“Jurnalistika ruh, vicdan və
ləyaqət tələb edir…”
Tanınmış
jurnalist və publisist, media eksperti, filologiya elmləri doktoru,
BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun
baş redaktoru Qulu Məhərrəmlinin İlkxeber.org
saytına müsahibəsi
–
Qulu müəllim, Azərbaycan jurnalistikasının dünəni,
bu günü, sabahı haqqında sizin fikirlərinizi bilmək
maraqlı olardı. O vaxt baş verənlər mətbuatda necə
təqdim olunurdu, bu günkü təqdimat nə dərəcədə
qənaətbəxşdir, sabaha gedən yol nələr vəd edir?
– Çox geniş sualdır, cavab ciddi təhlil tələb etsə də, bəzi şeyləri demək olar. Jurnalistikanın dünəni bəllidir və 140 illik tarixə rentgenlə baxanda mətbuatımızın mənzərəsi aydın görünür. Dünənə münasibətdə bunu deyə bilərəm ki, Azərbaycan mətbuatı həqiqəti və xalqın ictimai ideallarını ifadə etdiyi dövrlərdə güclü olub. Bu gücün mənbəyi azadlıqda və xalq ideallarına bağlılıqda idi. Xüsusən, XX əsrin 20-ci illərinə qədər mətbuat, həqiqətən xalqın ictimai tribunası rolunu oynayıb. Bəlkə də xəbərçilik istiqaməti aktiv və differensial olmayıb, amma fikir, ideya, milli axtarış və əhalini maarifləndirmək baxımından cəmiyyətin önündə dayanıb.
28 may işğalından sonra bolşeviklər milli mətbuatın azadlığını və gücünü əlindən alaraq onu ideoloji alətə çevirdilər. Sovetlərin totalitar sistemi üçün qəzetlər, daha sonra radio və televiziya təbliğat-təşviqat vasitəsi idi. Amma o dövrdə cəngəllik içində çiçək kimi görünən “Qobustan” jurnalı da çıxırdı. M.S.Qorbaçovun “yenidənqurma”sı və aşkarlıq siyasəti başlayanda xalq hərəkatı geniş vüsət alanda, qadağanlar üzərinə işıq seli düşəndə mətbuat yenidən xalqın sözünü deməyə, ölkənin və cəmiyyətin üst-üstə yığılıb qalmış problemlərini çözməyə başladı. Həmin dövrdə cəmiyyətin informasiya aclığı, medianın həmin aclığı ödəmək üçün çalışması, ictimai müzakirələrin və tənqidin artması, medianın sosial-mədəni gücə çevrilməsi göz qabağında idi.
– Bəs mətbuatımızın
həmin gücü indi niyə yoxdur?
– Bunun min
bir səbəbi var. Ötən əsrin 90-cı illərinin
ortalarına qədər Azərbaycanda müstəqil mətbuat,
demək olar ki, özünün ən yaxşı
dövrünü yaşayıb və media Azərbaycanın
müstəqilliyinin, eləcə də demokratiyanın real,
göz qabağında olan konkret nailiyyəti kimi qiymətləndirilib.
Vəziyyətin dəyişdiyi 2000-ci ilə qədər
media özünü birtəhər saxlaya bilib. Amma o tarixdən sonra mediada ciddi böhran da
başlayıb və bugünədək davam edir. Mətbuat Şurası və KİVDF kimi xoş niyyətlə
yaradılmış qurumlar həmin böhranın
qarşısını ala bilməyiblər. Bu böhranın acınacaqlı nəticələrinin
ortada olduğu bir vaxtda mətbuatımızın gələcəyi
ilə bağlı nikbin nəsə düşünmək və
demək gülünc olardı.
– SSRİ dövründə Azərbaycan
mətbuatı tam olaraq sözünü deyə bilirdimi?
– Mən
bir az əvvəl sovet dövründə
xalqın düşüncəsindəki işığı
uzun müddət saxlaya bilmiş “Qobustan” jurnalının
adını çəkdim. Mədəniyyət
və incəsənət toplusu olmasına baxmayaraq, burada
qoyulan problemlərə yanaşma tərzi, dil, üslub,
mövzu məsələsi digər sovet nəşrlərindən
ciddi şəkildə fərqlənirdi. 1988-ci
ildən sonra Azərbaycanda azadlıq yelləri əsməyə
başladı. Bu yenilik havası daha
çox Məmməd İsmayılın rəhbərlik etdiyi
“Gənclik” jurnalında, fəaliyyətinin yüksək
dövründə “Molodyoj Azerbaydjana” və 80-ci illərin
axırlarında gözəl yazıçımız Bayram
Bayramovun rəhbərlik etdiyi Qarabağa Xalq Yardımı
Komitəsinin orqanı olan “Azərbaycan” qəzetlərində
hiss olunurdu. Sabir Rüstəmxanlının
redaktorluq etdiyi həmin qəzet xalqın düşüncəsinə
vurulmuş köləlik zəncirlərini qırmaqda ciddi rol
oynadı.
– Hər halda bu nəşrlərdə
çalışanlar Sovet mətbuatının peşəkarlıq
məktəbini keçmişdirlər…
– Ruh,
vicdan, milli təəssübkeşlik olmasa, dediyiniz o peşəkarlıgın
bir qəpiklik əhəmiyyəti yoxdur. Bəli,
Sovet mətbuatı müəyyən mənada peşəkar
idi, amma azad deyildi. Mətbuat yalnız azad,
müstəqil olduğu halda cəmiyyətə, ictimai
düşüncəyə fayda verə bilər. Partiyanın əlində təbliğat aləti olan
sovet mətbuatı daha çox kommunizm ideyalarını
yayırdı, imkan verilmiş səviyyədə tənqid də
edə bilirdi. Ayrı-ayrı adamlara deyil,
mücərrəd də olsa ümumi maraqlara xidmət edirdi, hətta
bəzi faydalı işləri də vardı. Məsələn, o dövrdə elm, mədəniyyət,
sənət, təhsil məsələləri yaxşı
işıqlandırılırdı. Azərbaycan
dilinin inkişafına, ədəbi normaların qorunmasına
ciddi diqqət göstərirdi, ədəb qaydaları və
etik ölçülər sərt şəkildə qorunurdu.
Amma bunlarla yanaşı, sovet dövrünün
mətbuatına azad, xalq iradəsinin ifadəçisi demək
olmazdı.
– Sizcə, bu gün bizdə mətbuat
azadlığı varmı? Vardırsa, bəs
niyə ötən həftə Dünya İqtisadi forumu Azərbaycanı
mətbuat azadlığı reytinqinə görə 140
ölkə arasında 133-cü yerdə olduğunu elan edib.
– Bu,
çox məyusedici statistikadır, çünki istənilən
ölkədə mətbuat azadlığı demokratiya və
insan haqlarının vəziyyətinin göstəricisidir. Bu
gün Azərbaycanda mətbuat azadlığı sahəsində
ciddi problemlərin olduğunu danmaq olmaz, 10-15 il
əvvəllə müqayisədə bu sahədə
hüdudlar daralıb. Görünür, dediyiniz
qurum son illərdə ölkədə müstəqil və tənqidçi
qəzetlərin qapadılmasını, bir neçə
jurnalistin və blogerin həbs ediloməsini, bəzi
saytların bloklanmasını əsas götürərək
mətbuat azadlığı indeksinə görə Azərbaycanın
gerilədiyini bildirib. Amma bu sahədə vəziyyət
ümidsiz də deyil, internetin geniş imkanları və sosial
şəbəkələr bu sahədəki boşluqları hələlik
doldura bilir.
Bir də sizə deyim ki, əslində dünyanın
çox yerlərində söz və mətbuat
azadlığına gizli və ya aşkar basqılar var. Yəni
istər avtoritar, istərsə də demokratik hakimiyyət
olsun, heç biri öz üzərindəki icimai nəzarətçi
olan medianı sevmir. Xüsusən korrupsiyaya
bulaşmış hakimiyyətlər müstəqil və “hər
şeyə başını soxan” jurnalistlərdən zəhləsi
gedir. Ona görə də baxın, son ildə
qonşuluğumuzdakı ölkələrdə, eləcə
də Avropada nə qədər jurnalist
öldürülüb, nə qədər qələm
adamı başqa ittihamlarla həbsxanalara atılıb. Yəni korrupsiya artdıqca, hakimiyyət hərisliyi
çoxaldıqca, ictimai nəzarəti qəbul eləməmək
iddiası da artır və belədə jurnalistika
üçün problemlər də çoxalır.
– Belə iddia var ki, mətbuat söz
azadlığından sui-istifadə edir, buna görə də
azadlığı məhdudlaşdırmaq lazımdır. Belə yanaşmaya necə baxırsız?
– Belə
yanaşmanı, sadəcə rədd edirəm. Belə
iddialar öz işinin öhdəsindən gələ bilməyən,
hakimiyyətdən sui-istifadə edən, dövlət pulunu
oğurlayan, xalqın nəzarətindən qorxan, rüşvətə
və korrupsiyaya qurşanmış əliəyri məmurlardan
qaynaqlanır. Həqiqi media qurumunun bir amalı olmalıdır:
cəmiyyəti düzgün məlumatlandırmaq, insanları
olaylardan agah etmək, nöqsanları tənqid etmək,
toplumdakı fərqli düşüncələrə yer verməklə
sosial harmoniya yaratmaq. Görün, hələ yüz il əvvəl dahi Üzeyir Hacıbəyli mətbuat
səhifələrində yer almalı olan mövzuları necə
gözəl müəyyənləşdirib: Vətən
abadlığı, millət səlamətliyi və dövlət
intizamı. Siz deyin, bu həyati vacib mövzuların hansı
bizim mətbuatda prioritetdir? Əlbəttə,
heç birisi. Ona görə də cəmiyyəti
dürüst məlumatlandıran, geniş mənada dövlətçiliyə,
azərbaycançılığa, millətətə, onun əxlaqına,
düşüncəsinə, ictimai ideallarına xidmət edən
media qurumlarının olmaması çox kədərlidir.
– Konkret olaraq hazırda Azərbaycan
mətbuatında mövcud problemlər nədən ibarətdir?
– Problemlər
çoxdur və onları təxminən belə
qruplaşdırmaq olar. Əvvəla, dediyimiz
kimi mətbuatda azadlığın sərhədləri
daralıb, ikincisi, peşəkarlıq aşağı
düşüb, üçüncüsü, adamlarda vicdanla
işləmək həvəsi sönüb. Dördüncü, adi xəbərdən tutmuş
reportaja qədər hiss olunur ki, çox həvəssiz
işlənib, axtarış eşqi yoxdur, o cümlədən,
materialın təqdimatı haqqında fikirləşməyiblər.
Beşincisi, iqtisadi çətinliklər
içində boğulan jurnalistika mənəvi cəhətdən
də zədələnib, əxlaq pozulub, indi bu platforma
çoxları üçün pul qazanma və başgirləmə
yerinə çevrilib. Və ən ciddi
nöqsanlardan biri media qurumlarının jurnalistika ilə
deyil, təbliğatla məşğul olmasıdır. Xüsusən TV və saytlar təbliğat və
piar vasitəsinə çevrilib. Jurnalistlər
hadisə yerlərinə getmir, mətbuat konfranslarında
canlı iştirak etmirlər, suallar verə bilmirlər.
Yaxşı jurnalistlərimiz var, amma
bütövlükdə mediamızda dovşan kimi qorxaq
reportyorlar dəstəsi yetişib, yalnız təbliğat
aparır, amma tənqid etməyə, araşdırmaya
girişməyə qorxurlar. Dediklərimin
hamısını birləşdirəndə təəssüf
ki, göz önündə bizim jurnalistikanın çox kədərli
mənzərəsi canlanır.
– Uzun illər Azərbaycan
televiziyasında çalışmısınız. Televiziyadakı fəaliyyətinizi necə şərh
edərdiniz?
– İndi mən özüm haqqında nə deyim ki? Bəli, uzun
illər dövlət televiziyasında çalışmışam,
reportyorluqdan başlayıb oranı siyasi icmalçı və
departament rəhbəri kimi tərk etmişəm. Babat verilişlərim, canlı reportajlarım,
maraqlı layihələrim, sənədli filmlərim olub.
Bundan başqa həmin TV və radionun tarixini
yazmışam. Məncə, geri boylananda hər
halda jurnalistikaya və o televiziyanın inkişafına müəyyən
töhfələrim olub.
Hesab edirəm ki, televiziya sözün həqiqi mənasında,
bu xalqın ictimai düşüncəsinin inkişafında
çox böyük rol oynaya bilər. ABŞ, Avropa
TV-lərinin, xüsusən Böyük Britaniya televiziyasının
təcrübəsi bunu aşkar şəkildə sübut
edir. TV bəzilərinin
düşündüyü kimi, zövqsüz, əyləncə
və bayağı şoular üçün deyil. Yaxşı düşünülmüş proqram
siyasəti olan televiziya milləti, xalqı, dəyərləri
formalaşdırır.
– Amma təəssüf ki, bu gün
bizim televiziyalar həmin missiyanı yerinə yetirə bilmir.
– Təəssüflənmək
lazımdır ki, bizim telekanallar, o cümlədən də mənim
vaxtilə çalışdığım, indi adicə
günün proqramını belə düzgün qura bilməyən
dövlət televiziyası bu ideallardan
çox uzaqlaşıb. Televiziyanın əvvəlki
cazibəsi qalmayıb, standartlar itib, peşəkarlıq
aşağı düşüb. Adam hətta
ən maraqlı mövzuların belə cılız təqdimatına
heyfsilənir. Özəl telekanalların
işi isə Allaha qalıb, onların ekranı, sanki
yaxşı tərbiyə almamış adamlar
yığnağına çevrilib. Şou
proqramlardakı həngamələr, nəzakətsiz
davranışlar, kobud danışıqlar az
qala normaya çevrilib. Bunların hansı məqsədə
xidmət etməsi anlaşılmır. Təəssüf
ki, büdcədən maliyyələşən TV-lər
özəllərə münasibətdə effektli rəqabət
yarada bilmir. Axı dövlət hər il
AzTV-yə 40-50 milyon, ictimai televiziyaya 15-18 milyon manat pul xərcləyir,
amma onun muqabilində televiziyalar bu cəmiyyətə nə
verir, hakimiyyətə hansı dividenti gətirir? Məqsəd hakimiyyətin fəaliyyətini
işıqlandırmaqdırsa, fikrimcə, televiziyalar bunu
çox bayağı şəkildə edir, yəni müasir
tamaşaçının qavrayıb-qəbul etmədiyi bir tərzdə
təbliğat aparır. Anlamırlar ki,
yeni təqdimat, cazibədar yanaşma olmadığı
üçün verlişlərin çoxu
darıxdırıcıdır. Bu səbəbdən
də bizim auditoriya öz marağını başqa telekanallara
– həm də başqa ölkələrin telekanallarına
baxmaqla ödəməyə çalışır. Söhbət peyk və kabel televiziyalarından,
transmilli kanallardan gedir. Bizdə ingilisdilli
auditoriya genişlənir, hər beş-altı gəncdən
biri bu dili bilir və bu adamlar AzTV də daxil olmaqla kif
basmış kanalların bayağı verilişlərinə
deyil, Avronyusa, BBC-yə, CNN-ə baxırlar.
– Bir də əyləncə və
şoular artıb bizim telekanallarda…
– Adam
şou aparıcılarının ədəbsizliyi və
savadsızlığı haqqında danışmaqdan lap
yorulur. Ekranlarda nə qədər əyləncə
göstərmək olar? Nə qədər
köhnə, primitiv formada konsertlər təqdim edilə bilər?
Nə zamana qədər eyni tip şoular vermək olar? Bunlar hamısı tamaşaçının
zövqünü korlamaq, onun düşüncəsini gərəksiz
və zərərli mesajlarla yükləməkdir. Ona görə də hesab edirəm ki,
televiziyalarımızın da, mediamızın da ciddi problemləri
sistemli və düşünülmüş şəkildə
yenidən qurulmalıdır. Cərrahi
müdaxilə daha effektli olardı, başqa variant yoxdur.
– Vaxtilə, dövlət əhəmiyyətli
tədbirlərdən canlı yayımlar
aparırdınız, bunun öhdəsindən gəlmək
çətin deyildi ki?
–
Ümumiyyətlə, televiziyada asan iş olmur, hər şey
peşəkarlıq və yüksək hazırlıq tələb
edir, dediyiniz canlı yayımlar da o cümlədən. Mənim jurnalist təcrübəmdə belə
yayımların ayrıca yeri var. Yəqin ki,
çoxlarının yadında olar.
Bizim Yol.- 2018.- 26 oktyabr.-S.13.