“Bizə elə gəlir
ki, onlar
bizdən yüksəkdədirlər”
Hesab edirəm ki, milli-mənəvi
dəyərlər mütləq qorunmalıdır. Ona görə
yox ki, mən qatı dindaram, müsəlmanam, xeyr. Sadəcə,
avropalıların səhnədə etdiyi
açıq-saçıqlığı milli
teatrlarımızda etmək məcburiyyətində deyilik.
Alternativlər var və o alternativlərdən istifadə edə
bilərik.
Bu
sözləri Teleqraf.com-a müsahibəsində XX Beynəlxalq
Monodram Festivalında Qran-Pri mükafatına layiq görülən,
əməkdar artist Şövqi Hüseynov deyib.
Müsahibəni
təqdim edirik.
- Şövqi bəy, festival haqda ətraflı
məlumat verərdiz. Festivalda neçə
ölkə iştirak edirdi?
- XX Beynəlxalq
Monodram Festivalı Makedoniyanın Bitola şəhərində
keçirilirdi. Festivalda Azərbaycanla bərabər Makedoniya
Bosniya, ABŞ, Polşa, Rusiya, Xorvatiya və Bolqarıstan
teatrları da təmsil olunurdu. Məni isə festivala
dünyanın bir çox teatr festivallarının münsiflər
heyətinin üzvü Nina Mazur dəvət etmişdi.
O mənim
tamaşamı 2016-cı ildə Moldovada
görmüşdü. Daha sonra çıxış etdiyim
bir neçə festivalda da münsif kimi iştirak etmişdi.
Elə bu festivalın təşkilatçılarına da mənim
haqqımda məlumatı o vermişdi. Yoxsa orada Azərbaycan
teatrları haqda elə də geniş məlumat yoxdur.
Adından
göründüyü kimi bu, monotamaşalar festivalı idi. Yəni
bir nəfərlik tamaşa... Bir aktyor kimi əgər sərhədə
qədər Gənc Tamaşaçılar Teatrını təmsil
edirəmsə, sərhədi keçəndən sonra
artıq, ümumi Azərbaycan teatrlarını, aktyor sənətini
və mədəniyyətimizi təmsil edirəm. Bu festivalda
da məqsəd bu idi. Düzünü desəm, mükafat
qazanacağımı gözləmirdim. Ora Avropadır və həmişə
bizə elə gəlir ki, onlar bizdən daha yüksəkdədirlər.
Amma təcrübə
əksini göstərdi. Sübut etdik ki, heç də belə
deyil, onlardan geri qalmırıq. Festivalın cəmi 1
mükafatı vardı: Ən yaxşı tamaşa. 9
tamaşa arasında bizim tamaşamızın ən
yaxşı tamaşa kimi Qran-Pri mükafatı qazanması təkcə
mənim və Gənc Tamaşaçılar Teatrının
adına yox, Azərbaycan teatrları adına böyük bir
uğurdur.
Bilirsiz
ki, biz o festivalda öz gücümüzə iştirak edə
bilməzdik. Hər zaman olduğu kimi, Mədəniyyət Nazirliyi
bu dəfə də bizi tək qoymadı və hər cür
şərait yaratdı ki, orda yüksək səviyyədə
çıxış edək.
- Yəqin Azərbaycan dilini anlamaqda
çətinlik çəkirdilər. Tamaşadan sonra sizə
qarşı münasibət necə idi?
-
Tamaşa daha yaxşı başa düşülsün deyə,
rus dilində oynadım. Makedoniyalılar slavyan əsilli
olduğu üçün məni hardasa 30 faiz başa
düşürdülər. Tamaşa gedə-gedə
artıq, tamaşaçılardan istədiyim reaksiyanı ala
bilirdim. Tamaşaçıya istədiyini verə bilsən,
oynadığın obrazı göstərə bilsən, rəğbət
qazanacaqsan. Monotamaşalar isə bu mənada fürsətdir.
Aktyorlar məni
başa düşərlər, tamaşa zamanı ilk saniyələrdə
tamaşaçının marağını qazana bildinsə,
rahatlanırsan. Yox, qazana bilmədinsə, tamaşanın
axırına qədər dünyanın ən bədbəxt
insanı olursan. Bəzən aktyorlar deyirlər ki, səhnəyə
çıxanda nəzarətimi itirib, tamamilə rola daxil
oluram, hər şeyimi unuduram. Mən o aktyorların səmimiyyətinə
inanmıram. Elə şey olmur...
Səhnədə
50 faiz özümüzü unuda bilsək, böyük
uğurdur. Biz özümüzü də,
tamaşaçıları da hiss edə bilirik. Elə ilk 10 dəqiqələrdən
hiss etdim ki, tamaşaçılar artıq mənimlə bərabərdir.
Onların diqqətini cəlb edə bilmişəm. Normalda bu
tamaşanı 45-50 dəqiqəyə oynayıb, bitirirdim. Bu dəfə
isə 55 dəqiqə çəkdi.
Mən
çıxış etmişdim, festivalın
üçüncü günü idi, həm festivalın
prezidenti, həm də Makedoniyanın məşhur teatr
pedaqoqlarından olan Kole Angelovski məni gördü və
“dahiyanə, dahiyanə” dedi getdi. Bilmirdim o kimdir. Sonda məlum
oldu ki, festivalın prezidentidir. Sonra yaxınlaşıb Azərbaycan
və Azərbaycandakı aktyor məktəbi haqda suallar verməyə
başladılar. Və onların suallarını çox
ürək rahatlığı ilə
cavablandırırdım.
- Başqa festivallara da dəvət
aldızmı?
-
Xorvatiyaya və Rusiyaya dəvət etdilər. Ümid
edirəm ki, o ölkələrdə də uğurla
çıxış edəcəyik.
- Adətən, deyirlər ki, qərb
incəsənəti bizdəkindən qat-qat inkişaf edib. Amma sizin qalib olmağınız fərqli mənzərə
yaratdı. Yəqin o biri ölkələri
təmsil edən aktyorları da izlədiz. Müqayisə
etdizmi, onlarda və bizdə çatışmayan cəhətlər
nələr idi?
- Mən
çatışmazlıqlardan danışmaq istəməzdim,
ancaq o fikirlə də razı deyiləm ki, bizdən çox
üstündürlər. Əksinə, bizim
teatr məktəbimiz dünyanın ən böyük məktəblərindəndir.
Biz bu məktəbə sovetlər dönəmində
sahib olmuşuq. Dünyada rus teatr məktəbindən
böyük məktəb yoxdur. Avropa da bu
məktəbdən bəhrələnib.
Məni narahat edən səbəbləri deyə bilərəm. Bu gün Azərbaycanda
da, digər ölkələrdə də daha çox
tamaşanın vizual görüntüsünə, formasına
qaçırlar. Məsələn, bizim
tamaşada səhnədə aktyordan başqa heç nə
yox idi. Bir kontrabas var idi, bir də taxta.
Nə lazer effekti nəzərdə tutulmuşdu,
nə də monitor. Yəni formaya
qaçmaq, görüntüyə üstünlük vermək
lazım deyil. Bu şeylərin ən
gözəli sirklərdə var. Nə qədər
çalışsaq da, forma və görüntü cəhətdən
sirki üstələyə bilmərik. Çünki
sirk incəsənətin yeganə qoludur ki, 100 faizlik sənətdir.
99,9 faiz olsa, kəndirdən
yıxılıb ölərlər. Amma teatrla
100 faizlik nəticəyə çatmaq mümkün deyil.
Bizim bir üstünlüyümüz var ki, səhnədə
baş verənləri tamaşaçıya olduğu kimi
çatdıra biliriksə, onlar artıq səhnənin
dekorunu da, formasını da unudurlar. Ola bilər ki, sən
adi parçadan paltar geyinib kral oynayarsan, tamaşaçı
bunu hiss etməz. Və ya əksinə...
Nə vaxt ki mənim tamaşamdan sonra başlayırlar
dekordan, geyimdən danışmağa, başa düşürəm
ki, tamaşam alınmayıb.
Avropada isə forma və görüntüyə çox
diqqət edirlər. Bolqarıstanın
çıxışı zamanı diqqət etdim, səhnə
dekorasiyası çox gözəl idi. Tamaşa
başlayanda artıq, tamaşanın aurasına
düşmüşdüm. Çox
gözəl idi. Aktyor saat yarım
danışdı, ancaq mən səhnənin gözəlliyini
görürdüm, düşünürdüm ki, bu
dekorasiyanı bizim tamaşalarda da etmək olar. Amma aktyor o gözəlliklərdən istifadə edə
bilmədi.
Bizdə də imkan var ki, o cür səhnə quraq, o
cür formaya üstünlük verək, ancaq bizim məktəb
belə şeyləri tələb etmir. Başa düşdük ki,
biz o cür dekor olmadan da yüksək mükafat qazana bilərik.
- Bəs tamaşaçılar
arasında hansı fərqlər var idi? İntellekt
səviyyələrini anlamaq olurdumu? Maariflənən
insanlarmı teatra gəlir, yoxsa teatr maarifləndirir?
-
Ümumiyyətlə, teatrın funksiyasına maarifləndirmək
daxil deyil. Teatr məktəb ola bilməz. O
sovetdən qalma fikirdir. Həmişə bu fikirlərdən
uzaq olmuşam və səmimi qəbul etməmişəm.
Hər kəsin tərbiyəsi var. Biz isə
başqa işlərlə məşğuluq.
Tamaşaçı fərqinə gələndə isə
bizim tamaşaçılar Rusiya, Gürcüstan və Avropa
tamaşaçılarından çox fərqlənir. Bizimkilər
Avropa ölkələrində təqdim olunan tamaşalara baxa
bilməzlər. Aktyor səhnəyə bir
oturacaq qoyub əyləşir və 2 saat dayanmadan
danışır. Bizim
tamaşaçı belə tamaşalarda 10 dəqiqə sonra
durub gedər. Və bizim tamaşaçılara
ayağına qədər minnətdaram ki, elə tamaşalara
oturub baxmaz... Məni qoymaz elə oynayım.
Həmişə məni gərgin saxlayarlar ki, bax ha, bir az o yan, bu yan elədin, qaçacam. Avropanın aktyorları isə səhnədə
çox rahatdır. Mən də
Rusiyanın, Avropa ölkələrinin səhnəsində
çox rahat oluram.
- Bizim tamaşaçılar mental dəyərlərə
də sadiqdir. Məsələn, Akademik Milli Dram
Teatrında Mehriban Ələkbərzadənin “Qatil”
tamaşası zamanı xalq artisti Alim Qasımovla birlikdə
xeyli sayda tamaşaçı zalı tərk etmişdi. Bu haqda nə deyə bilərsiz?
- Hesab
edirəm ki, milli-mənəvi dəyərlər mütləq
qorunmalıdır. Ona görə yox ki, mən
qatı dindaram, müsəlmanam, xeyr. Sadəcə,
avropalıların səhnədə etdiyi
açıq-saçıqlığı milli
teatrlarımızda etmək məcburiyyətində deyilik.
Alternativlər var və o alternativlərdən
istifadə edə bilərik. Biz təhsil
aldığımız vaxtlarda Cənnət Səlimova səhnədə
öpüşməyə də icazə vermirdi. Yəni biz onun qarşılığını
tapırdıqsa, fikri çatdıra bilirdiksə, niyə
ifrat həddə çatdıraq ki? Bu
şeylər olmadan da mümkündür.
Azərbaycan teatrlarında isə milli dəyərlər
mütləq qorunmalıdır. Əgər mən ailəmlə
tamaşaya gedirəmsə, avropalı kimi yox, azərbaycanlı
kimi, Şərq kişisi kimi gedirəm. “Qatil”
tamaşasında isə dediyimiz səhnələr ifrat dərəcədə
deyildi və çox da estetik şəkildə təqdim
olunmuşdu.
Ümumiyyətlə, Mehriban xanımın
tamaşalarında elə məqamlar həmişə var və
tamaşa vaxtı görürsən ki, o məqamların
alternativi yoxdur, hər şey yerində edilib. Mən
inanmıram ki, Avropanın bəzi tamaşalarına azərbaycanlılar
ailəsi ilə gedib baxa bilərlər.
- Bu yaxınlarda teatr və kinomuzun nəhəng
simalarından sayılan xalq artisti Fuad Poladovu itirdik. Sosial şəbəkələrdə böyük
insan kütləsi onun haqqında gözəl fikirlər
yazdı. Amma sanki hamı pessimizmə
qapılıb. Adama elə gəlir ki, bir daha belə
böyük sənətkarlarımız olmayacaq.
- Fuad Poladov böyük aktyorumuz idi. Cəmi bir dəfə
eyni filmdə rol almışıq. Eldar
Quliyevin “Dərvişin qeydləri” filminə çəkilmişik.
Amma heç vaxt tərəf-müqabili
olmamışıq. Teatrımız itirdi.
Kimləri itirməmişik ki? Məlik
Dadaşovu, Hamlet Xanızadəni, Həsənağa Turabovu, Həsən
Məmmədovu, Zərnigar Atakişiyevi itirmişik...
- Bu fikrə düşmək
doğrudurmu ki, artıq bizdə elə aktyorlar olmayacaq?
- Qətiyyən
doğru deyil. Hər kəsin öz səviyyəsi
var. Onlar çox müqtədir sənətkarlarımız
idilər. Amma həyat davam edir. Düşünmürəm ki, hər şey bitib.
İstedadlı insanlarımız, gənclərimiz
var. Biz artıq, orta nəsil sayılırıq və gənclərimiz
də gəlir, işləyirik. Hər
şey normaldır. Teatr həmişə
var, yaşayır və yaşayacaq. Bəzən
alınır, bəzən alınmır. Aktyor var 10 il işləyir, heç nə edə bilmir,
11-ci il parlayır.
Rusiyalı İnnokenti Smoktunovski dünyanın bir
nömrəli intellektual aktyoru hesab olunurdu. Bunu dünya
da təsdiq edirdi. Saratovdan Sankt-Peterburqa gələndə
heç kimə lazım olmayan aktyor idi. Tovstonoqov onu
görəndə dedi ki, dahi aktyordur və ona Knyaz
Mışkin rolunu verdi. Bundan
sonra Smoktunovski parladı.
- Gənclərlə işləyirsiz,
yəqin ki, diqqətlə müşahidə də edirsiz.
Onlar teatrlara gələndə hazırlıq səviyyələri,
təhsilləri necə olur?
- Teatr elə
sahədir ki, gərək quyuda su olsun... Təhsillə
aktyor olmaq mümkün deyil. Təbii ki,
digər peşələrdə olduğu kimi, aktyorluğun da
elmi var. Bu elmi mütləq öyrənməlisən, bilməlisən.
Amma gərək quyuda su da olsun. Təhsil və müəllim bizə istiqamət
verir. Mən təhsilliyəm, yaxşı
aktyoram, sən təhsilsizsən, pis aktyorsan
anlayışı yoxdur. Heç bəzi nəhəng
aktyorlarımızın təhsili olmayıb.
Amma son zamanlar çox narahatam. Hamı elə bilir ki, aktyor sənətinin
elmi yoxdur və hər kəs aktyor ola bilər.
Günahkar da bizik, aktyorlar və rejissorlar.
Tutaq ki, mən gedim bir diş həkimin yanına, deyim ki,
diş həkimi olmaq istəyirəm. Məndən
ən birinci nəyi soruşarlar? Əlbəttə
ki, təhsilimi və praktikamı. Aktyor sənətinə
gələndə isə elə bilirlər ki, elmi yoxdur. Soruşursan ki, a bala, aktyorluğu niyə
seçdin? Deyir, mənə deyirlər ki,
sən yaxşı güldürə bilirsən. Belə
sənət olar?..
- Yeni çəkilən seriallarda,
filmlərdə təhsilsiz aktyorları çəkmək adi
hala çevrilib. Kommersiya filmi adı altında
klip səviyyəsindən də aşağı filmlər
çəkilir.
- Mən
elə filmləri ümumiyyətlə sənət hesab etmirəm.
Hamısı yoldaşlardır,
tanışlardır, hamısı da məni yaxşı
tanıyır. O filmlərin Azərbaycan kinosunun
inkişafında heç bir xidməti yoxdur.
- Özlərini müdafiə etmək
istəyəndə də deyirlər ki, tamaşaçılar
belə tələb edir, belə istəyir.
-
Əslində tamaşaçının boynuna qoyurlar... Soruşanda ki, ay qardaş, niyə belə edirsən?
Deyir, tamaşaçı belə istəyir.
Vallah-billah tamaşaçı elə şey istəmir.
Bu, bəhanədir. Əsl sənətlə
məşğul olmaq çox gərgin prosesdir. Vaxt, ürək, yuxusuz gecələr tələb
edir. O filmlərə isə nə vaxt, nə ürək,
nə də savad lazımdı. Azacıq
fantaziya olsa, bəs edir.
Mənim oynadığım “Kontrabas” tamaşasında qəhrəmanın
bir sözü var, deyir ki, İlahi, sənə minnətdaram,
hələ ki, bilirəm nəyi bacarıram, nəyi yox.
- Elə filmlərdən dəvət
gələndə imtina edirsiz?
- Əvvəla dəvət etmirlər. Çox sağ
olsunlar ki, məni pis vəziyyətdə qoymurlar. İkincisi, bir dəfə səhv edib çəkildim.
Çox yaxın adam dəvət etdi. Bilə-bilə
məbləği də çox dedim,
etiraz etmədi. Hətta qiyməti 3-4 dəfə artıq dedim, yenə etiraz etmədi. Başqa
yolum qalmadı, çıxılmaz vəziyyətdə
qaldığım üçün, çəkilməli
oldum. Təşəkkür edirəm ki,
daha dəvət etmirlər.
- Çox aktyorun arzusudur ki, bir
gün Akademik Milli Dram Teatrının səhnəsində
olsun. Siz də arzulayırsızmı?
-
Heç vaxt arzulamamışam. Çünki
bilirəm ki, burda nəyi bacarıram, nəyi yox. Düzdür, ana teatrımızdır, ancaq heç
vaxt iddiam olmayıb, istəməmişəm. Hazırda Musiqili Teatrda da, Gənc
Tamaşaçılarda da işləyirəm. Əgər Dram Teatrına da dəvət etsələr,
məmnuniyyətlə qəbul edərəm.
Bizim Yol.- 2018.- 22
may.- S.15.