“Atam
düşünən beynim,
anam döyünən ürəyimdir”
Milli.Az Gənclər və
İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın
modern.az saytına müsahibəsini
təqdim edir:
- Samayə xanım, əksər hallarda mətbuat katiblərinə təmsil
olunduqları qurum barədə suallar ünvanlayırıq. Bu dəfə
fərqlilik etmək istəyirik. Öncə
soruşaq: əhvalınız
necədir?
- Çox sag olun. Ən azından bu gün dünənkindən daha yaxşıdır. Sabah isə bugundən də gözəl olacaq. Demək ki, əhvalım əladır...
- Təxminən bir ay bundan
qabaq Azərbaycan
prezidenti İlham
Əliyev dövlət qulluqçularının təltif edilməsi
haqqında sərəncam imzalayıb. Təltif edilənlər
arasında siz də varsız. Bir xanım olaraq hisslərinizi
bizimlə bölüşərdiniz?
- Təbii ki, qürur, sevinc, məsuliyyət hissi və çox böyük stimul... Cənab Prezident tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülmək sadəcə gördüyün işə verilən yüksək qiymət deyil, eyni zamanda, işinə daha fərqli və daha məsuliyyətli yanaşmadır.
Bilirsiniz, cənab Prezidentin mənzil hədiyyə etdiyi mətbut katibləri arasında mən də varam. Bu il isə ölkə başçısı tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olundum. 2013-2014 cü illərdə "2017-2015-ci illərdə Xaricdə təhsi Dövlət Proqramı" vasitəsi ilə İngiltərinin Nyukastl universitetində media, PR və kommunikasiya sahəsi üzrə maqistr dərəcəsi almışam. Dövlətimin qayğısını, arzularımın gerçəkləməsi istiqamətində mənə göstərilən dəstəyi gördüyüm zaman qürur və sözün əsl mənasında sevinc hissi duyuram. Bütün bunlar mənə böyük stimul verir.
- Uzun illərdir ki,
mətbuat katibi vəzifəsində
çalışırsınız.
Bunun çətin və fərqli tərəfləri
nədən ibarətdir?
- Mətbuat katibini çalışdığı qurumun siması, bu qurumla media arasında körpü də adlandırmaq olar. Mətbuat katibini eyni zamanda, əlaqələndirici şəxs və hətta qurum üçün ən həssas məqamların həllində bilavasitə təsiredici qüvvə də adlandırmaq olar.
Əgər körpünün bünövrəsi möhkəm və sağlam dayaqlar üzərində qurulubsa, demək ki, burada etibar və güvəndən əminliklə danışmaq olar.
Bilirsiniz, bu sahədə yaradıcı və yeni ideyalarla zəngin olmaq da önəmli və faydalı tərəflərdən biridir. Mətbuat katibi vəzifəsinə televiziyadan gəlməyim bu işin incəliklərini daha dərindən bilməmdə mənə çox böyük yardımçı oldu. 1998-2004-cü illərdə "Space" Müstəqil Teleradio şirkətində aparıcı, müəllif olaraq çalışmışam. Əminliklə deyə bilərəm ki, işə fərqli yanaşmada, nazirlik tərəfindən həyata keçirilən layihələrin media vasitəsi ilə ictimaiyyətə daha kreativ çatdırılmasında, bütün bunlarla yanaşı, media incəliklərinə bələd olmamda televiziya məktəbinin əvəzsiz rolu olub.
Əgər bu sahənin fərqli tərəflərindən danışırıqsa, jurnalist yazdığı yazıya, süjetə cavabdehdir. Mətbuat katibi isə təmsil etdiyi qurumun siması olmaqla bu qurumun mediada, ictimaiyyətdə nüfuzuna birbaşa cavabdeh olan şəxslərdən biridir.
- Nə zamansa mətbuat katibliyindən getmək barədə
düşünmüsünüzmü?
- 14 ildən artıqdır ki, mətbuat katibi olaraq çalışıram. Bu sahədə ilk sınağım 2004-2005-ci illərdə Vergilər Nazirliyinin media departamentində olub. 2005-2007-ci illərdə isə Səhiyyə Nazirliyində mətbuat katibi olaraq çalışmışam. Son 11 ili Gənclər və İdman Nazirliyinin mətbuat katibi olaraq fəalliyyətimi davam etdirirəm.
Nazirlik gənclər və idman
sahələrini əhatə etdiyi üçün, burada yaradıcılığa, fərqliliyə daha geniş
imkanlar açılmış olur.
Hər hansı bir layihənin mediada təbliğatı sadəcə mətbuatın
dəvəti deyil. Layihənin
uzun və qısamüddətli olmasından
asılı olmayaraq, strategiyanın,
analizin, layihənin zəif və güclü tərəflərinin
işlənilməsi, bu
layihənin ictimaiyyət
üçün önəminin
araşdırılması, media monitorinqinin
aparılması təbii
ki, yaradıcı və eyni zamanda
peşəkar yanaşma
tələb edir. Media
dünyasının günbəgün
deyil, saatbasaat, anbaan dəyişdiyini, inkişaf etdiyini, tələbələrin böyüdüyünü nəzərə
alsaq, təbii ki, işin də durmadan artığını aydın
şəkildə görmək
olar. Media sahəsində
daim dalğanın önündə olmaq lazımdır. Əks
halda gecikə ya da çox
geridə qala bilərsən...
Xüsusi
olaraq qeyd edim ki, çalışdığın
qurumun rəhbərinin,
kollektivinin də işə olan münasibətinə çox
böyük təsiri
var. Çox sevinirəm
ki, rəhbərim, nazir Azad Rəhimov daim yeniliyə, yaradıcılığa açıq
bir şəxs olaraq, mənə bu illər ərzində
daim dəstək göstərib, dəyərli
məsləhətlərini heç vaxt əsirgəməyib. Qürurla
son 11 il ərzində çox gözəl məktəb keçdiyimi
və keçməkdə
olduğumu deyə bilərəm.
Sualınıza cavab olaraq deyim ki, çalışdığım
sahədə daim
yeniliyə can atdığım
üçün, düzü
onu dəyişmək
barədə heç
düşünməmişəm. Amma mətbuata gəlməsəydim,
musiqini davam etdirsəydim, bu gün mütləq peşəkar bir pionoçu olardım.
- Sizin həm də böyük televiziya təcrübəniz
var. O illərdən bu
yana televiziya
mühitində nələr
dəyişib?
- Bu gün media, televiziyalarımız,
təbii ki, daha çox inkişaf edir. Müasirlik, texnologiya sahəsində inkişaf, dünya media aləminin yenilikləri bizdən də yan keçməyib. Mühitin nə qədər dəyişməsi sualına
gəldikdə isə
düzü, çox şey dəyişib.
Əfsuslar, bəzi zamanlarda
mövzuya yanaşma, insan faktoruna, yaşantılara, insan həyatına təsir edən bir çox
hadisələrə olan
həsasslıq dəyişib.
Bu gün çox
şey səs-küyün,
reytinqin üzərində
qurulub. Bəzən, insan faktoru,
insan hissləri ikinci, hətta son plana keçir desəm, yanılmaram.
Sosial şəbəkənin, Facebook,
İnstagram-ın təbii
ki, rolu böyükdür. İnformasiyanın
ictimaiyyət arasında
geniş yayılmasında,
insanlararası əlaqələrin
daha sıx qurulmasında, reallıqların
cəmiyyətə açıq
güzgü kimi ötürülməsində onların
hər birinin özünəməxsus rolu var. Amma bütün bu müsbət tərəflərin fonunda,
mənim üçün
ən qorxulusu sosial şəbəkələrin
insan hisslərini arxa plana salması,
bir zamanlar insan üçün dəyərli olan insani münasibətlərin,
hisslərin artıq getdikcə adiləşməsi,
hətta bəzən heçə çevrilməsidir. Ümid edirəm
ki, insan dəyərinin öləcəyi
günü görməyəcəyik.
- Yenidən nə zamansa televiziyaya qayıtmaq istəyərsizmi?
Məsələn, həmkarınız
Anar Nəcəfli hazırda məmur postunda olsa da,
ARB kanalında veriliş
aparır.
- Mən "Space" Teleradio
şirkətində 1998-2004-cü illərdə çalışmışam.
O illərdə kanalımızda
öz imzası, öz dəsti-xətti olan, yüksək səviyyəli peşəkarlar
çalışırdı. Onların hər birindən az
da olsa öyrənmək,
məsləhətlərini dinləmək, yeri gələndə bir zamanlar çox ağrılı görünən,
lakin zaman keçdikcə deyilən
sözlərin inkişafa
nə qədər müsbət təsir etdiyini görmək qüruru hissi yaşadır. Mənim televiziyada Nadir Bədəlov,
rəhmətlik Rafiq Hüseynov kimi müəllimlərim olub.
Əminəm ki, bu cür böyük məktəb keçən
insan üçün
aparıcılıqdan uzaq
düşmək, televiziyadan
uzaq düşmək demək deyil. Əsas məsələ bünövrənin
düzgün qoyulmasıdır. Maraqlı təklif gələrsə,
böyük məmnuniyyətlə
onu dəyərləndirirəm.
- Samayə xanım, bir qədər də şəxsi həyatınızdan
danışaq. Subay və
gözəl xanımsınız.
Hər halda elçiləriniz də az deyil.
Ailə qurmaq barədə düşüncələrinizi eşitmək istərdik.
Ümumiyyətlə, ailə dəyərləri
necə olmalıdır?
- Bilirsiniz, insan çox böyük imkan, şərait, şan-şöhrət, ad-san, nüfuz
sahibi ola
bilər. Amma şəxsi münasibətlərdə
cəsarətli, ürəkli,
mərd deyilsə,
demək ki, onun insan olaraq
heç bir dəyəri yoxdur. Təbii ki, mənə öz hisslərini etiraf edən, istəyini bildirən insanlar olub. Amma hələ ki qarşıma sözünün
ağası olan, tam güvənə biləcəyim
birisi çıxmayıb.
Çıxarsa, təbii ki,
şəxsi münasibətlər
barədə ciddi düşünəcəm.
Ailə
dəyərləri necə
olmalıdır dedikdə
isə gözümün
önünə, böyüyüb
boya-başa çatdığım
ailəm, valideynlərim,
bacılarım, valideynlərimin
biz övladlara, bir- birilərinə olan münasibəti, hörmət,
anlayış və sevgiləri gəlir. Mənim üçün atam düşünən beynim,
anam isə döyünən ürəyimdir.
Atamla məsləhətləşir, anamla
hiss edirəm. Mənə
olan inamları, güvənləri, bir an belə əsirgəmədikləri
sevgiləri, göstərdikləri
sonsuz qayğı və diqqət üçün onlara təşəkkür edirəm.
Qarşılarında baş
əyirəm!
- Bəs gələcək həyat
yoldaşınız hansı
kriteriyalara sahib olmalıdır?
- Bilirsiniz, bu sala cavab verməyə
düzü çətinlik
çəkirəm. Hər şey
bu qədər asan olsaydı, həyat tam fərqli qurulardı. Əminəm
ki, qarşıma elə bir insan
çıxdığı zaman, ürəyim və beynim mənə düz yolu göstərəcək...
Bizim Yol.- 2018.- 13 oktyabr.- S.15.