“Jurnalistika ruh, vicdan və ləyaqət tələb edir…”

 

Tanınmış jurnalist və publisist, media eksperti, filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmlinin İlkxeber.org saytına müsahibəsi

 

90-cı illərin ortalarından başlayaraq AzTV-də canlı yayımlar çoxalmışdı, beynəlxalq simpoziumlar, konfranslar keçirilirdi və bunların əksəriyyəti canlı translansiya edilirdi. Təbii ki, belə yayımı aparmaq ciddi məsuliyyət, hazırlıq, həssaslıq, duyum tələb edir. Problemlə bağlı dərin məlumatın olmalıdır, həm də iqtisadiyyatı, siyasəti, mədəniyyəti yaxşı bilməlisən, şəxsiyyətləri tanımalısan. Təbii ki, həm də yaxşı psixoloji hazırlığın, aydın nitqin, fiziki möhkəmliyin də olmalıdır.

Fiziki möhkəmlik deyəndə nəyi nəzərdə tutursunuz?

– Elə sözün birbaşa mənasında yaxşı fiziki sağlamlıq ona görə lazımdır ki, bəzən saatlarla sürən canlı yayıma dözə biləsən. Məsələn, bir dəfə 20 yanvar günü nəzərdə tutulurdu ki, dövlət başçısı Heydər Əliyev gəlib Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra canlı yayım dayandırılacaq. Bu da təxminən bir saat çəkməli idi. Lakin prezidentin ziyarəti bitdikdən sonra sədrdən tapşırıq gəldi ki, translyasiya şərhlə yaxşı alınır, ona görə canlı yayımı davam etdirməliyik. Onda səyyar TV stansiyasının kabinəsində oturub bu reportajı fasiləsiz apardım, təxminən 7 saata yaxın ayağa durmadan, fasilə vermədən danışdım. Arada işarə etdim ki, mənə bir stəkan çay versinlər, çünki hava çox soyuq idi və mən artıq üşüyürdüm. Eləcə də “İpək yolu” ilə bağlı Gülüstan sarayında keçirilən konfransdan, Roma papasının, E.Şvardnadzenin Azərbaycana səfərinin maraqlı canlı yayımı da yadımda qalıb. AzTV-dən gedəndən sonra mənim üçün maraqlıydı ki, görəsən belə canlı yayımlar necə veriləcək. Bir dəfə 20 yanvarda translasiyaya ötəri baxdım, gördüm ki, aparıcı kağızı qoyub qarşısına asta-asta oxuyur. Onun cümlələri görüntü ilə, kadrda olanlarla heç bir əlaqə yarada bilmirdi, çünki belə yayımlarda söz-təsvir kontrapunktunun nə demək olduğunu bilməyən sədr ona deyib ki, bu vərəqdəki mətndən kənara çıxma. Belə olmaz, axı bu yaradıcılıqdır. Kameranın önündə bəzən maraqlı hadisələr baş verir, gərək onlara münasibət bildirəsən. Belə inzibati yanaşma isə reportajı öldürür, tədbirin təqdimatına xələl gətirir. Şərhçinin səsi əlavə bir məlumatdır. Və o məlumat görüntü ilə birləşib yeni məna yaradır. Təbii ki, belə translyasiyalarda şərhçinin peşəkarlığı ilə yanaşı, həm də yaxşı rejissor və zövqlü operator işi tələb olunur.

Jurnalistikada “zirvə nöqtəsi” varmı? Məsələn, Qulu Məhərrəmli deyə bilərmi ki, mətbuatda əlindən gələni etdi, fəxri titula, mükafatlara layiq görüldü, bir sözlə zirvəyə çatdı?

– Jurnalistikada hansısa zirvə yoxdur, istedad, duyum, üslub, peşəkarlıq var. Fərqli görmə, yanaşma, fərqli düşünmə, bunları fərqli formada təqdim etmə var. İndiki şəraitdə bizdə nə fəxri ad, nə orden-medal, nə də başqa mükafatların heç biri peşəkarlıq və nüfuz göstəricisi deyil və ola da bilməz. Hansısa münasibətə görə əməkdar jurnalist adını almış şəxslər var ki, iki cümləni dalbadal yaza bilmir.

Fəxri ad fərqləndirmək üçündürsə, ən layiqlilərə verilməlidir, amma təəssüf ki, həmişə elə olmur. Mən indi də təəssüflənirəm ki, vaxtilə “Azərbaycan gəncləri” qəzetində bir-birindən gözəl materiallar yazmış, daha sonra başqa media qurumlarında vicdanla çalışmış mərhum Möhləddin Səməd kimi peşəkar, klassik jurnalistə ad vermədilər, çünki özünü gözə soxan, kiməsə yarınan, kiminləsə alver edən deyildi.

Bu gün tanıdığımız çox istedadlı jurnalistlər var ki, yazılarını oxuyur, verilişlərinə baxırlar, amma bəzi məmurların zövqünü oxşamadığı üçün onlara layiq olduğu diqqər göstərilmir. Amma yaxşı jurnalist belə mənasız şeylərə görə ruhdan düşməməlidir. Bütün vicdanlı qələm sahibləri bilir ki, jurnalist dünyada yeganə peşə sahibidir ki, ondan insanlara, cəmiyyətə yalnız doğrunu, həqiqəti söyləmək tələb olunur. Bu prinsiplə fəaliyyət göstərirsənsə, həm də öz şəxsiyyətini, ləyaqətini qoruyub təmsil elədiyin peşəyə nüfuz qazandırıb onu şərəfləndirsənsə, sən ən böyük peşəkarsan.

 

Deməyinizdən belə çıxır ki, jurnalistikada xarakter, şəxsiyyət böyük rol oynayır?

– Təkcə jurnalistikada yox, bütün sahələrdə – siyasətdə, elmdə, təhsildə və s. şəxsiyyət ciddi rol oynayır. Jurnalistika bir sistemdir, cəmiyyətin bir elementidir, ona görə çox vaxt bu sahə içərisində olduğu rejimin rəngini, xarakterini özünə hopdurur. Amma rənglər tündləşəndə şəxsiyyətlər buna müqavimət göstərə bilir. Bu mənada hər jurnalistika məhsulu öz rəhbərinin xasiyyətini daşıyır. Məsələn, “Əkinçi” H.B.Zərdabinin, “Molla Nəsrəddin” Mirzə Cəlilin, “Füyuzat” Ə.B.Hüseynzadənin, “Həyat”, “İrşad” Ə.Ağoğlunun və Ü.Hacıbəylinin xarakterinin məhsulu idi. Bu gün də hər bir qəzet öz rəhbərinin yaxşı və ya naqis xarakterini ifadə edir.

Adamların çoxunda sual yaranır: axı necə olur ki, adətən, mənfi imicin daşıyıcısı olan bir telekanalda sizin kimi böyük mütəxəssis və parlaq şəxsiyyət yetişir?

– Əvvəla, onu deyim ki, AzTV haqqında bu cür düşünənlər ciddi yanlışlığa yol verirlər. Bu televiziya xalqımızın ümumi mədəniyyətinin bir parçası olub və onun tarixində o qədər parlaq şəxsiyyətlər yetişib meydana çıxıb ki, biz onlarla heç müqayisə edilə bilmərik. Belə yanaşmasaq biz Rauf Kazımovski, Kərim Kərimov, Firudin Ağayev, Hacı Hacıyev, Nuhbala Quliyev, Bünyad Məmmədov, Mailə Muradxanlı, Əhməd Xaspoladov, Valid Sənani, Bəhram Gözəlov, Rauf İsmayılov, Eldar Baxış, Tariyel Vəliyev, Valid Sənani və başqa yaradıcı şəxsiyyətlərin ruhunu incitmiş olarıq.

Teleradio tarixində önəmli yer tutmuş bu insanlar heç vaxt unudulmaz. O ki qaldı mənə, həmin telekanalda qeyri-adi heç nə eləməmişəm. Sadəcə həmişə peşə prinsiplərini üstün tutmağa, ləyaqəti qorumağa, bir də daxili azadlığımla vəzifə borcum arasında tənasübü qorumağa çalışmışam. Təbii ki, hadisələrin bir az mürəkkəb dövründə çalışanda tamaşaçılar ekrandan tanıdıqları insanların davranışlarına daha həssas və tələbkar yanaşırlar.

– Qulu müəllim, bütün dünyada “frilanserlər” adlandırılan müstəqil jurnalistlər var. Bizdə bu sahədə vəziyyət necədir?

– Bizdə də sayları az olsa da belə müstəqil jurnalistlər var. Seymur Kazımov, Aynur Elgünəş, İzolda Ağayeva, Gülər Mehdiyeva, Aytən Fərhadovanın yaradıcılığına bələdəm. Jurnalistikanın gələcəyi müstəqil mətbuatla, həm də həmin dediyimiz frilanserlərlə bağlıdır. Çünki bu jurnalistlər peşəkarcasına xəbər toplaya bilir, hər hansı bir problemlə bağlı müstəqil araşdırma apara bilirlər.

Frilanserlər xaricdə qəzet və saytlarla müqavilə əsasında çox ciddi araşdırmalar aparırlar. Təəssüf ki, bizdə bu sahə axsayır. Qəzetlər indi elə vəziyyətdədir ki, tənqid yazmaqdan, xüsusən araşdırma aparmaqdan qorxurlar. Halbuki bəzən buna ciddi ehtiyac olur. Məsələn, Beynəlxalq bankın rəhbəri C.Hacıyevin Böyük Britaniya şirkətlərinə pul axıtmasını bizim jurnalistlər vaxtında araşdırıb üzə çıxarsaydılar ölkəmizin büdcəsinə xeyli xeyir vermiş olardılar. Başqa misal: bir müddət əvvəl AzTV sədri A.Alışanovun qaldırdığı məhkəmə iddiası ilə bağlı prosesdə keçmiş biznes şəriki onu qətldə günahlandırmışdı. Adam məhkəməyə verdiyi ifadədə hansısa xanımın harda və necə, kimin iştirakı ilə öldürülməsi barədə ittiham irəli sürmüşdü. Məhkəmə bəlli səbəblərdən bu ittihama əhəmiyyət verməyə bilər. Amma yaxşı jurnalist qrupu lazımıydı ki, bunu araşdırsın, doğru və yalanı üzə çıxarsın, bilmirəm, bəlkə də gizli araşdıranlar var.

Deməyim odur ki, bu gün heç kimdən asılı olmayan müstəqil jurnalistlərə, ciddi ehtiyac vardır. Hazırda internet jurnalistlərin yaradıcılığını stimullaşdırır. Yollarını kəsməsələr gələcəkdə həmin müstəqil qələm sahibləri Azərbaycan jurnalistikasının ləyaqətli simasına çevrilə bilərlər.

– Neçə illərdir BDU-da dərs deyirsiniz. Pedaqoji fəaliyyət sizin üçün nə deməkdir?

– Dərs demək mənim üçün jurnalist peşəsinin bir başqa formada uzantısıdır. Futboldakı oynayan məşqçi kimiyəm, həm GünAz TV-də proqram aparıram, həm də tədrislə məşğulam. Tələbələrə televiziya jurnalistikasının əsaslarını öyrədirəm. Yəni indiyə qədər TV yaradıcılığı sahəsində az-çox qazandığım təcrübəni, auditoriyada tələblərəçatdırmağa çalışıram. Pedoqoji iş həm də tələbələrlə, gələcək jurnalistlərlə ünsiyyət deməkdir. Hiss edirəm ki, tələbələr praktikadan gəlmiş müəllimlərə bir az fərqli yanaşırlar. Onların dediklırinə daha çox önəm verirlər. Onlarla daha çox sual-cavab edir, daha çox öyrənmək istəyirlər. Bu mənada özümü auditoriyada müəllim kimi yaxşı hiss edirəm.

– Tələbələrinizin bilik səviyyəsi sizi nə dərcədə qane edir, aralarında jurnalist kimi ümid verənlər varmı?

– Tələbələr müxtəlif kurslarda müxtəlif cür olur. Jurnalist peşəsini canı-dildən sevib gələnlər də var, bu sahəyə təsadüfən düşənlər də. Mənim işim jurnalistikaya maraq göstərib gələnlərlədi. O biriləri birtəhər oxuyub dörd ili yola verirlər, bilirlər ki, jurnalistikada olmayacaqlar. Həm də görürlər ki, jurnalistika təkcə yaradıcılıq deyil, həm də ruh, vicdan, ləyaqət məsələsidir. Yəni yaradıcılıqla bunları birləşdirəndə sən jurnalistikada nüfuzlu şəxsə, peşəkara çevrilirsən. Bunlar olmayanda birtəhər başını girələyirsən. Jurnalistikada həmin keyfiyyətləri birləşdirmək hər adamın işi deyil. Ona görə də tələbələrin hamısının parlaq jurnalist olacağını güman etmək sadəlövhlük olardı. Tutaq ki, auditoriyada 30 nəfər var, onlardan 5-i yaxşı jurnalist olsa, bizim üçün yaxşı nəticədir. İndi əsas məsələ həmin kiçik sayı artırmaqdır.

 

Bizim Yol.- 2018.- 27 oktyabr.-S.13.