“Gənc aktyorların
yetişməsinə
yaxşı
dramaturgiya da lazımdır”
Əvvəli ötən sayda
- Məni
tərifləyən az olub. Əsas
tənqid ediblər. Amma deyim ki, filmlərimi
hamıdan çox özüm tənqid etmişəm. Həm də bütün filmlərimi sevirəm.
Öz qəhrəmanlarımı sevməsəydim,
alınmazdılar. Hər filmdə ürək
ağrımalıdır. Ağrımasa,
deməli, tamaşaçını aldadırsan.
- "Dərvişin qeydləri"ndən
sonra tammetrajlı film çəkməmisiniz. Səbəbi nədir?
- Xəstə
idim, ona görə. Amma çəkmək fikrim
var. Allah qoysa, çəkəcəm də.
- Haqqında danışmaq istərdiniz?
- Yox! Mən gələcəkdən
danışmağı xoşlamıram. Bu,
mənə düşmür. Ssenari üzərində
işləyirəm. Nə istədiyimi də
bilirəm.
- Vaxtilə işlədiyiniz
aktyorların heç biri həyatda yoxdurlar...
- Aktyor
axtaranda həmişə gözümün qabağına
Turabov, Yaşar Nuri, Həsən Məmmədov gəlir. İndi də yaxşı aktyorlar var. Amma onlar
yaxşı rejissorun əlinə düşməlidirlər
ki, korlanmasınlar. "Azdrama"nın,
Rus Dram Teatrının tamaşalarına baxıram. Yaxşı gənc aktyorlar var. Onların yetişməsi
üçün yaxşı dramaturgiya da lazımdır.
Biz Fuad Poladovu itirdik. Onun
bizim teatrda öz yeri var idi.
Belə
kinostudiyanı itirmək olmaz
Fuad çox maraqlı insan, çox maraqlı aktyor idi. "Dərvişin
qeydləri" filmimdə onu çəkmişdim. Çox heyf, sonuncu rolu oldu. Fuadla
işləmək çox maraqlı idi.
- Eldar müəllim, gənc aktyorların
yaxşı rejissor əlinə düşməsi
üçün filmlər çox çəkilməlidir. Filmlərin çox çəkilməsi isə
böyük vəsait deməkdir. Bizim
kinonun əsas problemlərindən biri də "Kino
haqqında" qanunun hələ də qəbul olunmaması
deyilmi?
- Bu, zəruri
məsələdir, böyük ehtiyac var. Vaxtilə
bütün Şərqdə bizim kinostudiya kimi studiya yox idi.
"Babək"in, "Nizami"nin, "Nəsimi"nin,
"Dədə Qorqud"un çətin dekorasiyaları
kinostudiyada hazırlanıb. Belə
kinostudiyanı itirmək olmaz. O studiya nəsildən nəslə
keçməlidir. Biz indiyə qədər
çox sənətkarı itirmişik. Amma
onların əvəzinə yenilərini yetişdirməliyik.
Bunun da yolu çox filmin çəkilməsindən
keçir.
- Film çəkmək
üçün isə vəsait lazımdır...
- Bəli,
lazımdır. Milli Kitabxananı, Konservatoriyanı bağlamaq
olar? Xeyr! Bu bizim mədəniyyətimizdir.
Kino ilə dünyaya özümüzü
tanıtdırırıq. "Arşın mal alan" filmi ilə bizim aktyorlar, musiqimiz
dünyaya tanındı. İndi bizdə kinoya
pul qoyan istəyir ki, bir ilin içində çəkilən
xərc geri qayıtsın. Belə ola
bilməz. Kinoya böyük investisiya lazımdır.
Kino mədəniyyətini qorumaq və gələcəyə
ötürmək bizim borcumuzdur.
- Bu gün İran və Türkiyə
kinosu böyük inkişaf yolundadır. Əsgər
Fərhadi iki dəfə "Oskar" mükafatı alıb.
İran və türk rejissorların filmləri ən
nüfuzlu kino festivallarında qalib olur. Bütün
bu prosesləri izləyə bilirsiniz?
- Məlumatım
var. Təəssüf ki, Əsgər Fərhadinin filminə
baxa bilməmişəm. Mənim üçün Lars fon Trier maraqlıdır. Heyf ki,
indi Berqman kimi rejissor yoxdur. Trier ona görə
mənə maraqlıdır ki, öz kino dilini axtarır.
İran filmlərinin bu uğurlarına sevinirəm.
Mohsen Maxmalbafın özü ilə bərabər
həyat yoldaşı və qızı da rejissordur. Son İran filmlərini ona görə görməmişəm
ki, ekranlarda yoxdur. Filmə ekranda,
tamaşaçı ilə bir yerdə baxmaq lazımdır.
Televizorda tək oturub baxmaq... Bu, kino deyil.
- Müasir rus kinosunu necə, izləyə
bilirsiniz?
- Andrey
Zvyaginsevdir də, başqa kim var? Onun hansı filmlərinə baxıbsan?
- "Yelena" və "Leviafan". Səhv etmirəmsə,
yaxşı filmlərindən biri də
"Qayıdış"dır...
- Ruslarda
bir də Konçelovskidir. Vəssalam. Andrey Zvyaginsev sözsüz ki, maraqlı insandır,
sənətkardır.
-
Müasir rus filmlərində daha çox sosial problemlər və
insanların iradə azadlığı qabardılır...
- Onlardan
həyat bunu tələb edir. Timur Bekmammedov
Qazaxıstandandır, Moskvada yaşayır. Mənim
xoşuma gəlmir onun filmləri. Hollivud
bir-iki film üçün onu dəvət edib.
- Moskvanın kino mühitində ermənilər
həmişə yaxşı vəzifələrdə
çalışıblar. İndi vəziyyət
necədir?
- Xeyr,
vaxtilə belə olmayıb. Amma indi var.
Bütün kanallarda bir-iki erməni tapılır. "Mosfilm"in direktoru Karen Şaxnazarov ermənidir.
Bir gün də Yerevanda yaşamayıb. Atası bakılıdır. Mən
onu hələ institutdan tanıyıram.
- Ayna Sultanova haqqında
danışmağınızı istəyirəm. Bu məsələ ilə bağlı sizə
suallarım var...
- Niyə
birdən-birə Ayna Sultanova yadına düşdü?
- Bu yaxınlarda Sabir Gəncəlinin
məhkum qadınlar haqqında kitabını oxudum. Ayna
Sultanovanın sizin atanız Tofiq Quliyevin xalası olduğunu
biləndə, xeyli təəccübləndim. Bu faktı
bilmirdim...
- Ayna Sultanova ata tərəfdən nənəmin
bacısıdır. Doğma bacısı. Mən uşaq olanda nənəm onun haqqında mənə
danışırdı. Nənəm Ali Məhkəmənin
üzvü olub. Sonra Ayna Sultanova Ədliyyə
Komissarı olanda nənəmə, yəni bacısına deyib
ki, mən nazirəm, bir yerdə işləyə bilmərik,
sən gərək burdan çıxasan. Nənəm
danışırdı ki, Ayna ona deyib, iki bacı bir sənətdə
işləyə bilməz. Yəni vicdanlı idilər də!
Düzdür, nənəm işindən oldu,
amma məhz bu məsələ onu güllələnməkdən
xilas elədi. Onu da deyim ki, nənəm
Ayna Sultanovadan bu məsələyə görə
incimişdi. Demişdi ki, burdan
çıxıramsa, ümumiyyətlə, işləməyəcəyəm.
Belə də oldu. İşdən
çıxıb evdə oturdu, uşaqları ilə məşğul
oldu. Mənim Ayna Sultanovanın oğlu
Volodya ilə çox yaxşı münasibətim var idi.
- Ayna Sultanova ona bu adı
Vladimir Leninin (Vlad+Len) şərəfinə qoymuşdu, hə?
- Hə,
doğrudur. Vladlen idi adı. Ayna Sultanova həbs olunanda anasını da həbs
etmişdilər. Sonra Qazaxıstanda
öldü. Stalin öləndən sonra
Ayna Sultanovaya münasibət dəyişdi. Heykəlin açılışında mən də
iştirak etdim. Musabəyovun heykəlinin
açılışını da xatırlayıram.
- Musabəyovun
heykəlini götürdülər, Ayna Sultanovanın isə
abidəsinə dəyməyiblər...
- Hələ qalır. Kim bilir, sabah nə olacaq?
- Belə
görünür ki, götürməyəcəklər...
- Allah eləsin!
30-cu illərdə sürgün olunanlar 50-ci illərdə
Bakıya qayıtdılar. Yadımdadır
ki, hamısı nənəmin yanına gəlirdilər.
Çünki sürgün olunmayan tək nənəm
idi. Mən onda balaca idim, ona görə deyə
bilmərəm ki, nə danışırdılar.
- Sizin
haqqınızda kitab yoxdur. Bunun səbəbi nədir?
- İstəmirəm. Nizami deyir ki, kim
mənim haqqımda maraqlanacaqsa, heç nə lazım deyil, mənim
kitablarımı oxusun, hər sətirdə mən
özüm varam. İndi kim mənim
haqqımda maraqlanmaq istəyirsə, filmlərimə
baxsın. Mənə çoxdan kitab təklif
olunub. Özü də Moskvadan. Dedim, lazım deyil.
- Amma Tofiq Quliyev və Müslüm Maqomayev haqqında
olan kitabları rəfin yuxarı hissəsinə qoymusunuz.
- Hə,
noolar? Orda olmaqları daha yaxşıdır.
- Tofiq Quliyev filmləriniz
haqqında nə deyirdi?
- Baxırdı, amma heç nə
demirdi. Mənim haqqımda nə
düşündüyünü deyə bilmərəm. Ola bilər, kimlərəsə deyib. Heç bir filmdə mənimlə işləməyib.
- Gərək siz təklif edərdiniz...
- Hə. "Babək"i Həsən Seyidbəyli
çəkməli idi. Tofiq də bəstəkar idi. Sonra Həsən Seyidbəyli xəstələndi,
imtina etdi. Moskvadan istədilər ki, mən
çəkim. Güclə adımı ora
saldılar.
Tofiq
Quliyev zəng elədi ki, filmdən imtina edir
Çünki tarixi film çəkmək çətin
idi. İşə başladım. Həsən
Seyidbəyli kimi yığmışdısa, bütün qrup
işdə qaldı. Tofiqdən başqa.
O mənə zəng elədi ki, imtina edirəm. Dedim, bu
düz çıxmaz, deyəcəklər, oğlu rejissor
oldu, atasını çıxardı. Dedi, yox, Həsən mənim
dostumdur, o gedirsə, mən də getməliyəm.
- Siz atanızdan incimədiniz?
- Yox-yox. Daha sonra Polad Bülbüloğlu ilə işlədim.
Ona qədər Poladla 3-4 film işləmişdim.
Tofiq Quliyev mənə demişdi ki, niyə
Poladın qarşısına keçim? Siz
cavansınız, bir-birinizi yaxşı başa
düşürsünüz, ona görə də Polad olsun.
* * *
Haşiyə:
Eldar Quliyev atası haqqında danışanda onun yalnız
adını çəkir. Bunun səbəbini
vaxtilə qonaq olduğu verilişlərdən birində
demişdi. Səbəbini bildiyimə
görə ona əlavə sual verməyə ehtiyac görmədim.
Vaxtilə dediklərindən kiçik sitat:
"Mən məktəbdə oxuyanda Tofiq Moskvada oxuyurdu,
işləyirdi. Sonra Lətif Səfərov onu "Bəxtiyar"
filminə çağırdı. İlk
vaxtlar Bakıda mehmanxanada qalırdı. O, Bakıya
qayıdıb ev alanda mən artıq
Moskvada oxuyurdum. Bizim yollarımız bir gəlmədi.
Mən onu da, anamı da adı ilə
çağırırdım. Məni nənəm
böyüdüb, ona görə də ona ana deyirdim. Ata isə heç vaxt, heç kimə deməmişəm".
* * *
FİNAL
Bu da son.
Kino dili ilə desək, final. Eldar Quliyevdən dinə münasibəti haqqında
soruşuram. Həvəslə
danışır. Həm də fikrə
gedib, uşaqlıq illərini xatırlayır.
Görünür, doğru deyirlər: ömrün
bütün yaşlarında uşaqlıq insanın yeganə
sığınacaq yeridir. Bunu təkcə Eldar
Quliyevin öz uşaqlığına münasibətində
demirəm. Həm də min kilometrlərlə uzaqlarda
olan nəvələr üçün darıxan babanın
uşaq və uşaqlıq həsrətini hiss edib deyirəm.
"Beş-altı yaşım olanda Təzə Pirin
yanında yaşayırdıq. şaxsey-vaxsey
olanda nənəm məni ora aparırdı. İndiyə qədər
yadımdadır ki, beş yaşımda Təzə
Pirin həyətində sinə vurmuşam. Nənəm
dindar idi. Ona görə də müsəlmanlığın
bütün adətlərini mənə öyrədirdi.
Təzə Pirin həyəti o vaxt indiki kimi
deyildi. Orda futbol oynayırdıq. Məsciddə
gündə beş dəfə azan oxunanda
evimizdə eşidərdik. Ona görə də Allaha həmişə
inanan adam olmuşam. Bütün
ömrüm boyu adətləri unutmamışam. Öz uşaqlarıma da deyirəm ki, adətlərinizi
unutmayın. Qızımın biri Moskvada, o biri Amerikada
yaşayır, amma zəng edirəm ki, Novruz, Ramazan
bayramlarını necə lazımdırsa, qeyd edin. Nəvələrim məktəbdə oxuyurlar deyə,
tətil olanda Bakıya gəlirlər. Məndən
uzaqdadırlar. Ona görə
hamısının şəklini yuxarıdan asmışam.
Üç qızdır. Darıxıram
onlar üçün".
P.S.
- Soruşursan ki, nə vaxtsa Məkkəni
ziyarət etmək niyyətim olub? Əlbəttə!
Məkkədə və Yerusəlimdə olmaq arzum olub. Amma ziyarət vaxtı getmək istəmirəm.
Tək getmək, oturub fikirləşmək lazımdır. Bütün hissləri onda qəbul etmək olar.
Yanında minlərlə adam varsa, deməli,
turistsən. Allah qoysa, ziyarətə getmək bəlkə
qismət oldu...
Bizim yol.- 2018.- 24 may.- S.15.