"Qadının
ecazkarlığını qorumaq
üçün hicab bir vasitədir..."
Moderator.az Şərqşünas-alim, akademik Vasim Məmmədəliyevin Aznews.az-a müsahibəsini təqdim edir:
– Vasim müəllim,
Ziya Bünyadov və siz Quranı tərcümə etmisiniz. Mətbuatda
tərcüməni tez-tez tənqid edirlər. Deyirlər, xeyli
nöqsanlar var. Adamlar çaş-baş qalır. Elələri
də var ki, tərcüməçinin öz fikirlərini
Allahın sözü kimi qəbul edir.
– Mən Quranın tərcüməsi haqqında ön söz yazmışam. İddia etmirəm ki, tərcümə tam şəkildə nöqsansızdır. Məni öldürməyəcəksiniz ki...
– Yenidən tərcüməyə
ehtiyac varmı?
– Yenidən tərcümə yox, amma düzəlişlərə ehtiyac var. Quran Allahu-təalanın ərəb dilində yaratdığı möcüzədir, Allahın ən gözəl kəlamıdır, adi əsər deyil. Quran sən tərəfdən, mən tərəfdən düzəldilməyib. Heç peyğəmbər tərəfindən də yazılmayıb. Sadəcə, Allahu-təala vəhy yolu ilə peyğəmbərə nəyi bildiribsə, həmin şeylər Quranda öz əksini tapıb. Elə adamlar olub ki, dini qəbul etmək istəməyiblər. Ancaq onlar Quran ayələri nazil olanda peyğəmbərin yanında olublar və qəbul ediblər. Şairlər vardı ki, Qurandan sonra şeirlərini oxumağa utanırdılar.
– Quranda belə bir yer var. Məsələn,
Məsəd surəsində deyir ki, Əbu Ləhəbin əlləri
qurusun, qurudu da. Qiyamət günü ona nə
mal-dövləti fayda verəcək, nə də
qazandığı. O, alovlu atəşlər görəcəkdir.
Onun odun daşıyan övrəti də həmçinin. Onun
boğazında xurma lifindən hörülmüş ip
olacaqdır.
– Bəli, var.
– Tutalım, mənim
övladım bu surəni oxuyur. Soruşmaz ki, ata, Əbu Ləhəb
kimdir? Niyə onun haqqında belə surə gəlib? Niyə
orada belə şeylər yazılıb? Amma VII əsr
insanı bilirdi ki, Əbu Ləhəb kimdir və peyğəmbərə
hansı zülmləri verib. Bəs günümüzün
insanlarına bunu necə bilsinlər?
– Quranda şərhlər var. Tərcümənin özündə mötərizələrdə izahlar var, kitabın arxasında qeydlər var...
– Vallah, mən Quranı bir neçə dəfə oxumuşam, amma aydın olmayıb ki, Əbu Ləhəb kimdir... Siz deyin, o, kimdir?
– Əbu Ləhəb peyğəmbərin əmisidir. Peyğəmbərin ən doğma əmisi Əbu Talibdir. Yəni Əbu Taliblə Abdullah atadan da birdilər, anadan da. Qalan qardaşlar ögeydir, atadan birdilər, anadan ayrı.
– Bəs niyə
Əbu Ləhəbə Quranda qarğış olunur?
– Çünki o, peyğəmbəri təhqir edirdi...
– Necə təhqir?
– Peyğəmbər namaz qılanda onun arxasına cürbəcür şeylər qoyurdu. Dəvənin içalatını qoyurdular, qarnını qoyurdular. Dəvənin filan-filan yerlərini kəsib peyğəmbərin arxasına qoyurdular. Qəsdən peyğəmbərə sataşırdılar.
– Niyə
sataşırdılar, nə istəyirdilər?
– Peyğəmbər dini əvvəllər öz qohumları arasında təbliğ edirdi. O, Həzrəti Əliyə deyib ki, bir ziyafət düzəlt, qohumlarımı çağıracağam. Quranda da belə bir ayə gəlib ki, sən birinci ən yaxın qohumlarını xəbərdar et, onlara öyrət, sonra başqasına giriş. Ziyafətdə yaxşı çörək yeyəndən sonra peyğəmbər qalxıb deyib ki, mən yeni dinlə gəlmişəm... Bunu eşidən kimi Əbu Ləhəb qalxıb ayağa ki, buna görə bizi yeməyə çağırmısan? Nə din, nə filan. Bizim babalarımızın dini var. Hətta peyğəmbərə deyib ki, sənə ar olsun. Bu dinə ar olsun, bu din məhv olsun... Peyğəmbər bundan sonra deyib ki, Əbu Ləhəbin əlləri qurusun, qurudu da...
– Doğrudan,
qurudu onun əlləri?
– Hə...
– Əl necə
quruyur ki?
– Əbu Ləhəb tualetdə oturduğu yerdə əlləri quruyub, eləcə qalıb yerdə. Sən Allahın dininə qarşı gedəndə, ağzına gələni deyəndə Allah da səni bu günə qoyacaq, bilmirdinmi? Əmisinin əlləri Peyğəmbərın öz duası ilə qurudu.
– Vasim müəllim,
XXI əsrdə yaşayırıq. Hər gün dünya
yenilənir, inkişaf edir, bir addım da qabağa atır.
Sizin fikrinizcə, dünyanın sürətlə dəyişdiyi
belə bir vaxtda İslam dininin qayda-qanunları ilə
insanın rahat yaşaması mümkündürmü?
– Əlbəttə, mümkündür... İslam nə deyir ki? Deyir, namuslu ol, şərəfli ol, düzgün ol, öz əməyinlə dolan, başqasının qazancına göz dikmə, oğruluq etmə, əyrilik etmə, cəmiyyətə xeyirli bir insan ol...
– Axı islam daş-qalaq da deyir...
– Bir dəqiqə...
İslam deyir, cəmiyyətdə qoyulmuş müəyyən
qayda-qanunlarla yaşa, Allaha inan, bütlərə inanma...
Bütlər kimdir, cansız bir varlıqdır. İnsan
bütdən min dəfə, qat-qat yüksəkdə
dayanır. Çünki Allahu-təala insana ağıl verib,
şüur verib, nitq verib, düşünmək verib.
Allahın ən kamil əsəri insandır.
– Bəs mələklər?
– Yeri gələndə
insan mələkdən də üstündür.
– Nə üçün?
–
Çünki mələkdə nəfs yoxdu. Mələk ancaq
Allaha ibadət üçün yaradılıb. Ancaq Allah adama
həm nəfs verib, həm də ruh verib. Xoş o insanın
halına ki, nəfsi onun ruhuna qələbə çala
bilmir. Əksinə, ruh nəfs üzərində qələbə
çalıb onu özünə tabe edir.
– Niyə daş-qalaqdan
danışmırsınız? Bir dinin adı əmin-amanlıq
deməkdirsə, insanı öldür sözünü necə
deyir?
– Müəyyən
cinayət işləri görəndə onun cəzası da
olmalıdır. Bu da cəzanın bir növüdür.
Əvvəl zina məsələsində daş-qalaq yox idi,
qırmanc vardı. Sonra peğəmbərin hədisi ilə
daş-qalaq gəldi. Məsələn, biri oğurluq edib, onun
əli kəsilməlidir də... İkinci dəfə
oğurluq edəndə o biri əlini kəsirlər,
özü də bir az yuxarıdan. Bu cəza növləri ərəblərdə
əvvəldən də olub. Oğurluq edən, camaata mane
olan, yol kəsən cəzalanmalıdır. Göz
çıxaranın gözü çıxmalıdır, əl
kəsənin əli kəsilməlidir. Bunlar olmalıdır.
Olmasa cəmiyyəti idarə eləmək olmaz ki...
Özü də bu qanunlar Quranda hökm kimi qoyulub.
– Azərbaycanın dini dövlət
olmağını istərdinizmi?
– Yox, istəməzdim.
– Niyə?
– Azərbaycanı
elə bu cür istəyərdim. Dünyəvi dövlət olsun,
din də dövlətdən ayrı olsun. Azərbaycan sivil bir
dövlətdir. Özünün konstitusiyası, qayda-qanunu
var. Amma dini prinsipləri də həmişə uca tutur.
Dünyəvi dövləti gətirib birdən-birə dini
dövlət etmək nə dərəcədə məqsədəuyğundur?
Dövlətimiz çox yaxşı dövlətdir.
– Sizcə, Quranı, İslamı
müasirləşdirib bu günlə uyğunlaşdırmaq
olarmı?
– Biz
Quranı müasirləşdirə bilmərik, biz tətbiqi-nöqteyi
nəzərdən nəsə edə bilərik. Quran Allah kəlamıdır.
İslam səmavi dinlərin sonuncusudur. Biz onu nə dəyişə
bilərik, nə əlavə edə bilərik, nə də
ordan bir şey götürə bilərik... Quran peyğəmbərin
sağlığında ağac qabıqlarına, dəriyə,
sümüyə yazılıb. Allahu-təala nə
lazımdırsa Quranda deyib, onu dəyişdirmək olmaz.
– Əvvəl qiblə Qüds
olub...
– Bəli,
elədir.
– Bəs sonra niyə Kəbə
oldu?
–
Çünki yəhudilər peyğəmbərə söz
atırdılar ki, bu necə dindir ki, özünün qibləsi
yoxdur. Deyirdilər, İslam yoxdur, bu, əslində, bizim
dinimizdir, necə ki, qiblələri də bizim qiblədir.
Peyğəmbər həmişə dua edirdi ki, ay Allah, mənə
qiblə ver, öz qibləm olsun. Peyğəmbərin
duası qəbul olundu, zöhr namazı vaxtı, elə
namazın yarısında qiblə dəyişdi.
– Bəs yeni yaranan bir dinin niyə əvvəldən
öz qibləsi olmasın ki? İslam dini yəhudilərin
qibləsini necə qəbul edirdi?
– Yox, bu,
heç də o demək deyil ki, İslam yəhudlilik dinidir.
Allahu-təala məsləhət bildi ki, əvvəl Qüds,
sonra Kəbə olsun. Həmişə peyğəmbər
deyirdi ki, mənə babam İbrahimin qibləsini ver. Allah
axırda peyğəmbərin sözünü eşitdi. Kəbə
dünya üzərində ilk ibadədgahdır. Onu Həzrəti
Adəm tikib. Sonra onu Nuh peyğəmbər bərpa edib. Hətta
deyirlər, Kəbənin bir misli də göydə var. Yəni
yerdə nə cür varsa eləcə də göydə var.
– Göydə Kəbə nəyə
lazımdır ki?
–
Allahın əmri ilə mələklər də orada ibadət
edirlər.
– Sizcə, o dünya, ölümdən
sonrakı həyat, cənnət-cəhənnəm yalnız
insanlara aiddir, yoxsa digər canlılar da öləndən
sonra o dünyaya düşür? Məsələn, toyda
başı kəsilən dana da, qurbanlıq qoyun da, ovçu
gülləsinə tuş gələn ceyran da cənnətə,
yaxud cəhənnəmə gedir?
– Vallah,
bu barədə düşünməyin elə bir əhəmiyyəti
yoxdur. Çünki heyvanda ağıl-şüur yoxdur. Cənnət-cəhənnəm
əsasən insanlar üçündür.
– Quranda konkret bu məsələ ilə
bağlı nəsə varmı?
– Yox, mənə
rast gəlməyib. İnsanlar əməllərinə görə
cənnətə gedir. Heyvan şüursuz şeydir. Amma Allah
insana ağıl verib, ona görə də insandan ağıl
tələb edir. Əməllərinə görə onu ya cənnətlik
edir, ya da cəhənnəmlik.
– Axı alimlər kəşf ediblər
ki, heyvanların da şüuru mövcuddur. Hətta bəzi
din alimləri də təsdiq edir ki, heyvanlarda da bizim təsəvvür
etmədiyimiz məsuliyyət hissi var.
–
Doğrudur. Amma heyvan heyvandır. Heyvan üçün müəyyən
bir şeyi keçərlər, amma insan üçün
keçməzlər. Çünki Allaha insana şüur,
ağıl, zəka verib.
– Vasim müəllim,
"qılınc müsəlmanı" ifadəsi nə deməkdir?
– Bu,
boş sözdür. Məşhur şərqşünas Olyar
var, o da deyir, bu ifadə mənasız şeydir. İslamda
heç vaxt zor olmayıb. Təklif olub ki, gəl bu dinə. Gəlmirsən,
onda cizyə, yəni dövlət səni, sənin
azadlığını, canını, mal-dövlətini,
şəxsiyyətini qoruduğuna görə can vergisi ver. O
adamlar ki, nə vergi verib, nə İslamı qəbul edib, əksinə
islama qarşı mübarizəyə başlayıblar, bəli,
onlara qarşı böyük bir ordu vuruşub. Bu da təbiidir,
başqa necə olmalıdır ki?
– Bəziləri yazır ki, VII əsrdə
qılıncla insanları kütləvi şəkildə
sünnət edirdilər... Ona görə qılınc müsəlman
deyirlər.
– Ola bilər,
deyirlər. Amma bu ifadəni İslamı nüfuzdan salmaq
üçün istifadə edirlər. Yaxşı söz
deyil.
– Qamət Süleymanov müsahibəsində
atesitləri heyvanlarla müqayisə edib. Bu barədə siz nə
düşünürsünüz?
– Bunu deyənlər
Allahı yuxarı görənlər, əziz tutanlardır. Yəni
atesitlər nə qədər şüursuzdur ki,
dünyanı, kainatı idarə edən vahid bir qüvvənin
olduğuna inanmırlar. Ola bilər atesitlərlə heyvanlarla
məcazi mənada müqayisə olunub. Ancaq atesitlər də
insandır. Atesit Allahı qəbul etmir, etməsin, vaxtı gələndə
Allah onun cəzasını verəcək.
– Ümumiyyətlə, dinsiz
yaşamaq olmazmı?
– Ateizim
özü də bir dindir. Dinsizlik özü də dindir.
– Siz özünüz
inanırsınız ki, Allah atesitlərin cəzasını
verəcək?
– Vallah, mən
Allahın yerinə hakimlik eləyə bilmərəm. Bəlkə
Allah onları bağışlayacaq. Mən Sovet dövründə
adamlar tanıyırdım ki, gündüzlər atezimindən
mühazirə oxuyurdu, axşamlar da Allaha yalvarırdı ki,
keç günahımdan. Beləsini yəqin Allah
bağışlayar. Eləsi də var özü inanmır,
başqalarını da inanmamağa məcbur edir, artıq
onların işi Allaha qalıb.
– Məsələn, Nitşe, Freyd,
Kant atesit olub. İndi onlar cəhənnəmdədir?
–
Nitşe də, Freyd də, Kant da böyük adamlardır. Mən
onların işinə qarışa bilmərəm. Onlar nəhəng
şəxsiyyətlərdir, atesit olublar, öz işləridir.
Hər halda onlar yəqin ki, belə şeyləri bizdən
yaxşı biliblər. Qiyamət vaxtı Allah özü biləcək
onları nə etsin. Amma mömin adamın cənnəti var,
lap ibadəti az olub, amma imanlı adamı Allah öz dərgahına
yaxınlaşdırır, öz mərhəmətini ondan əsirgəmir.
– Vasim müəllim, Quranda
yazılıb ki, Allahdan qorx... Mən niyə Allahdan qorxum?
– Bəli,
insanlarda Allah qorxusu olmalıdır. Biz hansısa bir işi
görəndə birinci gözümüzün qabağına
polis gəlir, yoxsa Allah gəlir? Fikirləşirik ki, görəsən,
bu iş Allaha xoş gedər, yoxsa getməz? Quranda
öldür sözü yoxdu. Birinci var ki, insanlar başa sal.
– Başa düşməyəni isə
ölüdürmək lazımdır, eləmi?
– Yox, niyə
öldürmək? Ona yaxşı öyüd-nəsihət
vermək var.
– Öyüd-nəsihətdən də
bir şey götürmədisə, öldürmək, hə?
– Sən
niyə bayaqdan daş-qalaqdan yapışmısan? O, binamus
işlər görənlər üçündür.
– Binamus işlər görənlər
ölməlidir?
–
İslam dininin yaxşı cəhətləri var. Bir
daş-qalaq məsələsinə görə bu dini heç
etmək olmaz ki... Fransada baltayla baş kəsirlər. Adam
öldürmək orada da var. Elektrik cərəyanına verirlər,
zəhər verirlər. O qədər ölüm növləri
var ki... Guya insanlar Allahın bütün dediklərini edirlər?
Allahın dediklərinə əməl etsəydilər, nə
öldürülən olardı, nə asılan, nə də
daş-qalaq olunan... Sən kimisə öldürmüsənsə
aparıb sənə beş il iş verəcəklər. Sən
də yatıb çıxacaqsan, vəssalam?
Öldürmüsənsə gərək öləsən.
Quranda da hökm var ki, nə etmisənsə onun
qarşılığını almalısan.
– Niyə dünyada inkişaf
etmiş bir İslam ölkəsi yoxdu?
– Niyə
yoxdur ki...
– Məsələn...
– Azərbaycan.
– Axı Azərbaycan İslam
ölkəsi deyil.
– Nə
olsun, dinimiz ki İslamdır.
– Din deyir ki, qadınlar qara
çarşaba bürünsün...
– Quranda
var ki, qadının sifəti görünə bilər, bir də
əlləri biləkdən aşağı görünə
bilər. Qadının boynu, boğazı, göbəyinə
qədər açıq olmaz. Bəzi alimlər deyir ki,
ayağın üstü də görünməlidir.
Qadının üzü və əli görünməlidir
ki, tanıyasan. Bəlkə elə gələn
bacındır?
– Hicab olmasa nə olar?
– Vallah,
dinin hökmüdür, camaat da örtür. Mənə deyərələr
ki, sən kimsən dinin adından danışırsan? Hicab
dində var. Peyğəmbər o vaxt birinci öz arvadına
deyib ki, qadınlar örtülsün.
– Niyə örtülsün?
Əsas məqsəd nə olub?
– Cariyələr
açıq-saçıq gəzəndə kişilər
onlara staşırdılar. Peyğəmbər dedi ki,
arvadın cariyədən fərqlənməsi
üçün hicab olmalıdır. Amma cariyələrin
çoxu elə o vaxtdan açıq gəzirdilər,
kişilər də sataşırdı... Qadının
ecazkarlığını, gözəlliyini qorumaq
üçün hicab bir vasitədir.
– Dünyada ilk insan Adəm və Həvva
olub. Bunların izdivacından iki uşaq yaranıb, qız və
oğlan. Dörd nəfər oldular. Bəs sonra insanlar necə
çoxaldı? Ata öz qızı ilə, ana da oğlu ilə?
– Bu məsələ
haqqında müxtəlif rəvayətlər var. Birinci budur
ki, Həvva doğanda iki-iki doğurmuş, bir oğlan, bir də
qız. Birinci qarında olan oğlan, ikinci qarında olan
qızla evlənirmiş.
– Axı elm deyir, belə bir şey
mümkün deyil...
– Deyirlər,
o dövrün şəriətilə mümkünmüş.
Bəziləri də deyir ki, insanlarla cinlərin
qarışığından yaranıblar. Yəni insan cinlərlə
evləniblər. Beləcə bəşəriyyət
çoxalıb.
– İnsanla cin necə evlənə
bilər ki?
– Axı
cinlər istədikləri qiyafəyə girə bilirlər.
– Vasim müəllim, siz həmişə
Allahdan, dindən, Qurandan, sufizimdən, ilahi eşqdən,
Füzulidən danışırsınız... Amma həm də
Vüqar Əhmədin yaradıcılığını tərifləyirsiniz.
Bunu necə anlayaq? Adam həm ondan, həm bundan necə
danışa bilir?
– Mən
Füzulilə Vüqar Əhmədi müqayisə edirəm?
Ümumiyyətlə, Füzuli ilə müqayisə
olunası adam var? Vüqar bütövlükdə pis şair
deyil, özü üçün yazır. Gəncdir, öz
üzərində işləyir. Nəğməkar
şairdir, onun şeirlərinə nə qədər
mahnılar bəstələnib.
– Sizcə, heç kimin
könlünü qırmamaq, xətrinə dəyməmək
üçün pisə də yaxşı demək,
yaxşıya da yaxşı demək necə bir əməldir?
–
Ümumiyyətlə, mən insanları incitməyi sevmirəm.
Mən ona nəsə dedim, ya demədim, bəs öz
ağlına nə gəlib? Gedib özü fikirləşsin
ki, o, nəyə layiqdir, nəyə layiq deyil.
Bizim yol.- 2018.- 14 noyabr.- S.13.