Fuad Poladovun
yayımlanmayan müsahibəsi
Fuad Poladovla ilk dəfə 2015-ci ilin
fevralında Rus Dram Teatrındakı qrim otağında
görüşmüşəm. Günlərlə
hazırlaşmışdım, suallar yazmışdım.
Müsahibə üçün gedəndə elə əsirdim
ki... Üzümə baxdı dedi: “Qızım, niyə əsirsən,
otur dərindən nəfəs al. Adın nədi?... Leyla? Hə,
lap yaxşı, mən də Fuadam”.
İki
saata yaxın söhbət etdik, müsahibəni dövlət
qəzeti üçün aldığıma görə iki
cür suallar hazırlamışdım: standart və fərqli.
Standart suallara verilən cavablardan alınan müsahibə
yayımlandı, digər hissəni isə hazırlayıb
özünə göndərdim. Oxudu, ev telefonuyla
danışanda xırda redaktələr də elədi, amma
çap olunmadı. Özüm də bilmirəm niyə; mən
işdən ayrılıb, xaricə oxumağa getdim, yazı
yazmadım bir də. Hərdən mənə elə gəlirdi
ki, Fuad Poladovu canlı görmək üçün jurnalist
olmuşam, gördüm, yazdım və bitdi.
Müsahibəni
yazdığım diktofonu özümlə getdiyim yerlərə,
şəhərlərə aparmışdım, hərdən
Fuad müəllimin səsinə qulaq asırdım. İndi
yenə o səsə qulaq asanda fikirləşdim ki, eqoistlik eləməyim,
sizinlə də paylaşım. Yazını özüm
müsahibə formatında vermədim ki, ancaq onun - Fuad
Poladovun cavablarını eşidəsiniz.
O vaxtlar
üç aylıq yay tətilini ana nənəmin yanında
– İsmayıllıda keçirirdik. Kənd həyatı
insan üçün həm uşaqlıq məktəbidir, həm
də təbiətlə tanışlıq
dövrüdür. Məsələn, mən üzməyi dənizdə
yox, çayda öyrənmişəm, kənddə at
çapmışam, ağaca çıxmışam. İlk
dəfə teatrla bağlı “eksperimentlərimi” – səhnəciklərimi
də orada göstərmişəm. Rayonda olduğum dövrlər
yaddaşımda çox işıqlı bir xatirə kimi
qalıb.
Mənim
oynadığım rollar da, əsasən, şəhər
tipajları, şəhər uşaqları olub. Amma
“Küçələrə su səpmişəm” filmindəki
Xəlil, bir də Dram teatrında “Darıxma, ana”
tamaşasında oynadığım Aftandil obrazları rayonda
oxuyub böyüyən obrazlardır. Belə obrazları
yaradanda, əlbəttə, uşaqlıqda ətrafımda olan
uşaqlardan nə isə əxz etmişəm, yadda qalan nələrisə
həmin obraza qatmışam.
Yadıma
gələndən, daha doğrusu, hələ məktəbə
getmədiyim illərdə hardansa aktyorların şəkillərini
tapır, qəzet köşklərindən əcnəbi
aktyorların şəkillərini alıb alboma
yapışdırırdım. Yadıma ilk gələn o
albomdur. Sonra, gördüyünüz kimi bu uşaq həvəsi
cücərdi, böyüdü, qol-qanad açdı.
“Azdrama”dan Rus Dram Teatrına
keçdim, daha sonra İttifaqın nəzdindəki Zəfər
studiyasında çalışdım. Bu dəyişikliklər
darıxmaqla yox, axtarışla bağlı idi. Oturub nə isə
gözləmək mənə xas deyil. Dayanmaq sənət
adamı üçün durğunluqdur. Hiss edəndə ki,
burada baş verənlər səni qane etmir və başa
düşürsən ki, nə isə yeni bir şey axtarmaq
lazımdır. Mən də həmişə
axtarışlara üstünlük vermişəm və
tapmışam. Məsələn, əgər ancaq “Azdrama”da
qalsaydım, heç vaxt Çexovu və ya bir çox
dünya dramaturgiyasından olan müəllifləri oynaya bilməzdim.
Hamletin
yaşı yoxdur. Hamlet elə bir zirvədir ki, onu hər
aktyor, hətta aktrisa da fəth etmək istəyir. Fransız
aktrisası Sara Bernar belə, bu obrazı canlandırıb. Bir
də ki, 50 yaşını keçən adam Məcnunu,
Koroğlunu oynaya bilər, Hamleti oynaya bilməz? Hamlet çox
mürəkkəb obrazdır və burada əsas məsələ
sənin bu obrazla nə demək və necə demək istədiyindir.
Məsələn, “Olum, ya ölüm?” monoloqunu sən
bugünkü tamaşaçıya nə deyərək
çatdırırsan? Onda hansı hissləri oyadırsan?
Qəhrəmanlarımla
mənim aramda elə bir bənzərlik, yaxınlıq yoxdur.
Bircə Xəlil obrazını vurğulamışam həmişə.
Çünki onun düşdüyü vəziyyətlərə,
mən düşmüş olsaydım, adekvat addım
atardım. Aktyor hansısa qəhrəmanda hansısa cəhəti
sevib onu canlandırır. O qəhrəmana valeh olur və deyir
ki, görəsən, bunu səhnədə necə
canlandırmaq, necə yaratmaq olar. Obraz nə qədər
mürəkkəb olsa, aktyor üçün bir o qədər
maraqlı olur. Hər bir tamaşaçının da öz qəhrəmanı
var. Buna görə, tarixi şəxsiyyətləri,
tanınmış qəhrəmanları oynamaq çox çətindir.
Kinoya, teatra bir balaca marağı olan
tamaşaçının beynində, içində öz
Hamleti olur. İndi sən Hamleti elə yaratmalısan ki, həm
onunku olsun, həm də onunku olmasın, səninki olsun.
Bir
diletant sual var: “Obraz üzərində necə işləyirsiniz?”
Bu sualın cavabı yoxdur. Deyim ki, oxudum, öyrəndim, məndən
əvvəl oynayan aktyorların ifasına baxdım,
yerişini fikirləşdim, sözlərini əzbərlədim
və çıxdım oynadım. Onda hər adam deyər ki,
bunu mən də eləyə bilərəm. Amma burada elə
incə nüans var ki, onu sözlə ifadə etmək olmur.
Elə bil şairə deyirsiniz ki, şeiri necə yazırsan?
Belə bir deyim var, “hiss olunur, amma izah olunmur”. Necə
yaratdığımı hiss edirəm, ancaq sözə
çevirə bilmirəm. Amma hazırlıq prosesində, məşqlərdə
onun necə canlandığını, ürəyinin,
başının, gözünün nə vaxt
yarandığını hiss edirəm, duyuram və bilirəm
ki, hazırdır.
Hələ
cavan vaxtlarımda rus rejissorlarından birinin bir fikrini
oxumuşdum. Bu söz həmişə beynimdə
fırlanırdı: “Nə qədər böyük aktyor, o qədər
böyük pauza”. Fikirləşirdim ki, bunun sirri nədir,
sükutu necə oynamaq olar. Sonra filmdə bunun əyani
sübutlarını gördüm. Bir dəfə televiziyada məşhur
bir müğənni oxuyurdu. Arxada dayanıb, skripkada onu
müşayiət edən ortayaşlı bir qadın var idi.
Öz partiyasının başlamasını gözləyirdi.
O skripkaçının sükutu məni daha çox cəlb
edirdi, nəinki müğənninin ifası. Bu qənaətə
gəldim ki, o musiqinin içində daha dərindir, daha
çoxdur. Əgər aktyor həqiqətən
yaratdığı qəhrəmanı səhnədə
yaşaya bilirsə, o susanda da maraqlı olur. Səhnənin
hansı küncündə dayanırsa-dayansın, maraqlı
olur. Əgər sən həqiqətən yaşayırsansa,
o obrazda və vəziyyətdəsənsə,
tamaşaçı üçün maraqlı olacaqsan. Mən
sükutun sirrini bunda görürəm.
Pauza o demək
deyil ki, sən səhnədə dayanıb, susasan və sadəcə,
nəfəs alasan. Yaşamalısan, o danışanda sən nə
düşündüyünü çatdırmalısan. Bəzən
filmdə iki nəfər söhbət edir, biri
danışır, o biri ona qulaq asır. Bəzən
görürsən ki, o qulaq asan sənin üçün daha
maraqlıdır. Çünki onda ikinci plan,
üçüncü plan işləyir, o,
düşünür ki, “Bu mənimlə niyə belə danışır?”,
“Bu sualı niyə verdi?”, “Məndən nə cavab gözləyir?”
Deyirlər,
aktyorluq peşədir, amma zahirən belə
görünür, əslində olduqca ağır işdir
aktyorluq. Aktyorluq yarım Allahlıq kimi bir şeydir. Sən vərəqlərdə
yazılan sözlərə can, ruh verirsən. Sözdə
mövcud olan adamı səhnədə canlandırırsan.
İndi bu peşə ucuzlaşıb. Kimə daş
atırsan, aktyora, dramaturqa, ssenaristə, rejissora dəyir.
Əslində, çox çətin, həm də maraqlı
sənətdir. Gərək, xəstələnə biləsən,
bu xəstəliyə yoluxasan. O xəstəliyə yoluxdunsa, nəsə
alınacaq, yoluxmadınsa, elə belə gəlib gedəcək,
ucuzlaşacaqsan. Bütün bu ucuzlaşmalar da hamısı təzyiqlədir.
Elə bil ekrandan da, tamaşaçı salonundan da baxırsan
ki, aktyor sənə təzyiq edir. Təzyiq edir, “mənə
bax”, “mən yaxşıyam” deyir. Amma tamaşaçıya təzyiq
yox, təsir etmək lazımdır. Biz təsirlə təzyiqi
səhv salmışıq.
Sezar,
Əmir Teymur, Napoleon, Qacar, Timon... Onlarla tarixi qəhrəmanı
oynamışam. Amma Napoleon mənə həddindən
artıq maraqlı gəlir. Onun həyata baxışı,
dövrü, siyasəti, başqalarından fərqli
davranışları olduqca maraqlıdır. Makiavelli hakimiyyəti,
siyasəti ən yaxşı bilən yazarlardan biri idi. Napoleon
isə deyirdi ki, Makiavellinin siyasətdən xəbəri
yoxdur. Napoleonun dövrü və həyatı mənə daha
cəzbedici gəlir. Real həyatda isə mən özüm
üçün qəhrəman axtarmıram. Qəhrəmanlarım
səhnədədir.
Əslində,
sənət həmişə bir addım öndə, bir pillə
yuxarıda olmalıdır. Səhnə, podium nə
üçündür, ora niyə çıxırsan?
Tamaşaçı sənə ona görə
aşağıdan yuxarı baxır ki, ona nə isə
çatdırasan. Bu gün teatr, dramaturgiya, sənət
öz tamaşaçısından geri qalıb. Teatrın
zamanla ayaqlaşmaq problemi var. Əgər müasir dramaturgiya
qıtlığıdırsa, klassikaya müraciət etmək
lazımdır. Amma klassikaya da müntəxəbat, söz
yığını kimi yanaşmaq olmaz.
Tamaşaçıya nə demək, nəyi çatdırmaq
istədiyini yaxşı bilməlisən. Yoxsa, repertuarı, səhnəni
tarixi şəxsiyyətlərlə doldurmaq nəyə
lazımdır?
Brejnevin
dövründə deyirdilər ki, Azərbaycan iri addımlarla
irəliləyir, indiki dövrdə Azərbaycan “şiroko
şaqat” eləmir, elə bil qaçır, harasa tələsir.
Tələsəndə də sən ətrafındakıları
görmürsən ona dəyirsən, bunu yıxırsan.
Qaçanda sən teatr, kino üçün əsas olan
şeyi insan amilini unudursan. İnsan amili olmayanda diqqət də
olmur, bizim millət isə diqqəti sevir.
Bu gün
teatrla yaşayan, dramaturgiya ilə həqiqətən məşğul
olan şəxs Əli Əmirlidir. O, həqiqətən bu xəstəliyə
yoluxub, bu sahədə püxtələşib. İkinci belə
bir adamın adını çəkmək çətindir.
Olanlar da teatra yuxarıdan aşağı baxır, deyir “əşi,
yazaq verək də, oynasınlar”. Mən də gedib baxaram, əl
çalaram, səhnəyə çıxaram.
Neçə
ildir İlqar Cahangirin, Elşən Rüstəmovun
yaradıcılığını izləyirəm. Hikmət Rəhimov,
Anar Heybətov da istedadlı və ümidverici gənclərdir.
Onların işlərinə maraqla baxıram, uğurlarına
öz uğurum qədər sevinirəm. Görürəm ki,
seçdikləri yol düz yoldur. Amma bəzən
görürsən ki, azdırmağa
çalışırlar, lazım oldu-olmadı yükləyirlər.
Tofiq Kazımov teatra dəvət etdiyi gənclərin 2-3 illik
repertuarımı əvvəlcədən müəyyən
edirdi. Ona görə də teatra hökmən yaradıcı rəhbər,
yəni baş rejissor lazımdır. Onun missiyası həddindən
artıq böyükdür. Hər rəhbər baş rejissor
ola bilməz, hər rejissor da rəhbər. Bu mənada
Ədil İsgəndərov və Tofiq Kazımovun adları Azərbaycan
teatr tarixində qalıb və qalacaq.
Stanislavski
deyir ki, bir var özünü sənətdə sevmək, bir
də var sənəti özündə sevmək.
Özünü sənətdə sevmək odur ki, gəldin,
tamaşanı hazırladın, alqışları aldın və
getdin. Sənəti özündə sevəndə isə, onun
ağrısı da, sevinci də sənin üçün
doğma olur.
Kino ilə
müqayisədə teatr aktyorun
istedadsızlığını daha tez və qabarıq üzə
çıxarır. Bu gün baxdığınız
seriallarda çox nadir hallarda peşəkar aktyorlar görmək
mümkündür. Aktyorluğu o qədər
ucuzlaşdırıblar ki... Serialda, kinoda bu
mümkündür, amma teatrda aldatmaq mümkün deyil. Səhnə
güzgüdür və hər şeyi olduqca şəffaf
göstərir. Səhnədə aldatmaq və gizlənmək
olduqca çətindir.
Kino ilə
müqayisədə teatr mənim üçün daha
doğmadır. Əgər seçim qarşısında
qalsam ki, teatrda da, kinoda da ürəyim istəyən rolu
oynayım, mən teatrı seçərdim. Mən səhnəni,
səhnədə gedən prosesi çox sevirəm. Kino bir qədər
texniki, mexaniki işdir. Düzdür, böyük aktyor orda da
böyük aktyordur, burda da. Teatrda ən incə detal belə
tamaşaçının gözü qarşısında
baş verir.
Özümü
bədii qiraət ustası hesab etmirəm. Düzdür, pis
oxumuram, sadəcə, özünəməxsus ifadə etməyə
çalışıram. Məni ifadə edən misra yəqin
ki, Bəxtiyar Vahabzadənin “bircə ondan razıyam ki,
özümdən narazıyam” misrasıdır. İstəyirəm
ki, son nəfəsimə qədər bu narazılıq davam
etsin.
Ömrümün
40 ildən çoxu Sovet dövründə, qalanı da
müstəqillik illərində keçib, heç birində
rahatlıq tapmamışam. Mən ümumiyyətlə,
rahatlıq axtaran adam deyiləm, mən həmişə problem
axtarmışam. Mən narahat olanda rahat oluram, narahatamsa deməli,
mən yaşayıram. Hər şey səni narahat edir,
düşündürür, səbəbi axtarırsan, analiz
edirsən. Buna görə harada olmağımdan asılı
olmayaraq həmişə bir dənə amalım olub: “İrəli,
irəli, irəli”.
Bir dəfə
məclislərin birində rəhmətlik Yaşar Nuri mənə
yaxınlaşdı. Teatrdan 5-6 il idi ki,
ayrılmışdım. Qucaqladı məni, dedi ki, hər
şey var, ev də var, maşın da var, ad da var, bircə
şey yoxdur – Teatr. Hər şey var, əsas şey yoxdur.
Yaşar Nuri demiş ad var, amma o adı doğrultmaq da var.
Televiziyaya çıxıb, teatr eksperti kimi danışmaq
asandır. Özün çıxıb səhnədə nəsə
göstərməlisən. Bizim sənətimiz ordadır.
Nümunəni səhnədə göstərmək
lazımdır.
Yaşlı
aktyorlar giley-güzar edir ki, gənclər gəlib bizimlə məsləhətləşmir.
Biz özümüzdən böyüklərin sözündən
çıxmırdıq. Onda fikirləşmək
lazımdır, görəsən niyə məsləhətləşmirlər?
Deməli məni bəyənmirlər ki, gəlib məsləhətləşmirlər
də. Axı böyük olmaq üçün də nəsə
etmək lazımdır. Mən bütün
tamaşalarımı təhvil verəndən sonra iki nəfərin
həsrətində olmuşam - Məlik Dadaşov və
Hökumə Qurbanovanın.
Adını
çəkdiyim aktyorlar o biri dünyada yapışacaqlar
yaxamızdan. Biz sizə ümid bəsləyirdik, teatrı niyə
bu günə qoydunuz? Bunun da məsuliyyətini dərk edirəm.
O biri dünyaya üzüqara getmək istəmirəm. O biri
dünyaya inansam da, inanmasam da hər insanın içində
bir hesablaşma var, onlarla hesablaşırsan,
danışırsan axı hərdən.
İsrafil
İsrafilovla bir kursda oxumuşuq. Teatra direktor təyin olunanda
dedim: “İsrafil, son şans verilib. Son şans verilib ki, o
dünyaya üzüağ gedək. Elədik, elədik, eləmədik
cavab verə bilməyəcəyik”.
Öz təcrübəmə
əsasən deyirəm ki, Milli Dram Teatrının indiki rəhbərliyi
qədər gənc rejissor və aktyorlar üçün
münbit şərait yaradan rəhbərlik olmayıb.
İsrafil İsrafilov “bəyənmirəm” deyən
rejissorları teatra çağırdı, dedi ki, gəlin,
tamaşa qoyun, daha yaxşısını hazırlayın.
Aktyorlardan da soruşdu ki, nə oynamaq istəyirsiniz? Buyurun, gəlin,
oynayın. Necə deyərlər, bu meydan, bu da şeytan.
Aktyorlar var idi, yaşları 60-ı haqlamışdı.
Deyirdilər ki, ömrümüz getdi, bizə şərait
yaradılmadı. Onlara da deyildi ki, gəlin, oynayın. Amma təzyiqlə
yox, təsirlə oynayın. Meydan yaranandan sonra da
gördük ki, “kral çılpaq” imiş.
Aktyor olsa
da, olmasa da, gərək insan fərdiyyətini yaratmağı
bacarsın. Həmişə bir fərd kimi özümü
formalaşdırmağa çalışmışam. Hər
bir sənətkar buna can atmalıdır. Vaxtilə Ədil
İsgəndərovun, Tofiq Kazımovun oturduğu kabinetdə
oturub onlar kimi olmaq olmaz. Gərək özünü tapasan.
Baxıram ki, teatrda bəzi aktyorlar korifey sənətkarların
geyindiyi otaqda yer veriblər, onlar da elə bilir ki, bu yeri həmin
korifey sənətkarların səviyyəsində olduqları
üçün qazanıblar.
Mən
filankəsin davamçısı, təkrarçısı
yox, özüməm. Bir gün xalq rəssamı Altay
Hacıyev dedi ki, portretimi çəkmək istəyir. Əsər hazır oldu, yuxarıda
Ələsgər Ələkbərovun, aşağıda mənim
şəklim, ortada isə Dram teatrının binası əks
olunmuşdu. Portretin də adını “Nəsillərin
dialoqu” qoymuşdu. Bəlkə də tablonun adı “Nəsillərin
davamı” olsaydı, məni qane etməzdi. Çünki
dialoq davam edir. Mən isə həmişə bu ünsiyyətin
tərəfdarı olmuşam.
Darıxmaq, narahatçılıq özündən narazılıqdır əslində. “Mən bundan da yaxşı edə bilərəm”di darıxmaq. Bilirəm ki, bunun zirvəsi yoxdur, daxilən öz gücümə bələdəm və bilirəm ki, bundan da yaxşısını edə bilərəm. Bax, o narahatçılıqdı. Daha yaxşısını etmək, teatrın daha yaxşı vaxtlarını görmək narahatçılığı var.
Hazırladı:
Leyla Əliyeva
Bizim Yol.- 2018.- 9 may.- S.13; 15.