"Lütfi Zadə elmdə yeni bir qapı açıb"
Azərbaycanın
xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının rektoru Ömər
Eldarovun "Report"a müsahibəsi.
- Hazırda məzuniyyətdə
olmağınıza baxmayaraq, yenə də iş
başındasınız..
-
Bilirsiniz, indi yeni qəbul olunan tələbələr
çox gəlirlər. Ona görə də bəzi
problemləri həll etmək lazım gəldiyindən burada
oluram. Abituriyentlər imtahan veriblər, kimisi pulluya
düşüb, kimisi də qəbul ola
bilməyib, cürbəcür problemlər var. İstedadlı
uşaqlara həmişə kömək edirik. Maliyyə
baxımından çətinlik çəkənlərə
hissə-hissə ödəniş etmələri
üçün köməkli göstəririk. Maaş çox azdır və biz də onlardan
asılıyıq. Gərək onlar pul versinlər ki,
biz də maaş verək.
- Lütfi Zadənin qəbirüstü
abidəsinin gecikməsi ilə bağlı söz-söhbət
çox oldu.
- Bu
işi görən mənəm. Mənə nə
vaxta deyiblərsə, həmin vaxtda da heykəl hazır olub.
Mənim işi gecikdirməyim mümkün olan
şey deyil.
- İndi də qəbirüstü
abidəni bəyənməyənlər var.
- Sadəcə,
onlar mənim nəyi demək istədiyimi başa düşmədilər.
Əslində, mən göstərmək istəyirdim
ki, bu, böyük bir hadisədir. Lütfi
Zadə elmdə yeni bir qapı açıb. O, çox
ağır qapı açaraq elm dünyasını daha da
genişləndirdi. Duruş tərzinə gəldikdə isə
onun yaxın qohumu Cənnət Səlimova abidəyə
baxıb çox oxşadığını dedi. Şəkillərə baxdıqda da bunu görmək
olur. Əlbəttə, "hamı bəyənməlidir"
fikri düzgün olmazdı. Mən həmişə
standart kompozisiyalardan qaçıram, nə isə yaratmaq,
yenilik etmək istəyirəm.
- Bu gün paytaxtımızda
qadın heykəli olduqca azdır, olanları da qapalı geyimdə
təsvir olunub. Ümümiyyətlə, heykəllərin
hamısı sanki yazıçılar, şairlər
üçün qoyulub.
- Desəm
ki, biz müsəlman ölkəsiyik deyə belədir, düz
çıxmaz (gülür). Çadrasını atan
qadın heykəli var. Natavan da mənim əl işimdir..
- Tələbələr sizi qane
edirmi?
- Digər
sahələri dəqiq bilməsəm də,
xalqımızın incəsənət sahəsində qabiliyyəti
var. Bəzən kənddən gəlirlər, bəlkə də
5-ci dəfədir əlinə karandaş alırlar, ancaq 4-5
ildən sonra yüksək səviyyədə işlər
ortaya qoyurlar. Bu o deməkdir ki, bu, genetikamızda var. Bizim bir zəif
yerimiz odur ki, tələbələr məzun olduqdan sonra onlara
ya az tələbat olur, ya da ki olmur. Mən inanıram ki, biz məzunlara dəstək versək,
onlar çox yuxarı səviyyələrə qalxa bilərlər.
Prezident Administrasiyasına bununla bağlı
müraciət etmişəm. Təklif edirəm
ki, müəyyən yerlərə namizədləri komissiya
yox, mən seçim. Çünki komissiya tərəfindən
seçildikdə eyni, tanış soyadlar
meydana çıxır. Son illər yaradılan
heykəllər, xüsusilə də Fikrət Əmirov, Qara
Qarayevin abidələri heç də ürəkaçan
deyil.
- Bəs Azərbaycanda heykəltəraşın
maddi vəziyyəti necədir?
- Rəssam
üçün pul o qədər də vacib deyil,
yaxşı iş olsa, qiymətdə razılaşır,
aktyor zalı doludursa, bundan həzz alır. Bunlar
elə peşələrdir ki, publikadan rezonans tələb
edir. Xatırlayıram, Düşənbədə
işləyəndə bir heykəlin
açılışında 100 min insan iştirak edirdi.
Bizdə isə belə deyil,
açılışa insanları yalnız dəvətnamə
ilə buraxırlar. Bu da heykəltəraşlar
üçün pisdir.
Bizim savadlı müəllimlərimiz çoxdur. Bəziləri
dərs demək üçün Türkiyəyə gedirlər.
Orada incəsənət fakültələrində
çoxlu azərbaycanlı müəllimlər var, amma yerli
müəllimlərə nisbətən əmək haqları
azdır. Halbuki alman, fransız gəlib eyni səviyyədə
dərs keçsə, on dəfə çox maaş
alacaq. Çünki Türkiyədə bizim
yaşayış səviyyəmizi bilirlər. Onlar bilirlər ki, Azərbaycanda işləsə,
500 manat əməkhaqqı alacaq, ona görə də 500
dollar verirlər. Hətta etiraz etmək də
mümkün deyil. "Əgər istəmirsinizsə,
iş üçün növbə var, başqasını
çağırarıq" deyirlər. SSRİ
dövründə təhsil sistemi çox yaxşı
qurulmuşdu. Məsələn, ABŞ-da təhsil
səviyyəsi o qədər də yüksək deyil. Onlar daha çox müəyyən sahə üzrə
ixtisaslaşırlar. Amerikalıdan
Ukraynanın yerini soruşsan, xəritədə sənə
Afrikanı göstərə bilər. Ancaq
biz bütün ölkələrin yazarlarını oxuyurduq,
bütün operaları əzbər bilirdik. Bir dəfə
müsahibədə Çaykovskidən söhbət
düşəndə rus olduğunu qeyd etdiyim zaman təəccüblə
mənə sual verdilər ki, bəs o, amerikalı deyildi?.. Puşkini tanımırlar, bəlkə,
Tolstoyu tanıyarlar. Mən alman, inigilis,
fransız, italyan yazarlardan oxuduqlarımı yazsam, uzun bir
siyahı yaranar.
- Sərgilərin keçirilməsi,
yaxud da internet üzərindən satış mümkün
deyil?
- Belə
bir şey olsa, yaxşı olardı. Çünki bir ildən,
beş ildən bir sponsor tapıb bir, ya da
iki əsəri sata bilirik. Bizdə hər il
məzunların sərgisi olur. Mətbuatı da hər il dəvət edirik, ancaq xəbərlər
çox yayımlanmır. Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında gördüyünüz
bütün işlər tələbələrə aiddir, hətta
onları yerləşdirməyə yerimiz çatmır.
Nəticədə işlərini akt tərtib
edib hədiyyə olaraq veririk. Çünki
satışını təşkil edə bilmirik.
İndi bazar Çin, İran, Türkiyə məhsulları
ilə doludur.
Biz onların keyfiyyət və qiymət nisbəti
ilə ayaqlaşa bilmərik. Çünki
biz işi ucuz, eyni zamanda da keyfiyyətli edə bilmirik. Bizim işimiz fərdi və eksklüziv işlərdir.
Çinlilər isə lazerlə istənilən
dizaynı edirlər. Təbii mərmərdən
lazerin köməyi ilə basma-qəlib məhsullar istehsal edə
bilirlər. Hətta fəvvarələr də.
Ancaq neqativ durum eksküliziv olmamasıdır.
Məsələn, meydançalar
üçün fəvvarə lazım olanda Çin
istehsalı alıb kənarlarını qızılı bəzəklərlə
bəzəyirlər. Gedin başqa kasıb
ölkələrə, yaxud elə bizim rayonlara orada da bu fəvvarələrdən
var. Onlar nə qədər bahalı olsa da, sənət
baxımından dəyərsizdirlər. Gərək
dövlət bu məsələlərə diqqət yetirsin.
- Akademiya
material baxımından lazımi səviyyədə təmin
olunurmu?
- Bizdə
hər şey var. Tbilisi kimi incəsənəti inkişaf
etmiş şəhər Şota Rustavelinin heykəlinin düzəlməsi
üçün mum və s. kimi hissələri bizdən istəmişdilər.
Biz əl işlərində çox
yaxşıyıq. Sadəcə, gips
problemi var. İranda və Türkiyədə də hər
cür gips var, amma bizimkilər almırlar. Ən
ucuz və yaxşısını almağa
çalışırlar. Ancaq bunlar da
yaxşı olmur. Özümüz həmişə gips
hazırlamağa çalışsaq da, alınmayıb.
Bakıdakı gips zavoduna nə qədər nəzarət etsək
də, yaxşı gips istehsal olunmurdu. Xammal
yaxşı deyildi, ya düzgün deyildi, dəqiq bilmirəm.
İndi də həmin zavod yoxdur. Bizdə
gips yalnız tikinti üçün zəruri sayılır.
- Fəvvarələr
meydanının indiki görünüşü barədə
nə deyə bilərsiniz?
- Orada
eksklüziv fəvvarələr var idi. Fəvvarələr
meydanının əvvəlki variantında milyon manat dəyərə
sahib çətin və orjinal quruluşa sahib bir skluptur var
idi. Hansı ağılla onu oradan
götürdülər? Hansı ki, Heydər
Əliyevin göstərişi ilə bu abidə qoyulub və təsdiqlənmişdi.
Hətta Hacıbala Abutalıbovu şəxsən
çağırıb abidəni bəyəndiyini
bildirmişdi. Əzim Əzimzadənin abidəsini
yığışdırıb yerinə fəvvarə
quraşdırdılar.
Ümumiyyətlə, mən bütün bunlar barəsində
bir məqalə yazmaq itəyirəm ki, qoy oxuyub utansınlar. Bunu edənlərə
demək istəyirəm ki, abidələri söküb yerinə
bərbəzəkli fəvvarəlar quraşdırıb
güllər əkmək düzgün deyil. Çünki heykəllərin funksiyası tamam fərqlidir.
O, nəinki şəhərə yaraşıq verir, eyni zamanda
tərbiyə verir, vətənpərvərlik, sənətsevərlik
hissləri aşılayır. Siz də
bütün bunları götürüb zibilə
atdınız. Əzim Əzimzadənin
abidəsini hissə-hissə yığıb İçərişəhərdə
qoydum, ancaq bəzi parçaları çatışmır.
Bir məqamda var ki, indiki yerində o abidəyə
baxılmır. Çünki abidə həmin
yer üçün çox böyükdür.
- Heykəllərin götürülməsinə
münasibətiniz necədir?
- Məsələn,
İtaliyada heç vaxt bu cür hərəkət etmirlər,
ancaq istisna hallarda bir-iki fakt ola bilər. Yəni qırmırlar, onları tarix olaraq
saxlayırlar. Bizdə qəfil olaraq
ideologiya sosializmdən kapitalizmə doğru dəyişdi.
Bu əsnada, mənim də
hazırladığım bir neçə heykəli
götürdülər. Bəzi heykəllərin
götürülməsini başa düşə bilərəm,
ancaq Əzim Əzimzadəni niyə?...
- Dahilərin simasını
yaradırsınız. Bəs sizin heykəlinizi
kimin yaratmasını istərdiniz?
- Bu barədə,
həqiqətən, heç vaxt fikirləşməmişəm.
Bunu deyə bilmərəm. Məncə,
hələ lazım da deyil.
Bizim Yol.- 2018.- 5 sentyabr.- S.12.