş qadın obrazlarının ifaçısı olmuşam. Mənim gəlişimlə teatra gənc nəfəs gəldi. Tamaşalar yenidən qoyuldu. Azərbaycana gələn xarici ölkələrin dövlət rəhbərləri, siyasi xadimləri, məşhurları tamaşalarımızı seyr edirdilər. Ulu öndər Heydər Əliyev bizim teatra tez-tez gəlirdi. Pakistanın prezidenti, Mstislav Rastropoviç Bakıya gələndə “Leyli və Məcnunu oynadıq. Opera teatrı ilk dəfə sərhədi aşaraq, 1995-ci ildə xarici ölkə kimi Türkiyəyə getdi. O tarix mənim adımla yazılıb. Süleyman Dəmirəlin doğum günü üçün tamaşanı orda oynadıq. Leyli mən, Məcnun Alim Qasımov idi. Tamaşadan sonra Süleyman Dəmirəl bizimlə görüşdü. Çox gözəl insan idi. Azərbaycanı, ədəbiyyatımızı, musiqimizi çox sevirdi. Tamaşanı çox bəyənmişdi. Dedi, bu əsərlə Azərbaycan muğamının, musiqisinin zirvəsini gördük. Bu sözləri eşitmək o qədər xoş oldu, elə bil dünyanı bizə verdilər. Həmin tamaşa indi də Türkiyənin qızıl fondunda saxlanılır.

- Teatrdan ayrılmaq qərarını özünüz verdiniz? Adətən aktrisalar yaşlansalar da, səhnədən uzaqlaşmaq, gənclərə yer vermək istəmirlər, hələ də cavan rollar oynamaq iddiasında olurlar.

- Mən Canəli Əkbərov, Arif Babayev, Baba Mahmudoğlu ilə səhnəyə çıxmışam. Alim Qasımovla 10 il tərəf müqabili olmuşam. Axırıncı tərəf müqabilim Mənsum İbrahimov olub. Ondan sonra da Məcnunlar oldu. Ancaq mən artıq tərəf müqabilimi özüm seçirdim. İstəsəydim oxuyardım, istəməsəydim yox. Və mən həmişə o fikirdə olmuşam ki, getmək zamanı yetişəndə getməyi bacarmaq lazımdır. Hesab elədim ki, artıq getmək vaxtımdır. Həm də axı gənclərə də dəstək lazımdır. Bunu niyə başa düşmürlər? Bəlkə elə ona görə məndə müəllimliyə, tədrisə, sənəti nəsillərə ötürmək eşqi, marağı həmişə olub. Bircə səhnə əbədidi, amma orda oynayanlar, solistlər əbədi, daimi deyil. Zaman-zaman, nəsil-nəsil solistlər dəyişməlidir. Teatra, səhnəyə yeni nəfəs gəlməlidi. Bunu qəbul etmək lazımdır. Üstəlik, nə qədər baxımlı, şarmlı olsan da, yaş faktoru var. Səhnə gözəlliyi sevir. Bir də görürsən, Leyli çıxıb səhnəyə, amma çəkisi nə boyda. Olmaz axı. Yaddaşlarda gözəl Leyli, Əsli, Şahsənəm kimi qalmaq yaxşıdı, yoxsa üzünün, çəkinin, görkəminin korlandığı vaxt səhnəyə çıxmaq... Halbuki təxminən 8 il əvvəl teatrdan ayrılanda mən heç çəki də almamışdım. Xarici görünüşümü, görkəmimi saxlamaq üçün çalışırdım. Ona görə də hörmət-izzətlə səhnədən getməyi bacarmaq lazımdır. Getmək vaxtın çatıbsa, “əlvidademəlisən. Bir də ki, o səhnə mənə hər şeyi verdi. Məni dünyada tanıtdı. Kompakt disklərim çıxdı. Fransada səsim yazıldı, antologiyaya düşdüm. Bütün qapılar üzümə açıldı. Fəxri adlar verildi. Mükafatlar aldım. Hələ teatrda işləyəndə pedaqoji fəaliyyətə başladım. Muğam sənəti üzrə professor dərəcəsi alan ilk qadın mənəm. Bundan gözəl nə ola bilər? Hamısını o səhnə elədi. Buna sevinmək, işindən zövq almaq lazımdır.

- İmza atdığınız ilklər sırasında biri də varqavalla səhnəyə çıxan ilk xanım xanəndəsiniz. İlk dəfə qadınlardan ibarət üçlük yaratmaq da sizin adınızla bağlıdır.

 - Amerikaya səfərə hazırlaşırdıq. Üçlük getməliyditar, qaval, xanəndə. Dördüncü adamın getməyinə icazə yox idi. Odur ki, xanəndə özü-özünü qavalda müşayiət etməliydi. Dedilər, 20 gün vaxtın var, get öyrən. Mən də məcbur olub, qavalda çalmağı öyrəndim. Təsadüf yoxdu, hər şey zərurətdən doğur. Ona qədər xanımlar əllərində qaval tuturdu, amma arxadan nağara müşayiət edirdi. Fikirləşdim ki, “Şüştəri, “Çahargah”ı oxuyan ilk qadın xanəndə mən olmuşam. Elə çətin muğam dəsgahları oxumuşam ki, onda qaval çalmağı öyrənməyə nə var?! Mən qarmon sinfinə gedəndə qardaşım da nağara sinfinə gedirdi. Onun da köməyi ilə məşq edib, öyrəndim. “Fikrə” qızlar üçlüyünü yaratmaq ideyası isə Fransadan gəldi. Məni konsertə dəvət etdilər. Soruşdular ki, olarmı tar, kaman da xanım olsun? Dedim niyə də yox? Çətin idi onları hazırlamaq, proqramı seçmək, dəsgahı öyrənmək. Amma alındı. Tarda Arzu, kamançada Fəridə Məlikova və mən Fransada çıxış etdik. Səhnəyə milli geyimdə çıxdıq, hamı heyran qalmışdı. Sonradan tar ifaçısı zaman-zaman dəyişdi. Amma Fəridə hələ də mənimlədi. İndi baxırsan ki, qadın triolar, ansambllar yaradırlar. Amma 26 il əvvəl bunu eləmək çətin idi.

- İndi bir qadın ifaçının məşhurlaşması da olduqca asandır. Bir azca soyunmağı, yaxud qalmaqal yaratması kifayətdir ki, hamı tanısın. Amma o vaxtkı dövr üçün bir qadının adına xələl gəlmədən məşhurlaşması dediyiniz kimi, çətin idi. O çətinlikləri necə dəf etdiniz?

- Xüsusi düstur işləmədim. Sadəcə, düşündüm ki, mən muğam ifaçısıyam. Geyimim, səhnə mədəniyyətim, davranışım belə olmalıdı. Necə düşündümsə, o cür də davrandım. O obrazı özüm yaratdım. Yəqin o obrazım xoşuna gəldiyi üçün Rəşid Behbudov məni seçib, özüylə müxtəlif ölkələrə apardı. Bu, hər xanəndəyə nəsib olan şey deyil. Xaricdə ədəb-ərkanımızla, geyimimizlə millətin siması bizik. Axı mən səhnəyə çıxanda dərhal oxumuram. Tamaşaçı ilk olaraq mənim görkəmimi görür. Bilinməlidi ki, səhnəyə Azərbaycan xanımı gəldi. Amma təbii ki, ifan da görkəminlə üst-üstə düşməlidi. Hər bir şey ahəng təşkil etməlidi. İndi də görürsən, əlində qaval, muğam oxuyur, amma dekolte geyimdə. O geyimi qavala yaraşdırmıram. Heç olmasa, əlində tutduğu qavala hörmət etsin.

- Kişi xanəndələr tərəfindən qısqanclıq görürdünüz heç?

- O halları özümə yaxın qoymurdum heç. Yalnız öz işimlə, sənətimlə, ailəmlə məşğul idim. Heç kim maraqlandırmırdı məni. Bilmirəm, kiməsə mane olurdum, ya yox. Amma mən elə bir səhnədəydim ki, orda hər kəs oxuya bilməzdi. Bacarığı olan buyurub oxuyardı. Hər səs o teatrda davam gətirə biməz. Çox çətindi. Çətinlik də ondadı ki, o səsi qorumalısan. Tamahına “yox” deməyi bacarmalısan. Toydan, şənlikdən uzaq olmalısan. Necə ola bilər toyda oxuyasan, sonra da gəlib canlı Şahsənəmi ifa edəsən? Mənim də çətinliklərim olurdu, amma dözürdüm, maddiyyatı fikirləşmirdim. Bütün məramım musiqimizin şöhrəti, dünyada tanıdılması idi. Bu gün tələbələrimə də deyirəm, mən pula “yox” demişəm. Pul maraqlıdı, sevimlidi, lazımlıdı. Amma sənəti öyrənin ilk növbədə. Sənəti öyrənib, düzgün qavrasan və sevsən, maddiyyat özü səni tapacaq. Əgər sənətin, hörmətin olsa, özləri səni dəvət edəcəklər. Mən toya getməyə pis baxmıram. Yaxşı bir məclis olsa, bir ağız muğam, bir də təsnif oxuyaram, hörmətlə çıxıb gələrəm. Mənim də maddi çətinliyim çox olurdu. O qədər toylara çağırırdılar. Yaxşı qonorar müqabilində şou proqramlara dəvət edirdilər. O pula ehtiyacım da olub, amma getməmişəm. Çünki sənətə hörmət etmişəm. Muğamın paklığını qorumuşam. İnsan nəfsinə sahib olmalıdı. Peşman deyiləm o məclislərə “yox” deməyimə. Vaxtında imtina etmişəm. İndi isə dövlət arxamdadı, sağ olsunlar, hər şeylə təmin edib, gözəl şərait yaradıblar mənə.

- Bir az da şəxsi həyatınızdan danışaq. Neçə yaşında ailə qurdunuz?

- Elə anadan olandan (gülürük). Bibim oğlu ilə göbəkkəsdi olmuşam. Gözünün qabağında böyümüşəm. Onunla ailə qurmağa ona görə razılıq verdim ki, müəyyən qadağalar da qoysa, sənətimə mane olmayacağını bilirdim. Asəf Zeynallı adına musiqi məktəbinə daxil olanda nişanlandıq. Oranı bitirəndə toyumuz oldu. Ondan sonra teatrda işə başladım.

- İndi əksər xanımlar sənətə gəlmək üçün boşanırlar, siz isə əksinə, ailə qurandan sonra böyük səhnəyə gəlmisiniz. Ailə həyatı sənətinizə mane olmadı?

 - Yoldaşım qısqanc idi, müəyyən qadağalar qoyurdu - ora getmə-bura getmə. Amma qayınatam muğamı, qəzəli, şeiriyyatı sevən köhnə kişilərdən idi. Başqa janrda oxusaydım, dəstəkləməzdi. Məhz muğam ifaçısı olduğuma görə o, məni hər zaman dəstəkləyib. Bunu o dövrün adamları bilir – yoldaşım 8 il hər yerə mənimlə bilikdə getdi. Kollektivi, əhatə dairəmi tanıyandan sonra alışdı. Qızımız olandan sonra lap yaxşı oldu, qısqanclığı da azaldı. Qızımı böyütməkdə isə baldızım - bibim qızı mənə kömək edirdi. Mən Bülbüləyə gəlin getmişəm. Bir evdə qalırdıq. O, böyütdü qızımı. Qayınanam dünyadan tez köçüb. Qızıma onun adını vermişdik – Bibixanım. Ailədə hamının sevimlisi idi. 13 ildən sonra Bakıda teatrın yanında dövlət tərəfindən ev verdilər mənə. Ondan sonra daha rahat oldu işim. Elə olurdu evdə makiyajımı edib, gedib birbaşa səhnəyə çıxırdım. Bizim ailədə axırıncı söz mənim yoldaşımındır. Nə dedi, odur. İnanın, bu yaşdayıq, hələ də mənim geyimimə onun nəzarəti var. Mən qızımla dost olmuşam, amma elə məqam olub, demişəm, atan nə deyir, odur. İndi isə bir nəvəm var. Ona mənim adımı veriblər. Boş vaxtım olan kimi onunla keçirirəm.

- Bəs sənətdə davamçınız olaraq kimi görürsüz? Ola bilərmi, balaca Səkinə böyüyüb sizin yerinizi tutsun?

- Onu zaman göstərəcək. İndi dəqiq deyə bilmərəm kimdir davamçım. Bir ifaçının yetişməsi üçün uzun illər keçməlidi. Ümumiyyətlə, bu sənətə gəlmək istəyirsənsə, hər çətinliyə qatlaşmalısan. Sənət üçün ölməlisən, yanmalısan, hər şeydən keçməyi bacarmalısan. Nəsildə, ailədə ifaçılar olur. Amma istəmirəm kimsə adımın, şöhrətimin kölgəsində olsun. Qoy öz yolu, öz izi olsun. Hər kəs sənətdə öz izini qoymalı, öz yolunu tutmalıdı. Eləcə də nəvəm. Fərqi yoxdu, hansı sənət olur-olsun, əgər öz yolu, izi olacaqsa, mən də onu dəstəkləyəcəm.

 

Bizim yol.- 2018.- 5 iyul.- S.15.