“3 nəhəng aktyor hələm-hələm ələ düşmür

 

"Hicran"ın Orxanı: "Kənddən gəlmişdim, sevinirdim ki, məni televizorda göstərəcəklər"

 

Əməkdar artist Bəhram Əliyevin Milli.Az-a müsahibəsi.

 

- Bəhram müəllim, uzun illər Musiqili Teatrda, Opera Balet teatrında çalışmısınız. Teatrı tərk etməyinizə səbəb oldu?

- Uzun müddətdir ki, mən artıq səhnədən sənətdən uzaqlaşmışam. Çünki ürəyimdən əməliyyat olundum, həkimlər dedilər ki, sənə həyəcan, stress olmaz. Səhnə elə bir şeydir ki, sən istəsən , istəməsən bunları yaşayırsan. Ona görə teatrı tərk etdim. Amma teatrın repertuarında olan bir çox tamaşalarda əsas rolları oynamışam.

- Sizi tamaşaçılar "Hicran" tamaşasındakı  Orxan rolu ilə daha yaxından tanıdılar. Bu obraza sizi necə dəvət gəlmişdi?

- Məndən əvvəl bu tamaşa bir neçə dəfə oynanılmışdı. Mən teatra gələndə gördülər ki, yaraşıqlı, cavan bir oğlanam. Dedilər ki, gəlin Orxan rolunu bu oğlana həvalə edək. Elə oldu ki, teatrdakı bədii şura da məni bu rola təsdiqlədi. Çünki o vaxt hər yoldan keçəni teatra götürmürdülər. Bu obrazı mənə həvalə edəndə həqiqətən sevincimin həddi-hüdudu yox idi.

- Tamaşada rolları nəhəng sənətkarlar oynayırdı. Tamaşa vaxtı həyəcan keçirmirdiniz ki?

- Həqiqətən bu rolu oynamaq həm böyük məsuliyyət idi, həm sevinc. Öz-özümə deyirdim ki, görəsən necə olacaq? Birdən replikanı yerində vermərəm, mahnını yaxşı oxumaram. 3 tamaşa oynayandan sonra Şəmsi Bədəlbəyli gəlib dedi ki, bu əsl qızıl fondluq tamaşadır. Çünki 3 nəhəng aktyor hələm-hələm tamaşada ələ düşmür.

- Teatrda Orxan rolundan başqa da rol oynamışdınız?

- Əlbəttə, mən teatrda 20-yə yaxın obraz oynamışam. Sadəcə olaraq o vaxt televiziya bir dənə idi, vaxt yox idi ki, hər tamaşamızı çəksin. "Hicran" tamaşasının sevilməyinin bir səbəbi efirdə göstərilməsi idi. Mən Nəsibə xanımla birgə "Qaynana" tamaşasında da Ayaz rolunu oynamışam. Mənim dostum İlqarı da Nəsibə xanımın öz oğlu Cahangir Novruzov oynayırdı.

- O illəri bu gün necə xatırlayırsınız?

- O illəri mən xatırlayanda ürək ağrısı çəkirəm. O illər mənim həyatıma qızıl hərflərlə yazılmış illərdir. Mən rayondan gəlmişdim, cavan bir oğlan idim. Sevinirdim ki, məni televizorda göstərəcəklər, məşhur olacağam.

- Gününüz necə keçir?

- Günüm evdə ailəmlə, nəvələrimlə birgə keçir. Oğluma tamaşadakı Orxan adını vermişəm. Bəzən Novruz Qartalla görüşürəm, o illəri xatırlayırıq.

 

Bizim Yol.- 2018.- 17 noyabr.- S.15.