Qazaxıstanda Azərbaycanla
bağlı üç
kitab çapa hazırlanır
Azərbaycan Xalq Cümhuriyyətinin
(AXC) 100 illik yubiley tədbirləri çərçivəsində
Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən
ilk dəfə qazax dilində Cümhuriyyətlə
bağlı ətraflı məlumatlar, faktlar və sənədlərin
toplandığı yeni bir kitabı çapa
hazırlanır.
Bu barədə Qazaxıstanın Astana
şəhərində keçirdiyi mətbuat konfransında
TWESCO prezidenti Darxan Kıdırali məlumat verib.
Akademiya rəhbərinin sözlərinə
görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan
və digər dövlətlərdən nüfuzlu alimlərin
məqalələrinin də yer aldığı kitabda AXC-nin
o dövrdə Mərkəzi Asiyada mövcud olan muxtariyyətlərlə,
o cümlədən Türküstan Milli Muxtariyyəti və
Alaş Orda dövləti ilə əlaqələrinə də
yer veriləcək.
D.Kıdırali qeyd edib ki, qazax dilində
indiyədək AXC ilə bağlı dolğun məlumatların
əks olunduğu bir mənbə yox idi. Ona görə də
prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq
Cümhuriyyəti İli” elan etməsini əsas götürərək,
bu sahədə olan mövcud boşluğun doldurulması
üçün belə bir kitabın hazırlanmasına qərar
verilib.
Bu sırada Azərbaycan alimlərinin
iştirakı ilə Astanada Cümhuriyyətin 100 ilinə həsr
olunan seminar da təşkil olunacaq və iyunun 18-də
Qazaxıstanda keçiriləcək III “Böyük
Çöl” Humanitar Forumunun bir paneli bütünlüklə
Azərbaycan Xalq Cümhuriyyətinə həsr ediləcək.
Azərbaycan Xalq Cümhuriyyətinin 100
illik yubiley tədbirləri çərçivəsində
Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən
və Azərbaycan nümayəndə heyətinin Paris Sülh
Konfransındakı fəaliyyətini əks etdirən “Əbədi
ezamiyyət” sənədli filminin də Beynəlxalq Türk
Akademiyası tərəfindən qazax dilinə subtitrlə tərcüməsi
və 28 May - Respublika günü ərəfəsində
Qazaxıstan televiziya kanallarında yayımlanması nəzərdə
tutulur.
Bundan başqa, türk
dünyasının böyük dövlət xadimi Heydər
Əliyevin 95 illik yubileyinə həsr olunan “Heydər
Əliyev və Türk dünyası” kitabı da may ayınadək
qazax oxucuların ixtiyarına veriləcək. Yeni kitabda ulu
öndərin həyat və fəaliyyəti, onun türkdilli
dövlətlərə səfərləri, iki və
çoxtərəfli formatda görüşləri yer
alır. Eyni zamanda kitabda ümummilli liderin türk
xalqlarının ortaq dəyərləri ilə bağlı
qiymətli fikir və çıxışları,
türkdilli dövlətləri əhatə edən təşkilatların
formalaşdırılması və türk xalqlarının
inteqrasiyasına töhfəsi kimi mövzular əksini
tapır. Layihə
ulu öndərin yubiley tədbirləri çərçivəsində Bakıda və Astanada təqdim olunacaq.
TWESCO-nun həyata keçirdiyi digər
bir layihə “Azərbaycan ədəbiyyatı
antologiyası”dır. Layihədə 20-dək azərbaycanlı
şair və yazıçının qazaxcaya tərcümə
olunmuş əsərləri yer alır. Akademiya rəhbərinin
sözlərinə görə, türk dünyası ədəbiyyatı
antologiyası seriyasından ilk olaraq “Azərbaycan ədəbiyyatı
antologiyası”nı çap ediləcək. Kitabda Nizami Gəncəvi,
Məhəmməd Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli
Axundov, Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər
Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar
Vahabzadə, Mir Cəlal Paşayev, Məmməd Araz və digər
ədiblərin seçilmiş əsərləri yer alır.
Eyni zamanda bu il böyük
qırğız yazıçısı Çingiz Aytmatovun
90, tanınmış qazax şairi Mağjan Jumabayın 125, cədidçilik
cərəyanının banilərindən biri Şəhabəttin
Mərcaninin 200 illik yubileylərini, nüfuzlu rusiyalı
türkoloq Vilhelm Radlofun ölümünün 100-cü
ildönümünü nəzərə alaraq, 2018-ci il
Akademiya tərəfindən “Mağcan, Mərcani və Radlof
ili” olaraq qeyd olunacaq, onlarla bağlı silsilə tədbirlər
həyata keçiriləcək.
Bununla bərabər, Beynəlxalq
Türk Akademiyası tərəfindən dünya elmi və mədəniyyətinə
töhfə vermiş nüfuzlu türk alimlərinin yer
alacağı “100 böyük türk” layihəsi üzərində
də iş aparılır.
TWESCO-nun rəhbərliyi altında 26
ölkədən 130 tədqiqatçının
iştirakı ilə hazırlanan “Təhlükədəki
Türk dilləri” dördcildliyi isə bu ilin 30 aprel tarixində
UNESCO-nun Parisdəki mərkəzində təqdim olunacaq.
Bizim
yol.-2018.-3 mart.-S.15.