“Qadınlar mütləq basqı
altında olmalıdır”
Şair Fikrət Sadıqın
oğlu, tanınmış yazıçı, telejurnalist Orxan
Fikrətoğlu ilə müsahibəni təqdim edir.
- Orxan bəy, atanız haqqında
ilk yadınıza düşən xatirə hansıdır?
-
Uşaq vaxtı olan bir əhvalatı danışım. Taksi ilə harasa gedirdik. Elə
oldu ki, taksi şoferi atam deyən yerə getmədi. Atam da
hirslə qapını çırpdı, düşdü
maşından. Şofer əlində dəmir cumdu atamın
üstünə. Atam ziyalı, o da bakılı qaqaş. Onda
7 yaşım vardı, baxdım ki, bu, atamı döyər.
Sürücünün üstünə tullandım.
Döydüm. Necə? Ayaqlarına vururam durmadan. Bakı ləhcəsi
ilə pis-pis söyüşlər söyürəm. Atam məəttəl
qalır ki, mən bu söyüşləri hardan bilirəm, o
kişi də balaca uşağın yekə kişini
qorumasına baxıb gülür. Bəlkə də atam onu
bir yumruğa vurub aşırardı. Amma mənə elə gəldi
ki, o, atamı döyər. Taksi şoferi dəmiri bir
qırağa tullayıb mindi maşına və getdi. Atam da
düşdü üstümə ki, bu söyüşləri
hardan bilirsən. Gəldi evə, anama dedi, uşağı nə
tərbiyəsiz böyütmüsünüz (gülür).
Amma mən həmin gecə elə rahat yatdım ki... Atamı
qoruduğum üçün... İndi düşünürəm
ki, atam çox güclü idi, döyərdi o taksi
şoferini. Bir dəfə şairlər zarafatlaşmaq istəyiblər
onunla. Mənə Nüsrət Kəsəmənli
danışmışdı. O biri bilmirəm kim olub. İki nəfər
qoşalaşıb atamın üstünə cumublar ki, bunu
vurub aşırsınlar. Çəmənlikdəymişlər.
Möhkəm içiblərmiş. Atama dəyəndə
ikisi də bir tərəfə yıxılıb. Fikrət
Sadıq nə olduğunu heç bilməyib (gülüşmə).
- Baməzə, zaraftcıl, kövrək...
Fikrət Sadıqdan kitab yazılsa, yəqin bu cizgilər
xüsusi qeyd edilərdi...
- Mən
bu həyatda çox kitab oxumuşam. Amma hesab edirəm ki, əslində
üç kitab oxumuşam: biri Qurani-Kərimdir, biri “Dədə
Qorqud”dur, o biri atam Fikrət Sadıq. Fikrət Sadıq mənim
üçün bədii qəhrəmandır, real insan deyil.
Sən bir düşün, bu insan ömrü boyu rüşvət
almasın, kimsəyə pislik etməsin, şeir yazsın həmişə
- belə real insan ola bilməz. Yaxşılıqlara sevinən,
pisliklərə çox pis təəssüflənən bir
kişiydi. Atam məni həmişə qoruyurdu.
- Necə?
- Mən
idmançıydım, bir az dalaşqan idim, bu mənada atam mənə
həssas yanaşırdı. 9-cu sinifdə oxuyurdum, Sovet
hökumətinin qılıncının dalı da,
qabağı da kəsirdi. Hələ Meydan hərəkatına
çox var idi. Amma o qığılcım
yaranmışdı. Atama dedim ki, bu prosesə qoşulmaq istəyirəm.
Onda mən atamı tamam başqa rakursdan kəşf etdim. Dedi,
bunun sonunu necə düşünürsünüz. Təbii
ki, müstəqil bir ölkə - dedim. Atam onda dedi ki,
Hüseyn Cavidə, Hadiyə qismət olmayan bir şey sənə,
mənə qismət olubsa bundan böyük xoşbəxtlik
ola bilməz. Fikrət Sadıq xəyalpərvər dövlətçi
idi. Müstəqil dövlətin arzusunda yaşayırdı.
Bir az dəcəl idim, yerində duran uşaq deyildim. Bu mənada
məni qoruyurdu.
- Aha...
- Atam həmişə
otağının qapısını bağlayır və bir
neçə saat çölə çıxmırdı. Bu,
mənə maraqlı gəlirdi. İstəyirdim gedim baxam ki,
nə işlə məşğuldur. Qardaşım deyirdi,
ayıbdır, eləmə. Mən həvəsə
düşüb onun eyvanına çıxardım və pəncərədən
nə iş görməsinə baxardım. Bir dəfə gecə
vaxtı onun pəncərəsindən türk sözləri
eşitdim. Sən demə, atam radioda Türkiyəyə qulaq
asırmış. Qapını bağlayıb dinləyirmiş.
O vaxt qorxuluydu bu, KQB-filan bilsə... Mən gəlib
qardaşıma dedim ki, o yalan danışır, şeir-zad
yazmır, bizi aldadır, otağında hansısa tez-tez
danışılan bir dildə nəyəsə qulaq asır
(gülür).
- Ata kimi necə biri idi?
- Mən
atamın laylasını xatırlayıram. Bacımı
yatızdıranda oxuyurdu:
Saçı
uzun Burla xatun
Bu
balamı qəndə qatım
Əgər
yatmaq istəməsə
Pəncərədən
çölə atım.
Qalın
səslə oxuyurdu. Anam da deyirdi ki, o səslə uşaq
yatmaz (gülür). Çox kövrək adam idi. Həyatı
başa düşmürdü, insanları anlamırdı. Pis
insan görəndə təəccüblənirdi. Deyirdi,
axı bu Allahın istedadına layiq deyil. Çox baməzə
insan idi. Zarafatcılıydı. Bir xatirə yadıma
düşür. Ana babam çox varlı-hallı
adamıydı. Bizdə belədir ümumiyyətlə. Evdə
hər işi qadın görür. Babam da eləydi, atam da, mən
də. Məncə, belə də olmalıdır. Hə, biz
oturmuşduq. Ana babam da bizim yanımızda. Atam tez-tez anama
deyirdi, çay gətir. Axırda babam dözmədi, dedi, Fikrət,
dur mənə çay gətir. Atam ədəb-ərkanla
durub babamın qabağına çay qoydu və oturan kimi də
anama dedi ki, dur çay gətir. Yəni mən
böyük-kiçik yeri bilirəm, amma bura mənim evimdi.
Buna Şamaxı zarafatı deyirlər. Birini də deyim.
Özünü dahi hesab edən gənc jurnalistlərdən
biri atama söz atmışdı. Atam da bunu yanına
çağırır və çox sakit tərzdə, əsəbiləşmədən
deyir ki, bala, məndən yazanda bir anandan soruş, bəlkə
atan elə mənəm. Başqası əsəblə
anasını söyər. Əslində, o da anasını
söyür e, amma elə eyhamla, elə sakit tərzdə ki, o
söyüşü ancaq ağıllı adam tuta bilər.
- Sərt idi? Qadağaları olurdumu?
-
Üç qardaş bir bacıyıq. Qardaşımın
biri rəhmətə getdi, o biri dizaynerdi, bacım da şeir
yazır. Mənə şəxsən heç vaxt
qadağaları olmurdu. Çox azad, demokratik adamıydı.
Qadağa görməmişəm mən. Onun qadağaları
mənəvi qadağalar idi: biz ona baxıb elə olmuşduq.
Məsələn, rüşvət, xəyanət, yalan –
bunlar Fikrət Sadığın təfəkküründə
ümumiyyətlə yox idi. Əslində, bu baxımdan zəmanəyə
uyğun deyildi, əziyyət çəkirdi. Biz də onun
kimi olduq, xəyanət etmədik, yalan, yaltaqlıq nədir
bilmədik. Onun qadağaları bu idi: yalan
danışmayacaqsan, rüşvət almayacaqsan, dövlətə,
millətə xəyanət etməyəcəksən. Mənə
həmişə deyirdi ki, ziyalı xalqına təmənnasız
xidmət edən biridir. Bunu bizə öyrətmişdi və
mən o sözləri həmişə içimdə
daşıyıram. Elə bir ziyalı, şair,
yazıçı adı çəkə bilməzsən ki,
o, hansısa məmurdan nəsə, evmi, pulmu xahiş etməsin.
Amma bir məmur deyə bilməz ki, Fikrət Sadıq mənim
qapıma gəldi və nəsə istədi.
Yazıçı, şair kimi ona ev vermişdilər.
Özünün xahişi ilə olmamışdı amma.
- Ata kimi qadağalarını nəzərdə
tuturam. Evə gec gəlmək, filan şeyi eləmək olmaz
və s.
- Fikrət
Sadıq arif adam idi, bilirdi ki, kimlə necə davranmaq
lazımdı. Məni də çox döymüşdü.
Nadinc biriydim. Bir dəfə 20-30 adamla davam düşdü. Məni
bıçaqladılar. Sonra başa
düşmüşdüm ki, bu Sovet KQB-sinin xüsusi qrupu
idi. Nəysə... Çox dalaşqan idim, amma atam bircə dəfə
də mənə demirdi ki, niyə belə eləyirsən.
- Neçə yaşınız
olardı bıçaqlananda?
- 23.
1989-cu ildə. Hərəkatın başladığı
vaxtlar idi. Məni tanıdığına görə bilirdi
ki, nahaq iş görmərəm. Amma böyük
qardaşıma qarşı diqqətli idi. Ona görə ki,
qardaşım dünyanı tanımırdı, atam onu idarə
edirdi. Çox saf idi böyük qardaşım. Onu aldada bilərdilər.
- Bəs qızına qarşı?
-
Bacıma qəddar olub. Mən də elə olmuşam. Nə
baxımdan? Evə gec gəlməmək və s. Mən
qızıma qarşı da eləyəm. Biz sırf Şərq
ailəsiyik. Qadınlar mütləq basqı altında olmalıdır.
Şamaxı əxlaqıdır. Elə
görmüşük və elə də yaşayırıq.
- Orxan bəy, Fikrət Sadıq nə
vaxt ailə həyatı qurdu? Ata-ananızın tanış
olmaq tarixçəsi necə olub?
- Mənim
babam repressiyanın qurbanı olub. Fikrət Sadıq təxminən
8 yaşından küçələrdə yaşayıb.
Dayılarına sığınıb axırda. İslamzadələr
ailəsinə. Məşhur ailədir. Atamın dayısı
olub. Orta məktəbi 4-cü sinfə qədər oxuyub, “xalq
düşməni”nin oğlu olduğuna görə heç
kim yiyə durmayıb, bunu göndəriblər Bayıla,
texniki peşə məktəbinə. Burda elektrik montyorluğu
oxumağa başlayıb. Bir neçə yerdə işləyib.
Anam danışırdı ki, saçına ağ
düşdüyü vaxtda, 25 yaşında Bakı Dövlət
Universitetinə qəbul olunub. Eyni qrupa düşüblər.
Anam deyir, gəldik gördük ki, bir qoca kişi oturub, elə
bildik, müəllimdir (gülür). Sonra biliblər ki, bir
yerdə oxuyacaqları tələbə dostlarıdır.
Uşaqlar başlayıblar onu dolamağa. Üç qız,
aralarında anam da varmış, atama baxıb gülürlərmiş.
Atam səhəri gün gəlib onlara şeir oxuyub:
Baxıb
oğrun-oğrun mənə gülən qız
Saçlarım
ağsa da, qoca deyiləm
Bu
saçlar sinəmə bir-bir çəkilən
Dərdsə
də, dağsa da qoca deyiləm.
Yetim də
dedilər bəzən adıma
Hələ
yetməmişəm çox muradıma
Bəzən
göz yaşları çatıb dadıma
Yandırıb-yaxsa
da qoca deyiləm.
Yoxsa
saçlarıma baxıb gülürsən,
Bu cavan Fikrəti
qoca bilirsən.
Əsrin
dörddə birin yaşamışam mən,
Saçlarım
ağsa da qoca deyiləm.
25
yaşında yazdığı şeirdi. Anam
danışırdı ki, gördük bu şairdi,
istedadlı adamdı. O da ədəbiyyata vurğun, romantik bir
qadın idi. Sevil idi adı anamın. Bu şeirdən sonra
bunların eşqi başlayıb. Anam tərəf
bakılıdı, imkanlı ailədir. Və bunlar
qızı atama vermirdilər. Bakılılar rayonluları
sevmirdi. Bu birinci səbəb. İkincisi də, atam çox
kasıb idi. Ana babam deyirmiş ki, şair adam evi necə
saxlayacaq, şair pul qazana bilir? O vaxt şairə birtəhər
baxırdılar. Bu baxımdan atamla anamın evlənmək
prosesi xeyli uzun çəkib. Universiteti bitirəndə atam
kimdənsə xahiş edib, anamı gətirib Şamaxıda
məktəbə müəllim düzəldib. Babam da gəlib
ordan götürüb onu ki, sənin müəllimliyin mənə
lazım deyil, gətirib Bakıya (gülür). Nə
başınızı ağrıdım, bu qədər əziyyətdən
sonra nəhayət evləniblər. Dörd uşaqları
olub: İlkin, Orxan, Günəl və Aysel. O vaxt atamı
türk adları qoyduğuna görə KQB-yə
çağırıblar. Şübhə edirlərmiş ki,
pantürkistmiş atam. İlkin adını ilk dəfə
atam qoydu. Orxan mənə qədər populyar deyildi. Birinci dəfə
adımı eşidəndə çaşırdı
hamı, soruşurdular, nə, Qorxan? Bu ada görə
çoxlu davalara da düşmüşəm. Günəl
adı isə ümumiyyətlə aydın olmurdu.
Günün əli. Qız adı kimi başa
düşürdülər. O da hirslənirdi.
- Sizlə daha çox ünsiyyətdə
olardı...
- Biz eyni
dalğadaydıq. Bəzən danışmamış
bir-birimizi başa düşürdük. Mən atama görə
davalara düşürdüm. Ondan yaxşı
tanıyırdım dünyanı. Pis insanları daha tez
duyurdum. Çox radikal idim, sərt idim. Bilmək olmazdı ki,
mən onun atasıydım, ya o mənim atam. Elə dövrlər
olub ki, mən ona atalıq eləmişəm. Uşaq kimiydi. Sərtliyi
də vardı. Nəsə dedisə, sən o fikri
ömründə dəyişə bilməzdin. Mənə
yaxın idi. İdi deyəndə ki, indi də yaxındı.
Mən onun öldüyünə inanmıram. Elə bilirəm,
evdədi. Deyirlər e, ata qəbirdədi. Qəbirdə deyil.
Mən bunu dəqiq bilirəm. O, sağdı və mən həmişə
onunla kontaktdayam. Hər səhər duranda özümdən
asılı olmadan onun hansısa şeirini dodaqaltı
pıçıldayıram. Özüm istəmədən. Və
onda başa düşürəm ki, atam içimə girib və
özü öz şeirini oxuyur. Elə bil hər
anımı yazıb gedib.
- Orxan bəy, bəzən oğulu
ataya görə tanıyırlar. Amma sizə görə Fikrət
Sadığı tanıyırdılar.
- O
zamanın günahıdır. Mən çox istəyərdim
ki, Fikrət Sadığa görə tanınım.
Çünki o məndən daha böyük ziyalıdır.
Fikrət Sadıq araşdırılmamış, qəbul
olunmamış, anlaşılmamış şairdir. Hərənin
ağzından bir avaz gəlir: eləsi var onu məişət
şairi adlandırır, eləsi var, düz söz dediyinə
görə kəskin şair bilir. Fikrət Sadıq zərgər
kimi sözün üstündə işləyən şair
idi. Bizim evdə dörd dil eşitmişəm: ərəb,
fars, rus, Azərbaycan. Uşaqlar başa düşməsin deyə
bəzən anamla atam ərəb-fars dillərində
danışırdı. Atam təpədən-dırnağa
türkçü idi. Rauf Denktaş ona “Dədə Qorqud”
deyirdi. Yaxın münasibətləri vardı. Səddamın
vaxtında İraqa gediblər. Fikrət Sadıq nə
qonaqlığı verə bilər ki? Araq. Bütün ərəbləri
“piyan” eləyib. Hamısını tutublar (gülür).
Ərəb deyəndə kərkükləri.
Sənə
deyim, mənim bütün uğurlarıma atam qədər
sevinən olmayıb. Olmayacaq da. Qazandığım
mükafatları, kitablarımı atam saxlayırdı,
göz bəbəyi kimi qoruyurdu. Mən itirdiklərimi atamda
tapırdım. Özüm pintiydim, saxlamırdım, itirirdim
hər şeyimi. Atam isə onları bir qıraqda
toplayırdı. Mən həmişə Fikrət
Sadığın oğlu olmaqdan fəxr duymuşam.
Özü mənə deyirdi ki, taksiyə minirəm, deyirəm
Orxan Fikrətoğlunun atasıyam, şofer deyir, Orxan kişi
adamdı. Ləzzət alırdı bundan.
Öyünürdü mənimlə.
- Sizin televiziyaya getməyinizə
münasibəti necə idi? Məsələn, “Zorxana”
verilişinə…
- İstəmirdi.
Ümumiyyətlə, televiziyaya getməyimi qəbul etmirdi.
Ədəbiyyata xəyanət etməyimdən çox məyus
olurdu. Deyirdi, sənə istedad verilib. Oturub yazmalısan. Amma
otura bilmirsən. İndi anlayıram ki, doğru deyirdi. Mən
ədəbiyyata daha çox fayda verə bilərdim. İndi
iyrənirəm televiziyadan. O qədər qeyri-peşəkar
yerə çevrilib ki.
- Orxan bəy, atanızın xəstəliyi
nə idi?
-
Atamın ən yaxın dostu vardı, bir yerdə işləmişdilər.
O dostu eynən atam kimi öldü. Bunların ikisinin də
ağ ciyəri funksiyasını itirdi. Ağciyər
havanı içəriyə alıb bəlğəmə
çevirirdi. Mən bilmirəm atamın işlədiyi yerlərdə
onlara orda nə içirtmişdilər ki, bu kökə
düşmüşdülər. Bəlkə, virus
düşübmüş onlara. Eyni cür xəstəlikdən
iki dost da öldü. Həm də 86 yaş faktoru var. Fizioloji
olaraq yaşlanmışdı. Xəstəliyə tutulanda
yaxın dostlarını çoxdan itirdiyi vaxt idi. Ona görə
küsmüşdü hər şeydən, çəkilib
bağ evinə şeirlər yazırdı. Bir dəfə
komaya düşdü. Pis vəziyyətdə idi. Axırı
qurtara bildik. Həkim dedi, başında heç nə yoxdur.
Komadan çıxan adam gör nə dedi? Başımda nəsə
olmasaydı, o qədər şeiri nə təhər
yazardım?
- Xəstəliklə belə zarafat
edib…
- Hə. Hər gün ona ürək-dirək
verirdim özüm. Müalicə olunurdu. Heç bir problemi
yox idi. Neçə dəfə yoxlanmışdı, bir
şey çıxmamışdı. Ölən gün təzyiqini
yoxlamışdım, qaydasında idi. Şeirini qəsdən
səhv oxuyurdum, deyirdi, dayan. Ağlı-başı
üstündəydi. Amma son 5 gün yemək yeməyi zəifləmişdi.
İştahasız olmuşdu. Bir həkim gəldi bir dəfə,
dedi, bunun sonudur. Qovdum o həkimi. Dedim, nəyi var axı bu
kişinin.
- Ölüm anını necə
xatırlayırsınız?
- Həmin
gün qəribə olmuşdu. Mən həkim dalınca getmək
istəyirdim. Maşınım xarab oldu. Düzələndən
sonra da yola çıxa bilmirdim. Quruyub qalmışdım elə
bil. Maşınlar elə dayanmışdı ki, yola
çıxa bilmirdim. Birtəhər bir-iki maşını
sürtə-sürtə çıxanda anamdan zəng gəldi
ki, vəziyyəti ağırlaşıb, qayıt. Gəldim.
Bir az keçdi, anama dedi, əsamı ver. Anam təəccübləndi
ki, əsanı neynirsən? Son sözü bu oldu:
“Əsamı ver, əsamı”. Ölümü çox
düşünürdü son vaxtlar. Bütün şeirləri
ölümdən idi.
Sağ olanda çox nigaran idim atamdan. Həkim yanına aparırdım, dərmanlarını verirdim. Bütün günü onunla məşğul idim. Və rəhmətə gedəndə çox qəribədi ki, sakitləşdim. Əslində, sağ olduğu vaxtdan daha pis olmalıydım, daha çox ağrımalıydım. Və birdən anladım ki, axı mən onu öz yiyəsinə tapşırdım. Onu mənə Allah vermişdi və mən də atamı Ona qaytardım. Bu dünyada mənim atam idi. O dünyada isə Tanrının yanında olmalı idi. Tapşırılma məqamı. Ölüm tapşırılma məqamıdır.
Bizim Yol.- 2018.- 28 mart.- S.15.