Qazaxıstanda Azərbaycanla
bağlı üç
kitab çapa hazırlanır
Azərbaycan Xalq Cümhuriyyətinin
(AXC) 100 illik yubiley tədbirləri çərçivəsində
Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən
ilk dəfə qazax dilində Cümhuriyyətlə
bağlı ətraflı məlumatlar, faktlar və sənədlərin
toplandığı yeni bir kitabı çapa
hazırlanır. Bu barədə Qazaxıstanın Astana şəhərində
keçirdiyi mətbuat konfransında TWESCO prezidenti Darxan
Kıdırali məlumat verib. Akademiya rəhbərinin sözlərinə
görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan
və digər dövlətlərdən nüfuzlu alimlərin
məqalələrinin də yer aldığı kitabda AXC-nin
o dövrdə Mərkəzi Asiyada mövcud olan muxtariyyətlərlə,
o cümlədən Türküstan Milli Muxtariyyəti və
Alaş Orda dövləti ilə əlaqələrinə də
yer veriləcək. D.Kıdırali
qeyd edib ki, qazax dilində indiyədək AXC ilə
bağlı dolğun məlumatların əks olunduğu bir mənbə
yox idi. Ona görə də prezident İlham Əliyevin 2018-ci
ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini əsas
götürərək, bu sahədə olan mövcud boşluğun
doldurulması üçün belə bir kitabın
hazırlanmasına qərar verilib. Bu sırada Azərbaycan
alimlərinin iştirakı ilə Astanada Cümhuriyyətin
100 ilinə həsr olunan seminar da təşkil olunacaq və
iyunun 18-də Qazaxıstanda keçiriləcək III
“Böyük Çöl” Humanitar Forumunun bir paneli
bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinə
həsr ediləcək. Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubiley tədbirləri çərçivəsində
Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən
və Azərbaycan nümayəndə heyətinin Paris Sülh
Konfransındakı fəaliyyətini əks etdirən “Əbədi
ezamiyyət” sənədli filminin də Beynəlxalq Türk
Akademiyası tərəfindən qazax dilinə subtitrlə tərcüməsi
və 28 May - Respublika günü ərəfəsində
Qazaxıstan televiziya kanallarında yayımlanması nəzərdə
tutulur. Bundan başqa, türk dünyasının böyük
dövlət xadimi Heydər Əliyevin 95 illik yubileyinə həsr
olunan “Heydər Əliyev və Türk dünyası”
kitabı da may ayınadək qazax oxucuların ixtiyarına
veriləcək. Yeni
kitabda ulu öndərin həyat və fəaliyyəti, onun türkdilli dövlətlərə səfərləri,
iki və çoxtərəfli formatda
görüşləri yer
alır. Eyni zamanda kitabda
ümummilli liderin türk xalqlarının ortaq dəyərləri ilə bağlı qiymətli fikir və çıxışları,
türkdilli dövlətləri
əhatə edən təşkilatların formalaşdırılması
və türk xalqlarının inteqrasiyasına
töhfəsi kimi mövzular əksini tapır. Layihə ulu öndərin yubiley tədbirləri çərçivəsində Bakıda və Astanada təqdim olunacaq.
TWESCO-nun həyata keçirdiyi digər
bir layihə “Azərbaycan ədəbiyyatı
antologiyası”dır. Layihədə
20-dək azərbaycanlı şair və yazıçının qazaxcaya
tərcümə olunmuş
əsərləri yer
alır. Akademiya rəhbərinin sözlərinə
görə, türk dünyası ədəbiyyatı
antologiyası seriyasından
ilk olaraq “Azərbaycan ədəbiyyatı
antologiyası”nı çap
ediləcək. Kitabda Nizami
Gəncəvi, Məhəmməd
Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundov, Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn
Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Mir Cəlal Paşayev, Məmməd Araz və digər ədiblərin seçilmiş
əsərləri
yer alır.
Eyni zamanda bu il böyük
qırğız yazıçısı Çingiz Aytmatovun
90, tanınmış qazax şairi Mağjan Jumabayın 125, cədidçilik
cərəyanının banilərindən biri Şəhabəttin
Mərcaninin 200 illik yubileylərini, nüfuzlu rusiyalı
türkoloq Vilhelm Radlofun ölümünün 100-cü
ildönümünü nəzərə alaraq, 2018-ci il
Akademiya tərəfindən “Mağcan, Mərcani və Radlof
ili” olaraq qeyd olunacaq, onlarla bağlı silsilə tədbirlər
həyata keçiriləcək. Bununla bərabər, Beynəlxalq
Türk Akademiyası tərəfindən dünya elmi və mədəniyyətinə
töhfə vermiş nüfuzlu türk alimlərinin yer
alacağı “100 böyük türk” layihəsi üzərində
də iş aparılır. TWESCO-nun rəhbərliyi
altında 26 ölkədən 130 tədqiqatçının
iştirakı ilə hazırlanan “Təhlükədəki
Türk dilləri” dördcildliyi isə bu ilin 30 aprel tarixində
UNESCO-nun Parisdəki mərkəzində təqdim olunacaq.
Bizim yol.-2018.-3 mart.-S.15.