Peşəkar diplomat, alimmüdrik dövlət

başçısının 15 illik dövlətçiliyə xidmət yolu

 

İlham Əliyevin prezidentlik dönəmi daxili və xarici problemlərin çox olduğu zamana təsadüf etdi.Lakin dünyanın ən nüfuzlu ali təhsil ocağının məzunu və pedaqoqu olmuş peşəkar diplomat, alim, Heydər Əliyev dövlətçilik məktəbini keçmiş olan prezident 15 il ərzində ona olan etimadı doğrultdu. Mürəkkəb dünyada baş verən proseslər fonunda Azərbaycanın sabit və davamlı inkişafı isə İlham Əliyevin 15 illik dövlət quruculuğu və inkişafı istiqamətində fəaliyyətinin bariz nümunəsidir. Yeni dünya qaydasının nizamlanma prosesinin getdiyi, bizim coğrafi regionumuzun – Cənubi Qafqazın dünyada gedən proseslərin mərkəzlərindən biri olması, iqtisadi böhranlar, terror təhlükəsinin yayılması, Rusiya, İran və Türkiyə kimi böyük qonşularımızla digər qüdrətli güc mərkəzləri arasında nüfuz savaşının şiddətlənməsi, enerji bazarları və nəqliyyat-kommunikasiya marşrutları uğrunda amansız rəqabət, Qarabağ münaqişəsinin həllində cəbhədə Ermənistanın işğalının davam etməsi, danışıqlarda qeyri-konstruktiv mövqeyi, beynəlxalq təşkilatlarda ikili standartlar səbəbindən Azərbaycana qarşı ədalətsiz mövqes. prezidentin səlahiyyətə başladığı dövrdən bəri onu və ölkəmizi əhatə edən problemlərin yalnız bir hissəsidir.

Müqayisə etsək, prezident Heydər Əliyevin prezidentlik dövrü beynəlxalq siyasətdə Soyuq müharibənin başa çatmasından sonrakı müddəti və güc mərkəzləri arasında daha çox Rusiyanın zəif bənd olması, İranın sanksiyalar altında olması dövrü əhatə edirdi. Həmin dövrün özünəməxsus çətinlikləri var idi. İlham Əliyevin prezidentlik dövrü artıq Putin Rusiyasının və Ərdoğan Türkiyəsinin və Xamineyi İranının yenidən imperiya ambisiyalarının baş qaldırması, Yaxın Şərqdə və Qafqazlarda, eləcə də digər bölgələrdə Azərbaycanın bu üç böyük qonşusunun yeni güc mərkəzi formalaşdırmaq cəhdlərinin Vaşinqtonla üz-üzə gəlməsi, toqquşmalara səbəb olması, Azərbaycanın ağır geosiyasi seçim qarşısında qalaraq balanslı siyasət həyata keçirmək yolu ilə təhlükələrdən mümkün qədər təcrid olunmaq səyləri ilə səciyyəvidir. Hazırkı dünyada müsəlman dövlətin lideri olmaq xüsusilə çətindir. Ermənistan rəhbərlərinin xristian etiqadından irəli gələrək digər dindaş ölkələrlə malik olduğu həmrəylik, diasporun yardımından yararlanmaq kimi imtiyazları varsa, bizim prezidentimizin arxasında güclü lobbi dayanmır. Azərbaycan prezidenti sivilizasiyalararası toqquşmaların fonunda öz tolerantlıq modelini təbliğ edən ölkəmizə qarşı müəyyən güc mərkəzləri, onların nəzarətində olan beynəlxalq təşkilatların təzyiqindən və ikili standartlarından ölkəmizi qorumaqla yanaşı, xaricdəki diasporun dəstəyini görmür. Əksinə, formalaşmaqda olan separatçılardan və müxalif çevrədən ibarət şəxslərin böhtan kampaniyası ilə üzbəüz qalır. Daxildə artıq məmur özbaşınalığı sindromu var.

Prezidentin xəbərdarlıqlarından nəticə çıxarmaq istəməyən, insanları incidən, qanunları heçə sayan, vətəndaşları sosial zəmində dövlətdən narazı salan bu məmur kütləsi ilə mübarizə, dövlət idarəetməsinin şəffaflaşdırılması, əhalinin rifah halının yüksəldilməsi də dövlət başçısının hər çıxışında toxunduğu məsələlərdir. Dövlətimizin birinci şəxsinin əzmkar fəaliyyəti ilə keçən 15 ildə nəinki ölkəmiz, olduğumuz coğrafiya həm də bütün dünya üçün çox mühüm və əhəmiyyətli hadisələrin baş verməsi, qərarların qəbul olunması ilə nəticələndi. Prezident İlham Əliyevin fəaliyyəti nəhəng beynəlxalq iqtisadi layihələrdən tutmuş böyük diplomatik qərarların, bəyanatların qəbul olunmasına öz təsirini göstərdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyət illəri separatçılığın, silahlı dövlət çevrilişinin qarşısının alınması ilə yadda qaldısa, İlham Əliyevin hakimiyyəti ölkədən qaçaraq xaricdə siyasi sığınacaq taparaq ölkəmizə qarşı baş qaldıran separatçların, eləcə də özünü müxalifət adlandıran bəzi şəxslərin yenidən təşkilatlanması, ölkəmizə və iqtidara qarşı virtual savaş kampaniyaları ilə müşahidə olunur. Əbədiyaşar prezident Heydər Əliyevin başladığı qlobal enerji bazarlarına çıxış siyasətini İlham Əliyev uğurla davam etdirir.

Bakı-Tiflis-Ceyhan”ın davamı olaraq “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra olunub.

Sivilizasiyalararası toqquşmanın dünyanın ən nüfuzlu alimləri, beyin mərkəzləri, hətta dövlət rəsmiləri tərəfindən etiraf edildiyi bir dövrdə Azərbaycan buna əks alternativ olaraq tolerantlıq, multikulturalizm kimi dəyərləri dövlət siyasəti elan etdi. Beynəlxalq səviyyəli idman, mədəniyyət tədbirləri keçirməklə dünyanı təkcə enerji boru kəmərləri ilə, Çindən İngiltərəyədək uzanan Bakı-Qars layihəsi dəmir yolları, Rusiyadan Hindistanadək uzanan nəqliyyat yolları ilə deyil, eyni zamanda mədəniyyət, idman kimi mənəvi dəyərlərlə birləşdirdiyini göstərdi. Onun Azərbaycan dövləti adından imza atdığı sənədlər dünyada beynəlxalq hüquq prinsiplərinin aliliyinə hörmət edilməsinə çağırışla yanaşı, mötəbər beynəlxalq təşkilatların qərarlarına hörmət edilməsini vacibliyini də təsbit etmiş oldu.

Çindən Avropaya qədər Avrasiya qitəsinin bir ucundan digərinə qədər Qədim İpək yolunu dəmir magistrallarla birləşdirən Bakı-Tbilisi-Qars dəmiryol xəttinə dəstək verməklə Avrasiya materikində inteqrasiya prosesinə dəstək verilməsinə, bölgənin rifahının artırılmasına çalışan prezident bununla ölkəmizə qarşı ayağa qalxan, ayrı ayrı ölkə başçılarına müxtəlif təxribatçı məktublardan tutmuş ABŞ Konqresində Bakı-Qarsın maliyyələşməsinə veto qoydurmağa çalışan erməni lobbisini necə əzmkarlıqla yenməyi, Ermənistanı bu mühüm layihədən kənara atmağı bacardısa, Qüds məsələsi ilə bağlı Türkiyənin çağırışı ilə toplanan İstanbul sammitində də müstəqil siyasətçi, azad ruhlu insan, eyni zamanda ədalətli şəxsiyyət olduğunu öz parlaq çıxışı ilə sübut etdi. Azərbaycan prezidenti bütün məsələlərdə qanunun aliliyini müdafiə etdiyini, ölkəsinin milli maraqları ilə beynəlxalq hüququ uğurla uzlaşdırmaq bacarığını bütün dünyaya sübut etdi. Prezident həm Avropa Birliyinin Şərq Tərəfdaşlığı sammiti çərçivəsində qeyri-adi diplomatik istedad nümayiş etdirərək Azərbaycan üçün son dərəcə mühüm olan münaqişələrin, dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həlli məsələsini özündə əks etdirən Bəyannamənin qəbul olunmasında böyük rol oynadı. Eyni zamanda İstanbul sammitində Azərbaycana daima dəstək verən İslam Əməkdaşlıq Təşkilatının sammitində ölkəmizin Qarabağ münaqişəsində islam ölkəsi kimi üzləşdiyi ədalətsizliyi, Ermənistanın işğalçılıq fəaliyyətini bir daha BMT-dən sonra dünyanın ən nüfuzlu təşkilatlarından bir olan İƏT üzvlərinin nəzərinə çatdırdı. İstanbul sammitində iştirak edən Prezident bu həssas məsələyə münasibətini cəsarətlə ortaya qoymaqla bir daha sübut etdi ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət yeridir, daima hüququn aliliyini özünün əsas prinsipi kimi görüröz kökünə, mənəvi tellərlə bağlı olduğu islam aləminə sədaqətini qoruyub saxlayıb. Avropa Birliyi sammitində, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin sammitində iştirak həm Avropa, həm də Şərq aləmi ilə ölkəmizin əlaqələrinin uğurla inkişaf etdirdiyini diqqətə çatdırmış oldu.

İlham Əliyevin hakimiyyətdə olduğu ötən 15 ildə Azərbaycan demokratiya yolunda inamla irəliləyən, sabit, təhlükəsiz ölkə statusunu qoruyub saxladı. Beynəlxalq və regional münaqişələrin nəinki ölkəmizə ayaq aça bilmədi, Azərbaycan öz ətrafında, xüsusilə region ölkələri ilə dostluq, mehriban qonşuluq münasibətlərini dərinləşdirdi. Təkcə bu son dövrdə Xəzərin statusu həll olundu, Tehranda Azərbaycan, Rusiyaİran prezidentlərinin üçtərəfli görüşü keçirildi, Şimal-Cənub layihəsinin sürətlənməsi müzakirə olundu, Ali Baş komandan bu görüşdə də Ordumuzun müdafiə qabiliyyətinin möhkəmləndirilməsini bir nömrəli məsələ hesab edərək hərbi əməkdaşlıq barədə danışıqlar apardı.

Bundan başqa, Azərbaycana Asiya ölkələrinin böyük etimadı olaraq “Asiyanın qəlbi” sammiti 34 ölkənin iştirakı ilə Azərbaycanda keçirildi. Prezident bu ilböyük bir əzmkarlıqla daxili sabitliyin saxlanılması üçün çalışdı və buna nail oldu. Dünyada fövqəldövlətlərin belə güc balansı, sabitlik, əmin-amanlığı yarada bilmədiyi, getdikcə güclünün zəif üzərində hökmranlığını təsbit edən mürəkkəb beynəlxalq münasibətlər sistemində İlham Əliyev ölkəmizin maraqları üçün fəal səylər göstərdi və bütün planları həyata keçirməyi bacardı. Doğrudur, onun sərəncamında nüvə başlıqlı qanadlı raketlər yoxdur, cəmi 86,6 kv.km. bir ərazi və 10 milyonluq ölkəni təhvil alib, lakin onun aydın diplomatik zəkası, xaraktercə müstəqil, azad ruhlu şəxsiyyət olması idarə etdiyi ölkəni azad, heç bir dövlətin və ya güc mərkəzinin iradəsinə tabe olmayan bir dövlətə çevirməsinə səbəb olub. Çünki hər bir dövlət onu idarə edən insanların, ilk növbədə Prezidentin fəaliyyətinin güzgüsüdür. Azərbaycan adlı bu böyük güzgüdə isə bu fədakar insanın fəaliyyəti sayəsində yaxşı nə varsa, çox şəffaf və aydın görünür.

 

Nəzakət Məmmədova

 

Bizim Yol.- 2018.- 17 oktyabr.- S.11.