BOŞUNA ÇƏKİŞMƏYİN, BƏYLƏR

 

(AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ)

 

Sayğılı yaşıl yurddaş, yaşlıların borcu gələcək soyları bilgiləndirmək, bilikləndirmək, düzgün yol göstərməkdir. Məhkəmə hakimi olmasam da, iki idmanda uzun illər hakimlik etmişəm, huyca yersiz savaşan deyiləm, içimdə insana böyük sevgi, ədalət duyğusu vardır, çoxunun tanrı dediyi anlayışın hüquqda ƏDALƏT olduğunu düşünürəm. Buna görə də toplumsal-politik biliklərimdən yararlanıb professor Bədirxan Əhmədlinin 2015-ci ilin dekabrın 19-dan 2016-cı il yanvarın 23-nə kimi «525-ci qəzet»də Azərbaycan Türklərinin ideoloji tarixilə bağlı yazdığı yazılara «Ədəbiyat qəzeti»nin baş redaktoru Azər Turanın cavabının sonunda dediyi: «B. Əhmədli…istərsə bu həqiqəti təkzib etmək üçün 5 qəzet məqaləsi deyil, yüz monoqrafiya yazsın, professorun fikirləri (mənim məsələyə münasibətim barədə işlətdiyi sözləri eynilə onun öz fikirlərinə qarşı işlədirəm) «bəri başdan deyək ki…məğlubiyətə məhkumdur!» sözlərinin aşırılığını, tələsikliyini, belə yersiz, anlamsız çəkişməyə gərək olmadığını göstərib, qarşıdurmanı bitirməyə çalışacağam.

 

Əvvəli ötən sayda

 

Bədirxan Əhmədli «Azərbaycan Ordusu» qəzetinin məsul katibi işlərkən Biləsuvara «Azərbaycan Legionu»nun yaradıcılarından olan atamla görüşə getdi. Ancaq Bədirxan bəy atamı «siz indi qəhrəmansınız, bahadırsınız!» – deyib inandırmağa çalışsa da, Rus-erməni-sovet-mason bolşefaşizmindən ağlasığmaz ağrı-acılar görmüş «xalq düşməni» mənə danışdığı bir neçə sözü belə ona demədi.

Son illərdə arabir Bədirxan Əhmədlini «başı ola-ola» «fundamental» bir bitik yazmamaqda qınayırdım. Onun 2015-ci ildə 556 səhifəlik  «XX yüzil Azərbaycan ədəbiyatı» adlı dəyərli bitik çap etdirdiyini görəndə çox sevindim. Bədirxan bəyin bu bitiyi dilindəki bir sıra yersiz Ərəb-fars sözlərini çıxmaqla, ideoloji yöndən düzgün yazılmış dəyərli kültür anıtıdır.

Sayğılı yaşıl oxucu, bu sözləri Azər Turanı kiçiltmək, aşağılamaq istəyilə yazmıram. Azər Turanı Əli bəy Hüseynzadənin yaxşı araşdırıcılarından biri kimi tanıyır, «Əbəbiyat qəzeti»nin baş redaktoru olduğunu da bilirəm. Azərbaycanın dəyərli aydınlarından salyanlı rentgenoloq, Prof. Dr. Sultan Manafov bir gün mənə dedi: Məhəmməd Əminin çoxlu kitablarını çap etdirirsən, yazılar yazırsan, bəs yerlindən niyə bir şey yazmırsan?

Dedim: dərbəndli , asataralı da mənim yerlimdir! Əli bəydən biliklərim azdır. Əli bəyin yaxşı araşdırıcıları var: Ofelya Bayramlı, Şamil Qurbanov. Yaşıllardan da biri çıxıb: Azər Turan. Mənə gərək yoxdur!

Bədirxan Əhmədli 5-ci yazının sonunda deyir: «Məqalənin «Ədəbiyat qəzeti»ndə dərci baş redaktor Azər Turanla razılaşdırılmışdı. Hətta bu yazı ətrafında geniş müzakirə açmağın zəruriliyini bildirmişdi. Lakin redaktor yazını bir müddət saxladıqdan sonra müxtəlif bəhanələrlə çapından imtina etdi».

Heç gözləməzdim! Görünür, «Ədəbiyat qəzeti»nin sayğılı başçısı Sovetin «senzor» tutqusundan arınmamış, Azərbaycanın başında duranların avtoritar düşüncəsinə basılıb. XXI yüzilin 16-cı ilində söz, düşüncə özgürlüyü ANAYASAsında yazılmış Azərbaycan Respublikasında belə davranmaq çox pis, kötü, ayıb işdir!

Azərbaycan Respublikasının başında duranların suçundan bu gün ölkədə özgür basın deyiləcək tək «Azadlıq» [Türkcə Özgürlük] qəzeti qalıb. Bu, çox qorxuludur, Eyyy, Azərbaycan aydırları!!!

Prof. Dr. Bədirxan Əhmədli 5-ci yazısında baxışlarını genəlləyərək yazır: «Bununla belə, problemin fundamental həlli üçün araşdırmaya yeni faktların əlavə olunması bəzi ümumiləşdirmələr aparılması, konkret nəticələr çıxarılması lazım gəlir. Burada elmi nəticələrdən başqa mənəvi məsuliyət hissi vardır. Məqalələr dərc olunduğu zaman mənə ünvanlanan suallar da bunu aydın göstərir: «Doğrudanmı, formulun müəllifi Ə.Hüseynzadə deyil, «Bunu etmək lazım idimi?. Bu kimi suallar sanki məsələni ötr-basdır etmək, onu qabartmamaq xarakteri daşıyır. Tarix isə hər şeyin ört-basdır edilməsini yox, üzə çıxarılmasını istəyir. Bu gün olmasa da, sabah bu proses mütləq baş verəcəkdir. Mən hələ onu demirəm ki, imkan daxilində dövrün mətbuatına, mənbələrə, araşdırmalara nəzər salsaq da mövzu ilə bağlı istənilən vaxt yeni faktlar üzə çıxa bilərƏ.Hüseynzadə üçlü formulun formalaşmasında son dərəcə önəmli rola, hətta mən deyərdim, açar funskiyaya malikdir, ayrı-ayrı əsərlərində bu formulun hər biri haqqında sistemli davamlı olmasa da, müəyən fikirlər söyləmişdir. Lakin bu fikirlər onun formulun təkbaşına müəllifi hesab edilməsinə yetərli deyil.

Əli bəy Hüseynzadəyə bütün sayğı-sevgimizi bildirməklə yanaşı Azər bəyə Məhəmməd Əmin Rəsulzadənin 1923-cü ildə Türkiyədə yayımladığı «Azərbaycan Cümhuriyəti» bitiyinin çağdaş oxucunun bir çağlar Məhəmməd Əmin bəyin dildə «şuluqluq» adlandırdığı «Əli bəy dönəmi»nin dilindən arındırdığım indiki dilinin ayrılığını anlaması üçün dəyişmədən verdiyim «Bir mütaliə» adlı «Ön söz»ünün: «Siz Azərbaycanın ən böhranlı zamanlarında fəal bir mücahid sifətilə çalışdınız, bir çox mühüm vəqaye hadisatı rəyüleyn yaxından gördünüz, müxtəlif cərəyanların içində bulundunuz sərgüzəştlərlə mali bir həyat yaşadınız!… zatən mövcud müsəlləm olan elm ürfanınıza əlbəttə, pək çox qiymətdar müfrid müşahidat məlumat əlavə etdiniz şübhəsiz, bunları əsərinizdə qeyd təsbitə çalışdınız. Lakin siz Azərbaycanda bir tərəfi bir firqəni, bir firqeyi-siyasiyəni təmsil ediyorsunuz. Arzunuza rəğmən dərəcədə bitərəf qala bilirsiniz, bunu şimdiki halda təyindən acizəm…» sözlərini bir daha oxumasını istəyirəm.

Yaşlaşmış, uzun illərin ideoloji savaşından bezmiş Əli bəy: «Ucundadır dilimin həqiqətin böyüyü, qoydular yazayım, kəsdilər dilimi. Ədu [yağı] qırır qapını, biz evdə bixəbəriz [yatmışıq, soraqsızıq], başqa-başqalarız, ittihad [birləşirik] edəriz» deyərək toplumsal-politik ortamdan çəkilmiş, Azərbaycandakı dövlət quruculuğuna heç qatılmamışdı. Prof. Bədirxan Əhmədli bunu deyir: «Ayrıca, üçlü düsturun Azərbaycan Cümhuriyətinin rəmzinə çevrilməsi isə birbaşa M.Ə.Rəsulzadənin adına yazılmalıdır.

Məhəmməd Əmin Rəsulzadə Bədirxan bəyin bu sözlərini 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentindəki çağdaş bilimçilərə, politiklərə örnək olan çıxışında doğrulamışdır: «Müstəqil Azərbaycanı təmsil edən o üçboyalı bayrağı Milli Şura qaldırmış, Türk hürriyəti [özgürlüyü], İslam mədəniyəti müasir Avropa iqtidari-əhraranəsini [özgürlükçülüyünü, çağdaşlığını] təmsil edən bu üçboyalı bayraq daim başımızın üstündə ehtizaz [dalğalanacaqdır] edəcəkdir!».

Prof. Dr. Bədirxan Əhmədli yazısında bir aşağıdakı düşüncəni gözə çarpdırır: Rus əlində olan, Rus dövlətinin yetkili qaynaqlarında Azərbaycan deyilməyən kiçik Azərbaycandan gəlmiş, Osmanlı yurddaşı olmayan Əli bəyin Makedoniyadan Misirə kimi yayılmış, Avropadan, Rusiyadan gəlmiş çoxlu sayğın Türk aydının da çalışdığı Osmanlı İmperiyasynda az sürədə «baş ideoloq» olammazdı!

Azərbaycan bilimçiləri, aydınları bu ulusal işləri duyğulara qapılmadan daha dərindən öyrənməlidirlər. Məncə bu konuda suçlayıcı danışmaqdansa daha götürümlü, daha sayğılı olmaq gərəkdir! Azərbaycanda heç kimin haqqı tapdanmamalıdır!

Mən çəkişən bəylərin ikisindən yaşca böyük olduğumdan deyirəm: Bəylər, siz Azərbaycanın yurda, ulusa gərək, sayğın aydınlarındansınız! Ədəbiyatçısınız. AMEA Dilçilik İnstitutunun bilimçiləri yatıb. Belə anlamsız çəkişmədənsə, Türk dilini yazdığınız Ərəb-fars sözlərindən [rəğmən, zatən, hətta, sadə, aiddir, əmsalsız, mütəvazi, dərc, intiba, məxsus, təkzib, zəruri…] arındırın, arı-duru türkcə yazın, az qalıb Əli bəy Hüseynzadənin «şuluqluq dönəmi»ndəki kimi yazasınız. Siz belə yazanda, son 20-25 ildə ortaya çıxmış, oxumamış, oxudulmamış  «ANS-in yarımrus qızları»ndan, bütün günü «atılıb-düşən oynağan»lardan istəmək olar?!

Düzgünə, gerçəyə, ədalətə ancaq çöxyönlü araşdırma, bilimsəl çəkişmə, analiz-sintezlə çatmaq olar. Boşuna çəkişməyin, çəkişməyə, çatışmaya dəyməz, bəylər!!!

 

YADİGAR TÜRKEL.

 

Bizim Yol.- 2018.- 5 may.- S.13.