22 yaşında dünyanı silkələyən
azərbaycanlı
Azərbaycanın
gənc baritonu Məhərrəm Hüseynov öz ölkəsini
xaricdə tanıdan həmvətənlərimizdən biridir.
22 yaşı olmasına baxmayaraq, M.Hüseynov artıq
dünyanın ən iri səhnələrində
çıxış etmək imkanını qazanıb. O, Fuad
İbrahimov, Rauf Abdullayev, Dmitri Yurovski, Manlio Bentsi, Alberto
Dzedda, Fabio Biondi, Kristof Russe kimi dirijorlarla işləyib.
Prezident təqaüdçüsü olan sənətçinin
adı Azərbaycanın gənc istedadlarının
Qızıl kitabına da daxil edilib. Həmçinin M.Hüseynov
Xuan Dieqo Florez, Vivika Jenu, Bernadette Manka di Nissa və Alberto
Rilandi kimi ustadlardan dərs alıb.
Bir neçə gün əvvəl İtaliyanın La Skala teatrında “Əlibaba və 40 quldur” tamaşası ilə debüt edən opera ifaçısı Publika.az-a danışıb.
- Sizin kimi
ifaçının sənətə gəlişi və
keçdiyi yol maraqlıdır. Necə oldu ki,
operanı seçdiniz?
-
Böyük sənət yolu keçməsəm də, musiqi
fəaliyyətimdə yaddaqalan hadisələr çox olub.
Anam danışır ki, iki-üç yaşında olarkən
klassik musiqiləri sevərək dinləmişəm.
Üç yaşımda isə skripkada ifa etməyi öyrənmək
həvəsinə düşmüşəm. Valideynlərim
bu istəyimi nəzərə alaraq məni skripka müəlliminin
yanına aparıb. Yaşım az olduğu üçün
müəllim məni yalnız bir neçə ildən sonra qəbul
etməyə razı olub.
- Deyirlər ki, hər hansı sənətə
həvəs genlə ötürülür. Sizdə də belə
olub?
Valideynlərin
musiqiçi olmasa da, klassik musiqi aşiqidir, bu sənəti həmişə
yüksək qiymətləndirirlər. Klassik musiqini mənə
sevdirən insan nənəm olub. Nənəm fortepiano üzrə
musiqi məktəbini bitirib. Pianoda hər hansı mahnı ifa
edən zaman onu müşayiət etməyi sevirdim. Nənəm
və ailəm artıq kiçik yaşlarımdan məndəki
istedadı görüb gələcəyimlə bağlı qərarlar
vermişdi. Uşaq olsam da, səsim yaxşı idi, ən əsası
mahnını xaric olmadan oxuyurdum.
Artıq
7 yaşım olanda Əfrasiyab Bədəlbəyli adına
musiqi məktəbində skripka
ifaçılığını öyrənməyə
başladım. Lakin 5-ci sinifdə anladım ki, skripka mənlik
deyil. 6-7 yaşında opera ariyalarını oxuya bilməzdim,
klassik estrada mahnılarını isə məmnuniyyətlə
ifa edirdim. Bununla belə skripka təhsilimi yarımçıq
qoymadım, 7-ci sinfi bitirdim.
10
yaşında qərara aldım ki, klassik vokalla məşğul
olum. Anam və atamla birlikdə Üzeyir Hacıbəyov
adına Bakı Musiqi Akademiyasına gedib prorektor Oqtay
Abasquliyevlə tanış olduq. Oqtay bəy vokal müəllimi
tapmaqda bizə çox kömək oldu. Beləliklə, biz
Opera və Balet Teatrının uzun illər solisti olan Svetlana
Mirzoyevaya müraciət etdik və mən vokalla məşğul
olmağa başladım. Paralel olaraq musiqi məktəbində
skripka dərslərinə gedirdim. Vokalda nə qədər
böyük müvəffəqiyyətlər əldə
edirdimsə, skripka məndə bir o qədər az maraq
oyadırdı.
13-14
yaşımda skripka dərslərini bitirdikdən sonra təhsilimi
Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli
Uşaq Musiqi Məktəbində davam etdirdim.
- Bildiyim qədəriylə 14
yaşınız olarkən əvəzolunmaz violenç
ifaçısı və dirijor Mstislav Rostropoviçin
qızı səsinizə valeh olub. Bu hadisəni
karyeranızın dönüş nöqtəsi adlandırmaq
olar?
-
Çox gözəl skripka, trombon, fleyta və digər musiqi
ifaçılarından ibarət konsert təşkil
edilmişdi, hansı ki, orada tək vokalçı mən
idim. Konsertin qonaqları arasında Rostropoviçin kiçik
qızı da var idi. Tədbir bitdikdən sonra o, mənə
yaxınlaşıb bildirdi ki, ifamı çox bəyənib.
Daha sonra “Biz hələ görüşəcəyik”, - deyə
əlavə etdi.
Bir
neçə gündən sonra evə zəng edib dedilər
ki, Mstislav Rastropoviçin həyat yoldaşı və
dünya səviyyəli opera ifaçısı Qalina
Vişnevksya vokal üzrə öz tövsiyələrini vermək
üçün məni Moskvada gözləyir. Beləliklə,
atamla birlikdə Moskvaya yola düşdük. İndiyədək
yadımdadır, çıxışdan əvvəl çox
həyəcan keçirirdim.... Böyük bir sənətkarın
qarşısında çıxış edəcəkdim,
sözsüz ki, yaxşı hazırlaşmışdım.
Dinləmələrdən müsbət rəylər aldım.
Sonra məni pedaqoq yanına göndərdilər, hətta
musiqi məktəbinə qəbul etmək istəyirdilər. O
məktəbin proqramı çox ağır olması ilə
seçilir, üstəlik səsim dəyişmə mərhələsində
idi, mənə isə çox oxumaq olmazdı. Odur ki,
Bakıya qayırmalı oldum.
Bakıda
vokalla həftədə bir neçə dəfə və
15-20 dəqiqə məşğul olurdum. Azərbaycana
qayıdanda müəlliməm S.Mirzoyeva da Moskvaya getməməyi,
səsim düzəldikdən sonra İtaliyaya getməyi məsləhət
gördü.
- İtaliyada Ozimo Akademiyasında təhsil
almısınız. Universitetin ən gənc tələbəsi
kimi qazandığınız təcrübələri
bölüşə bilərsiniz?
- Ozimo
Akademiyasına daxil olanda 18 yaşım var idi, hamı mənə
təəccübdən bərəlmiş gözlərlə
baxırdı. Çətinliklər olmadı, əskinə
qarşımda böyük imkanlar açıldı. Gənc
olmağım indi də mənə çox yollar
açır və şanslar yaradır.
İkinci
tədris ilində, İtaliyada opera debütüm baş
tutmuşdu, yaradıcılıq baxımdan çox məhsuldar
il olmuşdu. Təxminən 9 ay ərzində 2 tamaşada və
35-dən çox konsertdə çıxış
etmişdim.
- Azərbaycan vokal sənətində
Bülbül, Rəşid Behbudov, Lütfiyar İmanov kimi
korifeylər olub. Siz bu sənəti seçərkən kimi
özünüzə örnək
götürmüsünüz?
Yadımdadır
ki, məktəbdən çıxanda atam hər dəfə mənə
klassik musiqiçilərin disklərini alırdı: Vivaldi,
Bax, Bethoven, Motsartın, habelə Rəşid Behbudovu və və
digər ifaçıları nümunə çəkə
bilərəm. 5-6 yaşımda tez-tez Rəşid Behbudova
qulaq asır və onun bütün mahnılarını əzbər
bilirdim.
- Dünya şöhrətli opera sənətçisi
olmaq, daim uğur qazanmaq və gündəmdə qalmaq
üçün istedadla yanaşı başqa nə
lazımdır?
Opera teatr
sənətinin ən mürəkkəb növlərindən
biridir. İstənilən opera sənətçisi punktual
olmalı, öz işinə ciddi yanaşmalı, çoxlu
oxumalı və dinləməli, daim öyrənməli və
öz üzərində səylə
çalışmalıdır. Bütün bu amillər
sözsüz ki, çox böyük bir nəticəyə gətirib
çıxaracaq. Ümumiyyətlə, sadaladıqlarım
amilləri bütün sənət sahələrinə aid etmək
olar.
- Adətən yaradıcı
insanların müəyyən “kapriz”li olur. Sənətçi
kimi sizin hansısa şıltaqlıqlarınız var?
Başqalarını hövsələdən
çıxarmağı xoşlayan kaprizli insanların sevmirəm,
xüsusilə iş prosesində... Sadə insanlarla ünsiyyət
qurmaq daha asan və maraqlıdır.
- Siz opera müğənnisisiniz,
ciddi sənəti təmsil edirsiniz. Musiqi janrı
bolluğunda, daha çox şounun təbliğ olunduğu bir
vaxtda imici qoruyub saxlamaq çətin deyil ki? Ümumiyyətlə,
niyə klassik musiqiyə sevgi azalıb, insanlara opera musiqisini
necə sevdirək?
Nəinki
Azərbaycanda, bütün ölkələrdə operaya maraq
aşağı səviyyədədir. Əgər opera sənəti
televiziya və digər kommunikasiya vasitələrində təbliğ
olunmursa, uşaq nə bilsin ki, opera nədir? Demək olmaz ki,
sevgi azdır, çoxu ümumiyyətlə, opera haqqında
heç bir məlumata və anlayışa malik deyil.
- Operanın vətəni sayılan
İtaliya teatrları bu problemin həlli üçün nə
təklif edir?
La Skala
teatrında uşaqlar üçün xüsusi tamaşalar
qurulur. Bu tamaşalara baxmaq üçün teatra məktəblərdən
nə qədər şagirdlər axışıb gəlir.
Beləliklə də uşaqların qəlblərinə opera
və teatra qarşı sevgi toxumları səpilir. Məsələn,
Romada çalışarkən 5000-6000 uşağın
qarşısında hər gün çıxış
edirdik.
Avropada,
Amerikada, Asiyanın bəzi ölkələrində
tamaşalarını, klassik konsertlərini yeni formatda, bəzi
hallarda şou kimi təqdim edirlər. Və bu, insanların
operaya olan marağını artırmağa xidmət edir.
- Azərbaycanda opera sənətinin
hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
Azərbaycanda
bir opera teatrının olması məcbur edir ki, həmişə
məsuliyyətli olaq və onu yüksək səviyyədə
saxlayaq. Təəssüf ki, əvvəlki illərlə
müqayisədə opera teatrımız hazırda bəzi
problemlər yaşayır. Məsələn, köhnə
dekorasiyalar və kostyumlar yenilənmir və yaxud xarici ölkələrdən
solistlər dəvət olunur, nəticədə istedadlı gənclərimiz
və yüksək səviyyəli ifaçılarımız
kənarda qalır, teatrda onlara yer verilmir. Çox istərdim
ki, tamaşaçılarımız öz opera
ifaçılarımızı və onların
çıxışlarını Azərbaycan səhnəsində
izləyib tanıya bilsin.
Teatrın
səviyyəsini qaldırmaq çətindir, bunun
üçün müxtəlif proqramlar hazırlanmalıdır.
Xüsusilə gənclər üçün xüsusi truppa
yaradılmalıdır. Gənc opera ifaçıları
üzərində çalışan rejissor, vokal müəllimi,
eyni zamanda ingilis və italyan dillər üzrə müəllimlər
təyin olunmalıdır.
Teatrda hər
dəfə eyni proqram səslənə bilməz! Hərdən
səhnəyə yeni operalar qoyulur, amma onlar konsert proqramı
şəklində təqdim olunur. Operaların tamaşa kimi
deyil, konsert proqramı şəklində keçməyi mənasızdır.
Ümid edirəm ki, bütün bu problemlər ardan qalxacaq və
biz Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının yaxın zamanda çiçəklənməsinin
şahidi ola biləcəyik.
- Bəs Avropa
tamaşaçısının bizim klassik musiqi və
muğamlarımıza marağı hansı səviyyədədir?
Bizi dinləyir və tanıyırlarmı?
Deyə
bilmərəm ki, İtaliyada muğamı hamı
tanıyır, hər halda tanıyanlar var. Muğam
böyük bir dəryadır... Onu bir dəfə dinləməklə
anlamaq çətin olsa da, ona maraq böyükdür.
- Səsinizi necə qoruyursunuz?
Vokalçının
aləti onun səsidir. Səsi idarə etmək çətindir.
Səsi qorumaq üçün birinci növbədə
özünü qorumalısan. Vaxtında yatmaq və
düzgün qidalanmaq lazımdır. Soyuq su içmək və
ya yaxud dondurma da yemək olar, lakin hər şeyi qədərində
olmaq şərtilə.
- 22
yaşınız olmasına baxmayaraq bu yaxınlarda əfsanəvi
La Skala səhnəsində çıxış etmək şansı qazandınız. Azərbaycanlı
sənətçinin belə bir uğura imza atması bizim
üçün qürurverci hadisədir. Söyləmişdiniz
ki, o səhnədə çıxış etmək ən
böyük arzunuz olub. O da həqiqətdir ki, yaradıcı
insanın arzuları heç vaxt bitib tükənmir. Yaratmaq
istədiyiniz obrazlar və fəth etmək arzusunda olduğunuz
daha hansı səhnələr var?
2017-ci
ilin oktyabrında La Skala Akademiyasına daxil oldum və Heydər
Əliyev Fondu mənə çox dəstək oldu. Onlara
öz təşəkkürümü bildirirəm. Çox
şadam ki, sentyabrın 2-də əfsanəvi La Skala səhnəsində
debütüm baş tutdu. 10 yaşımda ağlıma gəlməzdi
ki, 22 yaşımda Las Skala səhnəsində çıxa
edə biləcəyəm.
Üzərimdə
əməyi və dəstəyi olan insanlar çox olub, eləcə
də öz üzərimdə çox
çalışmışam. Bu, bizim hamımız nailiyyətidir.
Debütüm təsəvvür etdiyimdən daha gözəl
keçdi, qürur duyuram ki, Azərbaycanımı burada təmsil
edə bildim.
Həm
Avropada, həm də Amerikada dünyaca tanınmış
çox böyük teatr səhnələri var ki, orada
çıxış etmək istərdim. Adlarını hələlik
açıqlamaq istəmirəm. İnşallah arzularım
yerinə yetərsə, bu barədə daha ətraflı
növbəti müsahibəmdə sizə danışaram.
- Vokal ifaçılarının
estrada janrına müraciət etməsinə necə
baxırsınız?
Bu,
ifaçının öz seçimidir, normal baxıram.
- Son illərdə Azərbaycanda
Opera və Balet Teatrı, həmçinin digər teatrlar
qalmaqallarıyla gündəm yaradır. Aktyor heyəti ilə
rejissor arasında gərginliklər Avropa teatrlarında da
baş verirmi?
İş
prosesində opera ifaçısı ilə dirijor, ya rejissor
arasında müəyyən mübahisələr yarana bilər.
Əsas odur ki, bütün mübahisələr və
qalmaqallar işə mənfi təsir etməsin, nəticə
keyfiyyətli alınsın. Kulis arxasında baş verən
problemlər tamaşaçıya maraqlı deyil, o, zalda oturub
maraqlı əsərə baxmaq üçün teatra gəlir.
- Avropalı həmkarlarınız azərbaycanlı
sənətçinin İtaliyada uğur qazanması
qısqanclıqla qarşılamır ki?
Belə məqamlara
fikir verən deyiləm. Hesab edirəm ki, yaradıcı şəxs
vaxtını belə mövzulara xərcləməməlidir.
Məni sadəcə öz işimi layiqli şəkildə
yerinə yetirmək maraqlandırır.
- Özünüzü İtalyan
filmlərində sınamaq barədə
düşünürsünüz?
La Skalada
debütüm olan operanın baş rejissoru Liliana Kavani həm
də dünya şöhrətli kinorejissordur və çox
gözəl filmlər çəkib. Mənə dedilər ki,
Liliana sənin ifanı bəyənibsə, hər hansı
filmə dəvət edə bilər. Lakin bu hadisənin tezliklə
baş verəcəyini düşünmürəm. Filmin ərsəyə
gəlmə prosesi uzun çəkir və bu, çox zaman tələb
edir.
- Səhnəyə
çıxmazdan əvvəl həyəcanınızı necə
sakitləşdirirsiniz?
-
Xüsusi üsulu yoxdur. Yəqin ki, neqativi özümdən və
fikirlərimdən uzaqlaşdırmaqla... Hərdən
emosiyaları cilovlayıb həyəcanı aradan qaldırmaq
çox çətin olur. Yeri gəlmişkən, Azərbaycanda
daha çox həyəcan hissi keçirirəm, nəinki
Avropa səhnələrində. Həqiqətən də vətənində
çıxış etmək ikiqat məsuliyyət tələb
edir. Ölkədən kənarda yaşamağa
başladıqdan sonra mədəniyyətimizi daha çox sevməyi
və qiymətləndirməyə başlamışam. Eyni
zamanda, çalışıram ki, vətənimi ölkə
hüdudlarından kənarda yüksək səviyyədə
təbliğ edim. “Fəxr edirəm ki, azərbaycanlıyam”.
Bununla fəxr etməmək mümkün deyil.
- Sizi oxumağa və yaratmağa nə
həvəsləndirir?
Sənətə olan sevgi və məhəbbət... Hansısa mətn və ya hansısa rolu ifa edəndə hiss edirsən ki, o obraz sənə yaxındır, sənindir. Bu, sənə stimul, güc və yaratmaq eşqi verir.
- Sonda söhbətin
ahəngini bir qədər dəyişək... Vətəniniz
üçün darıxırsınız?
Əlbəttə, darıxıram, bəzən lap “burnumun ucu göynəyir”. Bütün tanışlarım, ailəm və dostlarım Bakıda yaşayır.... Bakıda doğulub boya-başa çatmışam... O insanlar ki, doğma yurdu üçün darıxmır, onların ürəyi yoxdur. Xüsusilə milli mətbəximizin həsrətini çəkirəm. Belə anlarda mətbəxə girib, milli xörəklərdən hazırlayıb nuş edirik.
Tətil və ya məzuniyyət zamanı Bakıya gələndə görürəm ki, dayanmadan tərəqqi edir. Ölkədə çoxlu yeni muzeylər yaranır, mədəniyyətimiz inkişaf edir. Şəhər elə sürətlə dəyişir ki, yenidən qayıdıb dəyişikləri öz gözlərində görmək istəyirsən.
- Teatr mövsümünün başladığı ərəfədə bizə vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün minnətdarıq. Sizə hər zaman ən böyük səhnələri fəth etməyi və daim zirvədə qalmağı arzu edirik.
Təşəkkür edirəm. Suallara cavab vermək maraqlı idi.
Bizim Yol.- 2018.- 12 sentyabr.- S.15.