“Ədəbiyyatı
bilməyən
adamdan kinorejissor olmaz”
...Çöldə
Günəşli may səhəri, telefonun ekranında Eldar
Quliyevin adı. Üstəgəl,
bir az da narahatlıq. Ki,
görəsən, yenə başqa vaxta saxlayacaqmı? O
2017-nin dekabrı, bu da 2018-in mayı. Altı ay edirmi, edir!
Yox-yox, bu dəfə hər şey əladır və
sualı da özü verir:
- Nə vaxt gəlmək istəyirsən?
- Elə
indi, bu dəqiqə çıxıb gələ bilərəm.
Evin yerini
nişan verir. Həm də
rejissor dəqiqliyi ilə.
- "Domsovet"in arxasındakı binada oluram. Fikrət Əmirovun
heykəlini tanıyırsan? Hə, bax,
onun yanındakı bina. Çətinliyin
olsa, zəng vur. Aşağıda kitab
mağazası var, ordan da soruşa bilərsən.
Memar dili ilə desək, köhnə Sovet
binasının interyeri. Göyün 13-cü qatı. Görüşürük. Rusiyanın
hansı kanalına baxdığını unutmuşam. Divardan Toğrul Nərimanbəyovun hədiyyə
etdiyi rəsm asılıb. Televizorun səsini
alır. Söhbətə Müslüm
Maqomayevdən başlayırıq. Blokun girişində əfsanəvi
sənətkarın barelyefi var idi: "Müslüm Maqomayev
burda yaşamışdır".
Mən: Müslüm Maqomayevlə
dost olduğunuzu bilirdim, qonşu yox...
(Siqaret. Alışqan səsi.)
Eldar Quliyev APA-ya danışır:
-
Müslümlə qonşuluğumuz təsadüfən olub. Mən
biləni, 82-ci il idi. Heydər Əliyev bu
binada ona da ev verdi, mənə də. Turabov o biri binada aldı. Amaliya, Toğrul Nərimanbəyov,
Yusif Səmədoğluna da bizim binada ev
verdilər. Toğrulla Yusif rəhmətə
gedib, Amaliya yenə bu binada yaşayır. Qonşu olana qədər
Müslümlə tanış idik, sonra
olduq dost. Tez-tez görüşürdük.
Sonra "Nizami"də bir işlədik.
Mən yaşda ondan bir il böyüyəm.
Gəncliyimizdə Bakıda bir-birimizi tez-tez
görürdük. Demək olar, o vaxt
bütün bakılılar bir-birini tanıyırdılar.
Bizim institutda hamı Müslüm Maqomayevə həsəd
aparırdı.
Bir
küçəmiz var idi: "Torqovı". Hər
bazar günü cavanlar o küçəyə
çıxırdı. Mən Moskvada
oxuyanda Müslüm birdən tanındı və Sovet
estradasını partlatdı. Bizim institutda
hamı ona həsəd aparırdı. Mən
də fəxr edirdim ki, yerlim, hündürboylu oğlan qəşəng
səslə oxuyur. Tələbə
vaxtı Moskvada bir-iki dəfə
görüşmüşdük. Sonra mən
Bakıya qayıtdım. Kampaniyalarda tez-tez
görüşürdük, onun konsertlərinə gedirdim.
- Tələbə qızlar sizə
demirdilər ki, bizi Müslümlə tanış
elə?
- (Gülür). Yox, mənə demirdilər. Bilmirəm, niyə. Mən o
cür xanımlarla heç görüşmürdüm də.
Sonra elə oldu ki, bir blokda yaşadıq. Mən onu "Nizami" filminə dəvət elədim.
Bax, belə...
- Cavanlıqda
"Torqovı"da görüşdüyünüz gənclər
kimlər idi? Onların
içində indi tanınmış adamlar var?
- Onlar təkcə
sənət adamları deyildi. Aralarında alimlər,
mühəndislər var idi. Sonralar
onların içindən vəzifəli şəxslər də
çıxdı. İndi də
görüşəndə o vaxtları yada salırıq.
Çox yaxşı illər idi. Köhnə Bakının obrazı indiyə qədər
mənim gözümün qabağındadır. İttifaq səviyyəsində Bakının
nüfuzu çox böyük idi. Neft sahəsində
oxumaq üçün hər yerdən tələbələr
gəlirdilər. Soruşursan ki, sonralar
tanınmış adamlar kimlər oldu? Məsələn,
Anar, Fərhad Bədəlbəyli, Fərhad Xəlilov, Azər
Paşa Nemətov, Rafiq Quliyev, Rafiq Babayev... Azər
Paşanın atası Zəfər Nemətov Gənc
Tamaşaçılar Teatrının rəhbəri idi.
O vaxt dostlarımızla tez-tez "TYUZ"da tamaşalara
baxırdıq. Bu teatr bizim doğma yerimiz idi.
Sonralar hərəmiz bir yerə oxumağa getdik.
- Siz də Moskvada Sergey Gerasimovun
kursunu bitirdiniz...
- Yox, belə
oldu ki, mən diplom işinə çıxanda bizim kurs rəhbərimiz
dünyasını dəyişdi. Ona görə
də diplom işimə Gerasimov rəhbərlik etdi. Onun
kursunda cəmi bir il oxudum. Ümumiyyətlə,
Moskvada beş il yarım oxudum. O vaxt
VQİK-də (Ümumrusiya Dövlət Kinematoqrafiya
İnstitutu - C. Zeynallı) təhsil müddəti bu qədər
idi. Diplom işindən beş aldım.
- VQİK-in indiki vəziyyəti necədir?
Deyirlər, təhsil səviyyəsi aşağıdır...
- O
vaxtlarla müqayisədə, əlbəttə, zəifdir. O
vaxtlar VQİK-də kimlər oxuyurdular? Tarkovski, Andrey Smirnov,
Elem Klimov, Şukşin... Bütün kino
ulduzları, aktrisalar o vaxt oxuyurdular.
- Deməli, Şukşin və
Tarkovski də sizinlə oxuyub...
- Yox,
Şukşin artıq bitirmişdi. Amma orda
yataqxanada yaşayırdı. Müəllimlərin
yanında çox böyük hörməti var idi. Yazıçı və aktyor kimi ona hörmət
edirdilər. Bizimlə VQİK-də
oxuyanlar sonralar Sovet kinosunun liderləri oldular. Tarkovski də məndən əvvəl oxumuşdu.
Beş il qabaq. Amma mənimlə
bir vaxtda diplom işini çəkirdi. Qayda belə idi
ki, diplom işini kim müdafiə edirdisə,
bütün institut gəlirdi. Zal 500-600 nəfər
tuturdu. Biz görürdük ki, yuxarı
kurslar necə müdafiə edirlər, hansı filmləri
çəkirlər. Tarkovski ilə
tanışlığımız, salam-kalamımız var idi.
Mən bu torpağa, bu şəhərə borcluyam. O borcu qaytarmalıyam
Konçelovski ilə də o cümlədən. Mixalkov tez-tez
gəlirdi. O vaxt hələ aktyorluqda oxuyurdu, sonra gəldi
rejissorluğa.
- Moskvada qalmaq şansınız var
idi?
- O vaxtlar
Moskvada qalmaq az adama nəsib olurdu. Amma sonralar dəvət etdilər, getmədim. Ona görə ki, iki balaca qızım var idi. Moskvada onlara tərbiyə vermək çətin
olardı. Getmədiyimə də peşman
deyiləm. Mən azərbaycanlıyam.
Bunu yaddan çıxarmaq olmaz. Məşhur
deyim var: soruşma ki, vətən mənim üçün nə
edib? Özünə sual ver: mən vətən
üçün nə etmişəm. Bu,
hamımızın borcudur. Bunu heç
vaxt unutmamışam, bu gün də unutmuram. Mən bu torpağa, bu şəhərə borcluyam.
O borcu qaytarmalıyam.
* * *
Bir də
teatrda tamaşa hazırlamaq arzusu...
Eldar Quliyev Mədəniyyət və İncəsənət
Universitetinin ustad müəllimi kimi illərdir dərs deyir, gənc
rejissorlar yetişdirir. İndi tələbələrinin diplom
işi çəkən vaxtıdır. "Evimə
gəlirlər, onlarla hər gün görüşürəm",
deyir.
-
Özü də, hamısını bir yerə
yığmıram, - Yenə alışqan səsi,
tütün közərtisi - ssenari üzərində təkbətək
işləyirik. Necə çalışmaq
lazımdır, onu müzakirə edirik. Kinorejissorluq
individual sənətdir. Ona görə də
hamısını bir yerə yığıb eyni şeyi
danışmaq olmaz. Düzdür, elə dərslər
var, bir yerdə keçirilir. Məsələn,
kino tarixi, kino ustaları, kino məktəbləri və s.
Sual:
- Tələbələrinizin bilik və
istedad səviyyəsi ilə bağlı
narahatlığınız varmı?
Cavab:
-
Narahatlıq həmişə var. Həyat kiməsə təbəssüm
göstərir, kiməsə yox. Baxın, hər il Konservatoriya neçə-neçə tələbə
buraxır. Amma indiyə qədər Qara Qarayev
yoxdur. Kinoda da belədir. Hər il kinorejissorluğu beş-altı nəfər
bitirir. Amma demək çətindir ki, onların içində
Tarkovski var. Bu uşaqların iş qabiliyyətlərini
açmaq lazımdır. Mənim məqsədim
onlardan ziyalı insan formalaşdırmaqdır. İndi dünya qarmaqarışıqdır. Onlar xaricdə olanda öz fikirlərini
çatdırmağı, bizim tariximizdən, bu
günümüzdən danışmağı
bacarmalıdırlar. Həmin uşaqları tanımayan adam deməlidir ki, belə tərbiyəsi varsa,
deməli, azərbaycanlıdır. Eyni zamanda tələbələrə
baxmaqları zəruri olan rejissorların kimliyini deyirəm.
Məsələn, Fellini. "Səkkiz
yarım", "Kabiriyanın gecələri",
"Amarkord" və s. filmləri.
Fellini mənim də müəllimim olub. Onun filmlərinin
hər biri ayrıca kursdur. Tələbələrə
deyirəm, gələcəkdə tanınmış rejissor
olsanız da, ildə bir dəfə "Səkkiz
yarım" filminə baxın. Felliniyə
hər baxanda təzə nəsə tapırsan. Və təəccüblənirsən:
bunu necə etmək olar? Yaxud Tarkovskiyə, Bondarçuka,
Konçelovskiyə mütləq baxmalıdırlar. Bizim filmlərə baxmağın nə qədər
vacib olduğunu isə deməyə ehtiyac yoxdur. Həsən
Seyidbəyli, Rasim Ocaqov, Tofiq Tağızadə, Şamil
Mahmudbəyov, Hüseyn Seyidzadə... Bunların
hər biri bir məktəbdir və onlardan öyrənmək
lazımdır. Tələbələrə
həmişə deyirəm ki, filmlərə baxmaqla bərabər
çoxlu kitab oxuyun. Ədəbiyyatı bilməyən adam kinorejissor ola bilməz. Mən
yaxşı filmlərə baxın deyəndə, indi çəkilənləri
nəzərdə tutmuram.
- Komediya filmlərini deyirsiniz?
- Komediya
filmləri də var, o biriləri də. Onları
çəkənlər gərək birinci kursdan
başlayıb kinonu öyrənsinlər. Hamısı
hesab edir ki, rejissor ola bilərlər. Başa düşürəm ki, kinonu sevirlər,
çəkmək istəyirlər. Amma
sevmək və istəmək hələ azdır. Oxumaq, öyrənmək lazımdır.
Ayrı cür olmaz! Bu mövzuda çox
danışmaq istəmirəm. Bu gün
film çəkən rejissorların içində
istedadlı olanları da var. Amma bizdə elə rejissorlar var,
onları kinoya yaxın buraxmaq olmaz. İnsan
kinoya həyatını verməlidir. Kinorejissor
həm yazıçı, həm rəssam, həm operator
olmalıdır. "Motor" deməklə,
kino çəkmək olmaz.
- Teatrda tamaşa hazırlamaq istəyiniz
necə, olubmu?
- Həmişə
olub! Vaxtilə Turabov dəvət edirdi ki, gəl, gəl...
Qorxurdum! İstəyirdim, amma qorxurdum.
- Uğursuzluqdan?
- Hə. Qorxurdum ki, bəlkə teatrı axıra qədər
bilmirəm. Mən institutda böyük bir tamaşa
hazırladım. Aktyorlar üçün
diplom işi idi. Belə bir müəllif var: Jan Anuyun. Onun "Janna Dark" haqqında yazdığı
pyesə vurulmuşdum.
Teatr belədir ki, hər gün nəyisə dəyişmək
olur. Kino belə deyil. Teatrda nə istəsən,
eləmək olar. Amma bu o demək deyil ki,
ağlına nə gəlir, onu da elə. Baxış,
rakurs fərqli olur. Bir tamaşanı
Stanislavski də hazırlayır, Meyerxold da. Amma böyük fərqləri olur. Mən indi teatrlarda tamaşalara baxıram. Hesab edirəm ki, Azər Paşa Nemətov çox
maraqlı işlər görür, çox yaxşı
tamaşalar hazırlayır. O, vaxtilə kinoya gəlmək
istəyirdi. Amma mən məsləhət
görmədim. Dedim, sən teatr rejissorusan, bu işi
bilirsən, bacarırsan. Hətta dedim, mən də teatrda
işləmək istərdim, amma sənin kimi bilmirəm və
bacarmıram. Azər Paşanı kinoya
qoymadım, yaxşı da elədim. (Gülür).
Əvəzində indi çox gözəl
tamaşalar hazırlayır. Bundan başqa
çox yaxşı da müəllimdir. Tələbələrini
teatra dəvət edib, onunla bir yerdə işləyirlər,
ondan öyrənirlər.
- Filmlərinizin tənqidçiləri
kimlər olub?
Ardı var
Bizim yol.- 2018.- 23 may.- S.15