Sabir Rüstəmxanlı Meydan
Hərəkatından
danışdı
"Millətin o ruhunu qaytarmaq indi
təəssüf ki, çətindir"
Bu il Meydan Hərəkatının
– noyabrın 17-də ovaxtkı Lenin meydanında
başlanıb dekabrın 5-də ordu gücünə
dağıdılan hərəkatın 30 ili tamam olur. “Azadlıq”
radiosu o günlərdə
meydanda vaxtaşırı
çıxış edənlərdən biri,
şair, yazıçı, Milli Həmrəylik Partiyasının sədri
Sabir Rüstəmxanlıdan müsahibə
alıb.
– O elə günlərdir ki, heç vaxt unudulmaz. 18 gün təxminən bir milyon, milyon yarım insanın toplandığı meydanı idarə edənlərdən biri olmuşam. İki nəfər idik: Nemət Pənahlı və mən. İlk günlərdə Məhəmməd Hatəmı də olub. Sonra o aralanıb gəlməyıb. 1988-ci ilin fevralından başlayaraq ardıcıl mitinqlər keçirilirdi. Millətin o ruhunu qaytarmaq indi təəssüf ki, çətindir. Amma o vaxt millət yüksək əhval-ruhiyyədə idi, mübariz idi, öz torpaqlarını azad etmək əzmində idi, bir ildə millət yüzillik yol keçmişdi. Millətimizlə, onun tarixi ilə bağlı dilə gətirilməyən, gizlin həqiqətlərdən açıq-aşkar danışılırdı. Bir sözlə, o günlər həyatımızda əfsanəyə çevrilmiş hadisələr baş verirdi. Dövlətimizin bugünkü atributları həmin günlərdə yada düşdü. İlk dəfə Türkiyədən, Güney Azərbaycandan, Qazaxıstandan qonaqlar gəlib mitinqdə çıxış etdilər. Türklük şüurunun yüksəliş dövrü idi. Bütöv Azərbaycan ideyası ortaya çıxmışdı. İlk dəfə üçrəngli bayraq orda qaldırıldı. Azərbaycanın sonrakı taleyinə işıq salan, taleyini müəyyənləşdirən günlərdən idi.
– Mitinqin
təşkilatçıları kimlər idi?
Haradan başlamışdı?
– Fevraldan başlamışdı. Orda tələbələr də vardı, fəhlələr də. Ermənistanda baş verənlər, erməni silahlılarının Qarabağdakı çıxışları, (Sovet İttifaqının sonuncu lideri Mixail) Qorbaçovun ermənilərə verdiyi vədlər çox böyük narazılıq yaratmışdı. Gizli dərnəklər, təşkilatlar güclü deyildi. Amma universitet tələbələri və tələbə təşkilatları ciddi rol oynadı. Eyni zamanda, bizim «Varlıq» Birliyi vardı, orda sonradan hərəkata liderlik edən insanlar toplaşmışdı. Onlar da müəyyən təşəbbüslə çıxış etmişdi. Universitetlərdə, kitabxanalarda, zavodlarda kitab müzakirələri gedirdi, o müzakirələr 500-1000 nəfərlik mitinqə çevrilirdi az qala. Elə suallar verirdilər, divarlar silkələnirdi. Orda bir kəlmə söz lazımdı ki, tələbələr küçəyə tökülsün. İlk mitinqlə bağlı qərarı tərəddüdlə versək də, sonrakı mitinqlərə elan verəndə millət özü gəlirdi.
– Təşkilatçılardan
biri də Ənvər Əliyev olub, sizin keçmiş
partiyadaşınız.
– Ənvər Əliyev birinci gün öndə gələn, ilk mitinqi açan, elan edən şəxs idi. Mənə də o dedi ki, bunun öhdəsindən biz gələ bilmərik, siz meydanı idarə edin. İki-üç gün əvvəl Nemətlə Naxçıvanda olmuşdum. Onu da dəvət etdim… Ənvərin o günlərdə xüsusi xidməti vardı. Aspirantlar yataqxanasında hörməti vardı, təşəbbüskar, danışmağı bacaran, təşkilatçılıq qabiliyyəti olan adamdı. Sonradan çəkildi.
– Mitinqdə o vaxt SSRİ-nin
dövlət başçısı olan Mixail Qorbaçovun meydana gəlməsini tələb edənlər
də vardı. Haradan idi
bu cəsarət?
– «Qorbaçov gəlib meydanda hesabat versin» deyə tələb edənlərdən biri də mən idim. Qorxu da var idi. Niyə yox idi? İlk dəfə ermənilərin torpaq iddiasını eşidəndə dostlarımla çayxanada idim, məclisdən yarımçıq qalxdım, dedim ki, bu gündən kəfənim boynumdadır, bu mübarizə uzun çəkəcək. İlk günlərdə hər birimizin içində o duyğu vardı ki, bunun sonu Sibirlə də qurtara bilər, həbslər də ola bilər. Ancaq o vaxt qeyrət meydanı idi, geri çəkilmək mümkün deyildi. Mən deyəndə Qorbaçov gəlsin, qorxuya düşənlər də vardı. Sonradan Yazıçılar İttifaqında yazıçı yoldaşlarımdan biri demişdi ki, «səni qulağından tutub həbsə atarlar, bu nədir?». Hətta irad tutdu ki, «niyə Qorbaçov yoldaş yox, Qorbaçov deyirsən». Yoldaş sözünü deməməyimizdən ürkənlər vardı. Amma meydana çıxanda, millətlə bir yerdə olanda qorxu unudulur.
– O
yazıçı kim idi?
Yəqin sovetlərin kəskin vaxtlarını görənlərdən
idi?
– Yox, sovetin şıltaq öyrətdiyi yazıçılardan idi. Amma adını çəkmək istəmirəm. Meydan günlərində də balkonundan aşağı enmədi. Bütün millət orda olanda, hətta rayonlarda yollar kəsiləndə piyada gələndə balkonundan enməyənlər vardı. Amma sonra bu sözü deyən yazıçı «İstiqlal» ordeni aldı.
– Söhbət
ziyalılardan düşdüsə, meydanda
kimlər vardı?
– İlk günlərdə Akademiyanın işçiləri, aspirantları, tələbələr vardı. Bayrağı qaldırdılar, başladılar çıxışlara. Sonra bizə yaxınlaşdılar ki, biz bunu idarə edə bilmərik, bizə kömək edin. Ondan əvvəlki mitinqlərdə çıxış etsəm də, mikrofona ehtiyatla yanaşırdım, elə bilirdim səsimi eşitməyəcəklər. Amma görəndə ki, səni hiss edir, dinləyirlər, onda ürəklənirsən. Sonra elə vaxt gəlir ki, yorulursan, bütün gün danışmaq olmur, səs batır filan, onda müraciət etdim: «Hanı bizim ziyalılarımız? Arxa tərəfdə, dənizin qırağında gəzişirlər, bura gəlsinlər». Sonra çox adamlar gəldi. Amma ilk günlərdən Əbülfəz Elçibəy, Tağı Xalisbəyli, Firudin Cəlilov, Məhəmməd Hatəmi, Nemət Pənahlı orda idi. Əfqan əsgərləri (Əfqanıstan müharibəsində döyüşən azərbaycanlılar) vardı orda. Ordu gələndə onunla üz-üzə dayandılar. Bir gecədə tankların lülələri qərənfillərlə bəzədildi. Ordu meydanı birinci gün təmizləməli idi. Amma neçə gün vətəndaşlarımız ordu ilə üz-üzə dayandı… Şair Qabilin, Qulu Xəlilovun çıxışı yadıma gəlir. Aydın Məmmədov, Kamal Abdulla, Nüsrət Kəsəmənli orda idi. Xalq Cəbhəsinin yaradılması haqqında ilk dəfə orda İsa Qəmbər danışdı. Ardıcıl çıxış edənlərdən biri Xəlil Rza Ulutürk idi. Bəxtiyar Vahabzadə orda idi. Meydanın dağılması tələbi gələndə biz dedik ki, gəlin bu şəkildə – güclü şəkildə dağılaq, ordu dağıtmasın. Meydan seyrəlmiş halda dağılmayaq. Bəxtiyar Vahabzadə də, mən də, Nemət də, Aydın Məmmədov da birgə çıxış etmişdik. Hökumət adamlarından, rəsmi dairələrdən orda ardıcıl çıxış edən mərhum Vəli Məmmədov idi, Səbail rayon partiya komitəsinin katibi idi. Allah ona rəhmət etsin.
– Vəli Məmmədov
deyəsən, o vaxt Meydana edilən yürüşün
önündə gedənlərdən olub.
– Camaat meydana getməsin deyə o yürüşün qarşısı Elmlər Akademiyasının yanında alınmışdı. Vəli Məmmədov baxmayaraq ki, partiya işçisi idi, camaatla bir yerdə idi. Qərar verilmişdi ki, ordu meydana girəcək, komendant gəlib Vəli Məmmədovun otağında oturmuşdu. Onda gəlib yanımızda ağladı ki, ordu gələcək və qırğın, toqquşma olacaq. Onda biz xahiş etdik ki, bir gün möhlət alın, biz də millətə müraciət edək, bəlkə dağıldılar.
– Onda artıq ayın neçəsi idi?
– Təxminən noyabrın 26-sı idi. Mitinq dağılsa da, sonra necə oldusa, müəyyən qüvvələr geri qayıtdı. Hesab edirəm ki, qərarımızı verdiyimiz gün dağılıb getsəydik, komendant saatı elan edilməsəydi, ordu Bakıda qalmasaydı, bir-iki aydan sonra yenidən yığışmaq olardı. Orda hakimiyyət dəyişikliyini gözləyənlər, narazılar, müxtəlif qüvvələr vardı. Nə olursa olsun, meydanda qalmaq istəyənlər vardı. Hesab edirəm ki, onlar işimizə ziyan vurdular. Sona kimi qaldıq, amma işıqlar, mikrofonlar söndürüldü, meydana heç kimi buraxmadılar, səsgücləndirici ilə danışırdıq, bunlar olmaya da bilərdi. Mən bunu deyəndə elə bilirdilər hökumətin, ya kimlərinsə sifarişidir.
– Yeri gəlmişkən, Ədalət Tahirzadənin «Meydan: 4 il, 4 ay» adlı kitabında Məhəmməd Hatəminin (Meydan Hərəkatının simalarından biri) yazısına da yer verib. O yazırdı ki, arxa otaqda hökumət nümayəndələri Sabir Rüstəmxanlı və Bəxtiyar Vahabzadə ilə nəsə danışdılar, bundan sonra onlar mitinqin dağılmasını istəyirdilər. Siz o zaman kiminlə danışırdınız?
– O cür düşünən tək Hatəmi deyildi. Nemətin özü ilə də fikir ayrılıqlarımız yarandı. Əvvəl dedi ki, dağılaq. Tullandı meydandan camaatın arasına. Camaat çiynində onu bir yandan, məni bir yandan apardı. Nəsə sonradan fikir dəyişdi. Mən də qayıtdım meydana. Biri deyirdi, KQB öyrədib, biri deyirdi, hökumət öyrədib. Bizim cəsarətimizdən şübhələnirdilər. Yaxşı, bəs mənim kitablarımı kim yazmışdı? «Ömür kitabı»nı, «Qan yaddaşı»nı… Nə Bəxtiyar müəllim, nə mən kiminsə sözüylə oturub durmamışıq. Sadəcə, məsuliyyət hissi vardı. Millət meydana axışırdı. Bilə-bilə ki, ordu gəlir, toqquşma olacaq, buna yol vermək olmazdı. Biz tələblərimizi səsləndirmişdik. Onların eləsi vardı 5-10 ilə həll olunası deyildi. Əl-ələ verib çalışmalı idik. Amma yanlış yerə yozanlar çox oldu. Əksinə, hökumət nümayəndələri yaxınlaşıb qulağımıza pıçıldayırdılar ki, narahat olmayın, biz sizinləyik, millətimizləyik.
– Kimlər idi sizə gizli, ya aşkar dəstək
verənlər?
– Bütün hakimiyyət dairələri. Düzdür, Vəzirov oynayırdı, Nümayiş Komitəsində yer verdi, nümayişi idarə edənlərlə xüsusi görüş keçirdi, vədlər verdi, ara-sıra öz otağına dəvət etdirirdi ki, Qorbaçov hər şeyi həll edəcək… Biz bilirdik ki, bunlar boş vədlərdir. Vəzirov öz oyununu oynayırdı, biz də öz oyunumuzu. Meydanın ən gur günlərindən birində məni Hökumət Evinə çağırdılar. Qapını açanda gördüm ki, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynov orda oturub. Ona qədər tanışlığımız da yox idi, görməmişdim. Vahimələndim ki, nə məsələdir. O çox sakit şəkildə «Buyur, qəhrəman, buyur» dedi. Sonra məni Moskvadan gələn şəxslərə təqdim etdi ki, meydan mitinqinin aparıcılarından biri də budur, şairdir. Sonra mənə baxıb dedi ki, Moskvanın əleyhinə, Qarabağın ermənilərə verilməməsi ilə bağlı danışdıqlarının 2-3 qat artığını bunlara de. Özü də arxada oturmuşdu. Mən kəskin danışdıqca, başı ilə işarə edirdi ki, narahat olma. Onda gördüm ki, bizim hakimiyyət nümayəndələrinin o meydana ehtiyacı var, orda deyə bilmədikləri, ürəklərindən keçən çox şey meydanda səsləndirilir. Moskva qarşısında aciziydilər, Vəzirov sadəlövhlüklə Moskvaya inansa da, inanmayanlar da vardı. Bu, mənim DTK, hakimiyyətlə əlaqəm olması deyildi. Sadəcə, vəziyyətin doğurduğu reallıq idi. Minnətdarlıqla xatırlayıram DTK sədrinin hərəkətini, o cümlədən Namiq Abbasovu, Nümayiş Komitəsinə gedəndə bir də gördüm qaranlıqda kimsə qolumdan tutub qulağıma pıçıldadı ki, narahat olmayın, sizinləyik. Məni onlar öyrədib ora göndərməmişdilər ki. Onlar mənim gücümlə hesablaşırdılar. Xalqın gücünü görürdülər, bizə yaxınlaşırdılar.
– Siz
DTK sədrinin səmimiyyətinə inandınızmı? Bəlkə
onlar da bayaq dediyiniz kimi, kimlərəsə oynayırdılar? Bəlkə
Azərbaycanda etirazların, narazılıqların olması
kimlərəsə lazımdı?
– Hakimiyyət oyunları ilə bağlı kimin nə niyyəti vardı, deyə bilmərəm. Heç o vaxt onu düşünmək halında da deyildik. Fevraldan başlayan etirazlar bizi də qabağına alıb aparırdı. Bizim gedən oyunları izləmək imkanımız yox idi. Sonradan mən Moskvadan gələn müstəntiqlərə, az qala, bir həftə ifadə verdim, 80 səhifədən çox idi. Məni günahkar çıxara bilmədilər. Biz sadəcə, haqqımızı istəyirdik. Sadəcə, hakimiyyətdəkilər də Moskvanın həyasızcasına Ermənistanı müdafiə etdiyini görürdülər, düşünürdülər ki, bəlkə xalqın gücü onları xəyanətkar siyasətdən çəkindirə.
– 30 il ötür. Meydanda bu günədək
nələri unuda bilmədiniz? Sizi indiyədək heyrətləndirən, kədərləndirən
nə oldu?
– Meydan başdan-başa emosional səhnələrlə dolu idi. Tonqal qırağında söhbətlər, baş verənlər… Məni ən çox duyğulandıran insanların sevgisi, ümidi idi. Ən çox da duyğulandıran, kədərləndirən odur ki, millət bir yerdə olsa da, aciz idi. Nə rəhbərlik ciddi addım atırdı, nə də Moskva. Xalqın çarəsizliyini görmək son dərəcə ağır idi. Dağlıq Qarabağda kəndlər yandırılırdı, adamlar öldürülürdü və s. Mən sonradan o meydandan keçəndə dəfələrlə ağlamışam. Orda yanan tonqalların izi bir müddət qaldı, düzəltmədilər. Hər dəfə tonqalın yandığı çala-çuxur yerlərdən keçirdim. Gözümün yaşını saxlaya bilmirdim. Sonra asfaltlansa da, o tonqal yerləri hiss olunurdu. Bir də ki… Meydan dağılandan sonra millət küçələrə çıxmışdı, dəhşətli qəzəb vardı, qadınlar qara yaylıqda Bakı küçələrində axın-axın gəzirdilər. Belə bir xəbər yayılmışdı ki, meydan dağıdılanda orda çox adam qırılıb. O xalqın qəzəbi, qadınların yas saxlaması – sonra təəssüf ki, onu çox gördük, amma onda birinci dəfə idi –, xalqın birliyi məni kövrəldirdi.
– O zaman ölüm hadisəsi olmuşdu?
– Ölüm olmamışdı,
yaralanan olmuşdu. Mənə elə dedilər. Həmin gecə saat 11-12-yə kimi mübahisə getdi: «Gedək ya qalaq».
Meydan boşalmışdı,
400-500 adam qalmışdı, qalmağın
mənası yox idi. Görəndə ki, meydanda qalanlara təsir etmək gücüm yoxdur, çıxıb getmişdim. Səhərə
yaxın eşidəndə
ki, ordu meydana girib dağıdır,
adam ölüb,
gəldim Vəli Məmmədovun yanına,
əlim ona çatırdı, komendant
da orda idi.
Rəhmətlik Aydın da,
Kamal Abdulla da gəldi. Dedilər ki, ölüm
yoxdur, çalışmışıq
camaat oradan sakitcə dağılsın.
Bizim Yol.- 2018.- 17 noyabr.- S.7.