Xanımı və qızı məşhur
yazıçının
SENSASİYALI EŞQ
SİRLƏRİNİ AÇDI:
"Gözəl
xanımları..."
Əlimiz kitaba
çatandan onun romantik eşq hekayələrini oxumuşuq.
Ən təmiz hisslərimizi, ilk sevginin həyəcanını,
ayrılığı, göz yaşını daddırıb
bizə… Sədaqəti xəyanətdən onunla birgə
ayırd etmişik. Onun kitabları heç vaxt rəflərdə
tozlanmayıb, çünki əldən-ələ gəzib.
O, Salam Qədirzadədir. Yarpaqların xəzan günlərində
30 ildir dünyadan köçən əziz
yazarımızı xanımı və qızı ilə birgə
yad etdik.
Publika.az-ın
müsahibləri Salam Qədirzadənin xanımı Roza Qədirova
və qızı Leyla Qədirzadədir.
- Roza xanım,
sevdiyiniz insan uğruna vətəninizi,
doğmalarınızı geridə qoyub Azərbaycana
köçməyinizdən neçə il ötür?
- 1949-cu il idi. Azərbaycandan 5 nəfər Moskvaya Maksim Qorki adına Ədəbiyyat İnstitutuna oxumağa gəlmişdi. Nəbi Xəzri, Əli Kərim, İsa Hüseynov, Salam Qədirzadə... bir nəfərin adını xatırlamıram. Yaşlanmışam...Mən də gənc, deyilənə görə, çox gözəl qız idim. Hər gün qatarla işə gedirdim. Bu 5 nəfər də instituta tələsirdilər. Əvvəlcə elə bilirdim ki, təsadüfdən bir vaqona minirik. Sonra gördüm ki, yox, bu beş nəfər hər gün mən olan vaqona minirlər. Salam da həmişə kitab oxuyardı. Heç ondan şübhələnmirdim. Gəlib yanımda əyləşirdilər. Ordan-burdan danışardıq. Bu minvalla da tanış olduq. Moskvada nikah kəsdirdik. Birgə Bakıya qayıtdıq.
Qızı Leyla xanım söhbətə müdaxilə edir.
- Burada ən maraqlı məqam bilirsiniz hansıdır? Atamın Bakıda nişanlısı varmış. Özü də xanım heykəltəraş imiş. Anama bu haqda heç nə deməyib. Moskvada evlənib gəlib. Bakıda ailəsinə deyib ki, artıq evliyəm.
- Maraqlıdır ailəsinin
reaksiyası necə olur?
- Atamgil
ailədə yeddi övlad idilər. Beş bacı, iki
qardaş... Özü də ailənin
böyük oğlu idi. Atası
dünyasını dəyişmişdi. Evdə
ona o qədər böyük hörmət edirdilər ki, qərarları
heç vaxt müzakirə olunmazdı. Təbii
ki, oturub baş sındırıblar ki, bunu qarşı tərəfə
necə deyək, nişanı qaytaraq. Ancaq
anama bu barədə heç bir söz deməyiblər.
- Roza xanım, bu məsələdən
nə vaxt agah oldunuz?
-
Üstündən bir neçə il
keçmişdi. Mənə üzərində
rəsmim olan boşqab hədiyyə etdi. Təsadüfən
gördüm ki, bu boşqabdan biri də var, amma üzərində
başqa qızın şəkili həkk olunub.
Soruşdum kimdir, dedi ilk nişanlım.
- Bu həqiqət ürəyinizi
incitmədi?
- Yox. Əsas odur ki, Salam məni seçmişdi.
- Leyla xanım, bəs siz öyrənəndə
reaksiyanız necə oldu?
- Bibimgilə
getmişdim. Onların evində də
böyük yazı masası vardı, üzərində də
atamın çox gözəl büstü dururdu. Soruşdum, bu, kimin əl işidir. Bibim danışdı ki, atamın ilk
nişanlısının əsəridir. O xanımla
heç vaxt əlaqəmiz olmayıb. Amma onu
tanımağı çox istəmişəm.
- Leyla xanım, ananız rusdur,
atanız isə hamımızın ilk məhəbbət əlifbasının
müəllifi. Evdə hansı dildə
danışırdınız?
- Ancaq Azərbaycan dilində danışırdıq. Atam rusdilli
deyildi. Bizə də rusca
danışmağa icazə vermirdi, bu, qanun idi. Doğrudur, mən rus bölməsində təhsil
almışam. Çünki
qardaşım Azərbaycan bölməsində oxuyurdu. Anam dərslərilə məşğul olmaqda
çətinlik çəkirdi. Mən məktəbə
gedəndə atamdan xahiş edib ki, rus bölməsinə
yazdırsın. Həm də
yazıçıların binasında yaşayırdıq.
Yazıçıların övladları ilə
birgə böyüyürdük. Hamımız
Azərbaycan dilində danışırdıq. Amma 15 yaşım olanda atamın iki hekayəsini Rus
dilinə tərcümə etdim. Çox
qürurlanmışdı.
- Atanızın əsərlərində
sovet çərçivələrinə sığmayan
müasirlik, romantika vardı. Bu, bir obraz idi?
- Atamın
valideynləri Maştağa kəndindən idilər. Özü isə "Sovetski" məhəlləsində
böyümüşdü. Doğrudur,
dostları ilə birgə olanda olduqca şən, deyib-gülən
idi. Amma ailədə çox zəhmli
insan idi. Məsələn, mən evə
yarım saat gec gələ bilməzdim. Oturub
gözləyərdi. Qardaşı olan rəfiqələrimin
ad günlərinə getmək qadağan idi. Yəni, ailədə çox sərt qanunlar hökm
sürürdü. Ona görə mən
atamın romantikliyinə şahidlik etməmişəm
(gülürük).
- Yəni, deyirsiniz ki,
yazıçı Salam Qədirzadə Salam ata ilə bir-birinə
tam zidd idi...
- Elədir...
- Atanızın hansı əsərini
daha çox sevirsiniz?
- “Kəndimizdə
bir gözəl var”... Çünki bu əsəri
mənə ithaf edib. “Sevdasız aylar”i isə
qardaşıma həsr edib.
- Yəqin ki, bütün əsərlərində
Roza xanımdan bir parça var...
- Deməzdim. Çünki o, sənətinin
ailəsinə təmas etməyinə imkan vermirdi. İndi şou adamları ailələrini reklam etməyi
çox sevirlər. O zamanlar belə deyildi. Heç avtobioqrafik əsərlərində də
anamla bağlı heç bir məqam yox idi. Yeganə əsəri “Qar üstündə
qızıl gül”ü anam üçün yazılıb.
Roza
xanım:
- Amma orada da mən təsvir
olunmamışam.
Leyla Qədirzadə:
-
Bilirsiniz, ümumiyyətlə, atam gözəl
xanımları çox sevirdi, ürəyi geniş idi. Pərəstişkarları da çox idi. Yəqin ki, bir sıra əsərlərində
öz sərgüzəştlərini qələmə
alırdı.
- Roza xanım, bəs həyat
yoldaşınızı qısqanmırdınız?
- (Əminliklə) Əlbəttə yox. Anlayırdım
ki, o, yaradıcı insandır, azadlığını əlindən
ala bilmərəm. Hətta tədbirlərə
birgə gedirdik. Heç unutmuram. Bir
dəfə Səməd Vurğun məni görcək
"Sevgisi vətənə qalib gələn qız"dedi.
- Salam Qədirzadə
dövrünün şəhər həyatından yazan ən
maraqlı yazıçılarından idi. Amma müasirlərindən bir pərdə
geridə qalıb. Bunun səbəbini izah
edə bilərsiniz?
Leyla Qədirzadə:
- Bunun səbəbi
var. O vaxtlar Yazıçılar Birliyinin sədri Əlfi
Qasımov atamın adını fəxri ad alacaq
yazıçıların siyahısına daxil etmişdi. Buna baxmayaraq, Salam Qədirzadənin heç bir fəxri
adı yoxdur. Çünki atam “Kirpi”
jurnalının baş redaktoru idi. O vaxt da
"Kirpi"də kimin haqda yazı yazılırdısa, həmin
şəxs vəzifəsindən azad edilirdi. Bir
məmur vardı. Xaricdən gələn
bütün mallara nəzarət edirdi. “Kirpi”
jurnalında onun haqda felyeton çıxmalı idi. Mərkəzi
Komissiyada işləyən bir şəxs atama zəng vurub
dedi ki, o məqaləni çap etdirmə, həmin adam mənim qohumumdur. Tapşırığa
baxmayaraq, o felyeton çap olundu. Sonra həmin
adamı Mərkəzi Komitədə daha da böyük vəzifəyə
qoydular. Atam “Kirpi” jurnalından
çıxdı, əsərləri dərc olunmadı.
Hətta qeyd etdiyim kimi adı dəfələrlə
fəxri ad alacaq yazıçıların siyahısından
çıxarıldı. “Kirpi”nin
loqotipini də atam düşünmüşdü. İndiyədək jurnal o loqotiplə dərc olunur.
- Sovet dövrü üçün
kifayət qədər cəsur yazıçı olub.
-
Bilirsiniz, atamı daha çox lirik kimi tanıyırlar. Mənsə düşünürəm ki, o, satirik
kimi güclü idi. Atam Çexovu
çox sevirdi. Böyüdükcə mən
də Çexovdan, Zoşenkodan bəhrələndim. Bu qənaətə gəldim ki, Azərbaycanın
Çexovu da, Zoşenkosu da atam olub.
- Leyla xanım, davamlı təzyiqlər,
layiqli dəyərinin verilməməsi atanızı
yaradıcılıqdan soyutmurdu?
-
Soyudurdu...Bir müddət ümumiyyətlə, əli qələmdən
soyumuşdu. Özü də gərək
yazıçı işləsin ki, bəhrəsini
görsün. O vaxtlar yazıçılara qonorar veriləndə
həmin pula maşın da ala bilirdilər. Üstəlik, bir il ərzində kifayət edirdi. Amma
bir müddət maddi sıxıntı yaşadı. Doğrudur, bunu bizə göstərməməyə
çalışdı, amma indi anlayıram ki, həqiqətən
ağır günlər keçirdib. Ən
sevmədiyi şey də kimdənsə borc almaq idi. Bizə də bu xüsusiyyəti
aşılamışdı. İndiyədək
məndə bu xarakter var. Borc, kredit, ipotekadan qaçıram.
Son kitabı “Hər gün ömürdən gedir”
adlanırdı. Hətta məzar
daşının üzərində də o sözləri
yazdırmışıq.
- Salam Qədirzadənin sənət
dostları barədə danışa bilərsinizmi?
Leyla Qədirzadə:
- Ən yaxın dostu yazıçı deyildi. Böyük sənətkar
Mehdi Məmmədovun qardaşı Teymur Məmmədovla lap
kiçik yaşlarından dostluq edirdilər. Dostluqlarının
40 illiyini restoranda təmtəraqlı qeyd etmişdi.
Roza
xanım:
- Mən
da incimişdim ki, heç bizim toy il
dönümümüzü belə qeyd etməmisən
(gülürük).
Leyla Qədirzadə:
-
Düşünürəm ki, bəzi məqamlarda dostluq onun
üçün ailəsindən də üstün idi. Əliağa Kürçaylı, Qabil və atam
möhtəşəm üçlük idilər. Əli Kərimlə, Şıxəli Qurbanovla
yaxın dostluqları vardı. Hətta
atamın kabinetində həmişə Şixəli Qurbanovun
şəkili dururdu. Ümumiyyətlə,
yazıçıların məhəlləsində
bütün qonşular çox mehriban idilər. Qapı qonşumuz Abdulla Şaiqin oğlu idi. Heyf ki, indi həmin mühitdən heç nə
qalmayıb.
- Sizə, yaxud qardaşınıza
atanızın sənət irsi keçibmi?
- Qardaşım tam başqa sahə üzrə
çalışır. Mənsə, uzun
müddət reklam çarxları üçün ssenarilər
yazmışam, sənədli filmlər üzərində
çalışmışam. Xarici
şirkətlərlə əməkdaşlıq etmişik.
Hazırda "Mədəniyyət"
kanalında verilişlər hazırlayırıq. Dolayı yolla, atamın sənətinin
davamçısıyam.
- Valideynlərimizlə bağlı
sonsuz sayda gözəl xatirələrimiz olduğu halda, nədənsə
son nəfəsləri qalır yadımızda...
- (Kövrəlir) Doğrudur. Ölümü
göz önümdən getmir. 1987-ci il
idi. Ailə qurmuşdum artıq. Son nəfəsində danışa bilmirdi.
Üzümdən öpdü, gözündən bir damla
yaş axdı və əbədi susdu...Pis xatirədir...
- Sizi üzdümsə
bağışlayın.
- “Qanun” nəşriyyatı atamın kitablarını
yenidən nəşr etdi. İnanırsınızmı,
kitablar böyük sürətlə alındı. Çox sevindirici haldır. O qədər fəxri
ada layiq görülmüş yazıçılarımız
var ki, kitabları mağazaların rəfində toz atır.
- Düşünürəm ki,
abşeronlu olub, rəsm çəkməyi bacarmamaq
mümkün deyil.
- Elədir,
atam çox gözəl rəsm də çəkirdi. Hətta
bir ara rəssam olmaq istəyib. Musiqini çox sevib, amma musiqi duyumu heç
olmayıb. Bir aralar tarda ifa etmək
sevdasına da düşüb. Gedib
Üzeyir Hacıbəyova imtahan verib. Üzeyir
bəy də deyib ki, yox bala, sən tar çalma. Başqa işin qulpundan yapış. O da gəlib
yazıçı olub. Atam deyirdi ki,
başqalarının kədərini, sevincini onlardan artıq
yaşamayan yazıçı sənətkar deyil. Bu baxımdan, o əsl sənətkar idi.
Bizim Yol.- 2018.- 5
oktyabr.- S.15.