Eşq və xəyanət “quruluşçusu”

 

Papaqçı oğlunun kədərli sonu

 

... Elə öz həyatı başdan-başa tamaşaydı sanki. Eniş-yoxuşlardan, sevinc və kədərdən, şan-şöhrətdən, eşq macəralarından, sevgi və xəyanətdən, ölümdən ibarət tamaşa... Tamaşanın əsas qəhrəmanı özüydü. Tərəf müqabilləri isə o qədərdi ki... Onları sevirdi, əzizləyirdi, yüksəldirdi, incidirdi... Bəzən də əksinə, onlardan özünə qarşı gözlənilməz davranış, xainlik görürdü. Amma hər şeyə rəğmən “həyat tamaşasını” davam etdirirdi. Özü istədiyi kimi. Çünki tamaşanın (həyatın) ilk səhnələrini (illərini) çıxmaq şərtilə, qalan səhnələrə özü quruluş verirdi. Ürəyindən necə keçirdisə eləcə... Özü necə istədisə, o cür də yaşadı tamaşasında... Bircə o səhnənin quruluşunu dəyişə bilmədi. Bircə o səhnədə “ssenari müəllifinin” yazısını poza bilmədi. Və elə o səhnəylə də əsas qəhrəman “həyat tamaşasını” bitirməli oldu. Gözləmədiyi, istəmədiyi halda... 

 

Ancaq o cür konfliktlər, intriqalar Mehdi Məmmədovdan da yan keçmir. Heç 3 il o kürsüdə duruş gətirə bilmir. Nə baş verirsə, 1963-cü ildə elmi işlə məşğul olacağını əsas gətirərək, ərizəsini yazıb, teatrdan gedir. Bu haqda özü bircə kəlmə deyir: “Mənim əxlaqımla onların əxlaqı düz gəlmədi”. Fakt isə budur ki, o, özünü və istedadını vəzifəyə, intriqalara və dedi-qoduya qurban vermək istəməmişdi. Həm də Mehdi Məmmədov Opera və Balet Teatrında baş rejissor olanda artıq Tofiq Kazımov Akademik Dram Teatrında gənc aktyorların sevimlisinə çevrilmişdi.

 İllər sonra Mehdi Məmmədov teatrşünas İlham Rəhimliyə müsahibəsində bunu demişdi: “Gərək mən Ədil İsgəndərovun yerinə getməyəydim. Getdim… İşlədim… Və əmin oldum ki, mən Ədil İsgəndərovun yaratdığı teatr estetikasını dağıdıb özümünkünü təqdim etməkdə acizəm”.

Baş rejissorluqdan getdikdən sonra bir neçə il tamaşa hazırlamır. 1945-ci ildən başlayan pedaqoq işini davam etdirir, Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyir, alimlik fəaliyyəti ilə məşğul olur – kitab və monoqrafiyalar yazır.

Bir də 1968-ci ildə Akademik Milli Dram Teatrının səhnəsinə qayıdır. Tolstoyun “Canlı meyit” əsərilə. Protasovu özü, Maşanı isə estetikadan dərs dediyi tələbəsi Şəfiqə Məmmədova oynayır. Elə bu tamaşayla da yeni, böyük məhəbbət yaranır... Və 1973-cü ildə onların oğlu Ülvi dünyaya gəlir. Amma 1974-cü ildə rəsmi şəkildə yeni doğulmuş oğlundan imtina edir...

1974-cü ildə Mehdi Məmmədovu yenidən Opera və Balet Teatrına baş rejissor təyin edirlər. 2 il sonra bu səhnədə yenidən “Leyli və Məcnun”a müraciət edir. Amma bu dəfə Leyli obrazında Nəzakət Məmmədova səhnəyə çıxır...

Həmin illər Mehdi Məmmədov haqqında anonim məktublar yazılır, dərsə gəlmədiyi, işə məsuliyyətsiz yanaşdığı iddia olunur. Nəticədə institutda rejissorluq kafedrası müdirliyindən azad olunur. 1977-ci ildə Aslan Aslanov instituta rektor təyin olunanda sonra onu yenidən işinə bərpa edir.

 

V SƏHNƏ:

Xatirələr vərəqlənir

 

1978-ci ildə Mehdi Məmmədov “Dəli yığıncağı”na quruluş verir və bu tamaşa milli teatr tarixində əfsanəyə çevrilir. Tamaşada Həmzad Qurban rolunu oynayan xalq artisti Rafiq Əzimov o günlərdən xatirələrini danışır: ““Dəli yığıncağı” teatr sənətində bir partlayış idi. Ona xaricdən də qonaqlar gəlib baxmışdılar və demişdilər ki, bu tamaşayla bütün dünyanı gəzmək olar. O vaxt teatrda baş rejissor Tofiq Kazımov idi. Düzdü, onlar bir-birlərini qəbul eləmirdi. Amma o tamaşanın müzakirəsində Tofiq Kazımov çıxış elədi, dedi, bu tamaşa bizim teatrın proqramı olmalıdı.

Unikal adam idi Mehdi müəllim. Sərt, bəzən qaraqabaq, ciddi idi. Çox az-az gülürdü. Yadımdadı ki, “Yeddi oğul istərəm” filminin “Vətən” kinoteatrında premyerası idi. Filmin əvvəlində səhnə var – Bəxtiyar komsomol biletlərini bir-bir açıb qoyur kənara. Tofiq Tağızadədən xahiş etmişdik ki, biletlərdə öz soyadımız yazılsın, məsələn, Şahsuvar Əzimov. O səhnədə Elçinin komsomol biletində “Elçin Mehdioğlu” yazısını görəndə gülməyən Mehdi bir qəşş elədi ki... Ləzzət eləmişdi ona.

Bir dəfə də teatrdayıq. Həsənağa Turabov hamımızı başına yığıb, lətifə danışırdı. Mehdi müəllim də ordaydı. Danışıb qurtardı, hamımız güldük, bircə Mehdi Məmmədov gülmədi. Turabov baxdı, baxdı və inciyib getdi. Biz də məəttəl qaldıq ki, niyə gülmədi. Üstündən bir həftə keçəndən sonra Turabov qayıtdı ki, “Əzimov, yadında ogünkü lətifə - hamı güldü, Mehdi müəllimdən başqa. Bu gün gəlib mənə deyir ki, Turabov, o gün lətifə danışmışdın ha, nə gülməliydi. Dedi və başladı gülməyə”.

Bunu da Tofiq Quliyev danışmışdı. Gəncədə “Bahar” tamaşasını hazırlayırdı. Tamaşanın rəssamı Nüsrət Fətullayev, bəstəkarı Tofiq Quliyev idi. Tofiqə tapşırır ki, tamaşaya həzin, qəmli musiqi yazsın. Bir müddət sonra bəstəkar Bakıdan Gəncəyə zəng vurur. Deyir, “Mehdi, mahnını yazmışam. İndi telefonu qoyacam, özüm çalıb oxuyacam, sən də qulaq as, gör xoşuna gələcək?”. Tofiq mahnını çalıb, oxuyub, qurtarandan sonra telefonun dəstəyini götürüb. “Alo, Mehdi, ay Mehdi”, - deyə nə qədər çağırsa da, Mehdidən səs çıxmayıb. Dilxor olub, telefonu qoyub yerə. Bir həftə sonra Mehdi Gəncədən Bakıya, Tofiqə zəng eləyib ki, “əla musiqiydi”. Tofiq də deyib, “Mehdi, bir az da gec zəng eləyərdin də, o gündən ürəyimin yağını yeyirəm axı”.

Bax belə, qəribə insan idi. Və həqiqətən də böyük sənətkar idi. Böyük sənətkarlar yaranır az-az, hər yerdə, hər zaman inci tapılmaz. Mehdi elə incilərdəndir ki, nə qədər Azərbaycan teatrı var, o da yaşayacaq”.  

"Dəli yığıncağı"ndan sonra Mehdi Məmmədov Rus Dram Teatrına baş rejissor gedir. Orda 2 tamaşaya quruluş verir - "Mənim Nadejdalarım" və "Həyatın dibində". 4 il sonra isə ərizəsini yazıb bu teatrdan ayrılır. Ondan sonra Dram Teatrında Hüseyn Cavidin “İblis” əsərinin qurluşuna başlayır. 1983-cü ildə tamaşanın premyerası olur. 1984-cü ildə tamaşa Dövlət mükafatı qazanır. Ancaq bu, sənət fədaisi Mehdi Məmmədovun son tamaşası olur...

 

Özündən 33 yaş kiçik laborantla evlənir

 

 1983-cü ildə Mehdi Məmmədov 65 yaşında yenidən evlənir. Teatr İnstitutunda laborant işləyən Dilarə xanımla. Bu nikahdan onun Vüqar adlı oğlu dünyaya gəlir. Hazırda “Azdrama”da rejissor köməkçisi işləyən Vüqar Məmmədov atası ilə anasının tanışlığı haqqında bunları deyir: “Anam əvvəl institutun dəftərxanasında işləyirdi. Sonra atamın müdir olduğu kafedraya laborant keçir. Ondan sonra aralarında münasibət yaranıb. Atam anamdan 33 yaş böyük idi. Amma bir-birlərini sevmişdilər və evlənmək qərarına gəlmişdilər. Məsələ evlənmə həddinə çatanda atam anamın qarşısında şərt kəsib. Deyib ərizəni yaz, çıx işdən, evlənək. Anam deyir, Mehdi çox qısqanc kişi idi. Həm də anamın işləməsinə də heç ehtiyac olmayıb. Atam ailəni necə lazımdı elə də dolandırırdı. Qayğıkeş ailə başçısı, ata idi, nə problemimiz varsa, həll edirdi. Heyf, atamı xatırlamıram. Mən 9 aylıq olanda atam qəfildən rəhmətə getdi. Ondan sonra ailəmiz böyük çətinliklərlə qarşılaşdı. Maddi problemlərimiz oldu. Anam təqaüdlə və müxtəlif yerlərdə işləyərək ailəmizi birtəhər dolandırdı. İndi də mən işləyib, anamı saxlayıram. Təəssüf ki, qardaşlarımla əlaqəm olmayıb. Elçin rəhmətə gedib. Çingiz isə xaricdədi. Həm də onlar məndən yaşca böyükdülər, gərək onlar məni axtaraydı atalarının son yadigarı kimi. Atam tez rəhmətə getməsəydi, belə olmazdı, əlbəttə, hamını bir yerə yığardı. Amma neynəmək olar?! Qismət...”

 

SON SƏHNƏ

 

1985-ci il yanvarın 28-i. “Sahil” metrostansiyasının yaxınlığında yerləşən bərbərxana. Bura Mehdi Məmmədovun hər zaman gəldiyi yerdir. İçəri keçir. Salamlaşır. Qoltuğundakı qovluğu mizin üstünə qoyur. Boynuna doladığı şərfi, paltosunu çıxarıb asır. Dərindən ah çəkib əyləşir. Mizin üstündəki qəzetlərdən birini götürüb, vərəqləməyə başlayır. İki-üç dəqiqə keçməmiş bərk taqqıltı eşidilir. Mehdi Məmmədov əlini ürəyinə aparıb yıxılır...

...Bircə bu səhnənin quruluşunu dəyişə bilmədi. Bircə bu səhnədə “ssenari müəllifinin” yazısını poza bilmədi. Və elə bu səhnəylə də “həyat tamaşasını” qəfildən bitirməli oldu Mehdi Məmmədov... Sevinc və kədərlə, şan-şöhrətlə, eşq macəraları, sevgi və xəyanətlərlə, sirlərlə, müəmmalarla dolu tamaşanı...

 

Bu da tamaşanın son səhnəsi...

İşıqlar sönür, pərdələr qapanır...

Alqış, alqış və alqış...

 

 Bizim Yol.- 2018.- 26 may.- S.15.