Nağılçı
–Yedigeydən manqurt
Əməkdar artist Elşən
Rüstəmovun müsahibəsi.
XX əsrin qüdrətli qələm
sahiblərindən biri
olan Çingiz Aytmatovun (12 dekabr 1928 - 10 iyun 2008) 90 illik yubileyinə töhfə olaraq ötən mövsümün sonunda Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə
səhnəsində Mədəniyyət
və İncəsənət
Universitetinin diplomçusu
İzamə Babayevanın
quruluşunda yazıçının
"Əsrə bərabər
gün" romanının
"Manqurt" hissəsi
üzrə eyniadlı
tamaşa ərsəyə
gəldi.
Bəri başdan deyim ki, bir diplomçu
kimi İzamə xanımın bu işi ən yüksək qiymətə
layiqdir.
Ç.Aytmatovun "Əsrə bərabər gün" romanı keçən əsrin
80-ci ilində işıq
üzü görəndən
bəri müxtəlif
ölkələrin teatr
və kino rejissorlarının maraq dairəsində olan əsərlər arasındakı
yerini qoruyub-saxlamaqdadır. Bizim teatr xadimlərinin növbəti dəfə bu əsərə, konkret olaraq, romanın "Manqurt" hissəsinə müraciəti
fərqli yanaşma-yozumda
özünü göstərdi
və nə yaxşı ki, bu qeydi etməyə
imkan verdi.
Tamaşa gəncliyə
xas maksimalistliklə sosiallaşdırılaraq müasirimiz
olan mütərəqqi
insanın baxış
bucağının rakursunu
açır - Ana-Beyitin
yer üzündən silinməsi ilə nəticələnəcək söküntü-tikinti
işlərinə cavabdehlərdən
biri ilə, başqa sözlə, manqurtla Yedigeyin - tarixə hörmətsizliklə
barışa bilməyən
nümunəvi vətəndaşın
dialoqu, birincinin mobil telefonuna gələn yuxarıdan zəng qarşısında
mütiliyi, tamaşaçıların
əlinə dağıdıcı
alətlər verməsi,
Yedigeyin onları alması, zaldakıları
manqurtlarla eyniləşdirməklə
bu bəlanın miqyasını vurğulamaq
"priyom"ları mövzunun
"qıfılı" üçün
"açar" rolunu
oynayır.
Tarixçə
Çingiz Aytmatovun da vaxtilə bildirdiyi kimi insanın yaddaşını onun təraş edilmiş başına yenicə soyulmuş dəvə dərisi keçirib günlərlə səhrada
saxlamaqla silmək işgəncəsinə "Manas"
dastanında rast gəlinir, daha doğrusu, dastanda bu dəhşətli əməl hədə-qorxu
kimi qeyd olunur. Linqvistlər "manqurt" kəlməsinin
Aytmatov tərəfindən
yerli dialektikaya əsaslanaraq yaradıldığını
istisna etmirlər.
Qədim
türk dilində
"munqul" axmaq, dərrakəsiz mənasını
verir. Müasir qırğız dilində "munju" sözü mövcuddur, yəni əlil, şikəst. Monqol dilində
bu sözün "manquu" formasına rast gəlinir, mənası ağıldankəm
deməkdir. Ola da bilər ki,
"manqurt" leksemi
"man" (buxovlamaq) və
"qurut" (qurudulmuş)
qədim türk kəlmələrinin birləşməsidir.
Bir aktyorun xaqanlığı
Tamaşada Yedigey və Juan-Juan obrazlarını canlandıran
əməkdar artist Elşən
Rüstəmov növbəti
dəfə yaradıcılığı
barəsindəki zənnlər,
təsəvvürlər, təəssüratlar
sarıdan etibarlılıq
güvəninə xilaf
çıxmadı. Növbəti dəfə müşahidə
etdim ki, bu aktyorun hər
bir obrazı, hər bir rolu
ilə fərdi, tet-a-tet ünsiyyət
qurmaq bacarığı,
onunla birgə dünyalarını yaratmaq
istedadı ilğım
xassəli deyilmiş.
Tamaşa boyunca aktyor gah Boris Pasternakın "Yeganə
günlər" nəzm
əsərinin bir misrası və Çingiz Aytmatovun debüt romanının adı ilə eynilik təşkil edən "Əsrə bərabər gün" əsərinin baş qəhrəmanı vəfat
etmiş yaxın dostu, mahalın müdrik şəxsi Qazanqapı dədə-baba
məzarlığında dəfn
etməklə qayğılanan
Yedigey olur, gah da juanjuan.
Həm də hər iki obrazında
aktyorun zahiri və daxili halı Ağ Orda əmiri, Noqay Ordasının banisi Yedigeyi də (1352-1419) andırır,
ilkin monqol dövləti olaraq müasir Monqolustanın və şimali Çinin ərazisində
hunların hakimiyyətinin
sona varması və Türk xaqanlığının iqtidara
çevrilməsi dövrləri
arasında mövcud olmuş Jujan xaqanlığının ("jujan"
sözü assimilyasiyaya
uğrayaraq "juanjuan"
kəlməsinə çevrilib)
nümayəndəsini də.
"Mənim üçün gözlənilməz
təklif idi"
- Elşən, tamaşanın
əvvəlindən sonuna
kimi belə bir sabit təəssüratda
qaldım ki, siz sanki həm
tərəf-müqabillərinizlə birgə tamaşanın içində idiniz, amma həm də
öz "Manqurt"unu
oynayırdınız. Hətta monotamaşa
kimi də təqdim edə bilərdiniz bu əsəri. Belə
təəssüratı doğuran
nə idi?...
- Əslində bu
tamaşada hər kəs öz "Manqurt"unu oynayır. Rejissorla belə
qərara gəlmişdik
ki, hamımız manqurt olaq. Axı doğrudan da hər kəsin içində bir manqurt yatır. Hətta Nayman Ananın da...
- Deməli buna görə zaldakıları da manqurt adlandırırsınız...
- Bəli. Biz buna cəsarət etdik. Çünki dediyim kimi hər
adamın içində
manqurtluq var...
- Hardasa doğru təsəvvürdü - sadəcə,
manqurtluq bəzilərində
laqeydlik, bəzilərində
isə aqressivlik şəklində özünü
büruzə verir.
- Elədi. Həyatımız boyu nələrəsə
biganə, laqeyd qalırıq. Bu da bizim manqurtluğumuzdan
irəli gəlir.
Buna görə təəssüratlarınız təbii ki, doğrudur.
- Mövzu kifayət qədər sosiallaşdırılıb.
Bu əvvəldən belə
nəzərdə tutulmuşdu,
yoxsa məşq prosesinin nəticəsi olaraq baş verdi?
- Yox, nüansları əvvəldən bilmirdik,
proses ərzində belə məqamlar alındı. Rejissor özü səhnə
variantını işləyib,
əlavələr də
ona məxsusdur. Bayaq qeyd etdiyiniz təəssüratlarınızın əsas təkanı tamaşanın bədii rəhbəri Anar Babalının istiqamətinin
sayəsindədi.
- Təbii ki, quruluşçu rejissor, bədii rəhbər vacib amillərdi. Amma hər aktyorun öz roluna fərdi yanaşması olur, daha doğrusu
olmalıdır və
bu elə də tez-tez rast gəlinən peşəkarlıq deyil, təəssüf ki. Hətta deyərdim ki, bu fərdi
yanaşma onun nəinki bu və ya digər
roluna, ümumilikdə
bütün yaradıcılığına
tətbiq etdiyi, sözsüz ki, hər tətbiqin özünün fərqli,
fərdi düsturlarında
ifadə olunmalıdır
və bu tamaşada sizin timsalınızda mən bunu müşahidə etdim. Juan Juanda və Yedigeydə nələri kəşf etdiniz, özünüzdən
nələrisə əlavə
etdinizmi, bu əsərlə bağlı
düşüncələriniz var idimi, özünüzü
bu mövzuda görürdünüzmü?
- Sözün düzü, yox... Mənim üçün gözlənilməz təklif
idi. Əvvəlcə Manqurt rolunu
mənə həvalə
etmişdilər. Mənimçün çətinlik o idi ki, nağılçı-Yedigeydən
manqurta keçid problemsiz alınsın.
Maraqlı idi ki, tamaşaçı bu kəskin keçidi qəbul edəcək, ya yox?... Məsələn,
peşəkar jurnalist
və teatrı bilən tamaşaçı
kimi sizin fikriniz mənimçün
çox maraqlı idi...
- Keçidlər çox üzvi şəkildə baş verir...
- Bunu eşitmək çox xoşdu. Məşqlər zamanı axtarışlarımızın
nəticəsi o oldu ki, Yedigeydə də manqurtluq əlamətləri tapdıq.
Elə əsərin dönə-dönə dünyanın
müxtəlif teatrlarında
tamaşaya qoyulması,
təkcə bizim Pantomim Teatrında iki dəfə qoyulub, onu göstərir
ki, manqurtluq azalmır, əksinə çoxalır, ona görə bu əsər aktuallığını
itirmir. Biz teatr xadimləri təkcə onu edə bilərik
ki, obrazlarımızı
təqdim etmək tərzimizlə bu bəlanın sirayət dairəsini az
da olsa kiçildə
bilək. Tamaşamıza aid bir də
onu deməliyəm ki, yeganə olaraq Nayman Ananı
bu əlamətlərdən
qorumaq istəyirdik ki, bu obraz
simvolik Ana obrazının
yüksəkliyindən enməsin.
"ORT"-yə
"yox" deməyinin
səbəbi...
- Musiqi yaradıcılığınızda bu əsərin təsiri ilə nəsə ərsəyə
gəlməyibmi, və
ya gələ bilərmi?
- Yox, musiqi yaradıcılığıma
"Manqurt"un heç bir təsiri olmayacaq. Ümumiyyətlə isə gitara
çalğısı ilə
daha sistemli məşğul olmağı
düşünürəm.
Elşən Rüstəmovun teatr
sevgisi bu yaxınlarda Rusiyanın Birinci kanalının yeni kinolayihəsi olaraq çəkilişlərinə
başlanılan "Maqomayev"
səkkiz seriyalı bədii filmdə iştirakdan imtina etməsinə də səbəb olub - Azərbaycanın və
SSRİ-nin xalq artisti Müslüm Maqomayevin (1942-2008) yaxın
qohumlarından biri roluna təsdiq edilsə də, çəkiliş günləri
Bakı teatralları ilə görüş günləri ilə eyni vaxta təsadüf
etdiyindən kinolayihədə
iştirakı alınmayıb.
Amma necə deyərlər, xeyirlisi, və ya nə
baş verirsə, yaxşılığa doğrudur...
Bizim yol.- 2018.-2 noyabr.- S.15.