Azərbaycan dilinin qanunla
qorunmasına ehtiyac var
Orfoqrafiya lüğətinin yeni
layihəsində təklif olunan bəzi lüzumsuz maddələrin
ictimaiyyətdə ciddi narazılıq və narahatlığa
səbəb olması əsassız deyil. Hər işin bir dəlil
və məntiqi olmalıdır, dilin tarixi və ədəbi
yaddaşında artıq yüzillər boyu sabitləşmiş
sözlərin yazılış qaydalarının zərurət
olmadan, birdən-birə dəyişdirilməsi, daha dəqiq
desək, pozulması, nə ilə izah olunur?
Dəyişiklik
tərəfdarları bir yandan dil haqqında dövlət
qanununu öz məqsədlərinə uyğun yozaraq hərəkətlərinə
hüquqi don geyindirməyə çalışır, digər
yandan isə bunu dilin inkişaf qanunları, cəmiyyətdə
baş verən ictimai-siyasi və texnoloji hadisələrlə
izah etməyə cəhd göstərirlər. Məsələnin
elmi tərəfi ilə bağlı mətbuatda kifayət qədər
ciddi müzakirələr gedib, mütəxəssislər və
ziyalılar tutarlı elmi-məntiqi dəlillərlə bu
yersiz dəyişikliklərin Azərbaycan dilinə, onun istifadəçilərinə,
bütövlükdə xalqın ədəbi dil
yaddaşına vuracağı zərərlər və cəmiyyətdə
törədəcəyi fəsadlar barədə xəbərdarlıq
ediblər. Ancaq müşahidələr göstərir ki,
problemə inzibati-amiranə üsulla yanaşanlar ictimai tənqidə
əhəmiyyət vermək istəmirlər. Belə halda isə
Azərbaycan dilinin dövlət tərəfindən
qanuni-hüquqi və ictimai-siyasi müstəvidə
qorunmasına ciddi ehtiyac yaranır.
Bu məqamı
nəzərə alaraq məsələnin qanuni və
ictimai-siyasi tərəfinə nəzər salaq:
Layihə
müəllifləri rəsmi açıqlamalrada dilin təkmilləşdiriliməsi
adı altında irəli sürülüən dəyişikliyi
“Azərbaycan Respublikasında dövlət dili haqqında” 30
sentyabr 2002 tarixli qanunun 13-cü maddəsinin 2-ci bəndi ilə
ilə əsaslandırmağa çalışır, bir
yandan qanun maddəsini öz məqsədlərinə uyğun
təfsir etməyə cəhd göstərir, digər tərəfdən
isə həmin maddənin birinci bəndini və digər maddələri
unudurlar. Həmin maddə tam olaraq belə səslənir:
Maddə 13. Dövlət dilinin
normaları
13.1.
Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin
normalara əməl etməlidirlər.
13.2.
Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən
az olmayaraq, yazı dili normalarını təsbit edən
lüğətin (orfoqrafiya lüğətinin) nəşr
olunmasını təmin edir.
Göründüyü kimi, ikinci bənddə söhbət orfoqrafiya qaydalarının dəyişilməsindən
deyil, orfoqrafiya lüğətinin beş ildə bir dəfə nəşrindən gedir. Artıq bu normalar qanunla
təsbit edilmişdir
və kimsə onu istədiyi kimi təhrif edə bilməz. Sağlam məntiqlə düşünəndə orfoqrafiya
qaydalarının beş ildən bir Akademiya və
İnstitut rəhbərliyinin
şəxsi istəyinə
uyğun dəyişilməsi
ağlasığmazdır.
Qanunun digər maddələrinə
diqqət yetirək:
Maddə 1. Dövlət
dilinin hüquqi status
1.3. Azərbaycan Respublikası
dövlət dilinin işlənməsini, qorunmasını
və inkişafını
təmin edir.
Maddə 3. Dövlət
dilinin işlənməsi,
qorunması və inkişafı sahəsində
dövlətin əsas
vəzifələri
3.0.4. Dövlət dilinin saflığının qorunması,
dilçilik elminin nəzəriyyəsi və
praktikasının inkişafı
üçün müvafiq
şəraitin yaradılması
və tədbirlərin
həyata keçirilməsi;
Bu iki maddədə
həm dövlət dilinin hüquqi statusu və onun qurunması, həm dövlət dilinin saflığının
qorunması dövlət
qarşısında vəzifə
kimi qoyulur. Deməli, dövlət
dilinə və onun saflığına zərər gətirmək
cəhdlərinin qarşısı
qanunla alına bilər. Həmin qanunun digər maddəsinə diqqət yetirək:
Maddə 18. Dövlət
dilinin qorunması və inkişafı
18.1. Azərbaycan Respublikasında
dövlət dilinə
qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə
müqavimət göstərmək,
onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa
cəhd etmək qadağandır.
Bu maddəyə görə
dövlət dilinə
qarşı gizli və ya aşkar
təbliğat və onun tarixən müəyyənləşmiş hüquqlarının məhdudlaşdırılması,
o cümlədən tarixən
təsbitləşmiş qaydalarının
pozulması və ya təhrif edilməsi yolverilməzdir.
Mövcud vəziyyət göstərir
ki, dil dövlət
tərəfindən və
qanun əsasında ciddi şəklidə qorunmalıdır. Belə olmasa, müvafiq
vəzifə başına
gələn hər yeni müdir müxtəlif bəhanələrlə
dilin tarixən təsbitləşmiş qaydalarını
öz istəyinə uyğun dəyişə,
təhrif edə və poza bilər.
Bu isə ana
dilimiz üçün
olduqca təhlükəli
bir haldır.
Məsələnin qanuni və hüquqi tərəfi ilə yanaşı, ictimai-siyasi əhəmiyyəti
də vardır. Belə təsəvvür
yaranır ki, bəzi lüzumsuz əlavələri ortaya atanlar bilərəkdən
və ya bilməyərəkdən ictimaiyyətdə
çaşqınlıq və
qarşıdırma yaratmaq,
yenilik pərdəsi altında dilimizə dolayısı ilə yersiz müdaxilə etmək istəyirlər.
Bəlkə də bu məsələ dövlətin
və xalqın, savadlı və düşünən zümrəsinin
öz dilinə və kimliyinə nə qədər bağlı və ya nə qədər
laqeyd olduğunu aşkar etmək üçün bir sınaqdır. Belə ki,
22 və 37-ci maddələr
açıq-aşkar şəkildə
Türkiyə və Osmanlıya xas dil qaydalarının süni şəkildə Azərbaycan dilinə tətbiqindən başqa bir şey deyildir.
Buna nə qədər
elmi don geydirməyə
çalışsalar da,
hər şey göz önündədir
və cidanı çuvalda gizlətmək
olmur. Bu barədə
mətbuatda kifayət
qədər xəbərdarlıq
edilib. Diqqətlə baxdıqda ehtimal
etmək olur ki, bu işin
müəyyən ictimai-siyasi
kökləri vardır.
Gəlin bir qədər geriyə, 6 fevral 2003-cü ildə qüdrətli siyasətçi
və dövlət xadimi, ulu öndər
Heydər Əliyevin
TÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət
nazirləri daimi şurasının Bakı
toplantısının iştirakçılarını
qəbul edərkən
etdiyi çıxışdan
bir parçaya nəzər salaq:
“Milləti yaşatmaq
və millətin indiyə qədər olduğu kimi əzilməsi imkanlarının
qarşısını gələcəkdə
almaq üçün
dilimizi qorumalıyıq. İndi türkdilli
millətlərin dillərində
bir qədər fərq var. Amma bu dillərin kökü birdir. Mən belə düşünmürəm
ki, biz gərək dilimizi tatar dilinə oxşadaq. Yaxud da ki, qırğızlar
dillərin bizim dilə oxşatsınlar.
Yox!. Əsrlər boyu dillərimiz belə yaranıbdır.
Azərbaycan dilinin bundan
sonra da inkişaf etməsi mənim həyatımın
ən birinci vəzifəsidir. Çünki millətin dilini əlindən alsan, onu öz dilindən
məhrum etsən, o millət çox şey itirər. Amma millətin öz doğma dili, ana dili olanda,
onu heç nə dəyişdirə bilməz. Allaha şükürlər olsun, bizim Azərbaycan
dili çox mükəmməlləşib, çox
genişlənibdir. Dilimizin çox
böyük lüğət
ehtiyatı var”. Sonda TÜRKSOY-a belə müraciət edir: “Mən bunu sizə
ona görə deyirəm ki, dili inkişaf etdirmək TÜRKSOY-un əsas
vəzifələrindən biridir. Dilimizi bir-birinə bağlamaq,
yaxud da ki, bənzətmək lazım deyildir”.
Sual olunur: Heydər Əliyev bu iradı nəyə görə deyib? Yəqin ki, bu heç
də təsadüfi və ya səbəbsiz
deyildir. Biz hələ 1995-ci ildə Konstitusiyada dövlət dilinin təsbitləşməsi
məsələsində də
ulu öndərin bir azərbaycanlı kimi dəqiq mövqedə olduğunun şahidiyik. O zamanlar
Azərbaycan dilini Türkiyə türkcəsinə
bənzətmək meylində
olan insanlar var idi və
bu işdə
TÜRKSOY-un aşkar və
ya gizli təsiri olub, şübhəsiz ki, Heydər Əliyevin həmin məsələni
xüsusi olaraq vurğulaması buradan qaynaqlanır.
Belə
ehtimal edilir ki, indi bu
planın arxasında dayanan kənar güclər və onun yerli havadarları
fürsətdən istifadə
edərək yeni qaydalar adı altında Azərbaycan dilini yavaş-yavaş təhrif etməklə tarixən müəyyən
edilmiş özünəməxsus
ahəngindən, gözəlliyindən
və incəliyindən
qoparmaq və onu Osmanlı və Türkiyə türkcəsinin təqlidçisinə
çevirməyə girişmişlər.
Maraqlı haldır ki,
dilimizin tarixən təsbitləşmiş ahəngini
tənzimləyən apostrofun
mexaniki şəkildə
götürülməsi də
Heydər Əliyevin vəfatından sonraya təsadüf edir ki, indi onu
bərpa etmək əvəzinə 69-cu maddə
ilə ahəng pozulmasını qanuniləşdirmək
istəyirlər.
Onu da qeyd edək
ki, türkdilli ölkələrin heç
biri öz dilinini qaydalarını beş ildən
bir dəyişərək
başqa dili təqlid etmək fikrində deyil. Deməli, dilimizin təhrif edilməsinə yönələn
hərəkət planının
qarşısı dövlət
və qanun səviyyəsində alınmalıdır.
Bu planın arxasında
dayananlar isə bilməlidirlər ki, başda Prezidentimiz İlham Əliyev olmaqla Heydər Əliyevin Vətənə,
xalqa və saf doğma dilinə sədaqət yolunu əzmlə davam etdirənlər Konstitusiyada təsbit edilmiş dövlət dilinin təhrif edilməsinə mövcud qanunlar çərçivəsində
imkan verməzlər.
Paşa Məmmədov,
Hüquqşünas
Bizim Yol.- 2018.- 14 mart.- S.15.