Lütfi Zadənin ölümündən
bir il ötür
Dünya
şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin ölümünün ildönümüdür.
Missiya.Az xəbər verir ki, mərhumun ölümündən bir il ötür.
Lütfi
Zadə 2017-ci ilin sentyabrın 6-da Kaliforniyada vəfat edib.
O, vəfatından əvvəl Azərbaycanda
dəfn edilməsi ilə bağlı vərəsə məktubu
yazıb. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək
I Fəxri xiyabanda dəfn edilib.
Lütfi Zadənin qəbirüstü
abidəsini heykəltəraş, xalq rəssamı Ömər
Eldarov hazırlayıb.
Xatırladaq
ki, Lütfi Zadə 1921-ci ilin fevralın 4-də Bakı şəhərində
anadan olub. Lütfi ilk təhsilinə Bakıdakı 16
saylı məktəbdə başlayıb. 10 yaşında ikən
ailəsi ilə birlikdə Bakını tərk edərək
Tehrana köçüb. Orta təhsilini tamamladıqdan sonra o,
Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə
daxil olub. Böyük alimin Amerika həyatı isə
1944-cü ildən başlayıb. O, 1948-ci ildə Amerikada
universitetin elektron mühəndisliyi üzrə magistr, 1957-ci
ildə isə professor dərəcəsi alıb.
Bu gün
dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi
məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə
tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun
dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.
Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili
çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis
çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil
edilməsi təbiətdə və cəmiyyətdə gedən
proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə
almağa imkan yaradır.
Aparıcı
dünya şirkətləri tərəfindən tətbiq
olunan bu nəzəriyyə 1965-ci ildə işlənib
hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika
elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə
də, ötən əsrin 80-ci illərində yapon alimlərinin
diqqətini cəlb edib və yaponlar bu unikal nəzəriyyədən
yararlanmaq qərarına gəliblər. Bu gün Yaponiyanın
"Mitsubishi", "Toshiba", "Sony",
"Canon", "Sanyo", "Nissan", "Honda" və
digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq
nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan
maşınlar, vakum kimyəvi təmizləyiciləri
istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin
idarə olunmasında geniş istifadə edirlər. Lütfi
Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin
sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına
verdiyi ən yüksək mükafat – "Honda"
mükafatı ilə təltif olunub.
2016-cı
ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında
yapon alimləri tərəfindən ilk dəfə olaraq
süni-intellektə malik robot hazırlanıb. Alter adlı
robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib.
Macarıstanda Obuda Universitetinin nəzdində Antal Beyçzi
adına İntellektual Robotiks Mərkəzi ilə əməkdaşlığına
görə Lütfi Zadənin fotosu bu mərkəzin
divarında yerləşdirilib.
Bizim Yol.- 2018.- 7 sentyabr.- S.12.