Sevgimiz filmdə başlayıb, filmdə bitdi

 

Aktrisa Rəna Səlimovanın Milli.Az-a müsahibəsi.

 

- Rəna xanım, çox nadir hallarda müsahibə verirsiniz. Bu nə ilə əlaqədardır?

- Ümumiyyətlə mən heç vaxt efir arzusunda olmamışam. Bu günkü gündə də zəng edib məni efirlərə dəvət edirlər. Sadəcə olaraq xoşlamıram. Yəqin ki, bu, xarakterimdən irəli gəlir. Mənə elə gəlir ki, aktrisa filmlərdə çəkilməlidir, verilişlərdə ekspert qismində iştirak etməməlidir.

- İstərdim oxucularımıza özünüz haqqında məlumat verəsiniz, özünüzü bir daha təqdim edəsiniz.

- Mən 1947 ci ildə Bakıda anadan olmuşam. Atamın birinci həyat yoldaşından olan oğlu ilə birlikdə böyümüşəm. Evimiz Akademik Milli Dram Teatrına yaxın yerləşirdi, atam məşhur aktyor Ələsgər Ələkbərovla dost idi. Atamın incəsənətə böyük həvəsi olduğundan məni rəqs məktəbinə qoydu. O vaxt aktrisa Leyla Şıxlınskaya da mənimlə birgə rəqsə gedirdi. Müəllimlərimiz Qəmər Almaszadə və Əminə Dilbazi idi. Amma mən artıq özümə ixtisas seçmişdim, xəstəxanada tibb bacısı işləyirdim. Bir müddət tibb bacısı işlədim, amma həmişə rəqs və aktrisalıq ürəyimdə idi. Məhz rəqsetmə qabiliyyətim məni kinoya gətirdi.

- İlk dəfə hansı filmdə çəkildiniz?

- Leyla Şıxlınskaya ilə məni rəqs məktəbindən birbaşa kinostudiyaya apardılar. Gördüm ki, koridorda gözündə eynək olan bir kişi bizə baxır. Bu dahi rejissor Həsən Seyidbəyli idi. Məni görən kimi dedi ki, Gülbəniz roluna sən çəkiləcəksən. Beləliklə, Həsən Seyidbəyli "Cazibə qüvvəsi" filmini çəkdi.

- Çəkiliş günlərini necə xatırlayırsınız?

- Bizi gətirdilər Laçına, mənə dedilər ki, sən qaçacaqsan. Çünki film idmanla bağlı idi. Mən dağların üstündə ayaqyalın qaçırdım. Hiss etmirdim ki, heç ayaqyalın qaçıram. Mənə elə gəlirdi ki, elə burada doğulmuşam. Filmin bəzi kadrları da Tofiq Bəhramov adına stadionda lentə alınıb.

- Müsahibələrinizdə hər zaman bu filmdən ağız dolusu danışırsınız. Filmi sizin üçün bu qədər özəl edən nə idi?

- Filmdə mənim tərəf müqabilim Xəyal Axundzadə idi. Biz nəinki filmdə, həyatda da bir-birimizi sevdik. Elə oldu ki, çəkiliş vaxtı bir-birimizə bağlandıq. Aramızdakı böyük sevgi evliliklə nəticələndi. Amma... Çox keçmədi ki, ayrıldıq.

- Bir-birini bu qədər möhkəm sevən cütlük nə səbəbə yollarını ayırdı?

- O zaman məni çox filmə dəvət edirdilər, işimə, rollarıma qadağa qoymurdu. Sadəcə olaraq deyirdi ki, mənsiz heç bir filmə çəkilməyəcəksən. Elə oldu ki, Həsən Seyidbəyli bizi daha sonra "Sən niyə susursan?" filminə dəvət etdi. Orda da Xəyal ilə birgə çəkildim. Bu film bitəndən sonra biz ayrıldıq. Sevgimiz filmlərdə başlayıb, filmlərdə bitdi.

- Sənət sizə həm şəxsi həyat verdi, həm də şəxsi həyatınızı əlinizdən aldı...

-Heç peşiman deyiləm! Mən sevib evlənmişdim, yaşım az idi.

- İkinci dəfə ailə həyatı qurdunuz?

- Bəli, ikinci dəfə ailə həyatı qurdum. Həyat yoldaşım məni kinoda görüb sevmişdi. Ona deyirdilər ki, aktrisadır, alma onu. Amma heç kimə baxmayaraq mənimlə evləndi. Bütün bu mücadiləyə baxmayaraq ikinci ailə həyatım da uğursuz oldu.

- İkinci həyat yoldaşınızdan ayrılmağınıza səbəb nə idi?

- Biz bir-birimizi çox sevirdik. Sadəcə olaraq ailəmizə kənar yerdən müdaxilələr oldu. Həyat yoldaşımın valideynləri bizim bir yerdə olmağımızı istəmirdilər.

- Kinonu nə vaxt tərk etdiniz?

- Xəyal Axundzadə ilə ayrılandan sonra mən onsuz da kinodan getmişdim. Bir neçə film təklifi var idi, ikinci həyat yoldaşım qoymurdu ki, gedim çəkilim. Onu da deyim ki, kaprizli aktrisayam. Buna görə də bir müddət məni filmə dəvət etmədilər. Kinodan getməyimə görə heç kəsi qınamıram, günah özümdədir.

- Hal-hazırda filmlərə dəvət gəlir?

- Xeyr, indiki rejissorlar köhnə aktrisaların heç birini tanımır. Bugünkü gündə mən bir çox qadın xarakterlərini oynaya bilərəm. Amma heç bir film çəkilişinə məni dəvət etmirlər. Bu mənə çox pis təsir edir. Bu həm də mənim film kariyerama verdiyim fasilə ilə əlaqədardır. Bəzən fikirləşirəm ki, kaş qrim ustası olardım, amma kinonun içində olardım.

 

Bizim Yol.- 2018.- 28 noyabr.- S.15.