"Hicran"ın
sirri 30 il
sonra açıldı
Novruz Qartal: "Nəsibə
xanım Siyavuş və Hacıbabadan buna görə
incimişdi"
Bu dəfə sizə sevilən və
tamaşaçılar tərəfindən bu gün də
böyük həvəslə izlənilən "Hicran"
tamaşasının pərdəarxası məqamlarından
danışacağıq. Müsahibimiz tamaşada Balami rolunu oynayan
əməkdar artist Novruz
Qartaldır.
- Novruz müəllim, "Hicran"
tamaşası necə
yarandı?
- Bu tamaşa Sabit Rəhmanın Musiqili Teatrda səhnələşdirilən
sayca ikinci əsəridir. Birinci əsəri "Ulduz" komediyasıdır
ki, hətta onun filmi də
çəkilib. Sabit Rəhman
"Hicran" əsərini
yarımçıq yazmışdı.
Tamaşa üçün nəzərdə tutulan əsərin iki pərdəsi hazır idi, üçüncü
pərdəsi yarımçıq
idi. Əsərin
3-cü hissəsini teatrın
o vaxtkı
direktoru və bədii rəhbəri Şəmsi Bədəlbəyli
hazırladı. Bununla da
əsər səhnələşdirilərək
tamaşaya qoyuldu.
Rolları xalq artistləri Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Siyavuş Aslan, Hacıbaba Bağırov, Şəfiqə
Qasımova, Nəcibə
Behbudova, Məmmədsadıq
Nuriyev və s. kimi aktyorlar oynayırdı. Bu tamaşa həmişə
anşlaqla keçirdi,
hətta 2 günə
biletlər qurtarırdı.
Lütfəli Abdullayev Hacıbaba
Bağırovla Mitoş
roluna dublyor idi. Mən də Məmmədsadıq
Nuriyevlə Balami rolunu paylaşırdım.
Tamaşanı ən çox
birinci heyət oynayırdı. Təkcə Nəsibə
Zeynalovanın dublyoru yox idi. O oldu tamaşa gedəcəkdi, olmasaydı
yox. Bilirsiniz ki, Nəsibə xanımı heç kim əvəz
edə bilməzdi, çünki onda olan improvizə heç kimdə yox idi.
- Qızbacı obrazını Nəsibə
xanımdan başqa heç kim
oynamamışdı?
- Nəsibə xanım xəstələnib, Moskvaya
müalicəyə gedəndə
tamaşa Siyavuş Aslan və Hacıbaba
Bağırovun iştirakı
ilə oynanıldı,
Qızbacı rolunu isə başqa bir aktrisa ifa
etdi. O boyda anşlaq olan tamaşaya yarım zal adam
gəlmədi. Hətta
Siyavuş Hacıbabaya
dedi ki, "gördün, bu tamaşaya daha çox Nəsibə xanıma görə gəlirlər. Biz ikimiz zalın yarısını doldura bilmədik". Nəsibə xanım gəlib hirsləndi ki, siz niyə Qızbacı
rolunun digər bir aktrisa tərəfindən
oynanılmasına razı
oldunuz, mən ölmüşdüm bəyəm?
Nəsibə xanım küsdü,
tamaşa bir müddət oynanılmadı.
- Nəsibə xanım daha sonra kimin
təkidi və xahişi ilə bu tamaşanı oynadı?
- Allah rəhmət etsin, Ələkbər Kazımovskiyə.
Teatra gəlib dedi ki, mən
həmin tamaşanı
çəkəcəyəm. Şəmsi Bədəlbəyli
dedi ki, tamaşa iki ildir oynanılmır, aktyorların sözləri
yaddan çıxıb.
Ələkbər Kazımovskinin təkidindən
sonra məşq təyin olundu. Məşqə yığışdılar,
heç kim
söz bilmir, aləm qarışıb bir-birinə. Siyavuş Hacıbaba ilə,
Hacıbaba da Nəsibə xanımla danışmır. Küsülü olsalar da məşq
zamanı mətni oxuyurdular. Şəmsi müəllim əsəbləşib
getdi ki, mən belə tamaşa qoymamışam.
Çünki hər kəs
improvizə edirdi, əsərdə olmayan sözləri deyirdi.
Tamaşanın efirə gedən
variantını tam improvizə
ilə oynadıq.
- Tamaşada 3 nəhəng
sənətkarın bir-biri
ilə küsülü
olmasının əsas
səbəbi nə idi?
- Götürək elə mənim özümü...
Mənə sənət yoldaşlarımdan
kimsə laqeyd münasibət göstərsə,
onlardan küsə də bilərəm, inciyə də. O vaxt teatrda bir
üçlük var idi: "Nəsibə xanım, Bəşir Səfəroğlu və Lütfəli Abdullayev".
Bu üçlükdən təkcə Nəsibə xanım həyatda idi. Nəsibə xanım Siyavuş
Aslan və Hacıbaba Bağırovu yanına götürərək
bu üçlüyü
yenidən yaratdı.
Bu üçlük "Hicran" tamaşası ilə bütün Azərbaycanda məşhur
oldu. Onlar Nəsibə xanıma
təşəkkür etməli
idilər. Bir yeri ağrıyanda getməli idilər, maraqlanmalı idilər. Buna görə Nəsibə xanım onların hər ikisindən incimişdi. Nəsibə xanımın inciməyinin
bir səbəbi də xəstə olarkən Qızbacı rolunun digər bir aktrisa tərəfindən
ifa edilməsi idi. Bundan başqa Nəsibə
xanımın həyat
yoldaşı dünyasını
dəyişəndə Hacıbaba
ora getməmişdi, Nəsibə xanım bundan da incimişdi.
- Bəs tamaşanın digər iki qəhrəmanı - Siyavuş Aslanla Hacıbaba Bağırov nə üstündə bir-birindən küsmüşdü?
- Siyavuş Aslan
deyirdi ki, mən teatrın direktoru olum, sən bədii rəhbəri, Hacıbaba Bağırov da əksinə deyirdi. Elə oldu
ki, bir müddət
sonra Hacıbaba Bağırov direktor oldu, Siyavuş Aslan bədii rəhbər. Siyavuş küsüb
Akademik Milli Dram Teatrına getdi.
- Sənətkarlar
bu tamaşadan sonra neçə il küsülü
qaldılar?
- Nəsibə xanımın
75 illik yubileyində hər ikisi gəlib, "Hicran" tamaşasından qısa bir səhnəcik göstərdi. Burada barışdılar, amma o demək deyil ki, onlar
tam barışmışdılar.
- Tamaşada improvizə daha çox hansı səhnələrdə idi?
- Orada bir yer
var Hacıbaba Bağırov Nəsibə
xanıma deyir ki, "Qızbacı, siz bizə yardım
əlinizi uzada bilərsinizmi?" Nəsibə xanım Siyavuşdan soruşur ki, "Adə, Yardıməli kimdir?" Siyavuş deyir ki,
"sən başa düşməzsən, bu,
mədəni dildə
danışır". Nəsibə
xanım əlini uzatdı ki, "ala".
Ala deyəndə Siyavuşu gülmək tutdu (gülür). Nəsibə
xanım o dəqiqə
sözü fırlatdı
ki, "adə, bu mədəni dildə danışır,
sən də bunu mənə demirsən". Bu tamaşa elə bununla da bitdi,
bir daha oynanılmadı.
- Səhv etmirəmsə, bu tamaşa illər sonra başqa bir aktyor kollektivinin
ifasında oynanıldı.
Həmin
tamaşanın uğuru
haqda nə deyə bilərsiniz?
- Hacı Zeynalabdin
Tağıyev adına binamız
söküləndə biz 26-larda Lütfü Məmmədbəyovun
xalq teatrına köçdük. "Hican" əsəri orada tamaşaya qoyuldu. Bu tamaşada rolları artıq Afaq Bəşirqızı,
Ələkbər Əliyev
və s. aktyorlar ifa edirdilər. Biz də o zaman
Hacıbaba Bağırovun
Tənqid və Təbliğ teatrında idik. Siyavuş Aslan da teatrın bədii rəhbəri idi. Öz-özümə dedim ki, gedib baxacam görüm
bu "Hicran" necədir? Gəldim teatra, Siyavuş
Aslanla lojaya çıxıb, tamaşaya
baxdıq. Dedim ki, "ay Siyavuş, bu "Hicran"dır?". Səhnədə, sanki, tamam başqa bir əsər qoyulmuşdu.
Tamaşada fasilə vaxtı
aşağı düşəndə
bütün millət
töküldü üstümüzə.
İnanın Allaha tamaşaçılar
bizi öldürürdülər
ki, Nəsibə xanım sağ, Hacıbaba sağ, siz sağsız, bəs nə səbəbə bu tamaşanı oynamırsınız?
- Tamaşada Balami rolunu oynamısınız. Siz o vaxtlar gənc
bir aktyor idiniz. Nəhəng aktyorların sizə
qarşı münasibəti
necə idi?
- Hamı mənə xoş münasibət göstərirdi. Nəsibə xanımla münasibətim daha gözəl idi. Ümumiyyətlə, Nəsibə xanım bəlkə də yeganə aktrisalardan biri idi ki, gənclərin teatra gəlməsinə sevinirdi. Siz bilirsiniz ki, Nəsibə xanım mənə tamaşada qalstuk satırdı. Qalstuku gətirib taxdı boğazıma, boş qalmayım deyə qalstuku əlimdə oynatdım ki, görüm nə deyəcək? O dəqiqə dönüb dedi ki, adə neynirsən, kisə çəkirsən? (gülür). Nəsibə xanımın heç vaxt nöqtəsi, vergülü olmayıb. İmprovizə elə bir şeydir ki, sən onu o dəqiqə tutmalısan, tutmadınsa, o gedəcək, sən qalacaqsan.
Bizim yol.- 2018.- 16 noyabr.- S.15.